Öləndə də sərnişinləri düşünən pilotlarımız - Hər şey ancaq bu qədər yaxşı ola bilərdi

Öləndə də sərnişinləri düşünən pilotlarımız - Hər şey ancaq bu qədər yaxşı ola bilərdi
26 dekabr 2024
# 16:00

Kulis.az Eminquey Akifin "Hər şey yaxşı olacaq" adlı yeni yazısını təqdim edir.

Cümlələr zamanın gərdişində öz məna yükünü tez-tez dəyişir. Məsələn, ölüm insanın taleyidir, məntiqi sonluğudur. Hamı bir gün öləcəyini yaxşı bilir. Bircə nə vaxt və necə öləcəyini bilmir. Yalnız ölümün zamanı və necəliyi “ölüm” sözünün məna yükünü artıra bilir. Neçə yaşında öldü? Cavan yaşında. Nədən öldü? İnfarktdan öldü, xərçəngdən öldü, qəzada öldü, intihar elədi. Doxsan yaşlı atasını itirənlə iyirmi yaşlı övladını itirənin “ölüm” anlayışı bir-birindən məhz bunlara görə fərqlənir.

25 dekabr, 2024-cü il.

Yaxud “Hər şey yaxşı olacaq”.

Daha doğrusu, hər şeyin yaxşı olacağına inanıb ölən 38 nəfər və hər şeyin yaxşı olacağına inanıb sağ qalan 29 nəfər...

Əslində, haçan dara düşsək, bizə təsəlli verənlərin cümləsidir bu. Hansı ki, hər dəfə “əşşi, heç nə yaxşı-zad olası deyil” deyib əlimizlə itələyirik. Çün hər şeyin yaxşı olacağına inanmaq da, buna inandırmaq da dünyanın ən çətin işidir.

25 dekabr, 2024-cü il bu təsəlli, bu bitmiş fikir Bakı-Qroznı təyyarəsində yenidən cücərdi. Özü də bir stüardessanın dilində. Qroznıya yox, qəzaya gedən bir təyyarədə, doğmalarından uzaq, çarəsiz, ölümünün zamanı və necəliyi barədə, bəlkə də, ilk dəfə bu qədər əmin olan adamlara elə onlar qədər ölümünün zamanı və necəliyi barədə, bəlkə də, ilk dəfə bu qədər əmin olan bir stüardessa titrək səslə “hər şey yaxşı olacaq” deyir. Hər an yerə çırpılmaq ehtimalı olan bu təyyarənin içində olmaq, ölüm qarşısında tanımadığı, bilmədiyi pilotların ümidinə qalmaq, tanımadığı, bilmədiyi stüardessanın sözünə etibar etmək nə qədər çətin olmalı.

"Hər iki GPS sıradan çıxdı"

"Orbit edə bilmirəm, idarəetmə sıradan çıxır"

"FL150-ni saxlaya bilmirəm, kabinədə təzyiq artır"

"İndi hidravlika sıradan çıxdı"

Pilotlarımız dispetçerə məlumat verir, dispetçer onları yönəldir, bəzən isə, ümumiyyətlə, heç nə eşidilmir. Pilotlarımız yaxşı bilir ki, bu cür vəziyyətlərdə qəza qaçılmazdır və burada edəcəkləri bircə şey var – xilas olunanların sayını artırmaq. Daha çox insan sağ qalmalıdır. Ona görə də, hərəkəti davam etdirir, daha sonra yanacağı boşaldırlar, sonra təyyarənin tarazlığını qorumağa çalışırlar. Onların hərəkət istiqamətdən görünür ki, son anda belə sərnişinləri düşünür, itkinin, tələfatın az olması üçün enişi də özlərinə xilas payı saxlamadan, təyyarənin burnu üstə edirlər.

Mən belə edərdimmi? Bilmirəm...

Stüardessalar da pilotlardan geri qalmırlar. Ölümün bu qədər yaxında olduğu anda belə sərnişinləri istiqamətləndirirlər, təlimatlandırırlar.

"Koridorda dayanmayın"

"Ayaq üstə durmaq olmaz, hamı əyləşsin" - deyir 33 yaşlı stüardessa Hökümə Əliyeva.

Özü isə əyləşmir, pilot kabiniylə salon arasında, ölümlə həyat arasında get-gəldədir.

Şübhəsiz ki, pilotlar da, stüardessalar da hər bir vəziyyətə hazırdırlar, bu cür yetişdirilirlər. Amma istənilən halda, bu, türbulansa düşmək, həmin an insanları yönləndirmək qədər rahat deyil və hələm-hələm başa gəlmir.

Ölüm ayağında olan birinin gözləri - hətta tanımasan da, bəlkə də, dünyanın ən pis adamı olsa da - nədənsə, çox kədərli görünür. Onun baxışlarından göz qaçırtmaq istəyirsən, soyuq tər axıdırsan, içini ucsuz-bucaqsız boşluq bürüyür, suallar səndən əl çəkmir. Məncə, Hökümə də soyuq tər axıdır, özünə “niyə mən? sualını verir, təlaşlı, çarəsiz insanların baxışlarından qaçır, sadəcə və sadəcə deyirdi:

"Koridorda dayanmayın"

"Ayaq üstə durmaq olmaz, hamı əyləşsin"

"Hər şey yaxşı olacaq!"

Təmkininizi pozmadan ölüm ayağında olan birinə bu sözləri demisinizmi? Mən deyə bilməmişəm, atam can verəndə hönkür-hönkür ağlayıb özümdən getmişəm və əminəm ki, bundan sonra da heç vaxt hansısa doğmamın nə xəstə, nə də ölüm anında “hər şey yaxşı olacaq” deyə bilərəm.

Və qəfil təyyarə sağa əyilsə, sürətlə yerə hərəkət etsə, nə baş verər?

Təyyarənin burnu aşağı gəldiyi an, bax, onda insanlar necə idilər?

Ölümə daha yaxın olan pilotların üzündə hansı ifadə var idi?

“Hər şey yaxşı olacaq” - deyən Hökümə son dəfə insanların üzünə necə baxmışdı?

“Kəlmeyi-şəadət”i oxuyan sərnişin nə hiss edirdi?

Bizim gördüyümüz təyyarənin sürətlə yerə çırpılması və böyük partlayış idi.

Bəs, təyyarənin içi?

***

Bir gün Napoleon düşmən əsgərlərindən qaçan vaxt bir baqqala girib sahibdən dərhal özünü gizlətməyini əmr edir. O da Napoleonu uyğun bir yerə gizlədib, bir az sonra gələn düşmənlərə də:

- “Az əvvəl biri qaçaraq bu tərəfə keçdi” - deyib aldadır.

Nəhayət Napoleonun gözətçiləri gəlir...

Baqqal ömründə bir daha qarşılaşmayacağı Napoleondan soruşur:

- Bağışlayın, amma maraqlı gəldi, ölümlə bu cür üz-üzə gəlmək necə bir hissdir?

Napoleon birdən hirslənir, “Sən kimsən ki, mənimlə belə danışmağa cürət edirsən?” – deyə qışqırır. Dərhal əsgərlərinə adamı güllələməyi əmr edir, əsgərlər baqqalın gözünü bağlayıb qarşısına düzülürlər.

Hər şey hazırdır, artıq “atəş” əmri veriləcək...

Peşman adam içində “Neylədin sən? İndi dilinin ucbatından ölüb gedəcəksən” dediyi vaxt, arxadan bir cüt əl uzanır, gözündəki bağı açır.

Napoleon deyir:

- Ölümlə üzbəüz qalmaq, bax, belə bir duyğudur!

Hə, məncə, o təyyarənin içində olmadan, o təyyarəni idarə edən pilotun yerində oturmadan orada nə baş verdiyini, necə baş verdiyini anlamaq çətin məsələdir. Dedim axı, yalnız ölümün zamanı və necəliyi “ölüm” sözünün məna yükünü artıra bilir. Neçə yaşında öldü? Cavan yaşında. Nədən öldü? İnfarktdan öldü, xərçəngdən öldü, qəzada öldü, intihar elədi.

“Yerə çırpılıb öldülər”.

Torpağın altına, yerin dibinə.

Hamıdan daha sürətli...

Sağ qalanlar?

Bəli, hər şey yaxşı oldu...

Hər şey ancaq bu qədər yaxşı ola bilərdi.

# 1512 dəfə oxunub

Oxşar xəbərlər

Xaricdəki Azərbaycan Evlərində xatirə guşələri yaradıldı

Xaricdəki Azərbaycan Evlərində xatirə guşələri yaradıldı

18:34 26 dekabr 2024
Dünya çox anlaşılmaz və qorxuludur - Maya İmran

Dünya çox anlaşılmaz və qorxuludur - Maya İmran

17:30 26 dekabr 2024
Brilliant Dadaşova:  "Ürəyimin bu qədər ağrıyacağını bilməzdim"

Brilliant Dadaşova: "Ürəyimin bu qədər ağrıyacağını bilməzdim"

16:30 26 dekabr 2024
Bu gün onun ölüm xəbərini oxuyanda... - Babək Məmmədli

Bu gün onun ölüm xəbərini oxuyanda... - Babək Məmmədli

15:30 26 dekabr 2024
"Hər şey yaxşı olacaq!" - Hökümənin bizə son təlimatı...

"Hər şey yaxşı olacaq!" - Hökümənin bizə son təlimatı...

15:00 26 dekabr 2024
"Qəzada ölənlərdən biri danışdı" - Hər şeyi bilən azərbaycanlılar

"Qəzada ölənlərdən biri danışdı" - Hər şeyi bilən azərbaycanlılar

13:15 26 dekabr 2024
# # #