Kulis.az İlin hekayəsi müsabiqəsində iştirak edən Rufina Alinin "Sonuncu intihar" hekayəsini təqdim edir.
Qeyd edək ki, anonim şəkildə münsiflərə təqdim olunan hekayələr yalnız qiymətləndirildikdən sonra sayta yerləşdirilir.
Uzun-uzadı dəftərə baxdı, qərarlaşdıra bilmirdi. Hər kəs yaşadıqlarını bilməli idimi, yoxsa artıq mənası yox idi?!
***
31 yaşı var idi Vaqifin. 31 yaş nə çoxdur, nə də az. Yarım-yamalaq yaşadığı ömrün yarısı və ya artıq sonu.
Vaqif uçurumun kənarından azacıq aralıda oturmuşdu, intihar edəcəkdi. Bəli, intihar. Bilirsiz, o bu barədə illərlə götür-qoy etmişdi. Yəni, artıq bu son idi və geri addım atmayacaqdı.
İntihar etmədən əvvəl səliqə ilə bir çox şeyi dəftərə yazmışdı. Son dəfə vərəqlədi səhifələri...
Bəzi qeydlərinə ilişib qaldı, gözündən yaş axıtdı, ürəyi möhkəm çırpınırdı. Sanki sinəsini cırıb çıxacaqmış kimi. Bu qəzəblə dəftəri cırmaq istədi, ortasında iki hissəyə ayırdığı zaman dayandı, əli gəlmədi. Dəftəri bağlayıb qəzəblə bir neçə dəfə yerə çırpdı. Yanındakı böyük sayıla biləcək qayaya bir təpik vurdu. Hə, bax bu təpik onu özünə gətirdi bir az. Özünə zərər verəndə bir az sakitləşirdi Vaqif.
Dəftəri qayanın altına qoydu ki, uçmasın.
Maraqlıdır, Vaqif yüksəklikdən həmişə qorxduğu halda intihar üçün bu yolu seçmişdi. O, intiharı ilə həm də etiraz edirdi axı. "Baxın, mən cəsarət edib qorxularımla üzləşirəm" - deyirdi.
Arxasını boşluğa döndərdi, qollarını açdı və özünü buraxdı.
"Qəribə hissdir" - düşünür Vaqif. Yerə nə zaman çaxılacaq? Nə zaman bitəcək? Lap "Alisa möcüzələr ölkəsində"ki kimidir. Sanki quşdur, saatlardır səmada süzülür. Və o son saniyələr. Qum kisəsi kimi yerə çaxıldı.
***
Vaqif evin ikinci uşağı idi. Özündən bir il böyük bir bacısı var idi. Evdə 7 nəfər yaşayırdılar. Əslində 6 da deyə bilərik. Atası şəhərdə işlədiyinə görə, evdə tapılmırdı. Nəticə etibarı ilə Vaqif, bacısı, nənəsi, anası və əmisi bir yerdə yaşayırdılar. Atasını ildə ən yaxşı halda 3 dəfə görən Vaqifin 11 yaşı olanda atası öldü. İşlədiyi tikintidə ehtiyatsızlıq səbəbindən 17 mərtəbəli binanın 15-ci mərtəbəsindən yıxılır və elə oradaca son nəfəsini verir. Atasının ölməsi Vaqif üçün həm çox təsirli, həm də çox təsirsiz bir hadisə idi.
Vaqif bu barədə çox düşünərdi. Elə bəlkə bu səbəbdən onda yüksəklik qorxusu yaranmışdı.
31 yaşına kimi Vaqifin xatırladığı yeganə şey, atasının nəşini gətirdikləri zaman sadəcə gözündən iki damla yaş axması idi. 11 yaşına kimi ata nədir bilməmişdi, bundan sonra bilməməsi bir şeyi dəyişməyəcəkdi.
Vaqifin yaddaşı çox da yaxşı deyildi, hər şeyi tez unudardı, lakin istəsə də heç vaxt unuda bilməyəcəyi xatirələri onu həmişə narahat edirdi.
Anası və nənəsi təmizlikçi işləyirdilər. Əmisi isə evlərindən təxminən 20-30 metr uzaqlıda yerləşən ərzaq dükanında fəhlə işləyirdi.
Vaqif dərsdən sonra məhlədə futbol oynayardı. Onun o gün şahid olacaqlarına səbəb, topun sahibi olan uşağın həmin gün xəstələnməsi oldu. Yeni top tapa bilmədikləri üçün Vaqif kor-peşman evə getdi.
Evə çatdığında qapı bağlı idi, açar isə güldanın içində deyildi. Deməli, ya qapı içəridən bağlanıb ya da açarı qoymağı unudublar. Amma ev əhalisi o açarı heç vaxt özləri ilə götürməzdilər. Qapını isə kim, niyə bağlasın? Bunları düşünürək bərk-bərk qapını döyməyə başladı. Bir neçə dəqiqə keçmişdi ki, əmisi qapını teləm-tələsik açdı.
Vaqif əmisinin təlaşından bir az şübhələndi və təəccüblü halda ayaqqabılarını çıxartdı. Otağına keçdiyi zaman bacısının divanda yatdığını gördü. Köynəyini tərs geyindiyi yaxasından aydın görünürdü. Vaqif qısıq səslə əmisindən “Nigar nə əcəb bu vaxtı yatıb” - deyə soruşdu.
Əmisi Vaqifi “Məktəbdən gələndə yorğun idi. Oyandırma, dincəlsin qız” deyərək ötüşdürdü.
Daha sonrakı günlərdə Vaqif bacısının hərəkətlərini müşahidə edirdi. Nəsə yolunda deyildi sanki, bir neçə dəfə bacısına sual versə də doğru-düzgün cavab ala bilməmişdi.
Bir il sonra bacısı özünü tövlədə asdı. Cəsədi anası tapmışdı. Nigar geriyə heç nə qoymamışdı. Nə məktub, nə də başqa bir şey. Onun intiharı müəmmalı olaraq qaldı. Bu əməlinə heç kim bir ad tapa bilmədi. Nigar yuyuldu və basdırıldı. Anası ərinin ölümündən sonra, qızının da intihar etməsinə dözə bilmirdi. Bir il yarıma yaxın yataq xəstəsi olduqdan sonra həyatını dəyişdi.
Vaqif heç nə bilmirdi, o gün gördüyü və olanlar barədə ağlında çoxlu ssenarilər qururdu.
Görəsən, əmim niyə o gün qapını bağlamışdı? Nigar niyə yatmışdı? Niyə koftasını tərs geyinmişdi? Nigar çox səliqəli qız idi, heç vaxt koftasını tərs geyinməzdi axı. Ağlı kəsəndən sonra Vaqifin ağlına çoxlu şübhəli məqamlar gəlirdi.
Bir tərəfdən peşmançılıq hissi, digər tərəfdən əlindən artıq heç nə gəlməməsi Vaqifi çox sıxırdı. "Nigar nə və ya nələr yaşadı? Heç kimə heç nə danışmaması yəqin onu çox incidirdi. Görəsən, yaşadığı zaman yoxsa öldüyü zaman çox əzab çəkdi..." - bu fikirlər Vaqifi rahat yaşamağa qoymurdu. Artıq olan olmuşdu. Vaqif o hadisə barədə heç vaxt heç kimə heç nə danışmadı. Vaqif Nigarın ölümü ilə barışa bilmirdi. İllər keçdikcə yarası sağalar düşünürdü, lakin illər keçdikcə daha çox qanayır və daha çox incidirdi.
İlk intihar fikri buradan düşmüşdü ağlına. O da özünü tövlədə asaraq intihar etməyi düşünürdü. Çünki bu hadisə ilə barışa bilmirdi, reallığı da bilməməsi, özünü günahlandırması onu intihara sürükləyirdi. Və Vaqif 5 dəfə intihara cəhd etməsinə vadar edən ilk hadisə məhz elə bu oldu. 5-cisini bilirsiz. O, quş kimi səmada süzülüb, qum kisəsi kimi yerə çaxıldı.
***
Vaqif 21 yaşında həmcinslərinə qarşı hisslər bəslədiyinə əmin olmağa başlayırdı. Bunun cəmiyyət tərəfindən bir mənalı qəbul edilməyəcəyini bildiyinə görə, öz daxilində əzab çəkirdi. Nə özünü qəbullana bilirdi, nə də bununla barışa bilirdi.
O 28 yaşında kənddən şəhərə işləməyə gəldiyi zaman kirayədə onunla birlikdə yaşayan Seymura aşiq oldu. Hisslərini isə etiraf etməyə cəsarəti heç vaxt çatmadı.
Gizlin sevirdi. Onu görəndə diz qapaqları boşalırdı, ürəyi sürətlə döyünürdü... Nə fayda, Seymur təxminən 7-8 ay sonra başqa ölkəyə köçdü. Və beləliklə onların əlaqəsi tamamilə kəsildi. Vaqif bu əzaba dözə bilmirdi. Bütün günü ağlında Seymurla söhbətləşirdi, hər şeyi öz xəyalında ona danışır, onunla məsləhətləşirdi.
Oğuz Atayın dediyi kimi "Düşüncələrimdə belə sənin xoşuna gəlməyə çalışıram".
Olan olmuşdu, qırıq məhəbbətin əzabını çəkirdi Vaqif...
***
Vaqifin nəşi artıq üç gün idi tapılaraq torpağa tapşırılmışdı. Dəftəri isə o qayanın altında gizlənirdi. Heç kim bu dəftərin fərqinə varmamışdı. Yağış və havadakı nəm dəftəri bir az köhnəldib. Bəlkə kimsə gec olmadan dəftəri tapar, ya da yox olub gedər Nigarın tapılmayan məktubu kimi...