Siyasətçilər insanları necə idarə edirlər? - Əsəbləri zəif olanlar baxmasınlar

Siyasətçilər insanları necə idarə edirlər? - Əsəbləri zəif olanlar baxmasınlar
25 aprel 2024
# 17:00

Kulis.az Orxan Adıgözəlin Cənubi Koreyalı rejissor Kim Ki-dukun "İnsan, məkan, zaman və yenə də insan" filmi haqqında yazısını təqdim edir.

Ara-sıra, bəzən də tez-tez mədəni tövrünü (guya) gözə soxmağa çalışan, “mən elitadanam, onlar mağaradan çıxıblar” fikrini nümayiş etdirməyə çalışanlar tapılır. Sosial şəbəkələrdə azərbaycanlıların marketlərdəki çörək və ərzaq üstə “mübarizəsi”, endirimə düşmüş telefon aksesuarlarını əldə etmək üçün canfəşanlıq videoları paylaşılır və qınanılır. Xalis snobizm. Başa düşüləndir, adamlar bir-birini intellektləri və kübarlığı ilə də əzməyə çalışırlar.

Marketlərdəki didişmə səhnələri isə mənə rejissor Kim Ki-dukun “İnsan, məkan, zaman və yenə də insan” filmindəki bir səhnəni xatırlatdı. Orada da adamlar ərzaq əldə eləmək üçün oxşar şəkildə, hətta daha beşbetər halda bir-birini didirdilər.
İnsanların marketlərə izdihamlı axışı ikrahla qarşılanır və tənqid olunur.
Halbuki burada qeyri-adi heç nə yoxdur.

Biz insanların əsas üç baza instinktləri var:

*cinsi instinkt
*hökmranlıq instinkti
*həyatdaqalma instinkti

“İnstinkt” latın dilindən tərcümədə “arzu, niyyət, oyanma” deməkdir.

İnstinktlər bizi qeyri-şüuri məqsədə yönəldir. Marketoloqlar, media nümayəndələri və siyasətçilər insanları məhz bu instinktlər vasitəsilə idarə edirlər.

Amerikada, Britaniyada təzə model "Ayfon"un satışının ilk günündə alıcıların mağazalara kütləvi axışının videolentlərini yəqin ki, görmüsünüz?!

İnsan hər yerdə insandır. Onu daha mədəni edən ölkəsindəki idarəetmə sistemidir.

Ssenarisi və rejisurası rəhmətlik koreyalı rejissor Kim Ki-duka məxsus olan 2018-ci ildə çəkilən triller janrındakı film qəddar səhnələrlə doludur. Bu filmdə də instinktlərlə idarəolunma nümayiş olunur. Onsuz da Ki-dukun filmləri xüsusi qəddarlığı və psixoloji ağır tərəfləri ilə seçilir, ancaq bu filmdə sadistliyin, vəhşiliyin miqyası daha da yüksək olub. (Filmin adı uzun olduğu üçün yazı boyunca onu “İnsan” olaraq təqdim edəcəyəm.)

Statuslarının müxtəlifliyi ilə seçilən turistlər köhnə hərbi gəmidə səyahətə çıxır. Onların arasında yaxın gələcəkdə prezidentliyə namizədliyini verməyə hazırlaşan senator, iki gənc sevgili cütlük, seks işçiləri, qanqster dəstəsi, sirli bir qoca, 20-22 yaşlı oğlanlardan ibarət dostlar və müxtəlif adamlar var. Məlum deyil, bu adamlar niyə bu gəmini seçib. Məlum olan odur ki, onları bir həftəlik gəmi səyahəti gözləyir.

İnsident ilk dəqiqələrdən özünü göstərir. Belə ki, senator öz oğlu ilə lüks xidmət aldığı və daha ləziz yeməklərə qonaq edildiyi üçün gəmidə olan bir nəfər bu ədalətsizliyə etiraz edir. Qanqster dəstəsinin başçısı senatora dəstək olur və həmin etirazçını susdurur. Bundan sonra o öz dəstə üzvləri ilə senatora xidmət edəcək. Səyahətin ilk gecəsi sevgili cütlüklərin başına oyun açıb, qızları zorlayırlar. Oğlanlardan birini öldürüb dənizə atırlar. Gəmidə xaos başlayır. Səhəri gün turistlər çox qəribə hadisə ilə qarşılaşırlar. Gəmi dənizdən aralanıb səmada buludların üzəri ilə gedir. Yerlə olan bütün əlaqələr, bağlantılar kəsilib, gəmi məlum olmayan istiqamətdə irəliləyir.

Belə məqamda senator münbit şəraitdən istifadə edib dərhal nəzarəti ələ keçirir. Gəmi kapitanı və heyəti buna qarşı gəlsə də, senator, qanqsterlərlə birgə güc və zorbalıq hesabına hökmranlığa başlayır. Əsas məsələ, ərzaq anbarına nəzarət etməkdir və bununla gəmidəkilərə yeməyin paylanması məsələsi idarə ediləcək. Təbii ki, despotik senator kiçik diktatura hakimiyyəti qurur və yeməkləri (əsas resurs) ədalətsiz şəkildə bölüşdürür. Bu özbaşınalıq haqsızlıq mühiti yaradır və kütləvi zorakılıqlara gətirib çıxarır.

“İnsan” filmi alleqorik, İncildəki süjetlərə yaxın olan pritçadır. Açığı, film estetik və bədii tərəfdən o qədər də yaxşı alınmayıb. Təqdimatdan sonra da Avropada kinotənqidçilərin hədəfinə tuş gəlib. Kim Ki-duk bu film barədə öz müsahibəsində bildirmişdi ki, bu, çox sadə filmdir və filmdən sonra pərəstişkarlarımın çoxunun məndən zəhləsi getməyə başlayıb.

Ancaq Kim Ki-duk Berlin Festivalındakı təqdimatdan sonra bunu da bildirmişdi ki, bu filmi insanlara nifrət etməmək üçün çəkmişəm.
Bu, çox məhrəm və ağrılı etirafdır. 1960 təvəllüdlü kinorejissor şəxsi həyatını mediadan israrla gizlətsə də, onun barədə az məlumat olsa da, filmlərini psixoloji cəhətdən təhlil edəndə ortaya müəyyən nüanslar çıxır. Ki-dukun filmlərində qadınlara qarşı xüsusi amansızlıq və zorakılıq nümunələri çoxluq təşkil edir.

Bəhs etdiyim “İnsan” filmində bu, lap çox sezilir. Mizoginiya diz boyudur. Berlin Kinofestivalında nümayiş olunanda da, film böyük hiddətlə qarşılandı. Feminist hərakatı sayılan #MeToo da buna qarşı şiddətli təpki verdi. Onsuz da çəkiliş meydanında qadınlara qarşı olan zorakılığa görə Cənubi Koreyada cərimələnən Kim Ki-duk buna görə bir dəfə real şəkildə cavab vermişdi. (Bu, böhtan da ola bilər)

Bütün hallarda, qadınlara qarşı olan nifrətin arxasında Ki-dukun öz anasından aldığı psixoloji uşaqlıq zədələri də yer tuta bilər. Onun 2012-ci ildə çəkdiyi “Pieta” filmi bu fakta lap çox dəlalət edir. Orada adamları çırpmaqla, insanlara müxtəlif ölümcül zədələr yaşatmaqla pul qazanan 33 yaşlı kişinin qarşısına bir gün uşaqlıqda onu buraxıb gedən anası çıxır. Ana oğula yalvarır ki, onu bağışlasın. Oğul onu söysə də, döysə də, ana oğlundan vaz keçmir. Qadın onun evinə soxulur. Ana hətta oğul tərəfindən cinsi zorakılğa da məruz qalır. Yenə də qadın onun yanından getmir. O, peşmandır, islah olub və indi övladını yenidən tərbiyə etməyə çalışır.

Kim Ki-duk kənd yerində çox kasıb ailədə dünyaya gəlib. Bir müddət sonra onu xüsusi yatılı təhsil müəssiəsinə yollayılar, hansı ki, oranı bitirəndən sonra o, kənd təsərrüfatı üzrə işləmək imkanı qazanacaqdı. O, məktəbdən bezir və oradan qaçır. Növbəti 5 ili hərbi dəniz piyadalarında xidmət edir. Ailəsindən ayrı düşəndən bəri onlarla elə də yaxın olmayıb. Hər zaman da anasının xiffətini çəkib.

Filmlərində qadınlara qarşı fiziki-cinsi zorakılıqlardan başqa, ümumi nifrəti hətta simvollarla da bəlli edir. Elə “Pieta” filmindəki çılpaq qadın rəsminin ortasındakı bıçaq bütün qadınlara qarşı olan nifrəti və heç vaxt heç bir qadınla ciddi münasibəti dəstəkləməməyin rəmzi sayılır. Buna görə də ölənə kimi evlənmədi.

“İnsan, məkan, zaman və yenə də insan” filmində hər beş dəqiqədən bir kimisə döyür, kəsir, zorlayır, ya da öldürürlər. Əsəbləri zəif olanlar bu qanlı, hannibalsayaq filmə baxmasalar yaxşıdır.

# 1921 dəfə oxunub

Müəllifin son yazıları

# # #