Məşhur bəstəkar: "Müəyyən müddətdən sonra insana ehtiyac olmayacaq..." - Müsahibə

Məşhur bəstəkar:  "Müəyyən müddətdən sonra insana ehtiyac olmayacaq..." - Müsahibə
31 iyul 2024
# 12:00

Kulis.az Ömər Xəyyamın bəstəkar, fortepiano, kamera, orkestr, teatr və film musiqilərinin müəllifi Firudin Allahverdi ilə söhbətini təqdim edir.



- Seymur Baycan axırıncı yazısında sənin də adını çəkmişdi. Onun fikrincə, türklərdən, türk mənbələrindən öyrənmək olmaz. Seymur haqlıdır, yoxsa sən də düşünürsən ki, türkfobdur?

- Türk mənbələri, ana dilindən başqa heç bir dil bilməyən vətəndaşlarımız, xüsusən, yeniyetmə və gənclər üçün böyük nemət və şans oldu. Təsəvvür edin, bu olmasaydı, nə olardı? Seymurun dediyinə görə, kaş ki biz dağıstanlılar, çeçenlər kimi “öz koloritimizdə" qalardıq, nəinki Türkiyə mənbələrindən nəsə öyrənərdik. İş orasındadır ki, o şimali qafqazlıların da “öz koloritləri”ndə qalıb-qalmadıqları mübahisəlidir. Seymuru son illərdə “türkofob” göstərən davası ki var, əslində, müəyyən məsələlərdə haqlıdır. Məsələn, mən “taksit” sözünün bu formada dil standartlarına oturuşmasına qarşıyam. Azərbaycan standartlarına görə bu ərəb sözü bizim dilə gəlməlidirsə, “təqsid” kimi gəlməlidir. Çünki biz 100 il olar ki, bu cür ərəb sözlərini “təqsir”, “təsnif” və s kimi yazırıq, “taksır”, “tasnıf” və s. kimi deyil. Ya da, son illərdə həkimlərdə rast gəldiyimiz “uzman”. Bu hansı standartlara görədirʔ Əvvəl başqa adla vardımıʔ Tibb Universitetinin bu standartlardan xəbəri varmı və tətbiq edirmi ki, onun məzunları mütəxəssis yox, məhz “uzman” olsun? Bu, ancaq həkimlərə aid ünvanmı olacaq, yoxsa bir azdan mühəndislər, sürücülər və digər sahələrdə çalışanlar üçün də istifadə edəcəyikʔ Əgər Seymurun davası bundan ibarət olsaydı, şəxsən mən onu anlayışla qarşılayardım. Amma bəzi sözlər də var ki, dəyiş-düyüş olsa, yaxşı olar: məsələn, biz “təyyarə” əvəzinə “uçaq”, onlar “anahtar” əvəzinə “açar” desələr və s. Amma demək ki, “türklərdən”, “farslardan”, “ruslardan”, ya kimlərdənsə “heç nə öyrənmək olmaz”… belə bir fikri heç müzakirə eləməyə dəyməz.

- Hamı narazıdır. Deyirlər, şanlı qələbəmizlə bağlı musiqi əsərləri yazılmır. İşin mətbəxində vəziyyət necədir? Stimul, motivasıya yoxdur, ya yaxşı əsərlərin yaranması üçün müəyyən zaman keçməlidir?

- Mən bilən, son illərdə həm professional, həm də populyar musiqi janrlarında qələbəni tərənnüm edən xeyli xümunə yaranıb. Azərbaycanın həm gənc, həm də yaşlı incəsənət xadimləri siyasi-ictimai çağırışlara həmişə həvəslə cavab verib. Amma burda bir mühüm məsələyə, elə məhz mətbəxə xas məsələyə diqqət etməliyik: populyar janrlarda yaranan musiqinin istehsalı nisbətən asandır: gitara, ya piano ilə çalıb-oxuya bilərsən, uzağı özün, ya kimsə kompüterdə aranjiman edər və məhsul hazır olar. Buyur, yüklə yutuba. Professional janrlarda isə bəstəkar, - tikintiylə paralel aparsaq, işin memarlığını və mühəndisliyini edir: sonra binanı tikmək üçün məkan, materiallar, işçilər və s. lazım gəlir. Yəni konsert zalı, musiqi alətləri, musiqiçilər. İfadan əvvəl dəfələrlə məşq. Ondan əvvəl isə musiqiçilərin hərəsinin öz musiqi xətti üzrə evdə etməli olduğu məşqlər. Bir sözlə, istehsal prosesi mürəkkəbdir. Ona görə ola bilər ki, xeyli bəstəkarın bu mövzuda yazdığı musiqi hələ rəfdə, ya da kompüterinin yaddaşındadır.



- Bayağı/texno musiqilərin sürətlə çoxalması tələbatın çoxluğuyla düz mütənasibdir, ya ümumi cılızlaşmanın, texnikiləşmənin ifadəsidir? Deyəsən, artıq hər şey sintetikləşir axı... Söhbət təkcə bizdən getmir, əlbəttə.

- Bayağı və texnonu ayırardım. Bayağı sifətdir, texno isim. Texno janrında bayağı nümunəyə də, orijinal nümunəyə də rast gəlmək olar. Amma ümumiyyətlə, total sintetikləşmə o qədər də ürəkaçan hadisə deyil, şəxsən mənim üçün. Mən daha çox akustik musiqidən zövq alıram. Texnonun da sənətkarları var, təbii ki. Onları da həvəslə dinləyirəm. Ümumilikdə, bayağılıq həmişə və hər yerdə olub, sadəcə, indiki texniki imkanlar və internet dövründə bu, özünə daha çox və daha geniş nümayiş olunmaq imkanı tapıb.

- Məsələn, tez-tez eşidirik də, deyirlər, filan şey zövq məsələsidir. Bu zövq məsələsi söhbətinə münasibətin necədir?

- İnsan əvvəl evdə, bağçada, məktəbdə yetişdirildikcə, sonra isə özünü yetişdirdikcə zövqü formalaşır. Bu uzun və dolanbaclı yolda hərənin bir məqamda ola bilməsi normaldır.

- Bu yaxınlarda yazmışdın ki, 2006-da musiqi və ədəbi əsərlərin qiymətləndirilməsi cədvəli tərtib olunub, ancaq o vaxtdan bəri honarar məbləğləri dəyişdirilməyib. Səncə, bu yaradıcı adamlara olan münasibətdir, yoxsa yaradıcı adamların mütiliyi? Ümumiyyətlə, o cədvəldəki qiymətlər əsasında sənin hansısa əsərin alınıbmı?

- Bu cədvəl həmişə olub, sadəcə, sonuncu yenilənmə 2006-cı ildə baş verib. 2006-dan bəri hər şey - benzin, çörək, kommunallar, eləcə də, maaşlar, təqaüdlər, hər şey artıb. Təkcə qalxmayan həmin cədvəlin də adında qeyd olunan “musiqi və ədəbi əsərlərin qiyməti”dir. Bu, görünür, ölkədə mədəniyyət və incəsənətin prioritetliyinin çox da öndə olmadığının göstəricisidir. Şübhəsiz, dövlət üçün siyasət, iqtisadiyyat, təhlükəsizlik və s. məsələlər daha önəmli olur. Sonra güman ki, sosial məsələlər gəlir. XX əsrdən başlayaraq, idman sahəsi də mühüm rol oynamağa başladı. Bizdəki bu cədvəlin nümunəsində isə incəsənət və mədəniyyətin, prioritetlər sırasında xeyli arxada olduğu görünür.
Mənim işlərimin də bəziləri, məsələn, teatr tamaşalarına yazdığım musiqi, adətən, bu cədvələ əsasən alınıb.



- Sənətkar, sizin nəslin – yəni, təxminən, eyni vaxtda yaradıcılığa başladığınız, eyni mühitdə formalaşdığınız yoldaşların çoxu it-bat oldu, yarısı ailə/məişətə qarışdı, yoxaldı, yarısı cəbhəsini dəyişdirdi... ölkədən gedənləri də oldu. Sən nə əcəb getmədin?

- Əvvəla, Qərb dünyasına mütəmadi olaraq festivallara, kurslara və müxtəlif səbəblərə görə gedib-gəldiyim üçün mənim gözümdə oranın xüsusi bərqi yox idi. İkincisi, görünür, həm öz daxilimdə, həm də xarici dünya ilə əlaqəmdə müəyyən harmoniya əldə edə bilmişəm deyə, harada yaşamaq böyük əhəmiyyət kəsb eləmir. Xüsusilə, indiki internet dövründə.



- Fikir verirsən, xarici ölkələrdəki yuxarı təbəqə akademik, ciddi əsərlərin dinləyicisidir, özü də, təkcə dinləyici deyillər, üstəlik, mesenatlıq edirlər, qalereyalar, konsert zalları tikdirirlər, studiyalar açırlar, rəssamları emalatxanalarla təmin edirlər. Bizimkilərin dərdi nədir, görən?

- Normal, oturuşmuş cəmiyyətlərdə yuxarı təbəqə uşaq vaxtından yaxşı yetişdirilir. Ya şəxsi müəllimlər, ya da güclü özəl məktəblərdə ən yaxşı müəllimlər dərs keçir onlara. Ən yaxşı riyaziyyat, həndəsə, idman, eləcə də musiqi, rəsm, və s. müəllimləri. Bu ən yaxşı müəllimlər bu sənətlərin sirlərini əhatəli formada öyrədir bu uşaqlara. Beləliklə, bu uşaqlar böyüdükcə saxta qiymətli daşı həqiqisindən ayıra bildikləri kimi, saxta sənəti də həqiqi sənətdən ayıra bilirlər. Zövqləri itiləndiyi üçün onlar bayağı nümunələrdən istədikləri həzzi ala bilmirlər, daha yüksək incəsənəti dəstəkləyirlər. Ən azından, öz həzzləri üçün. Bizdə isə, görünür, yuxarı təbəqə bu mənada hələ də tam elitistləşməyib.

- Demək olar ki, ümumi mədəni durğunluq dövrüdür. Səbəb, olsun ki, maddi məsələlərdir, bəlkə də, bəşəri depressiyanın təzahürüdür. Lap deyək ki, dövlətin biganəliyidir. Axı məhdudiyyət həm də kəşfin anasıdır... Yoxsa münbit şərait yaranmalıdır?

- Demək olar, ümumi dünyada mədəni və sənət müstəvisində durğunluqdur. B.Russell “Qərb Fəlsəfəsi” kitabında yazır ki, eramızın kəsişməsindən sonrakı iki əsr - Pax Romana (Roma Sülhü) dövründə Romada həm iqtisadi, həm də siyasi sabitlik yaşandı, hər şey öz yerinə oturdu, hər şey hamıya aydın oldu, macərapərəstlik bitdi, qurd quzu ilə otladı; amma o dövrlərdə nə Siseron yetişdi, nə Vergili, nə də Horasio.
Beləliklə, 1990-lardan bəri dünyada davam edən Pax Amerikananı da, bəlkə, buna səbəb göstərmək olar. Və əgər ara-sıra eşitdiyimiz kimi, Pax Amerikananın sonu yaxınlaşırsa, ola bilər, dünyada macərapərəstlik bir az arta, dünya bir az daha maraqlı ola. Başqa bir məsələ də internet və texnologiyaların bəşər tarixində yeni səhifə açdığına görə ola bilər, görünür, köhnə formalar özünü tükədib, yeni formalar isə hələ tam formalaşmayıb.



- Sənətkar, dövlətin sənətə diktəsinə necə baxırsan? Məncə, pul ayırırsa, diktə də etməlidir. Bir növ, bu, özünümüdafiə sistemidir. Kim özünə quyu qazar ki? Dövlət pul verməyəndə də, şikayətlənirik. Dövlət/sənət münasibətləri, səncə, necə tənzimlənməli?

- “Pul qoymaq” müxtəlif məqsədlərlə ola bilər. Hətta deyərdim, “diktə etmək”, bu məqsədlərin içində ən köhnə dəb görünənlərdəndir. Pulu “əyər-əksiyi aradan qaldırmaq” məqsədilə qoymaq olar, pulu “daha çox pul götürmək” məqsədilə maya kimi qoymaq olar və s. Bütövlükdə isə dövlət-sənət münasibətləri, adətən, mürəkkəb olur, ölkədən-ölkəyə, sistemdən-sistemə spesifikləşir.
Tarixən, dövlət ideyasının kökündə ədaləti bərqərar etmək durur, yəni dövlətlər ona görə mövcuddur ki, öz cəmiyyətlərinin içində kimin haqlı, kimin haqsız olmasını təyin etsinlər. Real həyatda bu prinsip az-çox işləyir. Yəni, ən azından, oğrunu, cibgiri tutmaq olur, hansısa biznes mübahisəsini həll etmək olur, amma sənətdə bu işləmir. XIX əsrin ikinci yarısında Parisin incəsənət tənqidçilərinin əlində müəyyən bir güc-qüdrət olsaydı, bəşəriyyət İmpressionizm və ondan çıxan cərəyanları əldə etməyəcəkdi. Çünki o tənqidçilər yeniliyi düzgün qiymətləndirə bilməmişdi. Demək, incəsənətdə heç bu işin tənqidçisinə belə o qədər bel bağlamaq olmaz. Sahənin xüsusiyyəti elədir ki, burada novatorluq vacibdir. Amma həm də qadağandır. Çünki incəsənət sahəsində hər növün, hər janrın müəyyən dövrdə müəyyən qayda-qanunu olur. Sənətkar da novatorluq etmək üçün qayda pozuntusu eləməlidir. “Bravo” - “cəsarətli” deməkdir. Bu qayda pozuntusunun da mənası olmalıdır. Yaxşı olar ki, bu məna həm də aktual olsun. Ola bilər, mənalar çox olsun. Dövlət sənəti qiymətləndirmək istəsə, onda gərək bütün bu estetik, konseptual və s. məna burulğanlarında dolaşsın. Bu işin dövlətə yaraşıb-yaraşmamağı bir yana, məncə, heç vaxtı da olmaz. Dövlət aparatı öyrəşib rəqəmlərə. Buna görə də dövlət hansısa texniki keyfiyyətləri tənzimləyə bilər, məncə, bu onda yaxşı alınar, çünki orda hər şeyi rəqəmlərlə görmək olur.



- Efirlərdə bədii şuraya, senzuraya ehtiyac varmı?

- Efirlər müxtəlif olmalıdır. Hansısa doğru bildiyi senzuranı etməli, hansısa boş buraxmalı. Bəlkə, eyni proqram - tv, radio, internet kanal, - hansındasa senzuralı, hansındasa senzurasız olmalıdır...

- Sanki daha opera yazılmır, hə? Aktuallığını itirib, yoxsa ayrı səbəbləri də var?

- Tam obyektiv müqayisə olmasa da, indi heç miniatür də çəkilmir. Opera öz klassik formasıyla hazırda aktual sənət növü deyil. Yəqin ki, o da eraların kəsişməsindədir, yeni transformasiyalara ehtiyacı var. Öz aramızda qalsın, mən özüm bu janrla bağlı müsbət mənada “qaşınıram”, yəni düşünürəm opera yazmağı. Üstəlik, bir yazıçı dostumuzla da ara-sıra bu barədə söhbətləşir, seçməli olduğumuz mövzu, dramaturgiya, aktuallığı, konsepti barədə müzakirə edirik. Amma hələ ki, işin çox əvvəllərindəyik. Düşünürəm ki, heç olmasa librettonun geniş bir sinopsisini hazırlaya bilsək, bu barədə daha geniş danışmaq olardı.

- Firudin, əzizim, səncə, muğam folklordur?

- Xeyr. Muğam yaxın Şərqin elitar musiqi növüdür. Bu musiqini uzun illərə öyrənirsən, Avropa klassik musiqisindəki kimi xeyli qayda-qanunu, requlyasiyası var, onlara əməl etməlisən. Dinləyici kimi də hazır olmalısan ki, bütün bu mürəkkəblikləri qiymətləndirə biləsən. Ona görə də muğam, adətən, saraylarda, aristokratiyanın məclislərində ifa olunub. Aşağı siniflər, geniş zəhmətkeş kütlələr üçün isə musiqi, əsasən, təkrarlanan sadə musiqi frazalarının və ritmlərin müşaiyətində rəqs üçün lazım olub.

- Cahilliyimə bağışla, maraqlıdır, not bilməyən adam mahnı yaza bilər? Məsələn, Üzeyir Hacıbəyov yazır ki, “Leyli və Məcnun” operasını yazanda ali musiqi təhsili olmayıb. Bəs necə yazıb bu əsəri?

- Üzeyir Hacıbəyli 14-19 yaşları arası Qori Seminariyasında oxuyanda notları da, hətta dörd musiqi alətində ifa etməyi də öyrənmişdi. Həmin dövrdə, həmin yaşlarda Tiflis operasında qoyulan operalara da gedib baxırdı. Ona görə muğam operası yazmağa bəs edəcək savadı vardı. Qori Seminariyası nə idi? - ibtidai siniflər üçün müəllim hazırlayan bir texnikum. Təxminən, bizim indiki Sabir adına texnikum. Təsəvvür et, o dövrün Sabir texnikumunu bitirən artıq not da bilirdi, klassik musiqi alətlərində ifa da. Xor dərsi də varmış. Hətta Üzeyir bəy musiqi dərsindən kənar iki xalq mahnısını xor üçün aranjiman da etmişdi. Yeniyetmə yaşında.



- Yazıçılar Birliyi daim münaqişələrlə gündəmə gəlir. Bəstəkarlar İttifaqında nəsə sakitlikdir. Yəni, proses yoxdur?

- Bəstəkarlar İttifaqına üzv olmaq üçün ya professional bəstəkar, ya da musiqişünas olmalısan. Bu limitə görə bizim üzv sayımız ümumilikdə, adətən, 100-150 arası olur. Onlar da müəyyən ali təhsil ocaqlarının müəyyən kafedralarını bitirdiyi üçün hamı hamının ya müəllimidir, ya tələbəsi, ya da tələbə yoldaşı. İkincisi də, söz, musiqiyə nisbətdə insanlar arasında daha populyar ifadə vasitəsi olduğu üçün, söz sənətkarlarının həm qalmaqal salma ehtimalı, həm də həmin söz-söhbətin geniş auditoriyaya çıxma ehtimalı daha böyükdür.

- Texnoloji tərəqqi musiqiyə necə təsir edir? Süni intellekt proqramları var, istədiyin şeiri verirsən, istədiyin səsi seçirsən, istədiyin ritmləri, janrı təqdim edirsən, mahnı bəstələyir. Əlbəttə, bu proqramlar təkmilləşəcək. Və belə bir fikir var ki, zamanla bəstəkara, şairə, yazıçıya, rəssama ehtiyac olmayacaq.

- Biz indi elə bir dövrün astanasındayıq ki, zamanla nəinki bəstəkara, şairə, ola bilər, ümumiyyətlə, insana ehtiyac olmasın. Yəni problem xeyli ciddidir, - əgər bu problemdirsə.

- Rejissorlarla, teatrlarla əməkdaşlığınız davam edirmi?

- Bəli, hazırda bir gənc rejissorun müəllifi olduğu filmin musiqisi üzərində işləyirik.

# 5056 dəfə oxunub

Müəllifin son yazıları

# # #