Sevgilisini aldadan qadının faciəsi - O, ərindən niyə boşanmışdı?

Sevgilisini aldadan qadının faciəsi - O, ərindən niyə boşanmışdı?
19 sentyabr 2024
# 17:00

Kulis.az "Mavi Yasəmən" filmi haqqında Orxan Adıgözəlin "Qadınları qıcıqlandıran film" yazısını təqdim edir.

“Mavi Yasəmən” bir çox qadını qıcıqlandırıb, özündən çıxaran filmdir. O güzgü effekti yaradır. Kinonun orijinal adı “Blue Jasmin”dir. Yazı boyunca filmin adını zikr edəndə, onu qısaca “Jasmin” adlandıracağam.

Klişeyə çevrilmiş “maraqlı filmdir” ifadəsi nitqin olduğu kimi, yazıların da təkan yeridir. Hər hansı bədii nümunə haqda yazıramsa, demək ki, o marağımı və diqqətimi çəkə bilib. Hətta, həmin yazı, tənqidi olsa da, məqaləyə çevrilibsə, necəsə cəlb etməyi bacarmağın nişanəsi sayılır.

Bəli, “Jasmin” maraqlı filmdir. Dinamik süjeti, çox da böyük olmayan büdcəsi, sadə dekorasiyaları olsa da, haqqında bəhs etdiyimiz film çoxsaylı emosiyalar yaratmağı bacaranlardandır. Yuxarıda bu bədii məhsulun qıcıqlandırma yaratmasını əbəs yerə vurğulamamışam. Onun ötürdüyü hisslər narahatlıq və baş ağrısı yaratma gücünə malikdir. Elə zənn yaranmasın ki, kinoda kimlərinsə kəsici alətlərlə doğranması, diri halda dərisinin soyulması kimi fiziki işgəncə səhnələri var. Bu cəhətdən rahat olun, yox – elə hallara rast gəlməyəcəksiniz.

Başağrıdıcı və narahatlıq yaradan vəziyyət filmin ruhu ilə əlaqəlidir. Kino bitəndən sonra əhvallarının pozulduğu və halsızlıq yaşayan qadın tanışlarım var. Öz etiraflarıdır.
Bu, bir növ, psixoanalitik seansdan sonrakı ruhi hala oxşayır. Hansı ki, özün haqda öyrəndiyin reallıqların ağırlığı səni incidir. “Jasmin” psixoanalitik seans təsiri oyadan güclü filmlərdəndir. Axı onu 2013-cü ildə froydist rejissor Vudi Allen çəkib. Ssenari də ona məxsusdur.

Nyu-Yorkun kübar xanımlarından olan Jasmin, varlı-hallı maqnat ərindən boşandıqdan sonra San-Fransiskoda yaşayan kasıb bacısının yanına köçür. Onun psixikası dağılmış, isteriyası yüksəlmişdir. Bunu film başlayan kimi görürük. Jasmin təyyarədə yanında oturan yaşlı qadına həyatını danışır. O, dil-boğaza qoymur, qarşısındakı tanımadığı adama intim məsələlərindən bəhs edir. Yaşlı qadın onu yola verir, nəzakət xətrinə dillənmir ki, “sizə qulaq asmıram”.

Daha sonra biz Jasminin özü-özünə danışdığı çoxlu səhnəyə rast gələcəyik. O, hər fürsətdə araqla martinini qatıb içir, gözləri dolur, şikayət edir, hər şeydən qıcıqlanır, az qala hamını acılayıb, qınayır, əsəbiləşir – bir sözlə, isteriya keçirir. Jasmin içki aludəçiliyi ilə birgə, bir çox psixiki narahatlıq da qazanıb. Antidepressant kömək etmir. O, heç yaxşı halda deyil. Necə olsun? Tənhalığa qərq olan, xəyanət edilən, lüks həyatını itirən qadın necə olmalıdırsa, o da o haldadır.

Film boyu fleşbeklər vasitəsilə keçmişi və indiki hadisələri göstərdikcə, izləyici Jasminin nağıl dolu dünyasıyla tanış olur. Əri onu aldatmış, maliyyə maxinasiyaları ilə məşğul olan biriymiş. Nağıllardakı kimi cah-calallı həyat birdən puç olur. Əsl nağılsa Jasminin dünyaya baxışı imiş. Hə, o özünü nağıllara inandırmış, yalan içində yaşamağa öyrənmişdi. İnsanın özünü aldatması dəhşətlidir. Reallıqsa bir gün üzə çıxanda dəhşət vəhşətə çevrilir və yapışır insanın xirtdəyindən. Belə olduqda, şəxsin içki aludəçisinə, özü-özünə danışan, hər şeyə qıcıqlanıb, acıqlanan birinə çevrilməsi halı reallaşır. Əlbəttə, bunlar seçimlərdir. Hər kəsdə vəziyyət eyni olmur.

Jasmin ərinin müxtəlif qadınlarla münasibətini öyrəndikcə parça-parça olur. Ər, təkcə arvadını yox, çoxlarını aldadan biriymiş. Maliyyə fırıldaqları ilə milyonçuya dönmüş kişi, biznesini kələk gəlməklə çiçəkləndiribmiş. Hökumət də bir gün bu zəhərli çiçəyin varlığından xəbər tutub, onu qopardıb, soldurur. Jasmin də öz illuziyasından, nağıl dolu yalan dünyasından qopub, saralıb-solmağa başlayır. Keçmiş əri həbs gözləyir, Jasminisə həbsdən də iztirablı real həyat. Filmdə başqa olaylar da yaşanır, hansı ki, çoxlu spoyler olmasın deyə onları yazmıram.

Bilirsiniz də, jasmin çiçək adıdır. Yəni – yasəmən. Bu gül eleqantlığın, cazibədarlığın və həssaslığın rəmzidir. O, sərt soyuğa, küləyə davamı olmayan, ev şəraitinə uyğun gəlməyən kapriz dolu çiçəklərdəndir. Biz bu əlamətləri kinoda qadın qəhrəmanımızın xüsusunda görürük. Jasmin gözəl və incə qadındır. Bunu özü də yaxşı bilir, ancaq gözəllik onun dünyasını xilas etmir.

O, aldadılmağı seçmişdi. Aha, bu, təəccüblü deyil. Adamlar aldadılmaq istəyə bilirlər. Bu, şüurlu baş vermir. Necə ki, bunu Jasmin obrazının təhtəlşüuru etmişdi, izləyici bunu Jasminin evlilik həyatında görə, aydın sezə bilir. Ərinin başqa qadınlarla hədsiz xoşdilliyini görməzdən gəlməsi, hansısa ailəvi dostlarla piknik edərkən yenə ərinin işi haqda replikaya “mən o qədər ağıllı deyiləm” etirafı və bu cür situasiyalarda yaxında baş verəcək fırtınaya qarşı laqeydliyi özünü aldatmaq davranışlarındandı. Ər ona sənəd uzadıb, “bura imza at, əzizim” deyəndə, Jasmin o sənədi oxumurdu da. O, çox şeyə belə göz yummuşdu.

Biz həm də iki bacının hekayəsini görürük. Onlar başqa ailələrin himayəsində böyüyüblər. San-Fransiskoda yaşayan Cincer Jasmin kimi deyil. O, üsyankar olsa da, sadəlövhdür. Cincer uşaqlıqda ailə sevgisindən və diqqətindən uzaq olub. İndiki halda da o, çox şeyə can atmır: kasıbyana ev, perspektivsiz iş, impulsiv davranışları olan sevgili. Bunlar Cinceri ovudub, məmnun edir. O, şikayət etmir. Cincer hələ də yeniyetməlik çağından çıxmayıb. Axıb-tökülən köynəklər, qısa şortlar onun geyim tərzidir. Hətta saç düzümü belə 80-ci illərdə diskotekaya gedən məktəbli qızların saçlarının oxşarıdır. Birinci əri Cincerə ciddi, darıxdırıcı və impulslara tabe olmayan kimi gəldiyi üçün ondan boşandı. Təbii ki, ortada itki də vardı. Qadının öz təşəbbüsü ilə lotoreyada qazandıqları 200 min dolların Jasminin ərinə etibar edilib, fırıldaqla sovrulması onların ailəsini də dağıtdı. İki oğlu onunla birgə yaşasa da, sanki Cincerin həyatında deyillər. Böyüyə bilməmiş ana, övladlarını heç vaxt öpüb-qucaqlamır, söhbət etmir, şəfqət və istiliyini göstərmir. Çünki özü də elə görüb, elə böyüyüb.

Jasmin Cincerdən fərqli olaraq daha isti ailədə böyümüşdü. Həmin istiliyin dərəcəsi elə yüksək imiş ki, qızla uşaqlıqdan şahzadə kimi davranırlarmış. “Ona əl vurma, zəhmət çəkmə, sən incəsən, miss mükəmməlsən” – bu deyimlər şahzadəni tənbəlləşdirməklə yanaşı, təkəbbürlü birinə çevirdi. Kinonun əvvəlində görürük ki, Jasmin müflis halda bacısıgilə gəlsə də, taksi sürücüsünə çoxlu çaypulu verir. Çünki o, “çox sağ olun, miss” minnətdarlığına, qarşısında əyilib-durmalara, qısaca, nağıllar aləmində yaşamağa öyrəşmişdi. Nağıllarsa bitir. Hətta Cincerin “pulun az ola-ola, təyyarədə necə biznes sinfində gələ bilirsən?” sualından yayınır. Şahzadə necə olmalıdır bəs?! Belə şahzadələrin çox düşünməyə, təhlil edib, faydalı qərarlar verməyə elə də ehtiyacı olmur. Nəticədə, Jasmin dəbdəbəli evlilik həyatı qurtardıqdan sonra, əlindən oyuncağı alınan şıltaq qızcığaz kimi ortada qaldı. Belə halda da məsuliyyət götürməyə öyrəşməyən şahzadə bütün günahların başqalarında olduğu qənaətindəydi.

Jasmin bacısının kasıb sevgilisinə yuxarıdan aşağı baxır. Cincerə “özünə layiq adamlar seç, uğursuzları yox” dedikdən sonra bacının başı qarışır. Bir məqam yetişir ki, Cincer, sevgilisini özünə yaraşdırmır və şənlikdə özünü statuslu göstərən kişi ilə tanış olub, birinci görüşdəcə onunla yatır. Sonra məlum olur ki, həmin kişi evli imiş və Cincerlə sırf seks üçün yaxınlıq edirmiş. Bu hal, özünü pis vəziyyətə salmış adamın yaxınındakıları da özünə çevirməyinə oxşayır. Məsləhətlər, belə çağırışlar təhlükəlidir. Niyyət xoş ola bilər, ancaq kiminsə həyatına müdaxilə edib, ona “belə elə, onda daha yaxşı olacaq” deməklə, o kəslərin mənəvi faunasını dəyişə və dağıda bilərsiniz.

Çox az gənc tapılar ki, varlı atasının pulları haram yolla qazandığını öyrəndikdən sonra ondan imtina etsin. Denni – təkcə atası Helldən yox, elə analığı Jasmindən də uzaqlaşır və bunu qadının üzünə deyir ki, “oğrunu müdafiə edib, onun bu halına acıdığın üçün sən də vicdansızsan”.

Jasmin sonradan diplomat bir kişi ilə tanış olur. Onların bir-birindən xoşu gəlir. Ancaq Jasmin ilk tanışlıqdan kişiyə özü haqda yalanlar danışır. Əlbəttə, axırda “yalan ayaq tutar, yeriməz” deyimi özünü göstərir və qadını faş edir. Aldadılmış aldatmağa başlamaqla dağıdıcılığın miqyasını daha da genişləndirir.

Filmdə Jasmin rolunu aktrisa Keyt Blanşett canlandırır. O, rolunun öhdəsindən çox gözəl gəlir. “Gözəl” sözü burada sadə və sönük təyinat olardı. Blanşett xariqüladə rol sərgiləyir. Biz ekranda, üzünün hər əzələsi, əlləri, danışıqları, tövrü və davranışlarıyla narahat, özünü itirmiş, isteriyalar yağdıran qadın görürük. Buna görə aktrisa “ən yaxşı qadın rolu” nominasiyasında Oskara da layiq görülüb.

Rejissor Vudi Allenin kontrastlarla dolu, psixoloji dramı “Blue Jasmin” əsəri, özünü yalanlara öyrəşdirən qadının faciəsini təqdim edir. Allen göstərir ki, firavan həyat tərzini, yüksək statusu hər şeydən üstün tutub, mənəvi dəyərlərdən hali olan biri, nəinki maddi varlığını, həm də ağlını itirə bilər. Əbəs yerə deyil ki, filmin sonunda bacısından da küsüb, uzaqlaşan, sonra gəlib, hardasa skamyada oturan Jasmin öz-özünə danışmağa başlayır...

# 1377 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #