Qəhrəman avtobus şoferi

Qəhrəman avtobus şoferi
26 fevral 2022
# 16:00

Kulis.az Nihat Pirin "Bəzək-düzəksiz qəhrəman" adlı yazısını təqdim edir.

Kirayə qaldığım ev, iş və magistr təhsili aldığım universitet – hazırda həyatımda sözügedən üçlüyün məngənəsində vurnuxmaqla məşğulam. Bəzən bezirəm, bəzən yoruluram, bəzən özümlə fəxr edirəm, bəzən isə...

Xülasə.

Bu "Bermud üçbucağı"nda məni qarabaqara izləyən bircə şey var – 10 nömrəli marşrut. Günümün, həftəmin, ayımın, (çox tezliklə, yəqin ki, ilimin) böyük bir qismini keçirdiyim bu avtobusu yetərincə incələmişəm. Hətta sürücüsü ilə həmsöhbət olmuşam, gedib-gəlmə saatını dəqiq tutuzdurum deyə əlaqə nömrəsini almışam, axşamlar vaxt olduqca zəngləşmişik, söhbətimiz uzanıb, arabir "Musabəyov parkı"nın yaxınlığındakı balaca kafedə oturmuşuq, dərdləşmişik...

Bəlkə də, dünyanın ən səmimi sürücüsüdür o. Onun nə üçotaqlı evi var, nə avtomobil kolleksiyası, nə də ki, bu işə hobbi kimi yanaşır. Yazıq heç bu təntənəli həyatı xəyal belə edə bilmir. Deyim ki, işini sevir, yox. İşini sevməyən adamlardandır. Hətta nifrət dərəcəsində. Arabir məni qınayır ki, gedib oturursan ən arxada, heç olmasa, güzgü tutan yerdə otur, arabir gözləşək. Deyir, səndə həyat enerjisi var. Sözün düzü, bu “həyat enerjisi” ifadəsi ətrafında az düşünməmişəm.

Həyat enerjisi...

...Mən isə deyirəm ki, ay dayı, sən bilmirsən e, mən yazı-pozu işini orada görürəm. Sən bir biləsən ki, mən o köşədə, bax o küncdəki üzlüyü param-parça olmuş oturacaqda nə qədər mətn yazmışam, nə qədər hekayə uydurmuşam, nə qədər qəhrəman öldürmüşəm, nə qədər qəhrəmana can vermişəm.

Pivədən qurtumlaya-qurtumlaya baxır, baxır, baxır... Susur. Hiss edirəm ki, nəsə demək istəyir, amma üzü gəlmir. Dodağını cürbəcür formaya salıb ətrafa göz gəzdirir. Deyib-deməyəcəyi haqqında vurnuxur.

Amma mən hisslərimə güvənib soruşuram:

– Bəlkə, səni də qəhrəman edim?

Yenə də pivədən qurtumlaya-qurtumlaya baxır, baxır, baxır və susur.

Yəqin ki, beynindəki qəhrəman sözü ilə mənim dediyim qəhrəman arasındakı uçurumda itib-batır.

“Onun qəhrəmanı kim ola bilər?” – öz-özümə soruşuram. Cavab tapa bilmirəm.

Nə qədər həmsöhbət olsam da, onu tam çözə bilməmişəm. Nəyi sevir, nəyi sevmir, nəyi bəyənir, nəyi bəyənmir – demək çətindir.

Və ən əsası isə o, kimə qəhrəman deyə bilər?

Noxuddan bir-ikisini götürüb atır ağzına. Gülür və xırıltılı səslə:

– Yox, ə, mənnən qəhrəman düzəldəmməssən. Qəhrəman marşrutta nəəzir?..


***

Onu qəhrəmana niyə çevirdiyimi bilmirəm, amma, məncə, o, dünyanın ən sadə, ən bəzək-düzəksiz qəhrəmanıdır. Adamları vaxtlı-vaxtında işə, məktəbə, evə çatdırmaq, Bakının bu dəhşət saçan küçələrindən qəzasız-bəlasız ötüşdürüb keçirmək də bir qəhrəmanlıqdır...

Bəlkə də, şişirdirəm. Nə bilim?!

O gün gecə zəng edib deyir ki, qardaşoğlu, sən bilən, mənnən qəhrəman düzəldə bilərsən?..

# 3258 dəfə oxunub

Müəllifin son yazıları

# # #