Sərhəd uzaqdaydı... - Tural Atəş

Tural Atəş

Tural Atəş

6 dekabr 2022
# 17:00

Kulis.az "İlin hekayəsi" müsabiqəsində iştirak edən Tural Atəşin "Sərhəd uzaqdaydı..." hekayəsini təqdim edir.

İnsanın özünü təsəlli etməsi qədər acınacaqlı bir səhnə yoxdur...

Sərhəd uzaqdaydı...

Yaralı bir ayaq, hiss etmədiyin əl, boynunda can verməkdə olan adam... “Çata bilməyəcəksən...” deyən məntiqimi dinləyə bilməzdim, məni irəli dartan tək şey ümid idi... Başımı qaldırıb “yaxınlaşdıqmı” deyə baxsam da, fərq yox idi. Sanki yerimdə sayırdım. Mən getdikcə sərhədi əvəz edən sıra dağlar uzaqlaşırdı.

İyirmi dəqiqə olardı ki, fasiləsiz addımlayırdım. Geriyə dönüb baxacaq zamanım yox belə idi. Hər an arxadan açılan atəş səsi, ardınca köksümü dəlib keçən metal, üz üstə yerə yıxılmaq, isti qan... Belə bir şey olacağını düşünür, bütün gücümlə irəli dartınırdım. Buradan mümkün qədər uzaqlaşmalı idim.

Leytenant boynumda arada nəsə deyir, tərpənməyə çalışırdı. Ayağımın altında xırçıldayan qar, təngnəfəsliyin gətirdiyi xışıltı onun zəif pıçıltısını eşitməyə imkan vermirdi. Nə danışdığınıbaşa düşmür, “hardayıq?”, “çatmadıqmı?” soruşduğunu düşünürdüm. Yalandan ümid vermirdim, sadəcə, “hələ var”, “möhkəm ol!” deyib davam edirdim.
Qar bəzi yerlərdə dizimi keçirdi. Hər yan ağappaq idi. Arada qarın altından boylanıb qaralan qayalar, başındakı ağ yükdən xilas olmuş ağaclar bu sonsuz ağlığın sərhədsiz olmadığını deyirdi. Relyefin kələ-kötürünü itirən bu ucsuz-bucaqsız hamarlığı arabir rastlaşdığım heyvan ləpirləri pozurdu. Ətraf qorxunc dərəcədə səssiz idi. Bu sükutu sadəcə bir az aralıdan axan, üzü donmuş çayın zəif şırıltısı qismən pozurdu. Soyuq idi, çox soyuq...

Boynumda yaralı bir adam, zorla yeriyirdim... Arada o, qımıldanıb dikəlməyə çalışanda tarazlığımı pozulur, hərəkətsiz qalmağını xahiş edirdim. Bəzən səssiz qalırdı, “yəqin, huşunu itirib” düşünürdüm, öldüyünü fikirləşmək istəmirdim. Onu torpağa vermək haqsızlıq olar. Leytenant elə-belə adam deyil...

Qarın içi ilə çox gedə bilməyəcəyimin fərqində idim. Sürətimi azaldırdı. Dərə ilə axan çaya doğru irəlilədim. Açıqlıqda hərəkət etmək peşəkarlığa zidd olsa da, başqa yolum yox idi. Buzun üstündə daha sürətlə gedirdim. Arada suyun daşlara çırpıldığı yerlərdə buz olmurdu, yenidən qara bata-bata getməyə məcbur olurdum... Taqətim tükənirdi. Lakin dayanmaq olmazdı, buralardan mümkün qədər aralanmalı idim. Bir azdan hava da qaralacaqdı. Canavarların, çaqqalların qan iyinə gələcəyi bəlli idi...

Hazırlıqsız yaxalanmışdıq. Yoxsa bizə heç nə edə bilməzdilər. Bir hərbi hissəni belə qıracaq qədər peşəkar tağım idik. Leytenant da bizimlə idisə, vəssalam... O, elə-belə adam deyildi. İndiyə qədər tanıdığım kəşfiyyatçılar içində o qədər cəsarətli, taktikalı, sərrast birini görməmişdim. Tağımda hamıdan cüssəsiz olsa da, həmişə bizdən bir addım öndə olurdu.

Hazırlıqsız yaxalanmışdıq... Bizim işdə təsadüf deyilən bir şey yoxdur, gəldiyimizdən öncədən xəbər tutmuşdular... Əməliyyatı yerinə yetirə bilməmişdik... Güman ki, tağımdan, yalnız ikimiz həyatda qalmışdıq. Onlardan da geriyə kiminsə sağ qaldığına inanmıram, yoxsa çoxdan arxamızca gələrdilər. Amma bu mənim şansımı artırmırdı. Ən qısa vaxta hadisə yerinə gələn dəstək izlərimizi aşkarlayacaqdı. Qarın örtmədiyi bir parça ərazi də yox idi ki, izimizi itirək... Şaxta iliyimə işləyirdi. Soyuq havanın yeganə avantajı oksigen bolluğu idi. Yoxsa çiynimdə snayper, boynumda leytenant, heç iki kilometr gedə bilməzdim...

Sərhəd çox uzaqdaydı...

Başqa yolum yox idi. Dayana bilməzdim. Aldığımız təlimlər sayəsində ayaqda dura bilirdim. Normal bir adam bu şəraitdə çoxdan yerə yıxılıb donub ölməyini gözləyərdi. Bizə ölmək belə qadağan idi. Hər şəraitdə sağ qalmaq öhdəliyimiz idi...

Birdən-birə həngamənin içinə düşmüşdük. Özümüzü toplayana qədər bizdən iki adam vurulmuşdu. Leytenant necə vuruldu, anlamıram. O, ruh kimi bir adam idi. Qumbaralar olmasa, bizə heç nə edə bilməzdilər. Leytenanta silah ver, dünyanı qırıb qurtarsın. Adam silahla bütünləşirdi sanki. O həngamənin içində gözünü belə qırpmırdı. Qorxu hissi ona yad idi, savaş başlayanda o sakit, daim gülümsəyən, mədəni adamın içindən elə bil bir canavar çıxırdı...

Leytenantın həyatda qalacağına ümidimi itirmişdim artıq... Ailəsinə ölümünün necə deyiləcəyini düşünürdüm. “Oğlunuz bir qəhrəman idi...” Bu onlar üçün nəsə ifadə edəcəkdimi? Atasının, anasının, bacısının necə haray çəkib ağladığı gözümün önündə gələndə bədənimdən gizilti keçdi. Ən dəhşətlisi isə, atası gəlib məndən “oğlum necə öldü?”, “son nəfəsində səninlə idi, nə dedi?” desə, nə cavab verəcəkdim?... Ağlımdan keçənlərdən dəhşətə gəldim. Əllərim boş olsa, başıma bir yumruq atardım! “Düşünmə, davam et, enerjini başına deyil, ayaqlarına sərf et!”
Qulaqlarım hələ də güyüldəyirdi. Bu qarşılaşma onlar üçün də ağır olmuşdu. Hər tərəf cəsədlərlə dolmuş, qar tala-tala qırmızıya boyanmışdı. Yaraladıqlarım bir yana, dörd adamı tək mən öldürmüşdüm. Leytenantın məndən az iki-üç dəfə çox adam vurduğundan əmin idim. Qumbaralar... Zibilə qalsın qumbaraları. Çox xain, mənasız şeydirlər!

Görəsən, öldürdüklərimiz hara gedəcək? Cənnətəmi, cəhənnəməmi? Biz ölsək, hara gedəcəyik? Onlarla eyni yerə? Lap deyək ki, hamımız cənnətə getdik, orada qarşılaşdıq? Cənnətdə də atışacağıq? Tanrı buna nə deyəcək? Yəqin yetərli bir izahı olacaq. Ağlımdan keçənlərə bax! Bunlar mənim işim deyil, molla deyiləm. Cənnət də, cəhənnəm də rədd olsun. Dayanmamalıyam... Boynumu zorla dikəldib irəli boylanıram.

Sərhəd uzaqdaydı...

Atəş səsləri kəsiləndən sonra özümü topladım. Leytenant yanımda qıvrılırdı. Qanım süzülə-süzülə onu zorla sürüyüb bir az hadisə yerindən uzaqlaşdırdım. İkimizi də qan aparırdı. Sol əlim parçalanmışdı, barmağımın biri üzülüb sallanırdı. Barmaqsız əlcəyimi belə çıxarmadım. Qış geyiminin üzərindən geydiyim nazik, ağ kamuflyajı bir zülmlə cırıb barmağımı yerinə qoyub əlcək qarışıq sarıdım. Sonra baldırımı da... Leytenantın gicgahının qanı dayanmırdı. İlk onu sarıdım. Sol tərəfini deşib keçən güllə yarasını sarımağın bir mənası yox idi, daxili qanaxma olacaqdı. Amma birtəhər sarğı qoyub onu boynuma aldım. Ağrı belə hiss etmirdim. Yaralarımdan çox şalvarın üzərindən baldırıma qoyduğum sarğı məni narahat edirdi, hər addım atdıqca dartılır, sanki nəyəsə ilişmişəm kimi ayağımı çəkişdirirdi.


Leytenantın gicgahından boynuma damlayan qanın istiliyini daha hiss
etmirdim. Ya qan dayanmışdı, ya da şaxtadan elə sarğıdaca donurdu... Artıq qımıldanmırdı. Ölmüşdü? Bir anlıq bu ucsuz-bucaqsız dərələrdə yalnız və yaralı olmağın vahiməsi çökdü canıma. Sürətimi artırmağa çalışsam da, olmurdu. Olmurdu... Bayaqdan boynumda daşıdığım Leytenantı tutduğu üçün hərəkətsiz qalan əllərim keyimişdi. Yavaşca qollarımı yanıma salıb silkələdim. Bir az keyi açılsın. Belimi bir qədər irəli əyib leytenantı tutmadan əllərimi oynada-oynada yeriyirdim. Heç on addım getməmişdim ki, sürüşüb tappıltı ilə boynumdan yerə düşdü. Yüngülləşdim. Dərindən bir nəfəs alıb başının üstündə yerə çökdüm. Qımıldanmırdı. Çox zəif nəfəs alırdı. Əlimi üzünə qoydum, az qala buzlamışdı... Çağırdım... Cavab yox idi.


Hava toranlaşırdı. Səma aydın olsa da, günəş görünsə də, elə bil alov şəkli idi; görüntü var, istilik yox... Onu boynuma qaldırmağa çalışdım... Mümkün olmayacağını anlayıb yenidən dizlərim üstə çökdüm... Sanki yerdən qaldıra bilmədiyim üçün sevinmişdim. Bu fikirdən səksəndim, bədənimə, ruhuma yad bir düşüncə idi... “Daşımamaq üçün bəhanə axtarırsan, əclaf?!”


Onu apara bilməyəcəyimi anlayırdım... Artıq mənası da yox idi. Leytenant ölürdü...Yaşam instinkti onu qoyub getməyi hökm edir, məntiqim, iradəm buna tabe olurdu... Başqa yolum yox idi... Ətrafa boylandım. Onu gizləmək üçün yer axtardım. Sürüyüb bükəkdəki kolun dibinə gətirdim. Bura qoyub getməyi düşünürdüm. Bir anlıq onu canlı-canlı parçalayan canavarlar gəldi gözümün qabağına. Vicdanım sızladı. Müharibəyə lənət oxudum. Hönkürmək istədim...Ağlamağı unutmuşdum. Bu necə bir peşədir, ilahi, insani duyğuları belə zamanla unudursan... Hər öldürdüyün adamla bir az ölürsən...


Gücümü topladım. Qaldırıb kolun başına qoymaq istəyirdim. Heç olmasa insan kimi... “Ölsün” deməyə dilim gəlmədi. Ona elə dərin bir sayğım var idi ki. Gözünü qırpmadan hamımız üçün ölümə gedərdi... Əlində-ovcunda nə olsa bizimlə paylaşırdı. Bəzən mənə elə gəlirdi ki, ona “ömründən iki il mənə ver” desəm, adəti üzrə səssiz-səssiz gülümsünüb “yaxşı” deyərdi. Heç vaxt anlamırdım: peşəsi adam öldürmək olan birində bu qədər böyük ürək necə ola bilər?


Əllərim tutmurdu daha. Taqətim yox idi. Onun hərəkətsiz, arıq bədənini kolun başına qaldıra bilmədim... Yenə zülüm-zülüm ağlamaq istədim. Çarəsizlik ölümdən dəhşətli imiş... Kaş ki möcüzə baş verəydi... Bizim işdə möcüzələr yox idi, möcüzəyə inanmaq da. Bizim işdə möcüzə özünsən, dəstək özünsən.
Onu kolun dibinə uzatdım. “Barı bir şey olardı, üstünü örtərdim... Görəsən, yerimdə olsaydı məni qoyub gedərdimi? Getməzdi! Bəlkə də, yanımda dayanıb, elə özünü də mənimlə ölümə tərk edərdi.
Kaş ki leytenant həkim olardı... Bir cərrah. Pasientləri üçün əlindən gələni edərdi. Təmənnasız. Kaş ki o öldürməyi deyil, yaşatmağı özünə peşə seçərdi, hamıdan uzaqda, bir dərdə, kolun dibində təkcə ölməzdi...
Son sözlərini demədən getməyi də ağır gəlirdi. Yanında eləcə dayanmışdım. Üzünə baxmağa ürəyim gəlmirdi. Ölüb-ölmədiyini belə yoxlamağa cəsarətim çatmırdı. Gözünü qırpmadan insanları qıran, nə qədər cəsəd görən biri qarşısında hərəkətsiz duran adamın üzünə baxa bilmirdi... Qalmağın mənası yox idi. Getməli idim. “Bağışla, qardaş, bağışla” deyib yalvardım. Dikəldim. Həm bir az dincəlmişdim, həm də dik gedə bilirdim. Daha sürətlə addımlayırdım, daha ümidlə... Qorxa-qorxa baxışlarımı üfüqdə dolandırdım.

Sərhəd uzaqdaydı...

Qaçmağa çalışsam da alınmır. Üstəlik buzun üstündə sürətli gedəndə, daha çox sürüşürəm. Susuzluq da bir yandan. Bu soyuqda nə susuzluqdur gəlib anlamıram. Dodaqlarım quruyub. Dilimi çıxarıb islatmaq belə istəmirəm. Ağzım donur. Dodaqlarımı kip sıxmışam... Özümə “dayanmaq olmaz” deyə təlqin edirəm. Leytenantsız daha çox yol qət etsəm də, itirdiyim qan, yorğunluq, gərginlik nəfəsimi kəsir. Snayper də bir yandan çiynimi salır. Başqa vaxt əlimdə diş çöpü kimi sərbəst oynatdığım sevimli silahım belə yükə dönüb...
Silahların içində ən sevdiyim elə snayperdir. İncə, füsunkar, qəmzəli... Onu sevirəm. Bir-birimizə bağlanmışıq. Onun nazı ilə oynamaq mənə zövq verir. Tətiyini belə həmişə yumşaq sıxmışam. Bir ad da vermişəm – Mjolnir!

Yunan mifolojiyasında tufan tanrısı Torun çəkicinin adı olub. Ordan götürmüşdüm.Mənası “dağıdıcı”, “ildırım” deməkdir. Onu Tora sirli-sehrli sənətkarlığı ilə məşhur olan ustalar – mağaralarda yaşayan cırtdanlar düzəlmişdi. Torun çəkici sahibinə bağlı idi, hara atsa da, düşməni öldürdükdən sonra, yenidən Tora qayıdırdı. Həm Mjolnir yalnız öldürücü silah deyildi, o həyat da verə bilirdi. İkili xüsusiyyətinə görə o çəkicə heyran olmuşdum. “Kaş elə bir silahım olardı” deyə arzulayırdım uşaq vaxtlarımda. Mənim snayperim də mənə bağlı idi. Üstəlik təkcə məhv edici silahı deyildi, düşmənlərə ölüm, dostlarıma isə həyat idi. O qədər adamı qoruyub ki, mənim Mjolnirim...
Məncə, silahların içində qadına bənzəyən bircə snayperdir. İşini uzaqdan, hay-küysüz görür. Sakitcə dayanıb lazım olan anda ortaya çıxmağı yaxşı bacarır. Zərif, lakin güclü, qadınlar kimi həssas.

Mjolniri düşmən torpağına atıb getmək ağır gəlirdi. Xainlik idi. Amma təsəllim var idi yenə; mənsiz bir heçdir, özümü xilas etməliyəm... Onu çayın kənarında iri daşın altına soxdum. Silahsız özümü çılpaq hiss edirdim. Bir-iki addım getməmiş yazda sel gələndə qumun altında qalacağını düşündüm. Qayıdıb daşın altından çıxardım. Çaydan bir az aralıda kolun içinə soxdum. “Mütləq, geri gələcəyəm Mjolnir, gələcəyəm” dedim...” Deyəsən, bu təsəllini ondan çox özümə edirdim, qurtulacağıma dair bir ümid verirdim özümə... İnsanın özünü təsəlli etməsi qədər acınacaqlı bir səhnə yoxdur...


Çayın bitdiyi yerə çatmışam. Yolun ən çətini burdan sonra başlayır.
Sərhəddə qədər dağa dırmanmaq... Oradan sonra necə olacağını da bilmirəm. Ancaq ümidliyəm... Yamaca dırmanmağa başlayıram. Buz parçasına dönən ayaqlarım bədənimi saxlaya bilmir. Addımlarımın arası 20-25 santimetrancaq olar. Özümə hökm etməyə çalışıram. Bu addımlarla sərhəddə çatmağım mümkün deyildi ki. Dırmanmağa davam edirəm. Dərədən uzaqlaşdıqca küləyin gücünü də hiss edirəm. Qarı sovurub üzümə çırpır. Kirpiklərimdən, qaşlarımdan qırov sallanır. Önümü görmək çətinləşir... Ayaqlarım sözümə baxmır. Büdrəyirəm. Əllərimi havaya atsam da, dayana bilmirəm. Donmuş barmaqlarım kol-kosdan tutub məni saxlaya bilmir. Dərəyə yuvarlanıram. Gözlərim yumulu, donmuş əllərimi sağa sola atıram... Tappıltı ilə dərəyə düşürəm... Dağın, qarın, küləyin, müharibənin var-yoxunu söyürəm yana-yana. Yıxıldığı üçün torpağa qəzəblənib ağlayan uşaq kimi hiss edirəm. Hər şeyi güllələmək istəyirəm. Boğazımdan içəri dolan qarı keyimiş əllərimlə təmizləmək olmur. Az-az əriyib bədənimə axır...
Zorla dırmandığım 20-30 metr məsafə mənə ekvator qədər uzun görünür. Köpək kimi əllərim yerdə, dizlərim üstə başımı aşağı sallayıb dayanıb dincəlirəm. “Yaxşı ki, suya düşmədim. Bu şaxta ilə elə burdaca donardım...”


Dizlərim üstə dayanmışam. Sakitləşmişəm bir az. Hər şey elə qəribə gəlir ki... Nədir insanların dərdi? Nəyin davasıdır axı? Niyə sülh içində yaşaya bilmirik? Ağızdolusu “müharibə”, “müharibə” deyənlər, görəsən, heç savaş görüblərmi? Sevdiyin insanların gözünü önündə parça-parça olmasını, qiymətli adamları ölümə tərk etməyin dəhşətini dərk edirlərmi? Mərminin bədənini dəlib keçməsini, sümüklərinin parçalamasının necə hiss etdirdiyini bilirlərmi? Ya da bədəninə bitişik olmalı olan ayağının səndən üç metr aralıda necə göründüyünü, “bu mənim ayağımdırmı?” deyə dəhşətlə özünü yoxlamağını anlayırlarmı? Məncə, müharibəyə can atan adamların çoxu şüuraltı olaraq hesab vermədən, həbs olunmadan adam öldürmək arzusunda olanlardır. Adam öldürmək asandır, əsas məsələ bununla yaşaya bilməkdir. İnsanlar dəhşətli canlıdır...

Sərhəd uzaqdaydı...

Məsafə azalsa da, yolum çətinləşmişdi. Hava qaralırdı. Çovuyan qardan ətrafı görə bilmirdim. Artıq yerimək mümkün deyildi. İməkləyə-iməkləyə dırmanırdım. İndi daha diqqətli idim, bir səhvlə dərəyə yumbalanacağımı öyrənmişdim. Bəzən qarın xırçıltısını eşidəndə diksinirdim. Bura qədər canavarların arxamca gəlməməsi şansım idi... Şans?! Dediyim sözə gülməyim gəldi. Bu gün şans sərhəddən daha uzaqda idi... Tapançama yoxladım. Üzərimdə idi... Canavarlar gəlsə... Axmaqlayıram. Donan barmaqlarım tətiyi sıxa bilməz. Canavarlar gəlsə, bədənimi necə parçaladıqlarına, ətimi didikləyib acgözlüklə udmaqlarına şahid olmaqdan başqa yolum olmayacaqdı... Üstəlik burada atəş açmaq, diri-diri gömülmək demək idi. Silahın gurultusundan o dəqiqə qar uçqunu başlayardı. Bu nəhəng kütlənin altında diri-diri gömülərdim. Canavarlar yaxşı idi. Açıq səmaya baxaraq ölmək diri-diri gömülməkdən daha ləyaqətli, daha asan ölümdür...

Ümidim də donur deyəsən... Acınacaqlıdır, az öncə leytenantın öldüyünü ailəsinə necə deməyi düşünmüşdüm. İndi öz ölümüm... Təntənəli bir dəfn mərasimi, bütün qohumlar, yaxınlar doluxsunub... Evimizdəki ah-nalə ətrafa yayılır... Hamı dalımca ağızdolusu danışır, uşaqlıqda necə qanacaqlı, ürəkli olduğumu deyir. Qısası, adamın ölümə tamahı düşür. Amma anam... İnanmıram məndən sonra yaşaya bilə. “Hərbiyə gedirəm” deyəndə əlini dizinə çırpıb bircə dəfə “eləmə, qurbanın olum...” demişdi. Dirəşməmişdi. Bilirdi ki, dedimsə, edəcəyəm. Dikbaş, saymazyana olmuşam. Kaş ki olmazdım...

Görəsən, bir mühəndis, ya da şöhrətli idmançı olsam, ölümüm necə olardı? Hərbçi olmasaydım, insanlara daha faydalı nə ola bilərdim? Uşaqlarımla, qadınımla bir evdə yaşlanmaq, qışda qonşularla, dostlarla yığışıb domino oynamaq...
Sürünürəm. Heyrətə gəlirəm, bu qədər yolu necə dırmandım, anlamıram. Həyat eşqi necə bir gücdür, necə bir sirdir ki, insanı ölməyə belə qoymur?! Başqa vaxt kiminsə belə şərtlərlə bu qədər yolu gəldiyini desəydilər, bircə kəlimə “basıb bağlamayın” deyərdim...

Şaxta şiddətlənib. Dodaqlarım, deyəsən, donub bir-birinə yapışıb. Aralamaq istəyirəm, ağzım açılmır... Gücüm tükənib. Sərhəddə çox yaxınlaşdığımı bilirəm. Çünki, nisbi maili yerdə olduğumun fərqindəyəm. Başımı qaldırmağa heyim yoxdur. Son gücümü ancaq irəli dartınmağa sərf edirəm... Artıq iməkləmirəm, sürünürəm. Ya da süründüyümü, davam etdiyimi düşünürəm. Fərqində deyiləm. Üzüm soyuq qara dirənsə də, heç nə hiss etmirəm. Beynimin əllərimə, ayaqlarıma “irəli” deyə verdiyi komandanı bədənim yerinə yetirirmi? Ayaqlarımı, əllərimi, həqiqətən, tərpədirəmmi? Bəlkə, mənə elə gəlir? Bəlkə, bayaqdan donmuşam, bilmirəm? Ölmüşəm, bəlkə, xəbərim olmadan? Ölmüşəmsə, deməli, ölüm o qədər də əziyyətli, çətin deyilmiş. Əksinə, çox rahat... Nə düşünürəm düşünüm, fərqi yoxdur, beynim “dayanmaq olmaz!” deyə əmr edir, irəli dartınıram...

Yerdən qaldırıldığımı hiss edirəm. Zorla gözümü açıram, qarın içindən dik götürüb sürətlə aparırlar. Nə danışdıqlarını, kim olduqlarını, hara apardıqlarını bilmirəm. Dostmu, düşmənmi anlamıram. Səslər eşidirəm, lakin qavraya bilmirəm eşitdiklərimi. Hər yer yenə qaranlıqlaşır, gözlərim yumulur...Anlamıram, qaralan mənim həyatımmıdır, yoxsa gecə düşüb...

# 2175 dəfə oxunub

Oxşar xəbərlər

Gertruda Komorovskaya - Həmid Piriyevin yeni hekayəsi

Gertruda Komorovskaya - Həmid Piriyevin yeni hekayəsi

15:00 22 noyabr 2024
Yay tətilini necə keçirdim - Əli Zərbəlinin hekayəsi

Yay tətilini necə keçirdim - Əli Zərbəlinin hekayəsi

11:24 22 noyabr 2024
İdmançının sevgilisi - Günün hekayəsi

İdmançının sevgilisi - Günün hekayəsi

13:16 21 noyabr 2024
Azyaşlı baldızı ilə evlənən qoca – Çəmənzəminlinin hekayəsi

Azyaşlı baldızı ilə evlənən qoca – Çəmənzəminlinin hekayəsi

16:40 18 noyabr 2024
“Ka”nı xoşbəxt edən yazıçı - Sonası Vəliyevanın hekayəsi

“Ka”nı xoşbəxt edən yazıçı - Sonası Vəliyevanın hekayəsi

15:00 17 noyabr 2024
Tənhalıq həsrəti - Rüstəm Dastanoğlunun hekayəsi

Tənhalıq həsrəti - Rüstəm Dastanoğlunun hekayəsi

13:05 16 noyabr 2024
# # #