Hərəyə bir nənə öpək!

Hərəyə bir nənə öpək!
27 yanvar 2020
# 11:46

Bir dəfə qəzetə elan vermək istəyirdim ki, qızım üçün nənə axtarılır. Qızımın nağıllarla, nənə şəfqətiylə, qayğısıyla böyüməsi üçün. Sonra nədənsə bu istəyimdən vaz keçdim.

Bu günlərdə deputatlığa namizəd adamların nənələrə olan xüsusi münasibəti yuxarıda qeyd etdiyim elanı yadıma saldı. Milli Məclisdə deputatlar nə zaman nənələrin pensiyasının qaldırılması üçün məsələ qaldırdı?! Nə zaman ağbirçəklər üçün sosial yardım məsələsini həll etdi? Sualın cavabı yoxdur. O nənələr ki, hələ də küçələrdə, parklarda süpürgəçiliklə evinə bir tikə çörək aparır. Hətta yadınıza düşürsə, dəfələrlə süpürgəçi qadınların yolda, qəzada ölməsi belə deputatların qılını qıpırdatmadı. Bu, nəyin süni, saxta sevgisidir?! Sosial şəbəkələrdə bəzi namizədlər nənələrin əlini öpərək, guya xeyir-dua alırlar, guya bunlar ağbirçəyə hörmətlərini göstərirlər. Heyhat! Biz də yedik. Onda gərək, xanım namizədlər də babaların əllərini öpsünlər. Gender bərabərliyi pozulmasın deyə. Sonra da sosial şəbəkələrdə haştag açılsın: “#Hərəyəbirbabaöpək!”

Sosial media cəmiyyəti bu cür fotolarla ifşa edir, ona şəbədə qoşur. Statusların birində belə yazılıb: “Adam nənəsini çölə buraxmağa qorxur ki, bu dəqiqə namizədlər tutub öpəcək.”

Bu, çox klassik metoddur. İstedadlı, alternativ yollar axtarsınlar. Nənə öpməklə camaatı aldada bilməzlər. Əksin istehza, lağ hədəfinə çevrilərlər. Necə ki, çevrilirlər.

Azərbaycan ədəbiyyatında nənə kultu var. Nənələrin nəvələrinə oxuduğu nəğmələr, bayatılar, laylalar bu gün də körpələrə deyilir. Biz uşaqlar nənələrimizin şirin ləhcəli nağılları ilə böyümədikmi?! Yadıma düşür, nənəm ölüm yatağında mənim adımı sayıqlayırdı. Xəbəri eşidəndə 11 yaşım vardı. Bakıdan Gürcüstana getdik. Babam qapının kandarında siqaretindən qullab vura-vura susurdu. Nənəmin yatağına yaxınlaşıb üzündən öpdüm. Gözlərini çətinliklə açdı, gülümsədi və öldü.

Nənə qadınlığın zirvəsidir!

İndi bu namizədlər təkcə nənələrdən yox, həm də xalqımız üçün kulta çevrilən nənəlikdən sui-istifadə etmək istəyirlər. Amma əks nəticə verir.

Deyəsən, kreslo bəzi adamlarda reallıq hissini doğrudan da itirir.

# 8214 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #