O, qadınlardan qorxur... - Orxan Adıgözəl

O, qadınlardan qorxur... - Orxan Adıgözəl
2 sentyabr 2024
# 16:00

Kulis.az Orxan Adıgözəlin "Gecikən" adlı yeni yazısını təqdim edir.

Təəssüf ki, “Gecikən”ə gecikdim. Çox hirslənmişdim. Anama deyəndə, güldü. Öz bakılı ləhcəsiylə “cızzığın çıxdı?” deyə soruşdu. Sonra, o da təəssüf etdiyini söyləyib, “hər işdə bir xeyir var” təsəllisini verdi. “Görəsən, ora gecikməyimdə hansı xeyir ola bilər ki?” fikrinə qərq oldum. Bir kitab müzakirəsinə onlayn qoşula bilməmək mənə nə sayaq xeyir gətirə bilər ki?!

Oxucuların çoxu anladı ki, bəndəniz kitabdan bəhs edir. Kitabın adı da “Gecikən”dir. Üzvü olduğum “Dartanyanlar” kitab klubumuzla avqustun 31-i Dmitri Verhulstun “Gecikən” romanını müzakirə edəcəkdik. Avqustun 31-nin bazar gününə düşdüyünü sanırdım. Sən demə, həmin gün şənbəyə təsadüf edirmiş.

Adətən, bu cür məsələlərdə diqqətliyəm. Belə hallar, əsas da ədəbiyyatla, kitablarla bağlı yığıncaqlar, tədbirlər, ələlxüsus da müzakirələrimizin tarixini xüsusi olaraq yadda saxlayıram. Bu hal isə ilk idi. İnanıram ki, son olar.

Ümumiyyətlə, Verhulstun bu kitabı öz adının haqqını verdi. Həm də düz iki dəfə. Ayın əvvəli səhərə yaxın hava limanına tələsirdim. Narahat idim ki, gecikərəm. Evdəkilərdən xahiş etdim ki, kitab rəfimdən “Gecikən”i tapıb, mənə versinlər. Demək olar ki, kitabxanamdakı əksər kitabların hansı tərəfdə, yuxarı, ya aşağı cərgədə, öndə, ya arxada olduğunu bilirəm. Bu dəfə göstəriş verə bilmədim, çünki, onu ora mən qoymamışdım. Bir xeyli axtarsalar da, kitabı tapmadılar. Evdən əsəblə çıxdım. Yolda ümidləndim ki, hava limanındakı satış yerində həmin kitab ola bilər. Yanılmadım. Sevindim ki, hava limanından kitabı əldə edə bildim. Düzdür, kitabın qiymətini süni şəkildə qaldırmışdılar. Abırsızlıqlarını bağışladım. Çünki kitab məndə idi.

Yolboyu “Gecikən”ə aludə oldum. Tranzitlə İstanbula çatana qədər də, oradan Stokholma varanacan da romanı oxuyub, yarıladım. Romanın təhkiyəsi də, tərcüməsi də, süjeti də məni cəlb eləmişdi. 74 yaşlı Dezayr adlı ahıl özünü demensiya xəstəsi kimi qələmə verib, qocalar evinə yerləşir. O xəstə deyil. Az qala hər şeydən narazı olan arvadı ilə yaşamaqdansa, özünü xəstəliyə vurub, qocalar evində qalmaq romanın qəhrəmanına daha çox sərf edir.

Dezayr qocalar evində lap gənc olduğu vaxtdakı sevdiyi qızla rastlaşır. Ancaq qadın, doğrudan, xəstədir. Dezayrı tanıyıb-tanımamağı da dəqiq deyil. Keçmişi yada salaraq, vaxtı ilə könlünü ona aça bilməməyin təəssüfü, gəncliyi cəsur şəkildə vura bilməmək narahatlığı Dezayrı incidir. Ancaq onun təbiəti belədir. Yaşlanmağı, oxuduğu çoxsaylı kitablar, bir sözlə, heç nə onu dəyişə bilməyib. O, yenə də qadınlardan qorxur. Bu qorxu o qədər şiddətlidir ki, o, boşanmağı yox, özünü xəstəliyə vurmağı seçir.

Romanın qəhrəmanı əlil arabasında oturur. Guya o, hətta yeriyə də bilmir. Uzandığı yerdə altını batırmağı arvadıyla yaşamaqdan daha üstün tutur. Bununla Dezayr arvadından acıq çıxır.

Həyatı boyunca insan ya özünü dağıdır, ya da başqalarını. Dezayrsa ən çox özünü məhv etməyi seçir. Arvadından aldığı intiqam, yetkin övladlarının üzüntüsünün şahidliyindən gələn iztirablı bədəllə üzə çıxır. Bu, onu yolundan döndərmir. Qızının göz yaşları, onunla birdəfəlik sağollaşması yaşlı atanı incitsə də, o, seçimində qətidir – sona qədər xəstəlik perfomansı.

Əslində, demensiya, altsheymer kimi hallar, çox vaxt şüursuz istəklərlə özü gəlib insanı tapır. Unutmaq təhdid və təzyiqləri azaldır. Ölüm çiskininə qarşı çətir açır. Yaşadıqları insana elə ağır gələ bilər ki, reallığın ağrı-acısından yaddaşın atrofiyası ilə xilas ola bilər. Bütün bu sayaq şeylər təhtəlşüurun seçimləriylə bərqərar olur.

Dezayr ən çox elə özünə acıqlıydı. O, şüursuzluğunun oyuncağına dönmüş, dolğun həyat yaşaya bilməmişdi. Bu alovlu peşmanlıq və günah hissinə görə özünü cəzalandırmalı idi. O, kitabda bu məsələyə belə toxunur: “Ölməyə yaxın olanların özlərini ittiham etdikləri beş şey var: birincisi, çox işləyiblər. İkincisi, başqalarının gözləntilərinə görə yaşayıblar. Üçüncüsü, dostları ilə əlaqələri kəsilib. Dördüncüsü, öz xoşbəxtliklərinə diqqət ayırmayıblar. Beşincisi, duyğularını ifadə etməyiblər... Bu sonuncusu mənim elə də vecimə deyil, amma digər dördü, bir artıq, bir əskik, həyatımın icmalıdır. Xüsusilə də, ikincisi...”

Dostumun evində qaldığım müddətdə, o da oxuduğum kitabla maraqlandı. O, İsveçdə qocalar evində işləyir və deyir ki, işlədiyi yerdə romanda təsvir olunan kimi ahıl bir kişi var. Dostum uzun müddətdir həmin demensiya xəstəsindən şübhələnir və deyir ki, o xəstə deyil, nəsə oyun çıxarır.

“Gecikən”dəki hadisələr müəllifin vətəni Belçikada baş verir. Kitabda yaşlı kəslərə qarşı həmin müəssisədəki keyfiyyətli qayğı da təsvir olunub. Hətta İsveç qocalar evində yaradılan süni və saxta avtobus dayanacağı romanda da var. Yaşlanmış və yaddaşlarında zəiflik yaranan qocalar evinin sakinləri müəssiənin həyətində dolaşarkən, ya oradan qaçmaq fikrinə düşərkən, bağçadakı avtobus dayanacağı onlara ümid verir. Oradakı “gecikən” ahılların, avtobusu gözləməkdən usanan, qışdırsa üşüyənlərin yanına bir az sonra işçilərdən kimsə yaxınlaşır. İçəri qayıdıb bir fincan kofe, ya çay içməyi təklif edir, avtobusun bu dəfə gəlmədiyini, başqa vaxt yola çıxa biləcəklərini təklif edirlər. Dezayrın qaldığı qocalar evinin adı “Qış günəşi”ydi. Qış günəşi də baharın, yayın saxta dayanacaqlarındandır.

Müzakirədə iştirak edə bilməməyimdəki anamın dediyi xeyirsə, bu məqaləni yazmağıma vasitəçi oldu. Xoş əməllərə gecikməyəsiniz.

P.S. Dostumun çəkdiyi fotodakı isveçli model Barletta Karibvami ilə “Gecikən”i reklam edirik.

# 1212 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #