Ata Abdullayev – bilirəm, adını yazan kimi üzünüzü turşutdunuz. Amma bu adam mənə həmişə pozitiv enerji verib. Səbəbini bilmirəm. Yəqin, çox şeyi qaramat olan cəmiyyətimizdə onun bir əyləncə vasitəsi olmasındandır. Bu adama necə əsəbiləşəsən? Baxırsan, bütün stressin gedir. Elə bil pul verib sirkdə oturmusan, sənə maraqlı atraksionlar göstərirlər.
Atanın canfəşanlıqla ictimai yerlərdə atılıb düşməyi hansısa filmin komik obrazlarını xatırladır. İstənilən filmə, əsərə gedəcək hazır obrazdır özü. Heç nəyini dəyişmədən eləcə üzünü köçür, vəssalam. Məncə, ondan yazılacaq əsər, çəkiləcək film dünya səviyyəli olar.
Cəmiyyət ona qəzəblidir, birmənalı şəkildə. Di gəl, onu ciddiyə almamaq da olar. Bəyənmirsən, xoşun gəlmir, adama fikir vermə, keç üstündən. Biz sadəcə o qədər gərgin xalqıq ki, Atanın komikliyini görə bilməkdə ərincəklik edirik. Bizə hərdən elə gəlir ki, hər şeyin bircə yeri var, o yeri kim qapıbsa, digər yerlər boş qalacaq. Tutmadınız? Daha aydın deyim. Tutaq ki, Bayram Nurlu var. Bəzilərimiz, bəzilərimiz də yox, çoxumuz ona qıcığıq. Niyə? Çünki elə bilirik ki, kiminsə - yazıçının, elm adamının, ziyalının yerini tutur. Halbuki Bayrama fikir verməyə bilərsən. Pult sənin əlindədir. Sadəcə bizim cəmiyyətdə çox şeylər yerində oturmadığı üçün sənə elə gəlir ki, bu Bayram, Ata kimiləri hər yeri işğal edib. Düzünə qalsa, kənardan elə görünür. Amma məncə, faciəmiz Ata deyil. Kanalı dəyişin.
Cəmiyyət olaraq qapalıyıq, düşüncələrimizi qəfəsdə saxlayanlardanıq. Ata da son vaxtlar diqqət çəkdi. Onun mövqeyi bəllidir. Camaat onu yaltaq bilir. Yəni hər iki tərəf də özünü yaxşı tanıyır. Cəmiyyət də, Ata da. Ara yerdə yaltaq olan da baxıb ona söyür ki, özünü gizlədə bilsin.
Məncə, heç kim heç kimin yerini tutmur. Biz dözümlü olmağı bacarmalıyıq. Bizə təqdim olanı yox, özümüz axtardığımızı qəbul etməliyik. Heyf ki, xalq olaraq ən böyük problemimiz araşdırmamaqdır. Xoşun gəlmir, üzünü o tərəfə tut, bax orda daha faydalı şeylər var. Kimə deyirsən?
Yaradıcı adamlar Atayla, Bayramla özlərini bir tutmamalıdırlar. Dünyada da elədir zatən. Manısın biri Markezdən, Tolstoydan daha çox tanınır. Ancaq manıslar tez unudulur, nəyinki dahilər. Cəmiyyətimizdə daşlar yerinə tam oturmadığı üçün onlar da haqlı görünür.
Atanın ömrü onsuz da gödək olacaq. Çünki o, hər gün ömründən “pay” verir.
Hərdən xəyal edirəm, Ata hər məzhəkəsindən sonra tək qalır, öz-özünə danışır, sonra telefonunu açıb canlı yayım edir. Onun tənhalığını, kimsəsizliyini duyuram. Axı o da insandır. Videolardakı çıxışlarında vay-şivən salmağı mənə dinclik verir. Ciddi sözümdür. Nədənsə bu cür adamları ciddi qəbul edə bilmirəm. Niyə də edim?! Atadan da məzmunsuz, istedadsız adamlar yaşayır cəmiyyətimizdə.
Ata Abdullayev post-modern dünyanın yerli gerçəyidir.