"Sağalırlarsa, Məryəm Ananın mərhəmətidir, ölərlərsə, bizim günahımızdır..." - İtalyan yazıçıdan sitatlar

"Sağalırlarsa, Məryəm Ananın mərhəmətidir, ölərlərsə,  bizim günahımızdır..." - İtalyan yazıçıdan sitatlar
2 sentyabr 2026
# 14:00

Bu gün italyan yazıçı Covanni Verqanın doğum günüdür.

Kulis.az onun əsərlərindən sitatları təqdim edir.

O, hər şeyə - sillələrə, təpiklərə, bel sapı və ya yük kəmərinin zərbələrinə, hər kəsin onu söyməsinə və lağa qoymasına, qollarını və belini on dörd saatlıq işdən qırıb daş üstündə yatmağa artıq adət etmişdi; ağası cəza olaraq çörəyini və ya şorbasını əlindən alanda ac qalmağa belə alışmışdı.

***

Alessi soruşdu:
– Niyə dəniz bəzən yaşıl, bəzən firuzəyi, bəzən ağ, bəzən də lava kimi qara olur? Niyə heç vaxt sadəcə su rəngində olmur?
Babası cavab verdi:
– Bu, Allahın iradəsidir. Dənizçi məhz bu cür bilir ki, nə zaman dənizə çıxmaq olar, nə zaman sahildə qalmaq daha yaxşıdır.

***

Heç payız yağışından sonra xiyabandakı qumun üzərində qarışqa ordusunu dağıtmalı olmusunuzmu? O yazıq məxluqlardan biri çətirinizin halqasına yapışıb əzabdan qıvrılacaq, lakin digərləri beş dəqiqəlik panika və vurnuqmadan sonra yenə də ümidsizcəsinə öz kiçik qonur təpəciklərinə yapışmağa qayıdacaqlar.
Siz həqiqətən də ora qayıtmazdınız, mən də qayıtmazdım; lakin bəzi cəhətdən qəhrəmancasına olan bu tərsliyi başa düşmək üçün biz də özümüzü kiçiltməli, bütün üfüqü iki kəsək torpaq arasında daraltmalı və kiçik ürəkləri döyündürən kiçik səbəblərə mikroskopla baxmalıyıq.

***

Don Çıço öz-özünə pıçıldaya-pıçıldaya uzaqlaşdı: «Budur, sənə çatan təşəkkür! Həmişə eyni şeydir: əgər sağalırlarsa, deməli, Məryəm Ananın mərhəmətidir, yox, əgər ölərlərsə, onda hər şey bizim günahımızdır.

***

San-Covannidə səhər tezdən ibadət zəngi çalınırdı; lakin qəsəbə hələ də şirin yuxuda idi, çünki üç gündür yağış yağmışdı və səpin sahələrində ayaqlar dizə qədər bataqlığa batırdı. Qəfil səssizlikdə bir uçqun səsi eşidildi; kömək istəyən Sant-Agatanın cingiltili zəngi, çölə köynəkdə qaçıb:
— Zəlzələdir! Müqəddəs Böyük Qriqori! — deyə qışqıran, qapı-pəncərəni çırpan insanlar göründü.
Hələ qaranlıq idi. Uzaqlarda, Alianın geniş qara düzənliyində tək-tük kömürçü ocağının işığı, solda isə Paradisonun uzun yaylasında səhəri kəsən alçaq buludun üzərində səhər ulduzu parıldayırdı. Bütün təbiətə itlərin kədərlə ulayan səsi yayılmışdı. Və dərhal aşağı məhəllədən həyəcan təbili çalan San-Covanninin gurultulu böyük zənginin səsi gəldi; ardınca San-Vitonun çatlamış zəngi; daha uzaqda baş kilsənin zəngi; elə bil kiçik meydançadakı sakinlərin başının üstünə düşəcəkmiş kimi görünən Sant-Agatanın zəngi səsləndi. Bir-birinin ardınca monastırların – Kollec, Santa-Mariya, San-Sebastiano, Santa-Terezanın da kiçik zəngləri oyanmışdı; qaranlıqda damların üzərindən qorxaraq qaçışan ümumi bir zəng səsi qopdu:
— Yox! Yox! Bu, oddur!... Traonun evində yanğın var!... Müqəddəs İohan Baptist!

Rus dilindən tərcümə: Aydan Ağayeva

# 124 dəfə oxunub

Oxşar xəbərlər

"Ağrı “işlənməli” və yumora çevrilməlidir..." - Nobel mükafatçısından sitatlar

"Ağrı “işlənməli” və yumora çevrilməlidir..." - Nobel mükafatçısından sitatlar

14:15 1 sentyabr 2026
"Sən bilən, qocalar niyə tez dururlar?" - "Qoca və  dəniz" əsərindən bir hissə

"Sən bilən, qocalar niyə tez dururlar?" - "Qoca və dəniz" əsərindən bir hissə

13:00 1 sentyabr 2026
Ekskursiya - Orxan Həsəninin yeni hekayəsi

Ekskursiya - Orxan Həsəninin yeni hekayəsi

12:00 1 sentyabr 2026
Bulud xatun və Beyrək - Kamal Abdullanın yeni hekayəsi

Bulud xatun və Beyrək - Kamal Abdullanın yeni hekayəsi

17:00 31 avqust 2026
Balaca qara balıq - Səməd Behrənginin hekayəsi

Balaca qara balıq - Səməd Behrənginin hekayəsi

14:30 31 avqust 2026
Yağmursuz havalar - Saday Budaqlının hekayəsi

Yağmursuz havalar - Saday Budaqlının hekayəsi

11:30 30 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər