“Seriallar məni evlənməyə qoymadı” - “Çiçek Taksi”nin Ayşesi Kulisə danışır

“Seriallar məni evlənməyə qoymadı” - “Çiçek Taksi”nin Ayşesi Kulisə danışır
3 dekabr 2019
# 12:03

Bir vaxtlar Azərbaycanda sevilən türk teleseriallarından biri də “Çiçek Taksi” idi. Kulis.az həmin serialda Ayşe obrazında rol almış tanınmış türk aktrisası Zuhal Yalçınla müsahibəni təqdim edir.

- Azərbaycan tamaşaçısı sizi ən çox “Çiçek Taksi” teleserialı ilə tanıdı, sevdi. Bəs türk izləyicisi sizi ən çox hansı filmlərinizdən, seriallarınızdan sevdi?

- “Çiçek Taksi” uzun illər davam edən, bitdikdən sonra da təkrarları yayımlanan, hətta dövlət telekanalı TRT-nin demək olar bütün kanallarında efirə gedən serial olduğuna görə türk tamaşaçısı məni Ayşe obrazı ilə daha çox sevdi. Əksərən tamaşaçı məni görəndə Ayşe deyə səslənirlər. Yeni mövsümdə rol aldığım filmlərdən çox “Çiçek Taksi”dən xatırlanıram. Təbii ki, bu serial könlümüzdə başqa bir yerə sahibdir.

- İndiki türk serialları tamaşaçını daha çox üzür, ağladır sanki. Ancaq əvvəlki seriallar izləyiciyə dostluğu, ailəni, sevgini aşılayırdı. Məsələn, “Yedi Numara”, “Ayrılsak da beraberiz”, “En son babalar duyar”, “Çiçek Taksi” kimi unudulmaz seriallar...

- “Çiçek Taksi” yaşayan serial idi. Yeddidən yetmişə hər kəsin evində rahatlıqca izləyəcəyi teleserial idi. Kimin əli kimin cibində olan seriallardan deyildi. Gündəlik həyatda küçədə hər hansı bir insanın başına gələcək hadisələri mövzuya çevirirdi. Bir bölümdə başlayırdı, hekayə işlənirdi və bölümün sonunda bitirdi. Buna rəğmən izləyici o saatları heç qaçırmırdı. İndilərdə isə dram serialları çoxaldı. Buna da çox üzülürəm. Həyatımıza zidd, yad olduğumuz, içində yaşamadığımız səhnələr görürük. Bunlarla bağlı böyük sıxıntılar var.

Gallery

- Niyə bu seriallar reytinq qazana bilir?

- Dram janrının tutmasının səbəbini həqiqətən də bilmirəm. Qonaq çağırıldığım proqramlarda, verilişlərdə də bu məsələləri vurğulayıram. Bir insan səhər yerindən oyananda xoşbəxt deyilsə, tıxacda kədərlidirsə, iş yerinə gedəndə kədərlidirsə, işdən qayıdan da kədərlidirsə, niyə bu qədər kədərli seriallar izləsin ki?! Komediya, ailə serialları, filmləri istəməzmi?! Bu məsələni həmişə sorğulayıram. Həyat çətindir, insanı çox yorur, günü-gündən də çətinləşir yaşamaq. Bu qədər problemlərin, sıxıntıların içində bir də mutsuz serial izləsəm, yəqin ki, yuxuda kabus görərəm. (gülür)

- Bütün bunların səbəbi nədir?

- Səbəbi, çox uzatdılar. Komediya riyaziyyat işidir. Öz içində yüksək tempi olan bir işdir. Qarşı tərəfə təbəssüm ötürərsiniz və bunu tez-tez etməli olarsınız. Amma, hər həftə 150-160 dəqiqə üçün 150-160 səhifə mətn yazılır. 150 səhifəlik bir komediya ola bilməz. Olanlar da üzünə-gözünə bulaşdırır. Buna görə də dramlarla bu işi həll etməyə çalışırlar. Dramların avantajı, maşından düşdün 10 dəqiqə, sevdiyinə baxdın, 10 dəqiqə, əsəbiləşdin 10 dəqiqə, beləcə zaman keçir. Xəbərlərdən sonrakı işlər əvvəllər “prime time 1, prime time 2” olaraq iki yerə ayrılırdı. 8-9, 10-11 radələri üçün. Təəssüflər olsun ki, kanalların reklam gəliri o qədər yüksək olmadığı üçün bir serial bir həftə öncənin xülasəsi ilə vaxt öldürülür, zaman keçirilir. Ona görə də təəssüflər olsun ki, əvvəlki seriallarla müqayisədə daha diqqətsiz işlər çıxır ortaya.

Gallery

- Həyatda necə, serialdakı Ayşe obrazı kimisiniz? Xanım-xatun, dadlı yeməklər bişirən, xoşbəxt bir qadın kimi?

- Açığı, Ayşə xarakterinə bənzər yanlarım var. Real həyatda da yemək bişirməyi çox sevirəm. Dostlarımla birlikdə süfrə başında olmağı, onları xoşbəxt etməyi sevirəm. Bir vaxtlar şirniyyat kurslarına da getmişdim. “Çiçək taksi”yə ara verdiyim vaxtlarda. Sonra dövlətin açdığı şirniyyat kurslarına getdim, ardınca isə beynəlxalq şirniyyatçı oldum. Çikaqoda şirniyyatla bağlı tədbirlərdə oldum. Şən biriyəm, həyata pozitiv baxmağı çox sevirəm. Bədbəxtliyi sevmirəm. Gün içində yaşadığımız o qədər sıxıntılı şeylər var ki... Yaşamağa xoşbəxt olmaq üçün gəldim. Məni kefsiz edəcək hər şeydən uzaq durmağa çalışıram. Təbii ki, mən də insanam, sıxıldığım günlər olur. Amma ruhumu bu mövzuda rahat tuta bildiyimi düşünürəm. Gülümsəməyi, insanlara yardım etməyi çox sevirəm. Ayşə xarakteri ilə aramızda tək bir fərq var. Mən daha sakit bir tipəm. O, yoldaşı ilə dalaşmağı sevərdi, mən dalaşmağı heç xoşlamıram. Ayşə xarakteri qeybəti, işləri qarışdırmağı çox sevərdi. Mən işləri qarışdırmağı yox səngitməyi sevirəm. Bənzər tərəflərimiz olsa da zidd tərəflərimiz də var.

- “Çiçək taksi” serialından hal-hazırda kimlərlə görüşürsünüz? Dostluq etdiyiniz aktyorlar varmı?

- “Çiçək taksi” ilə bağlı sonsuz xatirələr var. Bütün aktyor dostlarla görüşürük. Bəzən bir çay içək, bir qəhvə içək deyirik. Həsrətlə qucaqlaşırıq. Çünki “Çiçək taksi” uzun illər çəkilən bir iş idi. Ailəmizdən daha çox görürdük bir-birimizi. Ona görə də könül bağımız heç bir zaman qopmadı.

Gallery

- Serialda yaddaşınızda qalan bir xatirə varmı?

- Unudulmaz xatirələrim var. Rəhmətlik Ümit Yesini də yəqin ki, sizin tamaşaçılar yaxşı tanıyar. Kazım obrazında idi. Serialda Kazımın ölüm səhnəsi çəkildiyi gün atam rəhmətə getmişdi. Yolda hər kəs mənə başsağlığı verirdi. Mən də düşünürdüm, insanlar görəsən haradan bilir ki, atamı itirmişəm? Sən demə, həmin gün Kazımın rəhmətə getdiyi bölüm də yayımlanmışdı. Çox çətin bir müddət idi. Ağlama səhnələri çox gerçək idi. Çünki atamdan sonra çox pis bir dönəm keçirtdim. Daha sonra Aykut Oray gəldi. Qardaşım rolunda oynadı. İnanın, onun gəlişi məni çox xoşbəxt etmişdi. Təsəlli olmuşdu. Ancaq onun da vaxtsız dünyasını dəyişməsi məni üzmüşdü. Hər aktyorun özünə xas bir yeri var. Məsələn, rəhmətlik, böyük aktyor Erol Günaydını sayğı ilə anıram. Biz ondan çox şey öyrəndik. Çox sevdiyim dostlarım olub. Allah ölənlərə rəhmət etsin.

Onlar çox dəyərli idilər. Yoxluqları teatrda, türk filmlərində yerləri doldurulmur. Yoxluqları hiss olunur.

Bu serialı əvəz edən ikinci serial ol bilməz. Lap çəkilsə belə o effekti verməz, əvvəlki kimi olmaz. Dünya çox dəyişib.

- “Akasiya durağı” çəkilmişdi. Sizcə o da əvəz edə bilmədi?

- Məncə, əvəz etmədi. Edə də bilməz. Türker İnanoğlunun çəkdiyi serial idi. Düzdü, maraqlı alınmışdı, amma “Çiçek taksi”ni xatırlada bilmədi. Bu serialda da taksi sürücülərinin həyatı, ailə-məişət problemləri işlənmişdi. Bir növ “Çiçek taksi”nin digər versiyası olmuşdu. Eyni heyətlə çəkilə bilməzdi. Çox zaman keçmişdi. Hamımız çox yaşlandıq. Radio aparıcısı Manolya ola bilərmi, ola bilməz. Radionun sahibi Ekrem bəy ola bilərmi, ola bilməz.

Gallery

- Ekrem bəy dediniz, Kayhan Yıldızoğlu ilə münasibətiniz necədir? O da “Yeşilçam”dan tandığımız aktyordu.

- Kayhan abi dünya şəkəri, sevimli, möhtəşəm bir bəy əfəndidir. Bəzən olurdu ki, çəkiliş meydançasında filmlər haqqında danışardıq. Heyf ki, o gözəlim illər, xatirələr o illərdə qaldı.

- “Yeşilçam”dan şəxsi tanışlığınız olan kimlər var? Cüneyt Arkın olsun, Kadir İnanır olsun...

- Kadir abi ilə tanışlığımız var. Bir çox tədbirlərdə rast gəlirik, salamlaşırıq. Onlar bizim ustadlarımızdır. Amma səmimi bir dostluğumuz yoxdur. Cüneyt Arkının oğlu Muradla birlikdə “Harem” serialında oynadıq. Komediya janrında iş gördük. Murad bir gün Cüneyt Arkını da gətirdi. O, da bizimlə rolda oynadı. Aramızda onu görəndə böyük zövq aldıq. “Yeşilçam”dan dostluq etdiyim aktyorlar var. Hülya Koçiğitle Afyona getmişdik. Mən teatr kökənliyəm. Murat Soydan, Eşref abi, Efkan Efekan. Onlar unudulmaz insanlardı. Bizim üst nəsil yavaş-yavaş dünyanı tərk edir.

Gallery

- Bir az da Azərbaycandan danışaq. Heç Bakıda olumusunuz? Azərbaycan filmlərindən təkliflər almısnız?

- Azərbaycan bizim qardaş ölkəmizdir. Ət və dırnağıq biz. Ayrılmaz bir bütün kimiyik. Amma çox qəribədir, mənə bu günə qədər Azərbaycandan heç bir təklif gəlməyib. Bir qrup gəlmişdi, film çəkəcəkdilər. Sonra onlar fikirlərindən daşındılar. Ölkənizə geri qayıtdılar. Daha sonra heç bir əlaqə qurmadıq. Azərbaycana heç gəlmədim, gəlməyi çox arzulayıram. Amma heç olmadı. Dönəm-dönəm burada Azərbaycan həftələri olur. Həmin həftələrdə ləzzət turlarına gedirəm. (gülür) O möhtəşəm yeməklərinizdən dadmağa çalışıram. Bəzən “youtube” kanallarınızdan sizin yemək reseptlərinizə baxıram. İnşallah bir gün gələrəm.

- Azərbaycandan tanıdığınız məşhur yazıçı, şair varmı?

- Azərbaycan ədəbiyyatına heç göz gəzdirməmişəm. Bu barədə Azərbaycana çox uzaq qaldığımı düşünürəm. Siz bizi içinizə almısınız, amma biz bir az əksik qalmışıq bu sarıdan. Azərbaycan ədəbiyyatını bilməyi, öyrənməyi istərdim açığı. Mütləq bildiyim biri var amma ağlıma hal-hazırda gələn bir ad yoxdur. Bir dönəm sizdən bura gələn müğənnilər oldu. Onları bizim televiziyadan, yaxud öz içimizdə, mətbuatımızda görərək tanıdıq.

Gallery

- Kimlər idi?

- Yadımda qalmayıb. Biz sizin qədər sizin televiziyaları izləmirik. Çünki eyni türkcəni, eyni dili danışırıq, amma fərqli tərəfləri var. Bəlkə də bu mənada fərqliliklər bizi yaxınlaşdırmır. Ədəbiyyata gətirmək istəyirəm sözümü. Sizin ədəbiyyatınızla tanış deyiləm. Ona görə bəlkə uzaqdan seyr edirik sizi. Üzgünəm, bu mövzuda məlumatlı və dolu olmağı arzu edərdim. Amma sizin təklif etdiyiniz ustalarınız varsa adlarını mənə deyin mən oxuyaram, izləyərəm, araşdırma edərəm. Yaxın zamanda Kiprdə çəkiləcək bir film vardı. Orada azərbaycanlı bir müəllim rolunu oynamağımı istədilər. Mənim vaxtımla onların çəkiliş vaxtı toqquşdu deyə alınmadı. Çünki teatrla qastrolda olacaqdım. Hətta bir araşdırma edib, bir-iki videoda izlədim. Çox istərdim, açığı bir azəri rolunda oynamağı.

Ədəbiyyatla aram həmişə yaxşı olub. Məktəbli olduğum zamanlarda həmişə ədəbiyyat fənnindən yüksək qiymətlər alırdım. Yaşar Kamal, Nazım Hikmətin əsərlərini sevirəm. Zaman-zaman şeirlər oxumağı xoşlayıram. “İnce Mehmeti” unutmaq mümkünmü?!

- Bizdə opera sənəti var, ancaq Türkiyə bu sahədə yoxsuldur...

- Elədir. Biz operada geridəyik. Operanı bizə aid bir mədəniyyət hesab etmədik. Opera tamaşaçıları fərqlidirlər.

- İnaclısınız?

- Əlhəmdülillah, müsəlmanam. Allahın birliyinə həmişə inanmışam. İnanclarımın əvəzi olaraq ibadət etmirəm. Namaz qılmıram, amma uşaqlığımdan oruc tuturam. Qul haqqının necə bir şey olduğunu dərk etmişəm. İnanclarıma, ailə bağlarıma çox düşkünəm.

Gallery

- Bir az da ailənizdən danışaq. Ailəlisiniz?

- Təəssüf ki, ailə qura bilməmişəm. Anam var. Allah anama uzun ömür versin. Məndən iki yaş böyük qardaşım var. Ailə qura bilmədim, bir tərəfim əksik qalıb. Allah belə istəyir, yəqin. Ona görə, də sizə danışacaq bir ailə hekayəm yoxdur. (gülür)

- Son olaraq, Azərbaycan tamaşaçısına nə söyləmək istərdiniz?

- Öncəliklə bütün tamaşaçıları sevgiylə qucaqlayıram. Yaxşı ki, varlar. Hər fürsətdə bizə bağlılıqlarını göstərirlər. Biz əskik qalırıq. Xəcalətini mən çəkirəm. Sizin bizi tanıdığınız qədər biz də sizi tanımalıyıq. Xahiş edirəm, sizlər bizə özünüzü tanıdın. İstər klassik, istərsə də modern ədəbiyyatınız olmaqla. Sənətçiləriniz, yazarlarınız tanınsın bizim ölkədə. Məncə hər iki tərəf də baş sındırmalıdır. Yenə deyirəm, həm biz, həm də siz, çalışaq bir-birimizi daha yaxından tanıyaq.

# 17395 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #