Bacısını evlənməyə qoymayan qardaş

Bacısını evlənməyə qoymayan qardaş
7 mart 2022
# 15:00

Duz və istiot necə möcüzə yaradır?

Yox, söhbət yeməkdən getmir. Bəlkə də, gedir. Bu bir az mübahisəli məsələdir. Amma mənim danışmaq istədiyim mövzu tamam başqadır – Teymur Hacıyev möcüzəsindən danışıram.

Duz və istiot möcüzələr yarada bilər. Oxucunu inandırma prosesi yazıdadır.

Teymur Hacıyevin üç qısametrajlı filmini aralarında iki-üç saat fasilə verməklə izlədim. Filmlərin üçündə də, sözün həqiqi mənasında, duz-istiot balansı qorunmuşdu. Amma mən daha çox “Duz, istiot zövqə görə”nin üzərində dayanmaq istəyirəm.

Filmdə ən çox diqqət çəkən və mənim üçün həddindən ziyadə yeni olan obrazların dialoqlar zamanı danışmasının izləyici tərəfdən görünməməsidir. Yəni film boyu danışıqlar sadəcə qarşı tərəfi görməyimiz fonunda reallaşır. Bu isə rejissora (həm də izləyiciyə) obrazların hamısının (həm danışanın, həm də dinləyənin) eyni anda dialoqa xidmət etməsinə şərait yaradır. Obraz sözlə danışırsa, qarşısındakı da jest və mimikalarla, o danışığa verdiyi reaksiya ilə danışır.

Ana

Filmdə üç aparıcı xətdən biri anadır. Ana əri öləndən sonra iki uşağı təkbaşına böyüdüb. Və buradakı “təkbaşına” ifadəsinin başqa pafosa ehtiyacı yoxdur. Filmi izləyərkən həmin ”təkbaşına”lıq bütün çılpaqlığı ilə ana və onun simasında əks olunur. Xüsusən ananın saçının daraması səhnəsi düşünürəm ki, bəhs elədiyim “təkbaşına”lığın ən yaxşı nümayişidir.

Qız

Qız ananın əsəb və stressinin iki qurbanından biridir. Ananın həyat yoldaşının ölümündən sonra uşaqları təkbaşına böyütməsi fonunda qızın o evdən qurtulmaq üçün ən yaxşı və ən ağlabatan həll yolu evlənməkdir.
Qızın sevdiyi var. Daha doğrusu, rejissor qızın hansısa (“Hansısa”lığın açılışını filmin irəliləyən dəqiqələrində – elçilikdə görürük) bir oğlanla münasibətdə olduğunu göstərir. Qızın onu nə dərəcədə sevib-sevməməsi şəxsən mənim üçün sual altındadır. Lakin, dediyim kimi bu, ən pis halda, “evdən qaçış” üçün ən ağıllı həll yoludur.

Oğul

Ananın “təkbaşına”lığının ikinci əsas qurbanı oğuldur. Amma yaş etibarilə o daha çox əziyyət çəkənə oxşayır. Üstəlik, bacısının evlənməsi durumunda bu əziyyətin birə-beş artacağı məlumdur. Odur ki oğul bacısının evlənməsinə birmənalı olaraq qarşıdır. Və rejissor adlarını çəkdiyim obrazların bu boyda problemə qarşı yalnız bir sual verməsinə şərait yaradır: “Sən getsən, mən neyniyəcəm?!”
Yəni dialoqun duzu, istiotu qədərindədir.

Ana, qız və oğul

Söhbət ailədən gedir. Ana ərini itirmiş və uşaqları təkbaşına böyütmüşdür. Nəticə etibarilə onun övladlarını “qısma-boğmaya” salmasının səbəbi budur. Və ana, bir növ, qayğısızlıq və həyat yoldaşı “yoxsulluğ”unun qurbanıdır. Amma səhnələrdən birində ananın tanınmayan bir maşından – özü də gecə saatlarında – düşdüyünü görürük. Maşının taksi olmaması və yüksək musiqi səsi ananın “qayğısızlıq və həyat yoldaşı yoxsulluğu qurbanıdır” fikrimizin üstündən xətt çəkir.
Amma istənilən halda, ana filmdə təkdir. Və ailədaxili yadlaşmanın əsas səbəbi məhz budur.

Duz və istiot

Elçilik səhnəsinin "bərbad olması"na səbəbiyyət verən duz və istiot tandeminin nəticəsi isə məlumdur - qız evlənməyin daşını atır, özünü, sevgisini (əgər varsa) qardaşının "sən getsən mən neyniyecəm?" sualına qurban verir.
Filmdə cavabı açılmayan tək sual var. Hansı ki bu sual filmin özündə də var: mən həmişə sənin yanında ola bilmərəm axı...

# 5057 dəfə oxunub

Müəllifin son yazıları

# # #