Dünyanın ən axmaq adamı

Dünyanın ən axmaq adamı
21 noyabr 2016
# 16:35

Uşaqlıq bizim yaddaşımızdır. Yaddaşımızda silinməyən qəhrəmanlar yaşayır. Bu qəhrəmanlardan biri Mister Bindir. Axşam yeməyimizi yedikdən sonra gözümüzü ekrana zilləyərdik.

Biz Binə gülərək, lağlanaraq böyüdük. Sonra anladıq ki, Bin tənha imiş, yalnızlıq onu ən axmaq adama çevirib. Teleserial kimi 90-cı illərdə Avropada partlayış etmişdi. Hər kəs bu serialdan, Mister Bindən danışırdı. Hətta Bin obrazı aktyorun özündən daha populyar idi.

Bin Londonda yaşayan tənha, orta səviyyəli təbəqədən olan sadə bir insandır. Mister Bin çox danışan adam deyil. Yəni, konkret desək, o, iki sözü yanaşı qoyub danışmır. Əslinə qalsa, onun danışmağına heç ehtiyac da yoxdur. Axı onun hərəkət və mimikaları obrazın nə demək istədiklərini əks etdirir. Biz onun incə, hissiyyatlı qəlbə də malik olduğunu görmüşük. Bu münasibət hər hansı bir qadına qarşı yox, qəhvəyi yumşaq ayı balasına qarşı olan sevgisindən görünür. Mister Bin çarpayısında onunla yatır. Onun tək həyat dostudur qəhvəyi ayı. Çox vaxt onunla xoşbəxtdir. Ayısına nağıl oxuyur, əzizləyir, qayğısına qalır, onunla televiziya izləyir. Bin ayısını hipnoz edərək yatızdırır.

Əbəs yerə o, “dünyanın ən axmaq adamı” adına layiq görülməyib. Mənasız, yöndəmsiz və ətrafındakı hər şeyi asanlıqla korlayan dirsəyi yamaqlı pencək geyinmiş bu səfeh, demək olar, bütün dünyanın sevimlisidir. Qarajda, imtahanda, hovuzda, qonaqlıqda, rəsmxət dərsində, kilsədə və çimərlikdə Mister Bin adi insanın ağlına gəlməyəcək səfehliklər törədir. Əgər epizodların birində ev təmirinə başlayırsa, bilin ki, orada nəsə öz qaydasında getməyəcək. Yox əgər, o, küçəyə balaca, gülməli maşını ilə çıxıbsa, yaxşısı budur, ətrafdakılar qaçıb canlarını qurtarsınlar.

Mister Bin əslində bizik. Biz də öz iç dünyamızda, düşüncələrimizdə, hisslərimizdə, dünyaya baxışımızda tənha deyilikmi?!

Onun yaşadıqları sərgüzəştlər məni kədərləndirir. Uşaq vaxtı güldüyüm səhnələrə indi gözüyaşlı baxıram. İçim titrəyir. Özünə bayramlarda məktub yollayır, sevgilisi onu atır, ayısı ilə söhbət edir. Hələ bir də serialın soundtraktı insanı sarsıdır. Kilsə musiqisi, tənha rahibələrin səsidir əslində. Onlar da tənhalıq simvoludur.

# 2302 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #