Kreditlə toy edən adamlar - Elgizin verilişində təməli qoyulmuş ailələrin sonu

Kreditlə toy edən adamlar - Elgizin verilişində təməli qoyulmuş ailələrin sonu
30 noyabr 2022
# 13:40

Kulis.az Nihat Pirin "Evlənməyin mənasızlığı haqqında" adlı yazısını təqdim edir.

Yazının əvvəlində özümün yeni icadımla sizləri də tanış eləmək istəyirəm. Ümumiyyətlə, tək yaşayıram deyə, tez-tez bu cür yeniliklər edirəm. Deməli, aydın məsələdir ki, hamı səhər yuxudan durmağı problem edir. Hələ “budilnik”lə oyanmaq ayrı bir problemdir. Amma yeni icadımla bu problemi kökündən həll etmişəm.

Məsələn, siz saat 8-də yuxudan qalxmalısınız. Çox əla. O halda, “budilnik”i əvvəlcə saat 6-ya, sonra isə 8-ə qurun. Saat 6-da zəng səsinə oyanan kimi beyninizə siqnal gedəcək ki, bu, ilk zəngdir, hələ sizin nə az, nə çox, düz 2 saat vaxtınız var. Nəticədə, olduqca rahat və məmnun formada zəngi söndürüb yatacaqsınız. Saat 8-də təzədən zəng səsi gəldikdə qəti şəkildə əzginlik, narahatlıq olmayacaq. Gün boyu da gümrah hiss edəcəksiniz.

Bu üsulu uzun müddətdir, sınaqdan keçirirəm, məsləhətlidir. Yoxlayın, faydası olmasa, problem sizdədir.

Allah bu sosial şəbəkələrin evini yıxsın. Adamda nə səbir qoyub, nə həvəs, nə də ki, ümid. Gah biri həyat yoldaşının xəyanətini çəkib paylaşır, gah birini saxta qazi adı ilə tutub saxlayırlar, gah da ki, bir topa adam toyda himn oxuyur. Durub yazdıq ki, toyda dövləti dövlət edən 3 əsas atributdan birini paytaxt salatının fonunda oxumaq himnə birbaşa hörmətsizlikdir. Qınadılar ki, təki himnimiz hər yerdə oxunsun. Bu qədər küt düşüncənin dərdini çəkməyə adama güc lazımdır, qüvvət lazımdır. O güc-qüvvəti də gündəlik beş manat çörəyimizi qazanmaqdan yana xərcləyirik. Evə çatıb yorğun-arğın ayaqqabımızı çıxarıb divana uzanırıq ki, Xoşqədəm o yandan başlayır, Kifayət, bu adam sənin atandır. Heç dəxli var? Mənim öz dərdim özümə ağırlıq edir, çəkə bilmirəm. İşin gərginliyi, ayın sonuna maaşı çatdırma cəhdlərim, kredit ödənişinin gəlhagəli bir tərəfdən, Kifayətin atasının dərdi də bir tərəfdən. Kifayət də tərsin biri. Kişini qəbul eləmir. İndi gəl iki həftə bunun dərdini çək.

Gündəm o qədər tez-tez dəyişir ki, yazıya başlayanda bir mövzudan başlayırsan, bitəndə artıq başqa şeyə xitab eləmək məcburiyyətində qalırsan. O gün təzə bir video çıxıb qarşıma: bəydir, gəlini toy evinə aparmaq üçün dəm-dəstgahla otağa girir. Gəlinə çathaçatda əlini salır gəlinin boynuna. Elə bil əsgər yoldaşıdır. Sonra da başqa bir dostu gəlir dayanır bunun yanında. O biri əlini də salır dostunun boynuna, ayaqlarını qaldırır göyə.

Son üç cümləni birləşdirib ortaya nəhəng bir sual çıxarmaq olar: NİYƏ?

İndi mən bu yazının gözünə bir az duz qatıram ki, oxunaqlı olsun. Amma, Allah haqqı, bu, faciədir. Normal ağlı başında bir adam niyə belə bir hərəkət eləsin? Allah üzümüzə onda baxıb ki, gəlinin üzü qapalıdır. Yoxsa ki, onun necə xəcalət çəkdiyini görüb ölkə olaraq yerə girməli idik.

Düşünəndə ki, bu adam sabah ailə başçısı, oğul-qız atası olacaq, adamın ağlı başından çıxır. Həyat yoldaşı olacaq kəsin boynuna dayaq verib ayağını qaldırıb kameraya poza verən adam oğluna, qızına hansı tərbiyəni verəcək?

Bu adam oğlunu-qızını hansı formada yetişdirəcək?

Ümumiyyətlə, bu adam niyə evlənməli, niyə oğul-qız sahibi olmalıdır ki?

Günahkar axtarası olsaq, birinci növbədə, günah valideynlərdədir. Belə bir adamı evləndirmək birbaşa cəmiyyətə, onun gələcəyinə zərbə vurmaq deməkdir. Bu adam özünü idarə edə bilmir. Bu adam cəmiyyət üçün normal fərd ola bilməyib. Bu adam cəmiyyət içində davranış qaydalarına riayət eləmək iqtidarında deyil.

Bəs, ay valideyn, sən qızına bu adama necə etibar edirsən?

Bəs, ay valideyn, sən bu adamı necə ailə sahibi olmaq məsuliyyətinin altına itələyirsən?

Sualı ona görə valideyn üzərindən verirəm ki, dərinə getsək, bizdə evlilik məsələsinə sırf valideynlərin arzu və istəkləri məramından yanaşırlar. Tutub 20 yaşında uşağı evləndirirlər ki, nədi-nədi, babası xəstədir, nəvə toyu görsün. Ay qardaş, bu baba 85 ildir, yaşayır, altı oğul, on bir nəvə toyu görüb. Hələ, üstəlik, ərinməyib, ilin-günün bu vaxtı nəticəsinin sünnət toyunda qol qaldırıb oynayıb, sağlıq deyib. Özünə Allahdan çox yox, beşcə il də ömür arzulayıb ki, o biri nəticəsinin də Son zəngini görsün.

Yaxşı, bəs nə olub? Nə həşirdir? Axı bu həyatı həmin baba yox, 20 yaşında ailə məsuliyyətinin altında əzilən uşaq çəkəcək. Bunu dərk eləmək üçün adama adicə ibtidai təfəkkür kifayətdir axı.

Ümumiyyətlə, hamı evlənməlidir kimi bir düşüncə kökündən yanlışdır. Sizə kim deyir ki, hər bir insan bu dünyaya nəsil artırmaq üçün gəlib? Sizə kim deyir ki, hamı evlənməlidir? Hamı ailə-oğul-qız sahibi olmalıdır? Belə bir düşüncəni kim aşılayır, kim müdafiə edir?

Niyə evliliyə məcburiyyət kimi baxırlar?

Evlənmək, ailə sahibi olmaq, övlad dünyaya gətirmək və onları böyüdüb başa çatdırmaq çətin və məsuliyyətli işdir. Bunu kiminsə xətrinə, kiminsə xəstəliyinin badına, arzusuna, məramına qurban vermək olmaz. Sən ailə anlayışını dərk edə bilmirsənsə, evlənməyin günahdır.

Bəli, bəli, günah. Birmənalı.

Mənim 27 yaşım var. Normal işim, özümə görə qazancım və ağlım var. Amma qəti şəkildə evlənmək barədə düşünmürəm. Çünki mən özümü tanıyıram, içimi bilirəm. Bilirəm ki, bu gün ailə sahibi olmaq və oğul-qız tərbiyə edəcək gücdə deyiləm. Özümü mənəvi olaraq, ruhi olaraq bu məsuliyyəti çəkməyə hazır hiss eləmirəm. Və hələlik evlənmirəm. Özümü buna məcbur eləmirəm. Şükür Allaha ki, ailəm də mən gələn qənaətdədir.

Amma, əfsus ki, yuxarıda da qeyd elədiyim kimi bütün valideynlər bu cür düşünmür. Düşünə bilmir. Qız 21-i, oğlan da 24-ü keçdisə, vəssalam. Əzrayıl olub qonurlar övladlarının həyatına. Övlad yazıq da sözdən-söhbətdən, gileydən-güzardan təngə gəlib evlənməyə razı olur. Nəticədə hər il ölkə üzrə boşanmaların sayı arta-arta gedir.

Yaxınlarda universitetdən tanıdığım bir yoldaşdan dəvətnamə aldım. Özü də “WhatsApp”la. Bilirsiniz də, indi zaman dəyişib, dövr dəyişib. Day əziyyət çəkib evə dəvətnamə göndərmirlər. Eləcənə mesajla yazırlar ki, filan vaxtı filan yerdə filan məqsədlə ol. Ardınca isə hamının zəhləsi gedən “smaylik”. Vəssalam.

Xülasə, zəngləşib təbrik elədim. Ora-bura, axırı dərdi açıldı. Başladı gileylənməyə ki, maaşım azdır, dolana bilmirəm, toya görə də kreditə girmişəm. Dedim, ay filankəs, bəs niyə evlənirsən? Adam niyə kreditə girib evlənsin ki? Bax nə məcburdur? Sən özün öz başını saxlaya bilmirsənsə, niyə camaatın balasını da öz zəlil həyatına ortaq edirsən?

Nə desə yaxşıdır?

– Toya pul yazacaqlar da.

Allah haqqı, bax elə beləcənə dedi. Əlim qaldı üzümdə. Dinmədim. Dinə bilmədim. Birtəhər dilucu “Mübarəkdir” deyib sağollaşdıq.

İndi mən iradımı bu yoldaş üzərindən edirəm deyə, o demək deyil ki, söhbət təkcə bu adamdan gedir. Yox. Qəti. Hamınızın ətrafında bu cür düşüncəsiz adamlar var. Adam var ki, kreditini bağlamaqdan yana, iki dəfə evlənir.

Hələ bir ara evlilik proqramları dəb olmuşdu. İndi televizorlardan bixəbərəm deyə, bilmirəm, o verilişlər qalıb, ya yox. Təsəvvür edin, adamlar gəlib müraciət edir ki, ay Elgiz, ay Zaur, mən özüm özümə arvad tapmaq iqtidarında deyiləm, kənddə-kəsəkdə məni adam yerinə qoyub qız verən yoxdur, tez elə məni evləndir. Mən mütləq evlənməliyəm. Özüm bədbəxtəm, əynimə şalvar ala bilmirəm deyə, kiminsə balasının da gününü qara eləməliyəm. Elgiz qoçağım da, düzür namizədləri bəridən o yana.

A kişi, sən özün öz ağıl-başınla evlənə bilmirsənsə, nə məcburdur? Niyə özünü buna məcbur hiss edirsən?

Bunlar cəhənnəm, adam düşünəndə ki, Elgizin verilişində təməli qoyulmuş ailənin axırı necə olacaq, dəli olur.

Xülasə, bu mövzu tükənəsi mövzu deyil. Yazını valideynlərə müraciətlə bitirirəm:

Əziz valideynlər. Övladlarınızı böyüdüb başa çatdırmısınız deyə, onlara yemək, içmək, qida, təhsil vermisiniz deyə, ailə qurmaq boyda məsuliyyətli və həyatlarının sonuna qədər onlara yol yoldaşı olacaq bir işə mümkün qədər müdaxilə etməyin. Heç olmasa, onları məcbur etməyin. Sizi sevirik.

Diqqətinizə görə, sağ olun.


# 2680 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #