Azyaşlı uşaqlara sinə döydürən Seyid Taleh Boradigahi

Azyaşlı uşaqlara sinə döydürən Seyid Taleh Boradigahi
27 iyul 2023
# 12:50

Kulis.az Nihat Pirin "Seyid Talehin faydalı və zərərli iş əmsalı" adlı yeni yazısını təqdim edir.

Bir neçə gün öncə Daxili İşlər Nazirliyi (DİN) məhərrəmlik ayı ilə əlaqədar əhaliyə müraciət etdi.

Müraciətin mətnini olduğu kimi yazıram:

"Əziz həmvətənlər!

Məlum olduğu kimi, “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının qanununa əsasən, bütün dini mərasimlər yalnız məscid, ziyarətgah və onlara aid ərazilərdə keçirilməlidir.

İnsanların dini etiqad azadlığına dərin hörmətimizi ifadə edərək bildiririk ki, mərasim iştirakçılarının təhlükəsizliyinin, həmçinin yollarda nəqliyyatın hərəkətinin tənzimlənməsi üçün bütün lazımi tədbirlər görülür.

Bu baxımdan, cari ilin iyul ayının 19-dan başlayan Məhərrəm ayında, o cümlədən iyulun 28-nə təsadüf edən “Aşura” günündə hər bir şəxsin məscidlərə rahat gediş-gəlişini və dini ayinləri sərbəst, maneəsiz icra etməsi üçün polisin gördüyü işlərə dəstək vermənizi, eyni zamanda, dini mərasimlərdə yetkinlik yaşına çatmayanların iştirakının tövsiyə olunmadığını nəzərə almanızı xahiş edirik.

Hər bir şəxsin həyatının, sağlamlığının, hüquqlarının, qanuni mənafelərinin, bütövlükdə cəmiyyətin dinc həyatının qorunmasına xidmət edən bu müraciəti anlayışla qarşılamağa çağırır və qabaqcadan təşəkkürlərimizi çatdırırıq".

Yuxarıdakı mətnin əlavə heç bir şərhə ehtiyacı yoxdur. DİN din və dini mərasimlərlə bağlı lazımi mövqeyini necə lazımdırsa, o cür də ifadə edib. Amma burada əsas diqqət çəkəsi məqam mətnin üçüncü abzası ilə bağlıdır: “Eyni zamanda, dini mərasimlərdə yetkinlik yaşına çatmayanların iştirakının tövsiyə olunmadığını nəzərə almanızı xahiş edirik”.

Bəli, yetkinlik yaşına çatmayanların bu cür dini mərasimlərdə iştirakı arzuolunmaz haldır.

Birincisi, ona görə ki, yetkinlik yaşına çatmayan kəslər üçün bu cür ifrat “yas tutma” travmatik fəsadlara gətirib çıxara bilər.

10-12 yaşlı uşağın gözünün qarşısında bığlı-saqqallı, yaşlı-başlı adamların dil deyib mərsiyə oxuması, ağlaması onlar üçün heç də ürəkaçan bir mənzərə deyil.

Məsələn, biz tərəflərdə nənəsi-babası ölən azyaşlılar üç mərasiminə qədər qohum-qonşunun evinə aparılır, bu yaşda ağlamaqdan, saç-baş yoldudan uzaq tutulur.

Ümumilikdə isə, gəlin etiraf edək ki, azyaşlılara inanc anlayışını bu cür təbliğ eləmək, dini inancı bu formada aşılamaq heç də sağlam bir üsul deyil.

İkincisi isə, istənilən halda, bir insanın hələ ki fərd kimi formalaşmaqda ikən inanc yolunda bu cür göz yaşı tökməsi, sinə döyməsi absurd təsir bağışlayır. Çünki o yaşdakı kəs sözügedən situasiyanı dərk edəcək gücdə və təfəkkürdə deyil. Yəni o lap ağlasa belə, niyə ağladığını dərk eləmir.

Böyüyəcək, inanacaq, ağlayacaq, o artıq başqa mövzudur.

Bir müddət öncə 9 yaşlı qızına hicab bağışlayan və onun artıq yetkinlik yaşına çatdığını iddia edən, qızını hicaba bürünməyə təhrik edən ata barəsində olan mahnı və klip haqqında yazmışdım. Düzü, həminki vaxt şəxsimə qarşı gələn təhdid və qınaqlar məni bir xeyli qorxutmuşdu. Nədən ki yazını yazana qədər elə zənn edirdim, mənim kimi düşünən çox adam var, amma yanıldım. Adamlar məni haqsız ittihamda günahlandırıb təhqir eləməkdən də çəkinmədilər.

O vaxt yazmışdım ki, 9 yaşında körpənin yaşa dolduğunu iddia edən ata, çox yəqin ki, 12 yaşında da tutub onu ərə verər ki, qızım, bəs axı evdə qaldın.

Adamların mənim bu fikrimə qarşı qoyduqları rəylərinin əksəriyyəti isə təxminən bu cür idi: neyləməlidir, mini ətək geyindirib küçəyə buraxmalıdır?

Yəni bu kəsimə görə 12 yaşında uşaq hicab taxmırsa, onda mütləqdir ki, mini ətək geyinəcək.

Onda mütləqdir ki, atası tərəfindən küçəyə buraxılacaq.

Əlbət, dini inanc, etiqad, anlayışı birmənalı olaraq, sərbəstdir. Valideyn istəyir ki, övladı onun inandığına inansın, təbliğini o cür aparır. Olsun. Bu, bir qədər də şəxsi məsələdir.

Amma bir də var kütləvi təbliğat...

Həmin müğənni-atanın qardaşı, oxuduğu mərsiyələrlə və son olaraq “Namaz qılan bəndədir, qılmayan şərbəndədir” “aksiom”u ilə yadda qalan Seyid Taleh Boradigahi məhərrəmlik ayının başlanğıcında yeni mərsiyə-mahnısını təqdim edib. Klip də üstündə.

Sözügedən mahnı-mərsiyə ilə, ona dəm-dəstgahla çəkilən klip və sair məsələlərlə heç bir işim yoxdur. Onsuz da Taleh Boradigahi etdiyini edir. Faydalıdır, ya zərərlidir, bu da özlüyündə olduqca geniş müzakirə və mübahisə doğuran məsələdir.

Mənim klipdə diqqətimi çəkən məsciddə azyaşlıların sinə döyməsi detalıdır.

Seyid Taleh klipinin müəyyən hissəsində sinə döyən azyaşlıları kameranın geniş ekranına gətirir, onların sinə döyməsini geninə-boluna işıqlandırır.

Kəsəsi, Seyid Talehin sırf bu hərəkəti birbaşa təbliğatdır və bu təbliğat özündə böyük bir zərəri daşıyır.

Bir daha təkrar edirəm: dini seçim, etiqad məsələləri sərbəstdir.

Və bir daha təkrar edirəm: valideyn övladına öz inandığı dini təlqin etmək istəyirsə, bu, şəxsi məsələdir.

Amma necə ki 9 yaşında körpəyə “yaşa dolmusan” vurğusu ilə hicab hədiyyə edən, bunu klipləşdirən müğənni-ata zərərli işlə məşğul idisə, eləcə də Seyid Talehin balaca-balaca uşaqlara qara paltar geyindirib sinə döydürməsi o qədər zərərli və təhlükəlidir.

Seyid Talehin “Youtube” kanalının düz 1 milyon 100 min abunəsi var. Yəni Azərbaycanda internetə çıxışı olan, “Youtube”də profili olan hər on nəfərdən biri Seyidin kanalına abunədir. Bu abunəlik də o deməkdir ki, Seyidin imzası olan hər bir layihə (mütləq müdaxilə: mərsiyə) hər on evdən birinə girir və hər on evdən birində təbliğat faktoruna çevrilir.

Və bu faktor qulaqardına vurulacaq faktor deyil.

Seyid Taleh təşəbbüsünün fonunda gizlənən zərərlərdən bixəbər ola bilər. Onun təhtəlşüuru zəhərləməsinə diqqət etməyə bilər – buna inanıb-inanmamaq da eynilə müzakirə və mübahisə doğuran məsələdir.

Amma hazırda oxuduğunuz bu mətnin məqsədi-məramı məhz bunun təbliğat və zərərli tərəflərini göstərməkdir.

Mən bacardığımı etdim, qalır Seyidin nəticə çıxarması.

# 2556 dəfə oxunub

Müəllifin son yazıları

# # #