#

Şahbaz Xuduoğlunun dovşanı arabayla tuta bilməməsi

Şahbaz Xuduoğlunun dovşanı arabayla tuta bilməməsi
25 fevral 2023
# 10:00

Şahbaz Xuduoğlunun Azərbaycan dili barəsindəki fikirləri cəmiyyətdə birmənalı qarşılanmadı. Əcəb işdir, son günlər cəmiyyətimiz heç nəyi birmənalı qarşılamır. Əvvəl belə deyildi. Avropanın yaxşı cəhətlərini qoyub pis cəhətlərini götürəndən hər gapdan inciyirik. Keçən günlərin birində yazıçı, gənc ömrünü Avropada sürən dostum Əli Zərbəli ilə söhbətləşirdik. Onun dediyinə görə Avropanın götürmədiyimiz yaxşı cəhətləri hələ də yerindədir. Vaxtımız olanda onları yada salmalı, yeri gəlsə, götürməliyik.


Deyilənə görə nağıl dili yüyrək olar. Baş verənlərin yanında isə nağıl toya getməlidir. Şahbaz bəyin sərt fikirlərindən sonra ömründə iki kitab üzü açmayan, “filan”a “falan” deyən millətimizin həmişə narazı nümayəndələri onu topa tutdu.

Şahbaz bəylə tamamilə əks fikirlərdə olsaq da, hətta bu fikirlərin təhlükəli, nataraz olduğunu düşünsəm də, türk dilinə keçmək təklifinin altında yatan qeyzi, yanğını mən dərindən duyuram. Ümumiyyətlə, belə məsələlər daim gündəmdə olmalıdır. Əgər cəmiyyətin hansısa tərəfində ağrı varsa, bunu siqnal bilməli və həll yolları aramalıyıq. Bəli, bu fikir birdən pırtlayıb çıxmadı. Sosio-linqivistik proseslərin məntiqi nəticəsi kimi özünü göstərdi. Necə?
Son illər insanların danışığına, özlərini ifadə etmələrinə diqqətlə nəzər yetirirəm. İnsanları dinləmək, müşahidə eləmək, həyata ədəbiyyatın gözləri ilə baxmaq yazıçılığı özünə peşə seçənlərin əsas məziyyətlərdən biri olmalıdır. İnsanları müşahidə etdikcə, müxtəlif formalı çənələrin altına düşdükcə bir-birindən fərqli taleləri tanıyır, xarakterlərə bələd olur, yeni bədii ədəbiyyat nümunələrinin yaranması üçün mövzular tapırsan.


Beləliklə çılpaq bir həqiqəti anladım. Xüsusilə gənclər arasından müəyyən kəsim danışmağı bacarmır. Sözün həqiqi mənasında bacarmır. Baxırsan, oğlanda boy-buxur, yaraşıq, saçını arxaya darayıb, jelesi par-par alışıb yanır, qızda gözəllik, zəriflik, üzündən nəciblik yağır, ətri adamın burnunu oxşayır. Di gəl hamısı ağzını açanacandır. Bütün sehr bir anda tökülüb itir. Onlar müxtəlif səslər çıxartmaqla, hıqqınmaqla, dərindən nəfəs almaqla ünsiyyət qurur, xoşbəxt ömür sürürlər. Müxtəlif səslər çıxartmaqla, hıqqınmaqla ünsiyyət quran, xoşbəxt ömür sürən adamların bölgüsü şərtidir. Onlar arasında ali təhsilliləri də var, orta təhsilliləri də, yeddi qardaşın bir bacısı da var, evin tək övladı da, əlinə bircə dəfə telefon almayanı da var, sosial şəbəkələrdə adamlara ağıl paylayanı da, ailə qurub külfətə qarışanı da var, subayı da. Müxtəlif səslər çıxartmaqla, hıqqınmaqla, dərindən nəfəs almaq yüksək vəzifələrə qədər gedib çıxan, tabeliyinə onlarla işçi verilən insanlar tanıyıram. Mən tanıyıramsa, yəqin siz də tanıyırsınız. Mən bilirəmsə, yəqin sizə də bilirsiniz ki, bizim cəmiyyətdə müxtəlif səslər çıxartmaqla, hıqqınmaqla, dərindən nəfəs almaqla da uğurlu karyera qurmaq mümkündür. Axı buna kim etiraz edə bilər?

Yaxın günlərin birində Filologiya fakültəsindən məzun olmuş köhnə bir tanışımla küçədə təsadüfən rastlaşdıq. Əl verib, yanaq verib görüşdük. Qısa söhbət məni məyus elədi. O durmadan müxtəlif səslər çıxarır, hıqqınmaqla, dərindən nəfəs almaqla ünsiyyət qurmaq istəyirdi. Məni isə onu anlamırdım və içdən-içə duyurdum ki, çıxartdığı müxtəlif səsləri, hıqqınmaları, dərindən nəfəs almaları anlamağıma görə əsəbiləşir, dişi bağırsağını yeyir, özündən çıxır. Axı nə üçün mən onun danışığını anlamamalıydım? Əgər onun müxtəlif səslər çıxartmasını, hıqqınmasını, dərindən nəfəs almasını anlamıramsa, onda problem məndədir. Axı o, bu cür danışmaqla bircə dəfə də kimsədən bəd söz eşitməmişdi, kimsə onu susdurub düzgün danış deməmişdi, hamı ya başa düşmüşdü, ya da özünü başa düşmüş kimi aparmışdı, xətrinə dəyməmişdi, ürəyini sındırmamışdı.

İndi isə taleyin mahir hökmünə bir bax! 27-28 il ömür yaşa, məktəbi bitir, universitetə qəbul ol, mühazirə dinlə, seminarda dərs danış, qiymət al, kurs işi yaz, imtahandan keç, hərbi xidmətə yollan, əldə silah vətənin keşiyində dayan, qayıt işə gir, kollektivin nümayəndəsi ol, nə bilim dam yarıb dana çıxart və bu mərhələlərin heç birində sənin səliqəli danışığa, özünü gözəl ifadə etməyə ehtiyacın olmasın. Köhnə tanışımla sağollaşıb yoluma davam elədim. Onun Filologiya fakültəsindən məzun olduğunu xatırlayınca hiss elədim ki, bıçaq boğaza dayanıb. Bıçağın boğaza dayanmasına axı kim etiraz edə bilər? Heç kim!

Əgər millət öz dilinə, öz dilində yaranan ədəbiyyata etinasızdırsa, onu qorumaq və yaşatmaq barəsində düşünmürsə, əlini ətəyini hər şeydən üzübsə, bu sahədə heç bir məsuliyyət duymursa, hətta rus ədəbiyyatını türk dilində oxumaq səviyyəsində piyadadırsa, özgə dildə danışmaq cəmiyyətdə perestij sayılırsa, onda riyakarlığa nə hacət? Gəlin baltanı kökündən vuraq, hansı dildə özümüzü xoşbəxt hiss ediriksə, o dildə də həyatımızı quraq.

Ələlbət, heç nə yazıldığı kimi asan deyil. Nə asan? Hətta mümkün görünmür. Şahbaz bəyin isti aşına su qatmaq istəmirəm, lakin xatırlatmalıyam ki, Azərbaycan dili gözünü dünən, srağagün açmayıb. Bu dil uzun illərin sərt sınağından keçib günümüzə, necə deyərlər, günəş təki doğub. Bunu kim bilməsə də, Şahbaz bəy, yaxşı bilir. Onun fikirləri yanğıyla, qeyzlə söyləndiyinə əminəm. Bu elə bir qeyzdir ki, onu yalnız işin içində olan adamlar duya bilər. Bəlkə, onun da qarşısına köhnə tanışı çıxıb?
Əlbəttə, naşir Azərbaycan dilində tərcüməsi olduğu halda kitabların daha çox Türk dilində alındığını, oxunduğunu görürsə, daha əsəblər tarıma çəkilməsin neyləsin? Sadəcə sözü təhərində demək, dovşanı arabayla tutmaq lazım idi. Dovşanı arabayla tutmağa hər yerindən duran müyəssər olmur. Bu olduqca əhəmiyyətli məsələdir.

Şahbaz bəyin Azərbaycan dili barəsində fikirləri nə qədər qüsurludursa, azərbaycanlıların da dillərinə münasibəti bir o qədər məsuliyyətsizdir. Yüz dəfə imama ağlayanda, bir dəfə də yezidə ağlamaq lazımdır. Əgər yezidə ağlamasaq, problemin həll olunmasına müyəssər olmayacağıq. Problemin həll yolu yezidə ağlamaqdan keçir.

Özümüzə Marsdan millət gətirə bilməyəcəyimizə görə bu məsələlər barəsində dərindən düşünmək lazımdır.

Azərbaycan insanı əlinə silah alıb ərazi bütövlüyün qoruduğu, vətən yolunda canından keçdiyi kimi öz dilinə və mədəniyyətinə də sahib çıxmalıdır. Azərbaycanın mədəniyyəti və dili onun ərazi bütövlüyündən geri qalan məsələ deyildir və buna xüsusilə diqqət yetirmək lazımdır. Dahilərdən birinin söylədiyinə görə vətən təkcə torpaq deyil, həm də insanlardır. Mən isə bu fikri belə tamamlayardım; Vətən nə təkcə torpaqdır, nə də insanlar. Vətən həm də mədəniyyətdir, dildir, ədəbiyyatdır, musiqidir, ümumən sənətdir. Hazırda vətənimiz qan ağlayır. Onun hamisi olmaqdan əlimizi götürmüşük.

Dilimizlə bağlı yaşadığımız narahatlığın bənzərini 2000-ci illərdə Türkiyə yaşamışdı. Türkçədə düzgün danışa bilməmək məsələsi bir anda aktuallaşmışdı. Yeni-yeni yaranan bu problemi Türkiyə cəmiyyəti elə beşiyində boğur. Əlbəttə, dövlətin koordinasiyası nəticəsində. Dövlət orqanları düzgün danışmağı təşviq edən video-roliklər hazırladı, seriallara düzgün danışmaq barəsində səhnələrin əlavə olunması tapşırığını verdi və görüb-götürmüş adamlar üçün aydın oldu ki, düzgün danışmaq lazımdır. Bu gün Azərbaycan dövləti də düzgün danışmağı sadəcə populyarlaşdırmalıdır. Ümumiyyətlə, insanlarımız anlamalıdır ki, düzgün danışmamaq ayıbdır. Müxtəlif səslər çıxartmaqla, hıqqınmaqla, dərindən nəfəs almaqla arxı keçmək olmaz. Və mütləq arxı keçmək lazımdır.

# 2220 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #