Kulis.az "İlin hekayəsi" müsabiqəsində iştirak edən Furqanın "Yeni dünya düzəni " hekayəsini təqdim edir.
1.
İsti iyul günü, günorta saat üçdə imtahan zalında tər tökən Maqsud müəllim fikirləşdi ki, görəsən, yaponlar, kitaylar nə əcəb bu günə qədər cib kondisioneri icad eləməyiblər?! Cib telefonu olur, cib kondisioneri olmur?! Kibrit qutusu boyda, ya da kibrit qutusundan bir az böyük. Qoyursan cibinə, isti oldu, çıxarıb düyməsini basırsan, sərinləyirsən.
Həmin imtahandan səkkiz ay sonra xəyal etdiyi cib kondisionerini Maqsud müəllim özü icad etdi.
Kənd məktəbinin fizika müəllimindən yeni icad. Halal olsun, Maqsud müəllim, dünyada məşhur olacaqsan, hər kəs səndən danışacaq.
Maqsud müəllim bir türk serialından ilhamlanıb düşünürdü ki, icadı dünyaya sevinc və xoşbəxtlik gətirəcək. Hər kəs mehriban yaşayacaq, müharibələr bitəcək, uşaqlar ölməyəcək, aclıq və səfalət sona çatacaq, kasıblar da ağ günə çıxacaq, hətta Afrika qitəsində belə acından ölən olmayacaq.
2.
Yeni icadı haqda ilk dəfə direktora məlumat verən Maqsud müəllim az qala pıçıltıyla danışırdı ki, birdən eşidən olar. Direktor Maqsud müəllimin öz düzəltdiyi cib kondisioneri haqda danışdığını görəndə ona yazığı gəldi. Elə bildi, dəli olub. Sonra gördü, yox, dəlilik edənə oxşamır, deyəsən, doğrudan da o, nəsə icad edib.
- Hanı bəs icad?! - direktor da Maqsud müəllim kimi pıçıltıyla danışırdı.
- Cibimdə.
- Baxım.
Maqsud müəllim öncə durub direktor otağının pəncərəsindəki pərdəni çəkdi. Direktor onu maraqla izləyirdi və dəqiqləşdirə bilmirdi ki, o, ağlını itirib, yoxsa yox?!
Sonra Maqsud müəllimin cibindən çıxardığı balaca cihazı əlinə aldı, o üzünə - bu üzünə baxdı və soruşdu:
- Bə bunun düymələri hanı?
- Yoxdu düymələri. Düyməsiz işləyir.
Direktorun gözləri kəlləsinə çıxmışdı. Ağzı açıq qalmışdı.
- Göstər görüm, necə işləyir! - handan-hana dedi.
Maqsud müəllim düzəltdiyi cihazı əlinə götürdü, üzünü direktora tutdu:
- Bu aparat düyməsizdi. Bununku ancaq xoş sözdü.
Direktor az qala qətiləşdirəcəkdi ki, qarşısında oturan bu illərin fizika müəllimi artıq başdan o söz! Amma Maqsud müəllim əlindəki cihaza üç cümlə deyəndən sonra cihazın deşiklərindən sərin hava axını direktorun üzünü yaladı.
Məəttəl qalmalı iş idi: necə ola bilərdi ki, cansız bir əşya söz qana?! Üç cümləylə işə düşən aparat “təşəkkür edirəm!” deyəndə beş dəqiqə fasilə verirdi, “çox sağ ol!” deyəndə isə növbəti üç cümləyə qədər işləməyini dayandırırdı.
3.
Maqsud müəllim bu cihazı icad etmək üçün yeddi ay gecəsini gündüzünə qatıb baş işlətmişdi, cəmi yeddi saata bütün kənd xəbər tutdu ki, məsələ nə yerdədi?! Axşamüstü kənd camaatı Maqsud müəllimgilin həyətinə axışdı. O, əslində hələ istəmirdi ki, icadından hər kəs xəbər tutsun. Çünki, bir az da təkmilləşdirəcəkdi. Amma daha gec idi, direktor kəndə car çəkib hər kəsi hali eləmişdi ki, Maqsud müəllim cib kondisioneri düzəldib.
İcadın müəllifi həyətinə toplaşan həmkəndlilərinə düzəltdiyi cib kondisionerini göstərdi və onun haqqında məlumat verməyə başladı:
- Əziz dostlar, qonşular, qohumlar, həmkəndlilər! İnanmaq çətin olsa da, mən belə bir aparat düzəltmişəm. Bəli. Bu əlimdə tutduğum cib kondisioneridi. İsti havalarda cibində gəzdirirsən, lazım olanda cibindən çıxarıb sərinlənirsən. Zaman keçdikcə bu aparatı daha da təkmilləşdirəcəm. İşləmə mexanizmi isə qeyri-adidi. Gördüyünüz kimi üstündə heç bir düyməsi yoxdu. Soruşa bilərsiz ki, bəs necə xoda düşür, necə sönür?! Çox sadə. Bir-birinin ardınca üç müxtəlif kompliment deyirsən, başlayır işləməyə.
Söhbətin bu yerində bir neçə nəfər pıçıltı ilə danışmağa başladı. Deyəsən, “kompliment” sözünün mənasını bilmirdilər.
Maqsud müəllim davam edirdi:
- Üç dənə kompliment, vəssalam. İndi isə, gəlin yoxlayaq, siz də öz gözlərinizlə görün.
Sonra Maqsud müəllim düzəltdiyi cihazı ağzına yaxınlaşdırdı və dedi:
- Bu gün çox gözəlsən. Necə də ağıllısan. Əllərinə sağlıq.
Adamlar gecdəngec başa düşdülər ki, Maqsud müəllimin bir-birinin ardınca sıraladığı əlaqəsiz cümlələr bu aparatı işlək vəziyyətə gətirmək üçündü. Sonra Maqsud müəllim özü bir-bir həyətinə toplaşan hər kəsə aparatın sərin hava buraxdığını nümayiş etdirdi. Hər kəs aparatı gördü, razı qalıb gülümsədilər və Maqsud müəllim aparatı təzədən ağzına yaxınlaşdırdı:
- Çox sağ ol! - deyən kimi cib kondisioneri söndü.
- Maqsud müəllim, bayaq deyirdin ki, bu icad dünyanı gözəlləşdirəcək, - bunu deyən məktəb direktoru idi, - heç kim acından ölməyəcək, müharibələr olmayacaq. Necə olacaq bu?
- Bəli, - dedi Maqsud müəllim, - çünki hər kəs cib kondisionerindən istifadə etsə, xoş sözlər deməyə vərdiş olacaq. Təsəvvür edin ki, bütün dünya komplimentlə danışır. Onda müharibələr olarmı heç?
“Olmaz, əlbəttə, olmaz” dedi bir neçə nəfər.
Hər kəs xoşbəxt görünürdü.
4.
İki gün bəs elədi ki, yeni icadın xəbəri ölkəyə yayılsın.
Maqsud müəllim məşhur olmuşdu. Telefonuna tanımadığı nömrələrdən zənglər gəlirdi. Müxtəlif saytlardan, qəzetlərdən jurnalistlər zəng edirdilər.
Zəng edən jurnalistlərdən biri dedi ki, televiziyadandı və çəkiliş komandası ilə kəndə gəlib reportaj hazırlamaq istəyir.
Maqsud müəllim iki-üç saniyə düşünəndən sonra:
- Gəlin, - dedi, - gözüm üstə yeriniz var!
5.
Əlində mikrofon tutmuş müxbir qız soruşdu:
- Maqsud müəllim, bəs bu cihaz necə işləyir? Zəhmət olmasa, izləyicilərimizi məlumatlandırın.
Maqsud müəllim aparatı ağzına tərəf apardı, müxbir qıza baxa-baxa dedi:
- Bu gün çox gözəl görünürsən. Gözlərin də çox gözəldi. Səni sevirəm!
Müxbir qız belə tərbiyəsizlik gözləmirdi. Az qalmışdı, əlindəki mikrofonu Maqsud müəllimin başına çırpsın. Maqsud müəllim də qızın mimikalarının necə dəyişdiyini gördü və tez izah verməli oldu:
- Bu cihaz ancaq komplimentlə işləyir. Ard-arda üç kompliment demək lazımdı ki, işləməyə başlasın.
Müxbir qız sakitləşdi və gülümsəməyə başladı. Həqiqətən də, cib kondisioneri işləməyə başlamışdı. Sən demə, Maqsud müəllim bu sözləri ona yox, icad etdiyi cihaza deyirdi.
6.
Çəkiliş qrupu gedəndən sonra evdə mərəkə qopdu. Maqsud müəllimin yoldaşı Bəyim özündən çıxmışdı:
- O nə sözlər idi deyirdin qıza?
- Nə söz?
- “Səni sevirəm” deyirdin. Şəhərli qız görən kimi özünü itirirsən.
- Kəs, aaz!
- Nə “kəs” e, “kəs” nədi? Ömrü boyu mənə demədiyin sözləri deyirdin o qıza.
- Qıza demirdim, aparata deyirdim.
- Mən koram? Görmürəm ki, qıza deyirdin?
Maqsud müəllim gördü ki, Bəyim sözlə başa düşən deyil, keçdi hədələməyə:
- Bu dəqiqə durub başını əzəcəm haa! Sarsaqlama!
- Hə də, şəhərdən gələnə “səni sevirəm” de, mənə də “başını əzəcəm!”
- Lənət şeytana da, lənət şeytana!
Sonra Bəyim Maqsud müəllimi yamsıladı:
- Bu gün çox gözəlsən. Gözlərin də çox gözəldi.
- Bəsdi, aaz! Bəsdi! Camaatı bizə güldürmə!
- Gözlərin də çox gözəldi! Səni sevirəm.
Bu dialoq bir az da belə davam etdi və Maqsud müəllim necə əsəbləşib özündən çıxdısa cib kondisionerini Bəyimə tərəf tolazladı. Bəyim başını tutub yerə sərildi, çünki Maqsud müəllimin icadı Bəyimin başına dəymişdi.
7.
Bayaqdan Maqsud müəllimin demədiyi kompliment qalmamışdı, amma onun icadı işləmirdi ki işləmirdi. Bəyim də dilxor olub Maqsud müəllimin yanında əyləşmişdi. Hirsi soyumuşdu.
İkisi də susub icada baxa-baxa oturmuşdular. Qınayan olmasaydı, Maqsud müəllim hönkürərdi. Düşünürdü ki, camaata nə deyəcək?! Ölkəyə səs düşmüşdü, bütün mətbu orqanlar icad haqqında yazmışdı, bəs indi onlara nə cavab verəcəkdi?! Deməzlərmi adama, məzələnirsən, Maqsud müəllim?! Adın-sanın var, harana yaraşır camaatla məzələnmək?!
Bunları düşünə-düşünə cin vurdu təpəsinə. Yanında oturan Bəyimə tərəf çevrilib gül ağzını açdı:
- Tünbətünün qızı, tünbətün, - dedi, - sənə demədimmi, mənim əsəblərimlə oynama?! Səni görüm, ağa bələnəsən! Müxbir qız girsin sənin gözünə!
Bəyimin bu dəfə cavab qaytarmaq niyyəti yox idi. Maqsud müəllim isə sakitləşmək bilmirdi:
- Demədimmi, zəhləmi tökmə?! Niyə ömrümü burnumdan gətirirsən, ay zəhlətökən?!
Və Maqsud müəllim elə bunu demişdi ki, gözlənilməz bir hadisə baş verdi: cib kondisioneri işləməyə başladı.
Maqsud müəllimin əsəbi təəccübə çevrildi. Nə oldu bu aparata?! Niyə bayaq işləmədi, indi işlədi?!
Aman Allah! Yoxsa, mexanizm tərsinə işləyirdi?!
Maqsud müəllim bir neçə dəfə yoxladı. Doğrudan da, əvvəl üç komplimentlə işləməyə başlayan icad indi üç qarğışla işə düşürdü. Əvvəl “çox sağ ol!” deyəndə sönən cib kondisioneri indi “kəs səsini!” deyəndə sönürdü. Qəribə idi.
Və Maqsud müəllimi indi bir sual düşündürürdü: bu icad müharibələrin qarşısını necə alacaq?!