Sosial şəbəkələrdən, mətbuatdan, qəzet səhifələrindən demək olar hər gün küçəyə atılmış körpə xəbərləri görürük. Bu günlərdə də Lənkəranda yolun kənarında bağlamanın içində körpə tapıldı.
Belə hadisələri həmişə türk filmlərində görürdüm. Özü də küçədə yox məscidin həyətinə buraxılırdı körpələr. İndi elə bir dövrə çatmışıq ki, nəyinki küçəyə, hətta zibil yeşiyinə belə yenicə doğulmuş uşağı tullayırlar. Elə bil o körpə də lazımsız bir əşyadır.
Uşaqlara qarşı tarix boyu ədalətsizlik olub. Həmişə kimlərsə uşaqlardan istifadə edib, onları öz çirkli oyununun qurbanına çevirib. Müharibələrdə, ölüm düşərgələrində uşaqların amansız qətli baş verib. Bu cür ağlasığmaz olaylara Tanrının necə icazə verdiyini anlamaqda çətinlik çəkirəm.
Küçəyə atılan qızcığazın fotosuna baxdım: bütün atılmış uşaqların taleyi hopmuşdu gözlərinə. Nə yaxşı ki, canını tapşırmadan tapılmışdı.
Zamanla anlayırsan. Anlayırsan ki, ən vəhşi olanı insandır. Heç bir məsuliyyət hiss etmədən dünyaya uşaq gətir, sonra da ən çətin durumda asan yola ələ at. Nə gözəlmiş e? Ümumiyyətlə, mənə elə gəlir, baxa bilməyəcəyin uşağı dünyaya gətirmək düz deyil. Onu həyatın acımasız əllərinə buraxıb çıxıb gedəcəksənsə, ağrıyanda başının üstündə durmayacaqsansa, çox xahiş edirəm, o uşağı dünyaya gətirmə.
Bir düşünək, həqiqətən də bu körpələri küçəyə atan analar, atalar kimlərdir? Daha doğrusu kim?
Cahillikmi?
Savadsızlıqmı?
Kasıbçılıqmı?
Kimsəsizlikmi?
Siyahını uzada da bilərik. Hadisəyə hansı pəncərədən baxsaq, suallar ard-arda sıralandıqca sıralanır, çoxaldıqca çoxalır. Axı insan canlıların ən güclüsü deyildimi? Axı bizə zəka, ürək, vicdan verilməyib? İnsanın düşdüyü ən çarəsiz an körpəsini küçəyə atmaqdırmı?
Dünyada sayını unutduğumuz nə qədər uşaqlar, körpələr küçələrdə yaşayır. Bu yerdə sevdiyim şair Nazim Hikmətin şeiri yadıma düşür.
Dünyayı verelim çocuklara
Hiç değilse bir günlüğüne
Allı pullu bir balon
Gibi verelim oynasınlar
Oynasınlar türküler söyliyerek
Yıldızların arasında...
Analar həmişə mənim üçün müqəddəs olub. Onlar təbiətin möcüzəsidirlər. Di gəl, küçəyə atılan bu körpələri dünyaya gətirən də analar deyilmi? Bir uşaq dünyaya gəlirsə atalar, analar üçün bunun böyük anlamda mənası, məzmunu olmalıdır. Heç heyvanlar belə yavrularını atmırlar. İnsan necə dəhşətli bir varlıqdır. Əzəldən belə olub zatən. İnsanın törətdiyi amansız hadisələr, əməllər şaşırdıcı, bir o qədər də anlaşılmaz olub. Bütün bunların cavabı olmalıdır.
Güman ki, illər sonra Lənkəranda bir bağlamanın içinə qoyulan körpə taleyinin qisasını alacaq. Mütləq alacaq. Həyat amansızdır.