Ondan tələb edirdilər ki... - Baba Pünhan şeirlərini niyə yandırmışdı?

Ondan tələb edirdilər ki... - Baba Pünhan şeirlərini niyə yandırmışdı?
5 noyabr 2026
# 12:00

Bu gün məşhur qəzəlxan Baba Pünhanın doğum günüdür.

Kulis.az onun haqqında məqaləni təqdim edir.

Baba Pünhan kimi tanınan Mədətzadə 1948-ci il noyabrın 5-də Bakının Kürdəxanı qəsəbəsində anadan olub. Onun formalaşdığı mühit ənənəvi ədəbi dairələrdən uzaq olub. 1955-ci ildə Məhəmməd Əmin Rəsulzadə qəsəbəsindəki 99 saylı məktəbin birinci sinfinə gedib və 1963-cü ildə əsas təhsilini bitirib. Daha sonra təhsilini Bakı Rabitə Texnikumunda davam etdirərək 1967-ci ilin iyun ayında oranı tamamlaya bilib.

Həmin ilin avqust ayında o, Bakı Metropolitenində mexanik kimi işə başlayıb. 1968-1969-cu illərdə Ukraynanın Kiyev şəhərində hərbi xidmət keçib, vətənə qayıtdıqdan sonra isə yenidən metrodakı işinə bərpa olunub. Şair ədəbi ictimaiyyətdə tanınmağa başladığı illərdə də iş yerini tərk etməyib və ömrünün 25 ilini bu ağır texniki sahəyə həsr edib. 1972-ci ildə ailə qurub, bir oğlu və bir qızı dünyaya gəlib. Qızı Cəmalənin dediyinə görə, ictimai mövzularda barışmaz və sərt tənqidçi kimi görünən şair ailədə çox mülayim ata olub. O, uşaqlarına heç vaxt əl qaldırmayıb, qış aylarında evdə pəncərə şüşələrinə diş məcunu ilə rəsmlər çəkib və sınıq şüşələrdən mozaikalar yaradıb.

***

Onun şeirə marağı çox erkən yaşlarda yaranıb. İlk qəzəlini 13-14 yaşlarında yazıb. Lakin məktəb yoldaşları onun bu yaşda ağır vəznli əsərlər yaza biləcəyinə inanmayıb və ona rişxənd ediblər. Bu səbəbdən gənc şair öz əlyazmalarını hamıdan gizlətmək qərarına gəlib və "Pünhan" (gizli) təxəllüsünü də elə o vaxt götürüb. İşə başladıqdan sonra kiçik lirik şeirləri idarənin "Metro" qəzetində dərc olunub.

Sovet hakimiyyəti illərində gənc müəllifin qarşısına senzura səddi çıxıb. Şeirlərini dövlət nəşriyyatlarında çap etdirmək istəyərkən ondan dövrün ideologiyasına uyğun olaraq pambıq və neft haqqında yazmaq tələb olunub. Süni mövzularda rəsmi təbliğat materialı yazmaqdan imtina edən şair radikal addım atıb. O, bir bazar günü həyətə düşərək o vaxta qədər yazdığı bütün əlyazmalarını yandırıb. Bu hadisə şairin daxili müstəqilliyini qorumaq üçün ideoloji sistemlə kompromisə getmədiyini açıq şəkildə göstərir.

***

Baba Pünhanın lirik qəzəllərdən kəskin satiraya keçidi 1990-cı illərin ictimai-siyasi böhranı ilə üst-üstə düşür. Bu dövrdə onun satiraya yönəlməsində qəzəlxan Hacı Mailin həlledici rolu olub. Hacı Mail Pünhanın daxilindəki tənqidçi potensialı görərək onu klassik lirikadan uzaqlaşıb günün reallıqlarını yazmağa təşviq edib. Bəzi ənqidçilər onu "müasir dövrün Mirzə Ələkbər Sabiri" adlandırır. Sabir ənənəsini davam etdirən Pünhan ərəb-fars tərkiblərini xalqın gündəlik danışıq dili və bəzən jarqonlarla əvəz edib.

Şairin əsərlərində ölkənin üzləşdiyi siyasi, iqtisadi və mənəvi tənəzzül birbaşa hədəfə alınıb. "Bu adam, bizim adamdır" şeirində məmurların rüşvətxorluğu və dövlət malını mənimsəməsi ifşa olunur. "Qarabağ getsə əgər" qəzəlində isə torpaq itkisinin cəmiyyətdə yaradacağı travma və gələcək nəsillərin qınağı proqnozlaşdırılır. O, mətni əvvəlcədən kağız üzərində qurmaq əvəzinə, öz-özü ilə danışaraq şeirlərini zehnində "bişirməyi" üstün tutub.

***

Şairin ictimaiyyət tərəfindən geniş miqyasda tanınması media vasitəsilə baş tutub. 1998-ci il noyabrın 5-də "Vahid evi"ndə onun 50 illik yubileyi qeyd edildikdən sonra, eyni ildə ANS telekanalında yayımlanan "Qulp" satirik verilişinə dəvət alıb. Verilişin müəllifi Mübariz Əsgərovun rəhbərliyi ilə hazırlanan layihədə Pünhan "Lirika" rubrikasının əsas simasına çevrilib. Ekran vasitəsilə səsləndirdiyi "Bakının dərdi var", "Pulun göstərir", "Yaltaqlar dəstəsi" kimi əsərləri onu milyonların sevimlisinə çevirib. O, eyni zamanda 2 il müddətində "Zarafat" qəzetində çalışıb, ardınca "525-ci qəzet", "Yeni Müsavat", "Azadlıq" kimi nəşrlərdə yazıları dərc olunub. Eyni dövrdə "Füzuli məclisi"nin aktiv üzvlərindən biri kimi də fəaliyyət göstərib.

Rəsmi musiqi təhsili almasa da, muğamları dərindən bilib. Evində tar, gitara və nağara saxlayıb, tez-tez gitara çalıb oxuyub. Alim Qasımov və Akif İslamzadə kimi sənətkarlarla yaxın dostluq edib. Pünhan özü bədahətən meyxana deməsə də, bu sənət növünə hörmətlə yanaşıb. Məhz o, tanınmış meyxanaçı Rəşad Dağlının hələ 16 yaşında ikən istedadını görüb və onun "həqiqəti deyən" olacağını vurğulayıb.

***

Baba Pünhan yaradıcılığının böyük hissəsi həyatının son illərində kitab halında nəşr olunub. 2000-ci ilin sentyabrında onun "Yalan çeynəyə-çeynəyə" adlı kitabı, eyni ilin noyabrında isə "Acı həqiqət" adlı toplusu işıq üzü görüb. Bu fəaliyyətə görə 2000-ci ildə "Azərbaycan" jurnalı ona "Hikmət Ziya" mükafatını təqdim edib və Azərbaycan Yazıçılar Birliyi tərəfindən satirik yazılar üzrə ilin qalibi seçilib.

Daha sonra 2002-ci ilin avqust ayında "Mən nə dedim ki…", ölümündən az əvvəl, 2004-cü ildə isə "Kim nə götürdü" kitabları çapdan çıxıb. Vəfatından illər sonra "Qanun" nəşriyyatı tərəfindən müəllifin seçilmiş şeirləri vahid kitabda toplanaraq yenidən nəşr edilib. Bundan əlavə, 2004-cü ildə İranda çap olunan xüsusi bir antologiyada Pünhanın qəzəllərinə də yer ayrılıb.

***

İctimai dərdləri və haqsızlıqları daxilən keçirməsi şairin sağlamlığına ciddi zərbə vurub. O, hələ 1991-ci ildə ağır infarkt keçirib. Dindar həyat tərzi sürən şair 1997-ci ildə Məşhədə, 2000-ci ildə isə Həcc ziyarətinə gedib. Həcc ziyarətindən qayıtdıqdan sonra vəziyyəti kəskinləşdiyindən ürəyi Mərkəzi Klinik Xəstəxanada əməliyyat olunub.

Dörd il sonra, 2004-cü ilin aprel ayının 5-də səhhəti yenidən pisləşib və Mərkəzi Kliniki Xəstəxanada növbəti ürək əməliyyatına girib. Aprelin 7-si evə buraxılan şair günü ailəsi ilə keçirib, hətta uşaqlara hədiyyələr alıb. Lakin sevinc qısa çəkib; aprelin 8-i səhər tezdən qəfil təzyiq qalxması nəticəsində halı kəskin pisləşib və komaya düşüb. 9 gün ərzində süni tənəffüs aparatına qoşulu vəziyyətdə saxlanılıb. Bütün tibbi müdaxilələrə baxmayaraq, 2004-cü il aprel ayının 17-də orqanizmi süni tənəffüsdən imtina edib və ürək çatışmazlığından dünyasını dəyişib. 55 yaşında vəfat edən şair öz doğma Kürdəxanı qəsəbəsində dəfn edilib.

# 107 dəfə oxunub

Oxşar xəbərlər

Stenli Kubrikin yaradıcılığı xüsusi kolleksiyada cəmləndi

Stenli Kubrikin yaradıcılığı xüsusi kolleksiyada cəmləndi

13:00 5 noyabr 2026
"Evdə tək" filmi  animasiya olaraq yayımlanacaq

"Evdə tək" filmi animasiya olaraq yayımlanacaq

12:30 5 noyabr 2026
Bob Dilan Papa XIV Leo ilə görüşdü - Səbəb

Bob Dilan Papa XIV Leo ilə görüşdü - Səbəb

12:00 5 noyabr 2026
Tanınmış fotoqraf "Fotoqrafiyaya fövqəladə töhfə"  mükafatına layiq görüləcək

Tanınmış fotoqraf "Fotoqrafiyaya fövqəladə töhfə" mükafatına layiq görüləcək

11:40 5 noyabr 2026
Yağış duası - Emel Sayın səhnədə niyə ağlamışdı?

Yağış duası - Emel Sayın səhnədə niyə ağlamışdı?

11:20 5 noyabr 2026
Ceyms Bond  roluna yeni namizəd  ortaya çıxdı

Ceyms Bond roluna yeni namizəd ortaya çıxdı

10:52 5 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər