Kulis.az "İlin hekayəsi" müsabiqəsində iştirak edən Mələk Əkbərin "Sərçə" hekayəsini təqdim edir.
Bu sabah yenə fikirli idi, yerindən qalxmaq istəmirdi. Son yaşadığı itki onu dekabr soyuğu kimi dondurmuşdu. Nə evdəki kəsif iyi, nə də adamın iliklərinə işləyən soyuq vecainə idi. Sanki özünü bütün hadisələrin səbəbkarı imiş kimi cəzalandırır, hansısa naməlum sonun gəlməsini gözləyirdi.
Çöldə qar yağır, qar dənəcikləri nizamsızca ətrafa səpələnirdi. İllərdir ki, buralara qar yağmırdı.
Bugünsə təbiətin təkrarolunmaz gözəllik bəxş etdiyi bu qar dənəcikləri neçə mil yol qət edərək özlərini bayrama yetirməyə çalışırdı. Axı onların görüşünü nə qədər adam gözləyirdi. Bayırdan qartopu oynayan uşaqların gülüş səsləri gəlirdi, uşaqlardan biri o birini qara boğur, cırnadırdı. Qar adamının burnuna yerkökümü, yoxsa kömürmü qoymaq lazım olduğu barədə qızğın müzakirə gedirdi. Bu, onun qəlbində maraq oyatsa da, özünü saxlayırdı. Yox, elə burada, yerində qalmalı idi. Üstəlik, nə mənası vardı axı bu bayramın da, təqvimdə sadəcə bir gün idi, saat on ikini keçəcək və hər şey öz əvvəlki axarına qayıdacaqdı.
Gözlərini yumdu, onu bütün dünyanın yükündən qurtaracaq yuxunun gəlməyini gözlədi. Ancaq yuxu onun kimi tələskən deyildi, onu ən çox ehtiyac duyduğu, ən müdafiəsiz anında gözlədə bilirdi.
Qəhər boğazında düyünləndi, gözləri yaşla doldu, qaçmaq istədiyi bütün xatirələri, bütün duyğuları gözünün önündən keçib getdi: Uşaqlığının qəhrəmanı olan atası qəfil yoxa çıxmışdı, özündən sonra nə bir məktub, nə də təsəlliedici bir söz qoyub getmişdi. Bununla da, bütün itkilərinin təməli qoyulmuşdu... Atasının gedişindən sonra anası və kiçik qardaşı ilə birgə yaşadığı, sığındığı bütün xatirələrin məbədi olan evlərini ehtiyac ucbatından satmalı olmuşdular. Arada uzaqdan da olsa, həmin evin həndəvərində gəzərək köhnə xatirələrlə qızınmışdı. Sonralar sökülüb yerinə gözəl, gözoxşayan bina tikilsə də, o istilik birdəfəlik tarixə qovuşmuşdu onun üçün. Qoparılan taxta parçaları ilə birlikdə gülüşləri, şıltaqlıqları, yaramazlıqları – uşaq təbiətinin bütün rəngləri sovrulub getmişdi. Böyüməyinə də elə o vaxtlar qərar verilmişdi...
İllər keçdi. Qardaşı böyümüşdü, artıq əcnəbi ölkələrin birində oxuyurdu, başqa reallığı, başqa arzuları vardı. İndi onunla ayaqlaşa biləcək taqəti olmadığını hiss edirdi. Qardaşı üçün sürətlə keçən zaman onun üçün istisna bir şəkildə ləngimişdi. Həyat necə amansız idi, arzular doğma insanları necə yadlaşdıra bilirdi... Ancaq həyatı heç də həmişə pis olmamışdı. Tale üzünə bir dəfə gülmüşdü. Sevdiyi insanla evlənmişdi. Bəli, necə olmuşdusa, aid olacağı bir yer tapmışdı. Gözdən uzaq saxladığı, heç kimlə bölüşmədiyi bütün sevgisinə sahib çıxacağını düşündüyü biriylə rastlaşmışdı. Ancaq bu xoşbəxtliyin də ömrü uzun çəkməmişdi. Uşaqlarının olmaması aralarında soyuqluq yaratmış, ailələr arasında lazımsız söz-söhbətə səbəb olmuşdu.
Mənəvi yorğunluğu qaradinməz və adamayovuşmaz təbiətini daha dözülməz hala gətirmişdi. Bütün bunlar hər ikisi üçün ağır keçmişdi. Nəhayət, üç ildən sonra ayrılmağa, bu sonsuz əzabın bitməyinə icazə vermişdilər. Elə həmin il ömrünün on beş ilini həsr etdiyi birlik onu naməlum səbəbdən işdən çıxarmış, o da əlindən gələ biləcək bütün işlərə baş vurmuş, ancaq heç bir yerdə daldalanacaq tapa bilməmişdi. Heç bir qol onu öz ağuşuna almamışdı, qəbul edilməsi çətin həqiqət kimi olmuşdu hamı üçün. Müəmma dolu hər itki bir parçasını aparmışdı ondan... Bütün bunlar sanki bir anda baş vermişdi. Qarışıq hisslər onu öz məngənəsinə aldı. Sanki qaçmaq istəyirdi, ancaq ayaqları yerə mıxlanıb qalmışdı. Elə bil, köksünə saplanmış xəyali ox nəfəs almağını çətinləşdirirdi.
O, bütün bayramlarda heç nə olmamış kimi iştirak etmişdi, hər kəslə birlikdə gülmüş, hamıyla birgə əylənmişdi. Elə bil, bütün bu baş verənlər onun həyatında yox, hansısa kitabda yaşanmışdı. İndi bu yalandan ayılmaq vaxtı idi, məhz indi o, bütün bu yaşananlarla üz-üzə idi. Anasının ölümündən sonra tək-tənha yaşadığı bu birotaqlı, nimdaş evdə onu ovudacaq heç kim yox idi. Acı gerçəklə üzləşmişdi, hər kəs onu tərk edəcək qədər cəsarətli idi.
Xəyalı əlindən tutub onu qəfil yenə uşaqlığına, atasının onu əbədi olaraq tərk etdiyi vaxta apardı. O vaxtdan susqunluğa bürünmüş anası bu mövzu hər dəfə açılanda özünü eşitməzliyə vurur, sanki xəyali bir adamla danışırmış kimi tamamilə ayrı cür ünvanlanmış suala cavab verirdi. Bir gün təngə gəlib həyatında ilk dəfə ona qışqırmışdı: “Gedənlər heç vaxt qayıtmır. Əbəs yerə gözləmə. Atan bir də qayıtmayacaq”. Ancaq o, buna inanmamışdı. Axı atası hər gün onun yuxularına gəlirdi. Ola bilməzdi ki, onu əbədi tərk etsin. İllər keçdi, o böyüdü, artıq özünü inandırdığı bu yalanla ovunmurdu. Neçə itki yaşamışdı, heç kim qayıtmamışdı.
Aram vermədən süzülən göz yaşları uzun sürən qadağadan sonra artıq çölə çıxmağa icazə verilən uşaqlar kimi rahatlıq bilməyən azadlıq hissilə üzünün müxtəlif yerlərinə doğru yayılırdı. Ağzında duz dadı hiss edənədək nə olduğunu dərk etməmişdi. O ağlayırdı. Hə, ağlayırdı. İlahi, demək, nəhayət cəsarətini toplayıb özü ilə üzləşmişdi. Bu göz yaşları neçə il gözləmişdi bu azadlıq üçün. Neçə qış, neçə bayram keçmişdi onlarsız. Varlıqları unudulmuş, bir kənara atılmış, lazımsız əşya kimi öz vaxtlarını gözləmişdi.
Belə neçə dəqiqə keçdiyini hiss etmədi. Ağırlaşan göz qapaqlarını yumdu...
Pəncərə tərəfdən gələn tıqqıltı səsinə oyandı. Gözlərini açdı. Ancaq ora baxmağa cürət etmirdi. Onun indi düşünəcək çox şeyi vardı. Səssə getdikcə güclənirdi. Yox, bu lap ağ eləmək oldu. Yerindən götürüldü, bu hədsizliyə son vermək üçün özüylə pəncərə arasındakı qapını bağlamağa getdi. Sonra nə oldusa, onu xatirələrindən ayıran səsin mənbəyini görmək üçün pəncərəyə yaxınlaşdı. Bir cüt məsum göz qımıldanmadan ona baxırdı. “Yəqin, yemək dalınca gəlib” deyərək geri, öz yerinə qayıtdı. Bu sərçənin də lap ağlı çaşmışdı, bu bayram günündə hər yerdən yemək qoxusu gələrkən bu sərsəm quş niyə onun evinə gəlmişdi? Pəncərə yenə tıqqıldanırdı. Bu dəfə fikir vermədi. “Yəqin, bezib gedər” deyə öz-özünə düşündü. Ancaq səs yenə təkrarlanırdı. Başını qaldırıb yenə pəncərəyə tərəf baxdı.
Sərçə qanadını bir neçə dəfə qaldırsa da, uçmurdu. Təəccübləndi. Pəncərəni açdı, quş yenə tərpənmirdi, qorxub-ürkmədən yerində dayanmışdı. Əlini uzadıb quşu ovcuna götürdü. Əlində nəmlik hiss elədi, bu, qan idi. Yazıq quşun qanadının altı qanayırdı. Haradasa hücumamı məruz qalmışdı, bir yerəmi ilişmişdi, bunu demək çətin idi. Ancaq bir şey bəlli idi: qanayırdı, əzab çəkirdi. Bircə bu çatışmırdı. Bu haradan çıxmışdı axı? Öz dərdi özünə bəs idi, indi də bu sərçə. Ancaq quşu belə buraxa bilməzdi.
Bir şey etməli idi. Quşu ovcuna alıb köhnə, cırıq paltarlardan birinə bükdü. Evi ələk-vələk edib onu sağaltmaq üçün lazım olan şeyləri tapdı. “Bu axmaq quş da sağalan kimi məni tərk edəcək” deyə öz-özünə düşündü. Sərçə qəfil cikkildədi. Gülümsədi. Ürəyindəkilərin təsdiqinimi eşidirdi, yoxsa əksinimi, bilmədi. Hər halda sərçə indi təkliyi ilə bağlı yazdığı hekayənin antoqonist qəhrəmanı idi. Mətbəxə keçdi, nəlbəkilərdən birinə su, digərinə çörək ovuntusu töküb geri qayıtdı. Sərçə qabağındakıları dimdikləməklə məşğul idi. Diqqətlə onu bütün bu tənhalığından ayıran balaca məxluqa baxırdı. Öz dərdini unutmuş, onun dərdinə düşmüşdü. İndi nə edəcəkdi? Bu yazığı soyuqda çölə buraxmaq olmazdı, ancaq evdə tək qoyub başqa yerə də gedə bilməyəcəkdi.
Axşam düşürdü. Əsəblərinin tarıma çəkildiyini hiss edirdi, çölə çıxmaq, siqaret çəkib həyətdə bir az gəzişmək istədi. Sərçəni ovcuna alıb paltosunun içi cırılmış, böyük cibinə qoydu, elə etdi ki, quş nəfəs ala bilsin.
Onun daxili aləmi ilə müqayisədə çöldə əsl bayram ab-havası hökm sürürdü. Balkondan-balkona hər kəs bir-birini təbrik edir, növbəti bayrama belə çatacaq arzular edir, bəziləri kimisə bişirdiyi hansısa gözəl yeməyə dəvət edirdi. Uşaqlarsa ilk qar sevincindən evə yığışmaq istəmirdi. Bəlkə də, bu qar bəzilərinin həyatında gördüyü ilk qar idi. Axı buralara neçə vaxtdır, qar yağmamışdı.
Yadındadır, uşaq vaxtı o da anasıyla qar üstündə dava edərdi. Anası nə qədər tənbeh eləsə də, şıltaq təbiəti etibarilə qalın geyinməz, əliyalın qardan adam düzəldərdi. O soyuğu indi də hiss edirdi qulaqlarında. Bircə dəqiqə, bu soyuq keçmişdən gəlməmişdi. Bu, elə indi ona ünvanlanmış qartopu zərbəsinin soyuğu idi. Arxaya çevrildi. Yaşları altıdan artıq olmayan bir neçə uşaq ona baxıb bic-bic gülüşürdü. Özündən asılı olmadan o da bu gülüşlərə qoşuldu. Əlinə bəyaz qardan bir topa alıb birinə doğru tolazladı. Başı oyuna qarışarkən yadına cibinə qoyduğu sərçə düşdü. Əlini cibinə atdı, quş yerində deyildi. Hər tərəfə baxdı, ancaq yox idi. Uşaqlar durmadan ona qartopu atır, onun bu başını itirmiş halına gülürdülər. Qəfil arxası üstə yıxılıb düşdü, gözləri səmaya zilləndi, gözünün önündə balaca bir nöqtənin hərəkətini izləyirdi. Uşaqlar qartopu zərbələrinə davam edirdilər. Qar getdikcə şiddətlənir, qar dənəcikləri kirpiklərini ağırlaşdırırdı. Haradasa uzaqlarda kimsə yeni il mahnısına qulaq asırdı...
Yuxudan ayıldı, cəld yerindən götürülüb pəncərəyə doğru addımladı. Qarşısında heyrətamiz mənzərə canlanırdı. Gülümsədi. İndi sərçələrin zərif pəncələri ilə ağappaq qar üzərinə naxış toxumaq vaxtı idi...