Bu gün tanınmış şair Səlim Babullaoğlunun doğum günüdür. Kulis.az şairi təbrik edir və bu münasibətlə onun şeirlərini oxuculara təqdim edir.
1. Əvvəlinci ayın şeiri
Fraqment
Əvvəllər qapını üzümə sevgilim açardı,
ətəyindən, böyür-başından bir cüt göz parlardı.
İndi iki cüt sevincək göz açır qapını üzümə:
bir az yuxarıdan baxırlar;
az sonra arxalarından sevgilim boylanır -
arın-arxayın, təbəssümlə.
O gün evə gec qayıtmışdım.
Qapı üzümə açıldı, duruxdum:
mən bu gün onları düşünməmişdim;
lap pisi buydu ki,
uşaqların üzünü unutmuşdum, utandım.
Sonra sual etdim öz-özümə:
"oğul, ya qız fikirləşsəydin özünə,
onların sifəti necə olardı?".
Oğlumun və qızımın çöhrəsindən başqa,
xəyalıma heç nə gəlmədi,
Bunun üçün çox sağ ol!
Şükr olsun Sənə!
***
Yalnız bir nəfərə "ata" dedim.
Yalnız bir nəfəri "ana" deyə çağırdım.
Bir bacım, bir qardaşım oldu,
və bir oğlum, bir qızım.
İki babam, iki nənəm vardı hamı kimi;
nənəmin birini heç görmədim,
Onların hər birinin öz ömrü, öz sifəti vardı;
barmaq izləriylə də təkdilər.
Hər yerdə təklik və təkrarsızlıq kimi imzan var Sənin.
Bunun üçün çox sağ ol!
Şükr olsun Sənə!
***
Sənin sözlərini çox çək-çevir edirlər, sanki öz sözləridir.
Amma "gül"ə "kül" deməmək üçün vərdişlərimizdən başqa
unutduqsa da bizə mane olan daha bir şey var:
bunun üçün çox sağ ol!
Şükr olsun Sənə!
***
2
Bilirəm, darıxırsan,
Mən də ki sənin kimi.
Gah özümü söyürəm,
Gah da neynim, iqlimi.
Ömür dediyin ki var
Bir yatımlıq yuxuymuş.
Olanlar elə olur,
Sanki heç vaxt yoxuymuş.
Yenə öz ayaq səsim
Ötürür məni evə.
Sən aç qapını yenə
Üzümə sevə-sevə...
***
3. Həmin qadına məktub
Mənə şəkil göndərdin
uzun illərdən sonra,
bəraətçün şəkillər
görən, nə deməliydi?
Hə, elədi, sükutda
gizlənib bütün sözlər.
Gözəldi saçında ağ-
iztirabın sancağı.
Mənimsə köksümdədi
xəyanət qəlpələri.
Şəhvətin köynəyini
təəssüf yeli qurudub.
Birlikdə son günümüz,
yəni, o şəkil, əda
keçmisin yaddaşında
indi çoxdan soluxub.
İndi mən çox düşmüşəm,
sən də cavan deyilsən.
Qırışları gizlətmir
boynundakı yaylığın.
Tənhasan, yeməyini
yəqin yavan yeyirsən.
Gövdəni gəzdirəndə
büdrəyir ayaqların.
O adamlar deyilik,
bir də nə yazım,axı?
Ehtirasın külündə
qaralar üz-gözümüz.
Güzgüdə təskinliyin
gözəlliyin deyilsə,
heç olmasa dadına
yetişsin diriliyin.
Balaca şəhərlərin
çox rahat dünyası var:
üç-dükan, meydança,
klub və qəbristanlıq.
Amma əsas bu deyil,
orda bütün söhbətlər
dünyanın özü qədər
yaman çəkər adamı.
Ömür harda yaşansa
tale orda qonaqdı.
Qonağısa qovmazlar,
bir də adət var axı.
Axşamları tum çırtla,
pəncərədən Aya bax,
Leylanın Məcnununda
son hərf üçün baş sındır.
Ümidlər ilə yama
sabahın cübbəsini.
Dualardan bərk yapış,
təkcə özün üçün yox.
Xatirə güvəsini
təmizlə üst-başından.
İndiysə getməliyəm,
oğlum məktəbdən çıxır.
***
4. Salama
Yazmaq da yazmamaq tək
dostum, elə taledi.
Tale deyilsə demək
ya yoxdu, ya zayedi.
Düşsən- enişdi dağlar,
qalxsan- dostum, yoxuşdu.
Bağlananda qapılar-
bacalar da çıxışdı.
On eləsə üç üçüm,
1 də demək özünsən.
Hər kəs özünün bü(s)tü,
qonub çiyinlərinə.
Vaxt yıxar hər heykəli,
gizlədər qara torpaq.
Üstdən pərgar dillərin
yellər əsər qaçaraq.
Şükür, hələ yaşanır
Həyat ay-ay və il-il.
Ömrümüz xırdalanır
yollarda ləpir-ləpir.
Salam olsun bu sabah
qoy, Səlimdən Sarvana.
Bəndəni sevən Allah
bəs edər hər karvana.
***
5. Ad günümdə dostlarıma
Bir az uzaqlarda axtarın məni,
Bir az söhbət edək bu yerdən uzaq,
Bir az xəyallarda axtarın məni,
Qaçaq bu çirkabdan, qaçaq qurtulaq.
Aydın sabahlarda axtarın məni,
Orda günəş başqa, gülüş başqadı,
Tanrı günahları bağışlayan yer,
Xəyalım o yerdə dolaşmaqdadı.
Ömür vəfa qılsa yazacam, bilin,
Bu günün, sabahın nəğməsini mən.
Məni öz içimə axtarın bir az,
Bir gün öz içimdə azacam bilin.
Sönük sətirlərdən sormayın məni,
Amandı, Kərəm tək alovlanaram.
Dəli fikirlərdən axtarın məni,
Yəqin bir gün gələr ağıllanaram.
Aydın sabahlarda axtarın məni - Səlim Babullaoğlunun şeirləri
10 dekabr 2023
20:55
1763 dəfə oxunub
Oxşar xəbərlər
İslam sivilizasiyasının çöküş səbəbləri - Müsibətlərin kökü İsraillə bağlıdırmı?!
12:00
31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?
12:00
29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?
15:00
28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi
14:24
28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?
09:00
28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi
15:00
26 oktyabr 2024