"Yaxşı oğlan feminist olar!.."

"Yaxşı oğlan feminist olar!.."
9 mart 2022
# 10:25

Kulis.az Nihat Pirin "“8 mərd”dən “8 marş”a qədər" adlı yazısını təqdim edir.

Əvvəlcə onu deyim ki, yazı iki hissədən ibarətdir və adlarında nə qədər oxşarlıq olsa da, tamamilə əlaqəsiz mövzulardır. Amma hər şey bir yana, niyəsə içimdən yazıya sırf bu misralarla başlamaq keçir:

İstədim, qadınsız bir şeir yazam,

Qızım çay dağıtdı vərəqin üstünə...

Şair Qismət Məsimindir. Ola bilər ki, bu iki misra yazıya sülh və əminamanlıq çalarları qatmaq niyyətimdən doğur. Yəni “Ey əziz və dəyərli qadınlar, ey bizlərin arxa-dayağı və ey feminizm dəstəkçiləri, mən düşmən deyiləm, mən sadəcə bir kişiyəm. Və bu yazının məqsədi sizləri incitməkdən daha çox, içimdəki narahatlıqdan qurtulmaqdır. Odur ki bu yazımı türklər demiş, “mahzur kılın””.

Hələlik birinci hissə: “8 mərd”

8 mart Beynəlxalq Qadınlar Günü ərəfəsi həm də reklam bazarının pik həddə çatdığı dönəm sayılır. Banklardan tutmuş, təndirxanalara qədər hamı bir nəfər kimi “Qadın dəyərdir” motivində videorolik bəhsinə durur. Sözügedən canfəşanlıqlardan biri də “8 mərd” adlanırdı.

Demək, Bakının bir zamanlar “İntiharlar körpüsü” adlanan hissəsində intihar etmək istəyən xanıma yaxınlaşan polis əməkdaşı həmin qadına şəhidlərin həyat yoldaşlarını misal gətirərək “Səncə, onların dərdi səninkindən azdır?” tipli ifadə işlədir və qadın, bununla da, yumşalır, peşman olur.

Ümumiyyətlə, bizdə bineyi qədimdən belə bir rəzil və alçaldıcı ifadə var: Filankəsin dərdinə bax e, səninki nədir ki? Yaxud, sən dərdlər görməmisən e...

Şəxsən, mənim zənni-gümanıma görə, bu, qarşı tərəfdəki insana dəstək verməkdən daha çox, onu alçaltmaqdır.

Söhbətin bu yerində yadıma yaxşı bir əhvalat düşdü. Deməli, günlərin bir günü səyyahın dəvəsi qaçır, o da heyvanı axtara-axtara gəlib çıxır balaca bir kəndə. Kəndin girişində bir qadınla qarşılaşır və qadından dəvəsini görüb-görmədiyini soruşur. Qadın da deyir ki, bəs yaşı keçir, amma onu alan (yəni onunla evlənən) yoxdur. Kişi sualını bir neçə dəfə təkrarlasa da, qadın hər dəfə eyni mövzuda gileylənir. Axırda kişi əsəbiləşib deyir ki, ay başına dönüm, mənim qızıl qiymətinə aldığım dəvə itib e, sən də tutmusan ki, səni alan yoxdur. Qadın nə desə yaxşıdır? Qayıdır ki, ay kişi, hərənin dərdi özünə bir dəvə boyda gəlir də...

Hər bir insan ayrıca bir fərddir, ayrıca bir şəxsiyyətdir. Bu iki ifadəni ayrılıqda ona görə həmcins xəbər şəklində verdim ki, hər bir fərd yetişib şəxsiyyət ola bilmir, bu birmənalıdır. Və hər bir fərdin, eyni zamanda, şəxsiyyətin dərdə yanaşma və dərdi qaldırma potensialı fərqlidir. Məsələn, mən özüm ən xırda bir şeyi özüm üçün problemə, dərdə və hətta çəkilməz dərəcədə ağır bir məsələyə çevirə bilirəm. Buradakı “bilirəm” ifadəsi vurğudan kənarda qalır. Çünki “bilirəm” deməyimə baxmayaraq, bu şey məndən asılı deyil. Niyə? Çünki bu mənim xarakterimdir, bu mənim təbiətimdir. Mən öz xarakterimlə, öz təbiətimlə bacarmıram.

Şəhid xanımı və yaxud da digər biri dağ boyda yükün, dərdin altından qalxa bilibsə, özünü toparlaya bilibsə, mən maksimum onunla fəxr edə bilərəm, maksimum ona alqış edə bilərəm. Amma onu və onun problemi yenmə şəklini mənə və mənim timsalımda “X” adlı adamlara misal gətirmək, çəki-tərəzi müstəvisinə qoymaq, “Səncə, onun dərdi səninkindən azdır?” şəklində eyham vurmaq insanı alçaltmaqdan başqa bir şey deyil.

İçinizdə “Əsas odur ki, qadın intihardan vaz keçdi” ifadəsi baş qaldırdısa, ikinci hissəni oxumasanız da, olar.

İkinci hissə: “8 marş”

"8 marş" yürüşündən xəbəriniz var. Bunun cəmiyyətdə birmənalı qarşılanmadığı haqqında da məlumatlısınız. Amma maraqlıdır, bu yürüşü təşkil edənlər “Niyə birmənalı qarşılanmırıq?” sualını özlərinə veriblərmi?

Məsələn, məncə, yürüşü təşkil edənlər birinci növbədə öz içlərini təmizləməlidirlər. Yəni şərt orada nə gəldi, necə gəldi plakat tutub, nə gəldi, necə gəldi danışmaq olmamalıdır. Sözsüz ki, o yürüşü təşkil edənlər də bunu istəmir. Amma istər-istəməz hər il elə bayağı, rəzil və eyni zamanda, onların məqsəd və məramlarını kölgədə qoyası hallar yaşanır ki, yürüş lağlağı obyektinə çevrilməkdən o yana keçə bilmir.

Ötən illərdə yürüşdən və onun məqsədindən daha çox Aysel və onun məlum plakatı rezonans doğurdu. Çünki Ayselin istəyi bu idi və Aysel (Yürüşdəkilərin çoxunun da dediyi kimi) oraya "kənardan sızmışdı". Yəni Ayselin məqsədi elə, ya belə, fərqi yoxdur, fenomen olmaq idi.

Və oldu da.

Bu dəfə isə bir dənə qaqaş əlində "Yaxşı oğlan feminist olar" plakatı ilə yürüşə qatıldı ki, bununla da, sosial şəbəkədəki hər üç paylaşımdan biri məhz həmin o plakat və onun sahibinin lağ obyekti məsələsi oldu.

Halbuki bu ilki yürüş digərlərinə nisbətən əməlli başlı uğurlu alınmışdı. Nədən ki, yürüşə nə polis müdaxiləsi oldu, nə də ki, dağıtmağa cəhd. Hətta ölkənin qabaqcıl televiziyalarından olan “İctimai” televiziya yürüşdən xəbər hazırlamışdı. Amma bu gün bu uğur danışılırmı? Yox. Əvəzində müzakirə mövzusu nədir? Həmin o plakat və həmin o qaqaş. Necə ki əvvəlki ildə də eyni durum yaşanmışdı. Yürüşün məqsədi qalmışdı bir kənarda, müzakirə mövzusu Aysel və onun plakatı idi.

Doğrudanmı, yürüşün “beyin mərkəzləri” görmürlər ki, bu və bunabənzər qeyri-ciddi yanaşma onların yürüşünün məqsəd və məramına kölgə salır? Məgər bu boyda təşkilatçılıqda məqsəd o qaqaşın plakatının söz-söhbət yaratması idi?

Əlbəttə ki, yox.

"Yaxşı oğlan feminist olar" ifadəsi, istənilən halda, yanlış və ikrah doğurucudur. "Yaxşı qız evə gec gəlməz" ifadəsi nə qədər mənasız və rəzil yanaşmadırsa, "Yaxşı oğlan feminist olar" ifadəsi də o qədər rəzil və mənasızdır. Və bu yürüş iştirakçılarının məqsədinin kölgədə qalmasına, daha çox o ifadənin qabardılmasına gətirib çıxarır. Yekunda yürüş nəticəsiz qalmaqla yanaşı, həm də gülüş, lağ obyektinə çevrilir.

Ümumiyyətlə, cəmiyyətdə sırf bu tip "obbba" effekti yaradan ikibaşlı ifadələrdən qaçmaq lazımdır, nəinki orada nümayiş eləmək. Çünki, dediyim kimi, yürüşün məqsədi qalır bir qıraqda, müzakirə məsələsi isə bu və bunun kimi yanaşmalar olur.

Azərbaycanda "yaxşı oğlan feminist olar" fikrini dəstəkləyən və bunu ciddi qəbul edən nə qədər adam ola bilər? Sual ritorikdir, amma cavab hamıya məlumdur axı.

Nə olur, olsun, mübarizə nəyin mübarizəsi olursa, olsun, cəmiyyətlə onun öz dilində danışmaq lazımdır. Cəmiyyət “Kimə istəsəm, öhö-öhö” ifadəsinə qıcıqlanırsa, cəmiyyət “Yaxşı oğlan feminist olar” fikrinə lağ edirsə, onu ciddiyə almırsa, demək, bu ifadə tərzini onların başadüşəcəyi və sizə haqq verəbiləcəyi tərzə dəyişmək lazımdır.

Amma, istənilən halda, bu ilki uğurlu yürüşə görə, hər şeyin yekunu olaraq, yürüş iştirakçılarını səmimi-qəlbdən təbrik edirəm!

# 5374 dəfə oxunub

Müəllifin son yazıları

# # #