Kulis.az Xalq yazıçısı Kamal Abdullanın “Unutmağa kimsə var...” memuarının üçüncü hissəsini təqdim edir.
Vaqiflə görüşlərimiz daha çox kamera üslubunda olurdu. Əlbəttə ki, onun teatrındakı tamaşalardan sonra keçirilən müzakirələri nəzərə almasaq. Bu teatrda onun balaca kabineti vardı. Dörd-beş adamın güclə otura biləcəyi bu otağa, bəzən on beş adam (buraya hökmən tamaşada iştirak edən aktyor və aktrisalar da dəvət olunardılar) toplaşardı. Siqaret tüstüsü, külqabıda söndürülmüş siqaret kötükləri, bunun ürəkbulandıran qoxusu, amansız bürkü, amma bütün bunlarla yanaşı - mənəvi ləzzət...
Bəzən tamaşa olmayan günlərdə də biz Vaqiflə görüşürdük. Bu zaman haman kamera dediyim üslubda ancaq ikimiz olardıq. İş vaxtını bitirib evə çoxdan getməli olsa da, Vaqif mənimlə gecə yarıyadək, hər ikimiz artıq yorulub söz tapmayana qədər qalar, bütün müəmmaları həll etməyə, labirintdən, əgər vardısa, çıxış yolu tapmağa çalışardıq. Vaqif sanki səhərə qədər maxorkanı maxorkaya calayıb, mənimlə üzbəüz oturaraq mənə qulaq asmağa hazır idi. Mən danışmaqdan yorulardım, o qulaq asmaqdan yorulmazdı. Əgər soruşsalar ki, bəs bu uzun-uzadı söhbətlərin canında nə dururdu, onların mənası nə idi, mən ayrı-ayrı detalları xatırlamadan belə deyərdim: söhbətimizin canında onun gördüklərini və mənim yazdıqlarımı bir-birimizə tərifləmək dururdu. Özü də elə-belə tərifdən söhbət gedə bilməzdi. Bu tərif dərin əsaslandırılmış mülahizələrə söykənməli idi.
Vaqif məni teatra bağlayan əsas qüvvələrdən biri idi. Məni çox təşviq edirdi. Əlbəttə ki, mən o zaman yatıb yuxumda da görməzdim ki, Vaqif nə zamansa mənim pyesimə quruluş vermək istəyəcək. Bu barədə bizim heç bir söhbətimiz olmamışdı. Mənim o zaman ona belə bir təklif etməyə cəsarətim çatmazdı. Səmimiyyətlə deyim ki, bu heç mənim ağlımdan da keçmirdi.
Hələ nə "Gizli Dədə Qorqud", yazılmışdı, nə "Mifdən yazıya, yaxud Gizli Dədə Qorqud - 2", hələ nə "Bir-iki, bizimki", nə "Unutmağa kimsə yox", nə də "Sehrbazlar dərəsi"... var idi. Hələ ancaq bir Vaqif idi, bir də mən. Və mənim arzulamaq belə ağlıma gəlmirdi ki, nə zamansa bu balaca otaqda qarşımda oturub siqareti siqaretə calayaraq məni sonsuzluğa qədər dinləməyə hazır olan, Niyazinin sözü olmasın, bu "əjdəha" adam mənim ona dediklərimlə yanaşı, mənim yazdıqlarımla da maraqlanacaq, onları bəyənəcək, onlardan tamaşa hazırlayacaq, onları tərcümə edəcək, bu haqda məqalələr yazacaq, kitablarımı öz teatrında müzakirəyə çıxaracaq...
Hələ bütün bunlar yox idi. Hələ biz onun balaca otağında qarşı-qarşıya oturmuşuq. O siqaretini tüstülədir, mən isə danışıram. Vaqifə danışdıqlarım Natiqlə, Vidadi ilə söhbətlərimdə olan kimi sevgi macəraları deyildi. Ona, deyəsən, dissertasiyamı, ədəbi-bədii düşüncələrimi danışırdım. Məsələn, "Dədə Qorqud"da sintaktik paralelizm hansı poetik dərinliklərə, hansı fəlsəfi genişliyə çıxarır?! Vaqif çox maraqla qulaq asırdı. Təsəvvür edirsinizmi?! Bu təmiz dilçilik məsələləri və onlardan doğan dolanbaclı yollar ona çox maraqlı görünürdü. Mənim özümə də maraqlı olan o idi ki, Vaqif bunları qavramağa çalışır...
Ümumiyyətlə, mən həmişə belə fikirləşmişəm və bu fikri əlimdə bayraq kimi tutmuşam ki, mənim işim yazmaqdı. Pyesi yazandan sonra onun bir uşaq kimi qayğısına qalmaq - bu, artıq mənim işim deyil. Bununla məşğul olanlar, özü də təkidlə, israrla məşğul olanlar var, Allah onların da canına sağlıq versin, arzularını yerinə yetirsin. İndi burada onların adlarının çəkilməsinin yeri deyil. Mən belə düşünürdüm: yazdığım pyes hansı rejissorun xoşuna gələrsə, özü bilər. İstər tamaşaya qoyar, istəməz, yenə də özü bilər. Həsənağa Turabov mənim əziz dostum idi. Aramızda təkcə dostluq yox, qardaşlıq münasibəti vardı. O zaman Turabov "Azdrama"nın bədii rəhbəri idi. İki gündən bir görüşüb, ya çay içirdik, ya da elə-belə yeyib-içirdik. Bir-birimiz üçün həmişə darıxmışıq. Bir-birimizə deməyə sözümüz olub. O, teatrda nə istəsəydi, edə bilərdi. Amma mənim bir pyesim də onun vaxtında "Azdrama"da səhnə üzü görmədi. Mən ona bir dəfə də demədim ki, mənim əsərimi niyə tamaşaya qoymursan?! Nə o mənimlə, nə də mən onunla bu barədə bir kəlmə də kəsmədik. Halbuki mənim Həsənağaya ərkim çatardı bu sözləri deməyə. Nə dedim, nə də deməməyimdən peşman oldum. Bu sözləri deməməyin əzabını çəkmədim. Bir sözlə, belə deyim: "vecimə deyildi". Həsənağa, düzdü, məni pyes yazmağa təhrik edirdi, həvəsləndirirdi. Mənim "Unutmağa kimsə yox" adlı pyeslər kitabıma Ön söz də yazmışdı. Bu Ön sözdə o məni 21-ci əsrin dramaturqu kimi qiymətləndirmişdi. 21-ci əsr isə hələ 20 ildən sonra başlayacaqdı. Mən bunu düşündükcə təbəssümümü gizlədə bilmirəm. Nə isə... Bilmirəm, bəlkə o məni teatr aləmindəki intriqalardan qorumaq istəyirdi, bəlkə mənim pyeslərim əsasında səhnəyə qoyulan tamaşaların uğuruna o qədər də inanmırdı?! Bəlkə başımın altına, necə deyərlər, yastıq qoyurdu?! Deyə bilmərəm. Amma mənim tamaşasız, səhnə üzü görməyən dram yaradıcılığım bir xeyli çəkdi. Lap axırda Vaqif Həsənağanı nə şəkildə inandırdısa (Həsənağa Vaqifə çox inanırdı), o, razılıq verdi ki, Vaqif mənim "Casus" pyesimi "Azdrama"nın səhnəsində "Azdrama"nın aktyorları ilə tamaşaya hazırlasın. İlk dəfə idi ki, YUĞ-un bədii rəhbəri "Azdrama"da tamaşa qoyurdu. Bu özü maraqlı bir eksperiment idi. Həsənağa inanmışdı ki, Vaqiflə "Azdrama"nın simbiozu uğurlu olacaq. Əslində, həm elə oldu, həm də elə olmadı. "Casus"un bir tamaşa kimi bəxti bir qədər başqa cür gətirdi. Belə deyim, bəxti həm gətirdi, həm də gətirmədi.
Vaqif elə bir tamaşa hazırlayırdı ki, "Azdrama"da, digər teatrlarda, eləcə də bu teatrlara baxıb mədəni dairələrdə, necə deyərlər, hamı "Casus"un məşqlərindən danışırdı. "Azdrama"nın aktyorları, məncə, nadir hallarda belə həvəslə məşq etmişdilər. Əslində, mənə indi də elə gəlir ki, onlar Vaqifin dəsti-xətti üçün susamışdılar. Tamaşaya cəlb olunmayan aktyorların bir çoxu bu tamaşada rol almaq üçün Vaqifə, Həsənağaya minnətçi düşürdülər.
Hər şeyin nizamla getdiyi son dərəcə ciddi hazırlıqdan, ədəbi-bədii "ajiotaj"dan sonra "Casus"un başı üstündə dumanlar dolaşdığının şahidi olduq. Ona bir tamaşa kimi teatrın repertuarına düşmək qismət deyilmiş. Sirri-xudamı?! Xeyr, sirri-bəni adəm.
Tamaşanın ictimai baxış günü gəlib çatdı. Mədəniyyət Nazirliyinin, cürbəcür teatrların nümayəndələrinin, mədəniyyət xadimlərinin, jurnalistlərin, YUĞ-un dostlarının, "Azdrama"nın aktyor və rejissorlarının iştirakı ilə baş tutan ictimai baxış yüksək səviyyədə keçdi. Tamaşa böyük təriflərlə qəbul edildi. Hamı deyirdi ki, "Azdrama"nın aktyorları "qan elədilər". Əliabbas Qədirov, Laləzar xanım, Hicran Nəsirova, Sabir Məmmədov, Cəfər Namiq Kamal, Mətləb Abdullayev, Məzahir Cəlilov bu tamaşada, sözün əsl mənasında, tanınmaz olmuşdular. Amma qəribəsi bu deyildi, qəribəsi bir başqa cür oldu.
İctimai baxışdan sonra labüd şəkildə "Casus"un premyerası olmalı idi. Premyeranı isə bilinməyən bir zamana qədər təxirə saldılar. O bilinməyən zaman bu günə qədər davam edir. Niyə? Bunun əsl səbəbini mən indiyənə qədər bilmirəm. Dedilər, kənardan, hətta mədəniyyətə siyasi rəhbərlik tərəfindən müdaxilə olub. Bilmirəm, deyə bilmərəm. Heç maraqlanıb məsələnin kökünə getmək belə istəməmişəm. Həsənağanın özü ilə də, nə qədər inanılmaz olsa da, bu barədə heç bir "razborkam" olmadı. Mən onu pis vəziyyətə qoymaq istəmədim. Çünki veriləsi bir cavabı yox idi. Vaqiflə mən hiss edirdik ki, o özü belə bir situasiyanın meydana çıxmasından əzab çəkir.
Səmimiyyətlə deyim ki, "Azdrama"nın səhnəsində ilk və son dəfə ictimai baxış üçün oynanmış və premyerasına qadağa qoyulmuş "Casus" mənim üçün dəfələrlə oynanıb "kökdən düşmüş" "Casus"dan qat-qat maraqlıdır. Mən tərəfdən təvazökarlıqdan uzaq da olsa deyim ki, Vaqif İbrahimoğlunun "Azdrama"da hazırladığı "Casus" tamaşası haqda indi də əfsanələr gəzir. Və yeganə təsəlli kimi onu deyə bilərəm ki, bu gün o tamaşadan bizə, sadəcə, Vaqifin tələbəsi, türkiyəli rejissor Rasim Aşının çəkdiyi video qalıb. Vaqifin İctimai baxışdan əvvəl "Azdrama"nın aktyorlarına dediyi sözlər onun aktyor zəhmətinə, teatr işinə nə dərəcədə böyük qiymət verdiyinin bariz nümunəsidir. Videoya çəkilmiş kadrlarda o səhnəyə çıxmaqdan əvvəl tamaşanın hazırlanmasında neçə ay birgə zəhmət, əslində, əziyyət çəkmiş aktyorlara belə deyir:
"Gözünüzə baxıb sizdən halallıq diləmək istəyirəm. Tamaşa indi başlayacaq. Mən hamınızın qarşısında baş əyirəm, uğurlar diləyirəm. Siz peşəkarsınız, sənətkarsınız. Dediyimi bu işığın qarşısında təkrar edirəm: hamınızın peşəkarlığını yüksək dəyərləndirirəm. Sənətinizi sevirəm. Tərinizə qurban olum. Bu teatrda tər tökmüsünüz. Bu, müqəddəs tərdir. Bizim sənətimiz nazirliklərlə-filanla yaşamayıb. O qutlu, peşəkar, sənətini sevən insanların təridir buranı sulayan. Ona görə hamınızı böyük hərflə sənətçi adlandırıram. Bu sənəti yaradırsınız. Ona görə öpürəm sizi. Əlinizdən öpürəm, ağzınızdan öpürəm. Qurban olum sizə. Uğurlar olsun. İnanıram sizə. Halal edin".
"Casus" haman gün bir tamaşanın yaşaya biləcəyi triumfu və fiaskonu eyni zamanda yaşadı.
...Amma dediyim kimi, "Casus"un hazırlanmasına hələ çox vardı. İndi isə mən tamam başqa sentimental-romantik bir əhvalda idim. Bir pyes üzərində işləyirdim. Onu Vaqifə verəcəkdim. Əlbəttə ki, oxumağa və tamaşaya qoyması üçün. Həyəcanlı idim. Görəsən, o nə deyəcək?! Dostluq bir yana, mən onun son dərəcə obyektiv, bizim dillə desəm, "bildiyini babasına da verməyən" bir adam olduğunu bilirdim.
Günlərin bir günü, nəhayət ki, pyesi qurtardım. Ürəyimdən, elə bil, tikən vardı, o çıxdı. Mən ürəkdən bir "uff" eləyib pyesin son nöqtəsini qoydum. Sonra böyük bir ehtirasla yazdığım və mürəkkəbi hələ qurumamış bu pyesi hövlnak qaçaraq gedib YUĞ teatrına gətirdim. Vaqif o zaman YUĞ-un yerləşdiyi yerdə - Azdramanın 4-cü mərtəbəsində, kiçik tamaşa zalında idi. İkimiz də onun iş otağına keçdik. O, tələsmədən pyesi əlimdən aldı, qoydu qabağına, öz təkraredilməz "hm..."nı eləyib yenə də bığlarını tumarladı və yerini stulda rahatladı. Mən susqunluq və həyəcan içində idim. Özümə yer tapa bilmirdim. Pyes öz-özlüyündə o qədər də böyük deyildi. Vaqif pyesi birnəfəsə oxudu. Bu qısa vaxt mənə bir il qədər gəldi. Mən hazırlaşırdım ki, indi o sonuncu səhifəni çevirəndən sonra uzun-uzadı qeydlərə başlayacaq, mən də məcburən o qeydləri, ayıb olmasın deyə yazmağa başlayacağam. Sonra həvəsdən düşəcəyəm və bir daha bu pyesə, ola bilər ki, ümumiyyətlə, pyes yazmağa qayıtmayacağam. Amma belə olmadı. Vaqif oxuyub qurtarandan sonra əlini ehmalca stola vuraraq üzünü mənə tutmadan, qətiyyətlə sanki öz-özünə belə dedi. Onun dediyi sözlər indi də qulağımdadır:
- Gözəldi. Mən bunu təcili hazırlamağa başlayıram.
Sevincimin həddi-hüdudu yox idi. Bizim Vaqiflə ilk birgə işimiz bu pyeslə başladı. Pyesin adı "Bir-iki, bizimki" idi.
Vaqif, sözün əsl mənasında, əfsanəvi, gözəl və təmtəraqlı bir tamaşa hazırladı. Pyesdə İki obraz var idi. Tamaşada onlar altı oldular. Psixoloji durumuna görə hər obraz özündən birini də doğdu. Pyesdə oğlan səsi və qız səsi var idi. Pyesdə onların ancaq səsləri eşidilirdi. Onlar da real obrazlara çevrildilər. Musiqi gözəl şəkildə tamaşanın daxilindən gələn bəzən pıçıltıya, bəzən isə bir haraya döndü. Musiqinin müəllifi Azərbaycanın tanınmış bəstəkarı Leonid Vaynşteyn idi. Təəssüf ki, mənim bu pyesimin də tamaşaya çevrilməsi faciəsiz alınmadı.
Mən Leonidi şəxsən tanımırdım. Amma o, Azərbaycanın məşhur intellektual ziyalılarından, gözəl bəstəkarlarından biri idi. Mədəniyyət adamlarının üzdə olanlarının, demək olar ki, hamısı ilə dostluq edirdi. Vaqifi də gözəl tanıyırdı və pyesi oxuyandan sonra tamaşaya musiqi yazmağa razılıq vermişdi. Onunla mənim ilk görüşüm musiqi hazır olandan sonra baş verdi. Leonid məni və Vaqifi bir axşam yeməyə dəvət elədi. Yemək zamanı bir az ordan-burdan danışdıqdan sonra əsl mətləbin üzərinə gəldik. Mənim maraqdan səbrim kəsilmişdi ki, bu bəstəkar, görəsən, ondan soruşsam, əsər haqda nə deyəcək?! Bu onun üçün nə idi?! Xoşuna gələn və onun dərin yaradıcılıq ehtirasını coşduran bir əsər idi, yoxsa, sadəcə, Vaqifə "yox" deyə bilməyib üzdən yanaşdığı növbəti bir iş idi?!
Leonid əsəri xeyli təriflədi. Yazdığı musiqinin leytmotivini, ayrı-ayrı hissələrini özü ilə gətirdiyi maqnitofonda bizim üçün səsləndirdi.Vaqif də, mən də musiqini çox bəyəndik. Mən dözməyib Leoniddən bir məsələ ilə bağlı fikrini soruşmaq istədim. Bu mənim üçün çox vacib idi:
- Pyesdə ən çox xoşuna gələn nə oldu?
Leonid, demək olar ki, düşünmədən cavab verdi:
- Belə deyim. Bu pyesdən sonra mən daha ölümdən qorxmuram. İnan mənə, Kamal, ciddi sözümdür. Mən daha ölümdən qorxmuram.
Vaqif də, mən də o zaman bu sözlərin dərinliyinə getmədik. Biz nə biləydik ki, yazdığı musiqinin partiturasını Vaqifə təhvil verəndən üç gün sonra bizim premyeraya bir-iki gün qalmış Rus Dram Teatrında dostlarının əhatəsində Leonid qəfildən vəfat edəcək. Premyeraya gələn tamaşaçıları Leonid Vaynşteynin üzündə kədərli təbəssüm qara lentli portreti qarşılayacaq.
Bu məsələ bununla bitmir. Leonidin ölümündən bir xeyli keçəndən sonra dostlar arasında hansısa bir toplantıda - Vaqiflə mən də orda idik - Leonidin vəfatı ilə bağlı söz düşdü və onun vəfatının şahidi olan bizim gözəl aktyor və rejissorumuz Aleksandr Şarovski belə dedi:
- Mən bir şeyə təəccüb edirəm. Ölüm ayağında, axır nəfəsində Leonidin son sözləri bu oldu: "Mən qorxmuram". Niyə belə dedi, nədən qorxmurdu?! - Aleksandr bir daha fikirli-fikirli təkrar elədi: - Mən qorxmuram...
Vaqif dərhal mənə, mən də ona baxdım. İkimiz də bu sözlərin hardan gəldiyini, onların əsl mənasını bilirdik. Biz kədər içində idik.
"Bir-iki, bizimki" YUĞ-un repertuarında xeyli yaşadı. Onun tamaşaçıları çox idi. Tamaşaya ayrı-ayrı tamaşaçılardan başqa təşkilatlar da gəlirdilər. Məsələn, Azərbaycanın "Şən və hazırcavablar klubu"nun üzvlərinin bir yerdə tamaşaya gəldikləri yadımda qalıb. Tamaşanın azarkeşləri də yaranmışdı - ona bir neçə dəfə baxanlar var idi. Qəribə bir mistika hopmuşdu tamaşaya. "Bir-iki, bizimki" Vaynşteynin qüssə dolu musiqisi ilə bitir, səhnədə yalnız vaxtından çox-çox əvvəl bu dünyanı tərk etmiş baş qəhrəman Gənc qız qalır. O öz yanına - o biri dünyaya tamaşa boyu çağırıb aparmaq istədiyi sevgilisini zülmət qaranlıqda tapa bilmir, ona elə gəlir ki, sevgilisi onu aldadıb, ona söz verib, amma sözünə əməl etməyib, son anda o biri dünyaya - qızın yanına gəlməkdən imtina edib. Kişi isə, əslində, sevgilisinin istəyi ilə dünyasını dəyişib onun yanına gəlib. Amma o da sevdiyini tapa bilmir. Gənc qız pərişan halda səhnənin ortasında donub qalıb, sonra o, yerdəncə oturur. O təkdir. O yenə də təkdir. Onu yenə də tək qoydular. Qəlbi üzən musiqi bir azdan hansısa ənginlikdə əriyir. Pərdə yoxdur. Səhnə zala, zal səhnəyə qarışır. Tamaşa, beləcə, səssizlik içində bitir.
Vaqif də, mən də dəfələrlə rejissor otağından tamaşadakı bu son məqamı seyr edib snobcasına Gənc qızın yerə oturduğu və musiqinin bitdiyi andan tamaşaçıların alqışlarına qədər uzanan vaxtı hesablayırdıq. On dəqiqəyə qədər vaxt uzana bilirdi. Birinci dəfə, premyera zamanı alqışlar gecikəndə mən, hətta elə bilmişdim ki, bu "proval"dır. Məni Vaqif sakitləşdirmişdi. Demişdi ki, tamaşaçılar gördüklərinin, belə deyək, sehrindən çıxa bilmirlər. Hətta bir dəfə tamaşanı seyr edən bir dostumuzun səhnəyə addımlayıb, Gənc qızın qənşərində diz çöküb oturduğunun, bir neçə dəqiqə diqqətlə ona baxdığının da şahidi olmuşduq. Görəsən, dostumuz Gənc qızın üzündə, gözündə nə axtarırdı?! Gənc qız, elə bil, tamaşaçının belə hərəkət edəcəyini gözləyirdi, tükü də tərpənmədi. Tamaşaçılar hələ zalda idilər. Dostumuzun hərəkəti bir az teatral alınmışdı, amma onun tamaşadan təsirlənmədiyini də deyə bilməzdik. Biz sonra bu əhvalatı bir-birimizə elə o dostumuzla bir yerdə çox danışıb gülmüşdük.
"Bir-iki, bizimki" ilə bağlı bir "olay" da heç vaxt yadımdan çıxmaz. Tamaşanın səsi bərk gəlirdi. Teatr mühitində müsbət rəy formalaşmışdı. Qəzetlərdə məqalələr yazılır, müzakirələr təşkil edilirdi. Aktyorlar tamaşadan-tamaşaya daha böyük həvəslə oynayırdılar. Vaynşteynin vəfatı tamaşanın (pyesin) mahiyyətindəki və ətrafındakı mistikanı bir qədər də artırmışdı.
Bu arada mənə Prezident Aparatının Humanitar şöbəsinin müdiri Fatma xanım Abdullazadə zəng edib həyat yoldaşı ilə bir yerdə tamaşaya gəlmək istədiyini bildirdi. Məndən tamaşanın vaxtını soruşdu, mən də çox düşünmədən dedim:
- 6-da, 7-də... Baxın da...
Həmən axşam Vaqifə tamaşaya kimin gələcəyini xəbər verdim. Qətiyyən həyəcanlanmadı. Getmək istəmirdi, zorla onu teatrın (YUĞ teatrı o zaman "Azdrama"nın kiçik zalında yerləşirdi) Fatma xanımgil gələn arxa qonaq qapısına apardım. Tamaşa saat 6-da başlayacaqdı. Saat 6-ya isə artıq az qalırdı.
Saat 6 oldu. Qonaqlar gəlib çıxmadı. Vaqif bir istədi ki, çıxıb getsin və tamaşanı başlasın, mən dil tökdüm, qoymadım: - Bir az da gözləyək, - deyə xahiş elədim.
Saat 7-nin yarısı oldu. Gördük ki, nəhayət, küçənin o biri başından Fatma xanım həyat yoldaşı ilə bir yerdə, tələsmədən, yavaş-yavaş (hətta bir az da tənbəl-tənbəl) teatrın arxa qapısına tərəf gəlirlər. Allah, Allah... Vaqif bunlara bir "sifət" göstərdi ki... Fatma xanım təəccüblə mənə baxdı:
- Noolub buna? Nə baş verib?
Vaqif dözmədi. Necə deyərlər, gözünü yumub ağzını açdı. Şöbə müdirinə, bütün ideoloji, mədəni sahəyə rəhbərlik edən bu xanıma çox sərt sözlər söylədi, onların tamaşaya gecikmələrini az qala böyük bir problemə çevirdi. Hər halda onun sözlərindən belə çıxdı. Fatma xanım Vaqifə səbirlə qulaq asandan sonra təhər-tövrünü pozmadan:
- Bizdə günah yoxdu, - dedi. - Kamaldan vaxtı soruşdum, o da dedi ki, siz gəlin 6-da, 7-də. Biz də 7-nin yarısında gəlmişik.
Vaqif udqunub mənə tərs-tərs elə baxdı ki, mən tez söhbəti dəyişmək istədim, amma taxsırın məndə olduğu artıq hamıya bəlli oldu. Tamaşa bu dəfə saat 7-də başladı. Sonralar Vaqif mənə zarafatla sataşmaq istəyəndə "6-da, 7-də" sözlərindən tez-tez istifadə etməyi unutmadı.
Bu əhvalatı bir şeyə görə yazıram. İstəyirəm, oxucu bilsin ki, Vaqif üçün teatrla, tamaşa ilə bağlı nə vardısa, sakral, az qala müqəddəs məna daşıyırdı. Hər xırda detal son dərəcə əhəmiyyətli idi. Teatr onun üçün "Əlahəzrət" titulunda idi. O, teatr barəsində, teatrdakı iş rejimi, münasibətlər kələfi haqda heç vaxt qeyri-ciddi söz deməz, intriqalara yol verməz, ədalətsiz hərəkət etməzdi. Vaqif teatrı, sözün əsl mənasında, bir məbəd sayırdı. O özü-özünü belə tərbiyə etmişdi. Bəli, Vaqif özü-özünü tərbiyə etmiş və bilikləndirmişdi. O özü-özünü yaratmışdı. Böyük mədəniyyətşünas Canbatisto Viko deyirdi ki, ilk şairlərə kimlər dərs deyəcəkdi ki?! Belə adamlar yox idilər. Onlar özləri özlərini ilk dəfə yaradırdılar. Vaqif də Azərbaycan teatr müstəvisində belə ilklərdən idi. Ondan əvvəl o yolu gedən olmamışdı. Baxmayaraq ki, o, görkəmli rejissor Tofiq Kazımovu özünə müəllim sayırdı, otağında divardan yalnızca onun şəkli asılmışdı, amma yenə də mən belə düşünürəm ki, Vaqif özü-özünü yaradıb.
Ricət. Yadıma yenə də Nyutonun sözləri düşür. O deyirdi ki, biz uzağı onun üçün görə bildik ki, nəhənglərin çiyninə çıxmışdıq. Həmişə belə olmur. Bəzən uzağı ona görə aydın şəkildə görə bilirsən ki, kimsə sənə mane olmur. Ətrafında kiminsə hənirtisini hiss eləmirsən. Sən, tamamilə, təksən. Təkcənəsən. Təkcənəliyin təntənəli simfoniyası, yəqin ki, elə belə də yaranır. Ricətin sonu.
(Davamı var)