Rus sektoru, fillər, adamların sevgisi

Nihat Pir, gənc yazar

Nihat Pir, gənc yazar

29 avqust 2022
# 16:20

Kulis.az Nihat Pirin “Rus sektoru, fillər, adamların sevgisi və uşaq bezləri” adlı yazısını təqdim edir.

Bizim bu sosial şəbəkələrin sezona uyğun müzakirələri var ki, ildə, heç olmasa, bir dəfə ortaya atılır. Üzü payıza gedirik deyə, daha bu illik şortik mövzusunu qapalı elan edə bilərik. İndi daha aktual məsələ rus sektoru ətrafında dolanır. Ərinməz-ərinməz palaz boyda təhlillər, palaz boyda təhlilə cavab yazırlar. Hamı da qırır bir-birini. Maraqlısı odur ki, bu mövzuda iki cəbhə mümkündür: mövzuya pozitiv yanaşanlar və neqativ yanaşanlar. Amma burada elə deyil, hamı dalaşır, hamı bir-birini acılayır, hamı bir-birini səhv çıxarmaq üçün nələrsə edir.

Rus sektorunu rədd edənlər, maraqlıdır, Azərbaycan təhsilinə nə deyib arxalanırlar? Keçən dəfə nazirimiz şəxsən özü dilə gətirdi ki, bu gün Azərbaycan orta məktəblərində elə müəllimlər var ki, onu şagird qarşısına çıxarmaq günahdır, ayıbdır. Söz yox ki, bizdə kifayət qədər savadlı müəllimlər də var, amma bunu rus və Azərbaycan sektoru üzərindən mübahisəyə çəkməyə nə lüzum var axı? Ümumiyyətlə, ölkədə sırf bu mövzuda valideynlərə seçim verilməsi yaxşı haldır.

Ölkədəki təhsilin keyfiyyəti göz qabağındadır. Adamların bu şərtlər altında rus sektoruna üz tutmasını milli kimlik, milli dönüklük kimi qiymətləndirmək başdan-ayağa pafosdur. Başdan-ayağa qeyri-ciddilikdir. Valideyn görür ki, qonşunun uşağı Azərbaycan müəllimindən, təhsilindən nəsə ala bilmir. Görür ki, uşaq elə böyüdükcə kütləşir. Və eyni vaxtda həm də görür ki, iki tin o tərəfdəki qonşunun uşağı rus sektorunda “hoqqa verir”. Bu şərtlər altında valideyn niyə seçim etməsin ki? Burada milli kimlik adına nə var? Yığışdırın, sən canı, bu pafosunuzu. İmkan verin, çörəyimizin dərdini çəkək.

Gündəm mövzularından yorulan kimi fillər haqqında oxuyuram, ya sənədli filmlərə baxıram. Sizə də məsləhət görürəm. Çox rahatladıcı təsir bağışlayır. Bütün bunların yekunu kimi gəldiyim qənaət budur ki, əgər heyvan kimi doğulmaq nəsibimdə olsaydı, mütləqdir ki, mən fil kimi doğulardım. Özümü təbiətən tamamilə fil kimi hiss edirəm. Zarafat gəlməsin, o boyda cüssəyə malik heyvan dünyanın ən həssas heyvanıdır. Öz dişi cütünü itirən filin ağladığı belə görülüb. Niyəsə fillər haqqında araşdırma aparmağım məni birbaş məktəb illərinə aparır. Uşaqlıqda fillərlə bağlı heç bir xatirəm olmayıb, amma fillər haqqında oxumağım, onları izləməyim məktəb illərini yadıma salır. Arada olur belə şeylər. Hansısa bir mövzu bizi tamamilə başqa bir əlaqəsiz xatirəyə, keçmişə aparır. Yadımdadır, dördüncü sinfi bitirər-bitirməz sinif yoldaşıma onu sevdiyimi demişdim. O da qızarıb-bozarıb qayıdasan ki, niyə? Düzü, bu sualı mənə indi də versələr, cavab verə bilmərəm. İnsan niyə sevir ki? Elə mən də qızarıb-bozarıb qayıtdım ki, heç nə, eləcə. Qızın cavabdan heç xoşu gəlmədi. Yəqin, daha romantik, ürəkləri riqqətə gətirən və əlini ağzına tutub güləcəyi bir cavab gözləyirmiş, amma yanıltdım onu. O da əvəzində dedi ki, qələt edirsən. Çox əsəbiləşdim, dərhal cavabını verdim ki, qələti sən edirsən, sənin dədən edir. Sinfin ortasında girdik bir-birimizə. Bizi ayırmasaydılar, vurub öldürəcəkdim qızı. Pişik balasını sevdiyindən yeyirdi axı.

Bizim adamlar sevdikləri adama sevgini, qayğını çox böyük minnət hesabına verirlər. Elə yuxarıdakı misal buna aiddir. Sevirsən, yaxşı edirsən, niyə onun da səni sevməsini bir tələb kimi ortaya qoyursan?

Sevgidə qarşılıq ummaq məsələsi bax elə burda qaynaqlanır. 28 ildə iki dəfə qarşılıqsız sevgi yaşamışam, nə bundan çəkinirəm, nə də ki, utanıram. Eləcə, təkbaşına, heç bir qarşılıq ummadan sevmişəm (Yuxarıdakı dialoq xaric – onda çox uşaq idim). Çünki onu özüm üçün sevgiyə layiq mən bilmişəm. O məni sevməyə bilər, elə sevməyib də. Normaldır. Mən onu niyə sevdiyimə cavab tapa bilmədiyim kimi, o da məni niyə sevmədiyinə cavab tapa bilməz – təkrar edirəm normaldır.

Cavab tapmaq dedim, keçən dəfə yazdığım yazıya gələn olduqca qeyri-adi söyüş yadıma düşdü. Ümumiyyətlə, əziz və doğma Kulisin “facebook” səhifəsinin izləyiciləri dünyanın ən qeyri-adi toplumudur. Elə bu qeyri-adiliklərindən yola çıxaraq hamısını doğma kimi bağrıma basıram. Söyüşləri də, xoş sözlərini də eyni təbəssümlə qarşılayıram. Amma bu söyüş məni çox tutdu, heç cür ad verə bilmədim, heç cür qiymət verə bilmədim. Doğru-düzgün çözə də bilmədim. Eləcə qaldı... Söyüşü bura yazmaq niyyətində deyiləm, əzizlər, istəyən olsa, yazsın mənə, göndərəcəyəm.

Adamlara “Bunu eləmək etik deyil” deməklə başa düşmürlər. “Niyə etik deyil”i özləri öz məntiqləri ilə dərk edə bilmirlər. Keçən dəfə, Allaha and olsun, düz 9-cu mərtəbən yerə uşaq bezi atdılar. Eləcə. Durub-durduq yerdə. Burnumu sürtüb keçdi. Hər şey cəhənnəm, öz fiziki bilgilərimə arxalanıb bir uşaq bezinin çəkisini və 9-cu mərtəbən gəlincə qazandığı əlavə çəkini hesabladım və nəticə etibarilə o bez mənim başıma düşsəydi, öləcəkdim. Ölməsəydim də, nəsə travma-filan alardım. Ayıb deyil? Adamın başına niyə uşaq bezi düşsün axı? Adam niyə xəstəxanaya bu adla çatdırılsın? Rayona – atama yığıb nə deyəcəkdilər? Oğlunuzun başına uşaq bezi düşüb, ölüm ayağındadır?

Elə məhz buna görə də qərara gəlmişəm ki, hər yazının sonunda adamlara nəyi niyə etmək olmazı tamamilə loru dildə izah edim. Bugünkü yekunumuz “Uşaq bezini niyə doqquzuncu mərtəbədən aşağı atmaq olmaz” üzərində qurulub.

Əzizlər, uşaq bezləri hamımızın bildiyi kimi uşaqların təbii ehtiyacını ödəmələri və bunun müqabilində təmizlikdən yana icad edilib. Yəni bunu düşünən beyin sizin doqquzuncu mərtəbədə yaşaya biləcəyinizi, sözsüz ki, nəzərə alıb. Amma nəzərə almayıb ki, siz uşağınızın təbii ehtiyacını balkondan kor-koranə tullama potensialına maliksiniz. Ona görə də o yetim hər kimdirsə, onu söydürməyin. Uşaq bezləri istifadə olunduqdan sonra normal qaydada bükülür və zibil qabına atılır. Hər səhər evdən birinci çıxan kimsə həmin zibil qabındakı zibil torbasını ehmallıca götürür və hər bir məhəllənin çıxışına yaxın yerdə qoyulmuş olan iri zibil qabına atır. Vəssalam. Bügünkü dərsimiz bu qədər. Gələn görüşlərədək.

# 2695 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #