#

Van Qoq intihar etmədi – İddia

Van Qoq, holland rəssam

Van Qoq, holland rəssam

7 may 2022
# 09:00

Kulis.az Orxan Həsəninin ““Sonsuzluğun sahilində” addımlamaq” essesini təqdim edir.

Mərci supunun solğun sarısına ithaf olunur.

Sərin bir axşam Füzuli küçəsində yorğun-arğın mərci supu içərkən eşitdim: Kədər əbədidir!

Bayırda oxunan bahar nəğmələridir. Sərin hava qolu açıq köynəklərin sinəsindən tüklü gövdələrə soxulub onları üşüdür. Adam səsləri maşın səslərinə qovuşur, hər şey hisli qazanda bəyaz mələfə kimi qaynayır, pəncərədən o üzdə, qol-qola, ürək-ürəyə söykənən sevgililərin məhrəm pıçıltısını kəsir. Hər nə var axır. Qaşığın məhdud həcmindən süzülən mərci supu kimi. Görüntülər, səslər, işıqlar, ifadələr, bir-birindən qotik xətlərlə ayrılan elanlar məni qolumdan möhkəm yapışıb qaranlığa sürükləmək istəyir. İstəsin. Hər zamankı melanxoliya. Haradadır qaranlıq? Küçə fənərlərinin, maşın işıqlarının, yuxusuz pəncərə gözlərinin diqqəti harada kəsilir? Yaşamaq yanğılı işdir. Şəhər məni bezdirir. Mərci supunu sevirəm.

Dəmir qaşıq açıq sarı mayenin ürəyində ritmlə bulanınca hərəkətin cazibəsinə düşürəm və o an başımın üzərində oxunan səsi eşidirəm: Kədər əbədidir!

Səsin sahibi ofisiantdır. Kənarları səliqəylə qırxılmış üstü keçəl baş naşıca gülümsəyir. Gülüş şar kimi şişdikcə partlamağa hazır durur. Nəfər nəfəsi qovur. Ciyərlər sıxılır. Yad adamın həyatına daxil olmaq enerji istəyir.

Ehtiyat əldən çıxdı. Paho! Qorxuram. Baxışların izinə düşürəm, arayıram, arxayınam, axtarıram və budur, masanın üzərində Van Qoqun “Teoya məktublar” kitabına diqqət kəsilib.

Diqqət!

Kitabın burada nə işi var? Onu elə indicə 28 Malldakı kitab mağazasından alıb çantama dürtmüşdüm. Axşam hüznlə gəlmişdi. Təəssüf aclığımı oyatmışdı, xəstə mədəm xorla oxumuşdu və kor-peşman yolların ipindən tutub Füzuli küçəsinə çıxmışdım, gördüyüm ilk kafeyə ehtiyatla burulmuşdum. İndi kitab masanın üzərində gülümsəyir. Görünür, qeyri-ixtiyari çıxarıb vərəqləmişəm. Adam da gülümsəyir, kitab da!

“Kədər əbədidir”. – deyir. Adam da deyir, kitab da!

Bu Van Qoqun son sözləridir – ofisiant davam edir – qardaşına yazdığı son sözlər. Bəzən deyirlər ki, o intihar edib. İnanmıram. Van Qoq həyatı və rəsm çəkməyi sevirdi. Həyatı sevirsənsə, onun iztirablarını da sevirsən. Kədər ondan ayrı deyil. Şeirdə necə idi? “Bir rəssamı öldürdülər bir tarlanın ortasında”. Və həm də... ölü rəsm çəkə bilməz.

Başa düşürəm! – mən çaşqın mərci supundan bir qaşıq alıram. Dad damağımı incidir, əsəblərimi ovxalayır. – Xahiş edirəm, əyləşin.

Mənə əyləşmək olmaz. – işgüzar söyləyir. – Bu bənzərsiz dünyadır. Həyatı sevmək hətta bu xəstə, yorğun axşamı da gözəlləşdirər. Məsləhətim, “Sonsuzluğun sahilində” filmini izləyin. Görüntülərin dilindən zövq alın. Burdakı məktublardan – kitabı göstərdi – yığılan səhnələr. Başqa sifarişiniz var?

Təşəkkür edirəm.

Cəmi iki gün sonra Culian Şnabelin ürəyindən tərtərmiz süzülən “Sonsuzluğun sahilində” filmini izləyərkən ofisiantın üzündəki nazik xətləri və görüntülərin dili haqqında sözlərini xatırladım. Film 2018-ci ildə ərsəyə gəlib, 2019-da kütləvi yayımlanıb və Van Qoqun həyatının son illərindən bəhs edir.

Yeni, parlaq işıq axtarışı onu Pol Qogenin məsləhəti ilə Fransanın cənubuna, Arl şəhərinə yola salır. Arl şəhəri qədim tarixi və bənzərsiz təbiəti ilə hələ XIX əsərdə sənətkarların maraq mərkəzlərindən biri idi. Abidələri, sahili, dağları, ağacları göz doyurur, təsəvvürlərin pasını açırdı. Şairin “təbiət ilhama çağırır məni” misrasındakı təbiət idi Arlda qurulan. Solğun alova dönüb mavi-mavi yanan Paris bu rəssamlara yeni düşüncə vəd etmirdi. Pikasso, Qogen, Peter Brovn kimi sənətkarlar bir müddət parlaq cənub işığı səbəbi ilə Arlda yaşayıb yaratmışdılar. Eləcə də hollandiyalı post-impressionist rəssam Vinsent van Qoq 1888-1889-cu illərdə burada qonaq olmuş və qısa müddətdə 300-dən çox rəsm çəkmişdi. Filmin böyük hissəsi işıqlı cənub şəhərində – Arlda axır və bizi canlı Van Qoq dünyasına qonaq edir.

Eyni zamanda rəssam film boyu sanki axtarışa çıxır. Bu axtarış nəyin ehtiyacından doğur? O elə bir yer tapmağa çalışır ki, rahat işləsin, insanlar və sənət camiəsi tərəfindən ələ salınmasın, təhqir olunmasın. Yalnız özünü ifadə üçün hüzur istəyir. Beləliklə, müxtəlif adamlarla görüşür və biz Van Qoqun sarı, bulanıq gözlərindəki dünyanı hərəkətli kameralar vasitəsi ilə görürük.

Filmin səhnələri rəssamın rəsmləri və məktublarından yığılmışdır. “Yalnızlığın sahilində” rəssamın həyatının son illərində çəkdiyi bir rəsmin adıdır. Film ömrünün sonlarına yaxın van Qoqun canlı portretini çəkir. Bu portreti çəkə bilmək üçün əvvəl-əvvəl sənətkarı tanımaq və sevmək lazımdır. Filmin yaradıcı heyəti bəzən Van Qoqun ruhi aləminə keçid edərkən filmoqrafiya qanunlarında yenilik etməyə, rənglərlə, görüntülərlə oynamağa məcbur qalırlar. O, bir çox səhnədə işə gedən, nə bilim, öz içində müqəddəs adlar zikr edən adam kimi başını eləcə aşağı dikib yol gedir. Adətən mavi köynək geyinir. Kətanı və fırçalarını çiyninə keçirib təbiətin seyrinə çıxır, ağacları, dağları, ot tayalarını, boş zəmiləri izləyib əvvəl-əvvəl görüntüləri öz içinə köçürür, sonra bir nəfəsə, sürətli fırça zərbələri ilə ruhuna toxunub onun kirlənən ilham saçaqlarını kətana tökür. 1888-ci ildə cərəyan edən ilk səhnələrdən birində Arla hələ yenicə qədəm qoyan van Qoq dabanı qopmuş nimdaş ayaqqabılarını çıxarır, ucu deşilmiş qalın corabı ürək dağlayır və ayaqqabıları cütləyib rəsmini çəkir. Filmdən bir səhnədə canlanan bu rəsm indi Metropolitan Sənət Muzeyində sərgilənir.

Lirik, ilıq, xoş musiqi ilə toxunmuş astagəl səhnələri izlədikcə, müdhiş dialoqlardan zövq aldıqca rəssamın canlı dünyasında dolaşdığını düşünürsən. Bu dünya bizə van Qoqun rəsmlərindən tanış olan dünyadır. O, gahdan gecə kafesində zaman keçirir, gahdan sarı rənglərlə boyanmış yataq otağında, gah da təbiətlə iç-içə dolanır, yaradıcı narahatlıqlar yaşayır, rəsmdən özgə heç nə düşünmür və bütün səhnələr, obrazlar, hətta söhbətlər belə van Qoqun ya rəsmlərindən, ya da məktublarından qalma izləri bizə sunur.

Van Qoq rolunu məşhur aktyor Villam Dafeo oynayır. Filmin rejissoru müsahibələrindən birində söyləmişdi: “Bu rol üçün başqa aktyor haqqında düşünmədim. Onun bacardığını heç kim bacara bilməzdi”.

Villam Dafeo, doğrudan da, rolunun öhdəsindən məharətlə gəlir. Gizli və cazibəli Van Qoq dünyasının qapısını açır. O, rola hazırlaşmaq üçün rəsm dərsləri alır. Dünyanı işıq tutacağı xarakterin gözləri ilə görməyə çalışır və bir müsahibəsində belə deyir: ”Bu təcrübə mənə bir fikir, nə bilim, xəyal gücü bağışladı. Yaxşı, buna fikir deməyək, amma, Van Qoqun nədən bəhs etdiyi və rəsmləri ilə nəyi ifadə etmək istədiyini sanki xəyal edə bildim. Rəsm və Van Qoq barəsində professional deyiləm, lakin onun rəsmlərinə qarşı dərin hislərim var”.

Biz Villam Dafeonun parlaq performansı önündə rol oynayan aktyor görmürük. Bəli, Dafeonu görmürük. Görünən, həssas, əzablı, incik və romantik Vinsentdir. Baxmayaraq ki, arada yaş fərqləri parlayır. Vinsent həmin dövrdə otuz yaşın axırlarına nərdivan söykəmişdi. Dafeo isə 60 yaşı yenicə haqlamışdı. Ümumiyyətlə, yaş fərqi hiss olunmur. Yəqin, Vinsent van Qoq psixi xəstəlik, yoxsulluq və digər travmaları ucbatından olduğundan daha yaşılı görünürdü və bu da sırf vizual olaraq Villam Dafeoya sərf eləmişdi. Aktyorun canlı gözləri istər dərin, kədərli səhnələrdə, istərsə də nəşəli səhnələrlə bizi valeh edir. Onun solğun, süzgün baxışları, üzünü çəkən dərin xətlərin intensivliyi həyatı məhv olmuş rəssamın dünyasını necə də canlı təsvir edir. Aktyorun performasına heyran qaldığımı gizlətməyəcəm. Məsələ təkcə Villamın Vinsentə heyrətamiz bənzərliyi deyildi, eyni zamanda Vinsentin sənətə olan ehtiraslı bağlılığını, zəifliyini, təvazökarlığını, psixi-emosional durumu ustalıqla göstərməsiydi. Mən bunu onun nəşəli və ağrılı gözlərində gördüm, danışıq tərzində, mimikalarında hiss etdim.

Film yalnız tarixi şəxsiyyət haqqında izləyicilərə quru hadisə seli bağışlamır. Eyni zamanda Qogen və van Qoq obrazlarının timsalında sənət söhbətlərinə qonaq edir. Van Qoq xəstəxanaya yerləşdirildikdən sonra onun psixi durumu ağırlaşmışdı. Qardaşına mənəvi dəstək olması üçün Teo Qogenə məktub ünvanlayır və ona hər ay bir rəsmini alacağını, 250 pound ödəniş edəcəyini söyləyir. Yalnız bir şərtlə; Qogen Arla getməli, Vinsentlə zaman keçirməlidir.

Biz sonrakı səhnədə Qogen və Vinsenti Arldakı gecə kafesində görürük. Onlar söhbətləşir və Vinsent yalqızlığından gileylənir, bu gözəl şəhərdə kimsəylə danışmadığını, günlərini ünsiyyətsiz keçirdiyini etiraf edir. Lakin indi hər şey gözəldir, çünki Qogen buradadır və o daha yalqız deyil.

Van Qoqun Qogenə münasibəti gerçək məhəbbətdir. Qogenin varlığı onu amansız yalqızlığın qollarından alır, psixi durumu yaxşılaşır, iki dost müxtəlif yerlərdə rəsmlər çəkməyə başlayırlar, zarafatlaşırlar, içirlər, əylənirlər və sonu görünməz sənət söhbətlərinin içində əriyirlər. O söhbətlərdən biri meşədə baş tutur. Bu səhnədə Qogen məşhur əsəri “Günəbaxanların rəssamı”nı çəkdiyini görürük. Bu rəsm van Qoqun portretidir.

Beləcə Qogen Vinsentdən niyə hər zaman təbiət rəsmləri çəkməsini soruşur. O isə cavabında deyir:

– Əgər baxacağım bir şey olmasa, özümü itmiş hesab edirəm. Nəsə görməliyəm. Görüləcək çox şey var. Eyni yerə hər dəfə baxanda heç vaxt görmədiyim nəsə yeni bir şeyin fərqinə varıram.

– Bəli, lakin onsuz da çəkdiyin rəmslər sənə aiddir, sənin bir parçandır. Nəyisə kopyalamağına ehtiyac yoxdur. – Qogen deyir.

– Mən kopyalamıram.

– Bilirəm. Amma niyə ağlında olanları çəkmirsən? Zehninin gördüklərini.

– Çünki təbiətin özü gözəllikdir.

– Nə demək istəyirsən?

– Niyə Madaqaskara getmək istəyirdin?... Sən ora gözəlliyi, təbiəti axtarmaq üçün getdin. Üstəlik ora bildiyin yerlərdən fərqli idi. Bu da rəsmlərini fərqli etdi. Mən təbiətə baxanda bizi bir-birimizə bağlayan bağı daha dəqiq görürəm. Titrəyən enerji tanrının səsi ilə danışır. Bəzən o qədər intensiv olur ki, ağlımı itirirəm. Bir müddət sonra harada olduğumu, nə etdiyimi bilməz ayılıram.

Lakin Qogen ilə Vinsentin xoş münasibəti əbədi davam etmir. Bir müddət sonra aralarında mübahisələr başlayır və nəticədə Qogen ondan ayrılacağını söyləyir. Vinsent quyu kimi dərin depressiyaya yuvarlanır. Onu qorxudan tənhalıq hər şeyi əvvələ qaytarır. Əzablar, travmalar oyanır. Nəhayət məşhur hadisə baş verir. O, qulağını kəsib kağıza bükür və Qabi ilə (ofisiant qadın) Qogenə göndərmək istəyir.

Bu hadisədən sonra Van Qoqun Saint-Ramy günləri başlayır. O, burada Saint-Paul-de-Mausole ruhi xəstəxanasında müalicə almağa başlayır. Beləliklə, artıq görüntülər dəyişir, kamerada kəskin dönüşlər hiss olunur. Obrazın həyatında baş verən faciələr texnikada özünü göstərir və hər iki gərginlik çiyin-çiyinə film boyunca artan xətlə irəliləyir. Rəssamın “Məhkumlar dairəsi” adlı rəsmindən çıxış edən bir səhnədə Van Qoqun keşişlə görüşü baş tutur. Bu səhnə rəssamın filmdəki həyatının qırılma nöqtələrində biridir. Onun ruhi xəstəxanadan azad olunması üçün keşiş rəy verməlidir və rəy onlar arasındakı söhbətdən sonra hasil olacaqdır. Keşiş rolunu çox sevdiyim Mads Mikkelsen canlandırır.

Keşiş van Qoqla psixoloji söhbət apararaq onun beyninin içinə girmək, təsəvvürlərinə şahid olmaq istəyir. Bu rəyin verilməsi üçün vacib vasitədir. Beləliklə, izləyicilər üçün bu təsəvvürün daxilində rəsmdən və rəngdən özgə heç nəyin mövcud olmadığı məlum çıxır. Onlar xristianlıq haqqında söhbətə keçid edirlər və əslində bayaqdan axan söhbətin əslində məhkəmə olduğu görünür. Van Qoqun xilası keşişin əllərindədir necə ki, bir zamanlar İsanın xilası Ponti Pilatda idi. Bu müqayisə səhnəyə dini-mifik xətt bağışlayır. van Qoq İsaya, keşiş isə Ponti Pilata çevrilir. Beləliklə, artıq üçüncü əsrdir sənət dünyasında dolaşan Vinsent van Qoq mifi dindəki İsa personajı ilə birləşib bütünləşir. Lakin isadan fərqli olaraq hakim onu xilas edir.

Filmə canlılıq verən, ürəyimizə yuxa kimi yayan səbəblərdən biri səhnələrdəki görüntü kompozisiyaları idi. Filmin quruluşçu rejissoru Benoit Delhomm (həmçinin rəssamdır) bəzi maraqlı kamera işləri vasitəsilə Vinsentin perspektivini tam açır. Onun buğda tarlalarında, kənd yollarında kürəyində dəzgahı, boyaları, kətanları ilə yalqız dolaşdığı açıq səhnələrin əksəriyyətində canlı rəngin parlaqlığı üstünlük təşkil edir. Delhomm buğda tarlasında naxışlarla yırğalanan otların xüsusi effektini yaradır. Burdan doğan hisləri təsvir etmək, doğrudan da, çətindir.

Beləliklə, kamera və görüntülər filmdə obraz səviyyəsinə qalxır.

Van Qoqun həyatı kimi ölümü haqqında da çoxlu mülahizələr var. Bəzən onun intihar etdiyi deyilir, bəzən naməlum adam tərəfindən vurulduğu. Filmdə Van Qoqun öldürülməsi səhnəsi yer alır. İki gənc əlində tapança ilə nəşəli rəsm çəkən Van Qoqu yanlayırlar. Və qəfil tapança səsi eşidilir. Sonrakı səhnədə qarnını tutan rəssam evə tələsir. Lakin atəş açanların adını söyləmir. Onun ölümündə intihar izi yoxdu. Bəlkə, doğrudan da, Füzuli küçəsindəki restoranda işləyən ofisiant doğru söyləyirdi. Ölülər rəsm çəkə bilməz. Van Qoq həyatı sevirdi. Həyatı sevən onun kədərini də sevir.

“Sonsuzluğun sahilində” filmi bizə Van Qoqun hekayəsini danışmaqla əslində gerçək sənətin yalnız ona həyatını, həzlərini, büsbütün varlığını bağışladığın zaman yaranacağını öyrədir. Sənətkar özünü yaratmaq istədiyi ilə bütün hesab etməli, ona çevrilməlidir. Uğurlu əsər yalnız bu zaman başa gələr. İnsanın yaratdığına çevrilməsi həyatın inkarımıdır? Bilmirəm. Van Qoqu bu günə daşıyan, hələ də hislərimizə toxunduran qüvvə isə onun sənətə məhəbbəti idi. Uğurusuzluqlarla keçən amansız həyat hekayəsində tutunmağa, həyatda qalmağa bir dəstək tapması idi. Və ən nəhayət bu dəstəyin sənət olması idi.

Həssas qəlblərin hekayəsi dünya durduqca yaşayacaq. Necə ki, bizi yuxu kimi, kölgə kimi qarabaqara izləyən, Füzuli küçəsindəki yeməkxanada qarşımıza çıxan, yeməyimizə qarışıb ruhumuza axan kədərin əli üzümüzdən əsla düşməyəcək.

“Kədər əbədidir”

Bu qədər!

# 3186 dəfə oxunub

Müəllifin son yazıları

# # #