Kulis.az "İlin hekayəsi" müsabiqəsində iştirak edən Ofelya Vəliyevanın "Quru kül və bəyaz qar" hekayəsini təqdim edir.
“Zamanın başlanğıcında səma uçan fillərlə dolu idi. Onların gövdələri qanadlarına ağır gəlirdi. Tez-tez xoş bir sükunət içində mürgüləyən meşələrə soxularaq digər heyvanları qorxudurdular.
Bütün uçan fillər Qanqın mənbəyinə köçdülər. Dünyaya yerləşmək üçün qanadlarından imtina etdilər. Milyonlarla qanad yerə düşdü, üzərini qar örtdü və Himalay doğuldu...”
Bəlkə də, bu bir əfsanədir, uydurmadır. Himalay dağlarının niyə yerdən yuxarı qalxdığının və zirvələrinin padşahların taxtından belə yüksəkdə olduğunun səbəbini heç kim bilmir. Bu, isə istər-istəməz uydurmanın gerçəkliklə qovuşması deməkdir.
Melodiyası zehni sakitləşdirən musiqinin buxur dadı onun alnından onurğasına doğru axırdı. “Əgər vaxtını bizə ayırsan, bu anını dəqiqələrə çevirəcəksən. Dəqiqələrini saatlara, saatlarınısa günlərə. Bizimlə birlikdə yaşadığına görə səni qucaqlayacağıq, sevəcəyik. Sevgi haqqında hər şeyi yenidən öyrənəcəksən. Ölənə qədər ömrünün hər anında utanmadan, zərafətlə nəfəs alıb, rəqs edəcəksən. Bu bir mükafatdır, sənə aid olan yeganə şeyi – zamanını bizə verdiyin üçün...” Sözlər beynində əks-səda doğurduqca, əsla düşməyəcəyini düşündüyü qaranlığın sürətlə dağın sinəsinə çökdüyünü gördü. Bədənini əsməcə tutdu, həyəcandan özünü itirməmək üçün bütün iradəsini işə saldı. Onun düşməni əsla qorxunu bağışlamazdı.
Yoxsa qarşısındakı düşməni deyildimi?
Hiyləgər məxluqlarla söhbət etmək və onlardan yararlanmaq rahib İşhankın yeganə sevimli məşğuliyyəti idi. O, digər rahiblər kimi deyildi, saçlarını kəsməmişdi, narıncıdan çox, tünd qırmızı rəngli kətandan cübbələr geyinirdi. İşini inancından dolayı deyil, arzusuna görə yerinə yetirirdi. Kainatda baş verənləri öyrənmək maariflənməyə aparan ən qısa, lakin ona görə ən qeyri-mümkün yol idi. Bəs başqaları artıq hər yeri gəzib, görüb, anlatmaq üçün başqa qulaqlar axtarırlarsa?
Aylarla səyahət etmişdi. İlin bu vədəsi Honjin məbədinin ətəkləri qarla örtülü olurdu. Məbədin arxivində gizli qalmış bir ipucuna aid tamamən dedi-qodulardan ibarət başqa bir ipucunun arxasınca düşmüşdü. Ömrü pıçıltıları dinşəməklə keçirdi, hərgah soyuqdan yerindəcə donub qalsaydı, bir an belə peşmançılıq hiss etməzdi. İşhank düşündüklərinə inanan biriydi. Din qardaşları kimi təbiəti dinləmək və təbiətlə bir olmaq onu bu və ya digər şəkildə dərk etməyə vadar edə bilərdi. Ancaq inandığı həqiqətin “gözləmək” deyil, “axtarmaq” olduğunu anladığı gün ustad Nimit ona “Gözünün gördüyünün deyil, ürəyinin gördüyünün arxasınca düş ” demişdi. Din qardaşları qaranlığın gəlişini anlamaq və ona müqavimət göstərmək üçün hər gün səkkiz saatlarını dualara və sutralara ayırarkən o günəşdə və qarda yorulmadan yeriyir, daşlı-kəsəkli çölləri, quru yamacları arxada qoyur, məbəddən-məbədə, kitabxana rəflərinə, tarixi köhnə-kürüşlərin yığılıb qaldığı sandıqlara baş vururdu. O, dövrünün ən böyük xəzinə ovçusu idi və bunun fərqində belə deyildi.
İşhank Honjin məbədinin kitabxanasında kif basmış üzünün altındakı nəmdən çürüyən vərəqlərin arasında o həzin səsi duymuşdu. Əlindəki kitabda nə vardı? Hərflər hüdudsuz çöllərə səpələnmiş boz kəndləri xatırladırdı. Cümlələrin yarısını belə başa düşməmişdi, sadəcə göz gəzdirmişdi, üç yüz altmış ikinci səhifəyə çatanda olan olmuşdu. Latınca əsərlər onun əsas mütaliə mənbəyi idi, lakin bu kitabda İşhankı özünə cəlb edən başqa bir şey vardı. Adını verə bilmədiyi, buxovsuz bir güruhun yardım əzabını ürəyinin dərinliklərində, həmişə həqiqəti gördüyünə inandığı daxili gözlərində hiss edirdi.
“Əgər bizə vaxt ayırsan, mükafatın böyük olacaq” - sonunda belə yazılmışdı. Elə yumşaq və eyni zamanda elə kəskin idi ki, istənilən ağıldan kəm adam belə ondan şübhə edə bilərdi. Ancaq bu dəfə İşhank görən ürəyinin xəbərdarlığına məhəl qoymadı. Ömrünün 62 ilini gəzməyə, oxumağa, araşdırmaya həsr edən uzun, donqar burunlu, boz saçlarının haləsindəki dərisini qonur ləkələr örtmüş, hər zaman sifətdən qayğılı görünən rahib sirli kitabdakı qeyri-insani qüvvənin dilindən əbədi həyat vədini eşitdiyi an, bu fürsətdən istifadə etməsə, duyacağı peşmanlığın gələcək xatirəsiylə sarsılmışdı.
Ustad Nimit onun indi bu tənha kitabxananın küncündə qan-tər içində sayıqladığını görsəydi, nə deyərdi? Ağzından nə mənaya gəldiyi anlaşılmayan ifadələr tökülərkən digər sirli səsin də onu müşayiət etdiyini duysaydı, İşhankı xilas edərdimi? Daha vacibi, İşhank etdiyinin böyük günah olduğunu bilsəydi, bundan vaz keçərdimi? Otaqda zəif əks-səda doğuran səsin gücü get-gedə artdı. Dünyanın bütün musiqiçiləri sanki ən böyük orkestrdə toplaşmış kimi qulaq deşən bir həddə çatanda birdən susdular. İşhankın yenidən doğulacağı günə 24 saatdan az bir vaxt qalmış, kitabxananın küncündə yalnız içi boş qırmızı bir cübbə vardı... içində gələcəyin xatirələrindən və bir insanın keçmişi axtarmaq coşqusundan savayı heç nə qalmamışdı. İşhank hər nəyi varsa özü ilə aparmışdı.
***
Rahib İşhankın yoxa çıxmasından 34 il əvvəl
Ustad Nimit iki ay idi ki, üç yeni tələbəsi ilə məşğul olurdu. Onlardan İşhank adlı biri onu şübhələndirmişdi. Valideynlərini itirən hər uşağı məbədə qəbul etsəydilər, buranın uşaq evindən bir fərqi olmazdı. Ancaq və ancaq içində yaşamaq eşqi olanları qəbul edirdilər. Bu uşaq yaşıdlarından fərqlənirdi, onun yaşında oxuyub-yazma bilən birini tapmaq az qala mümkünsüzdü, o isə kitablara aşiq idi. Bir quşa öz yeməyini verməzdi, amma onu yemək üçün ovlamağı da düşünməzdi; bunu özü söyləmişdi: “Ona vermədiyim yeməyin əvəzində ətinə sahib çıxsam, ədalətli davranmış olmaram”. Özü də bu mühakiməni beynində axıradək tam yürüdə bilmirdi. Bilmədən, görmədən inanmaq - İşhankın qəbul edə bilmədiyi bu idi və onun axtarışları ustad Nimiti narahat edirdi; çünki bir insan heç vaxt hər şeyi öyrənə bilməz. Nəticəsi olmayan bir axtarış onu tanrılardan uzaqlaşdıracaqdı.
Rahib Darpan yüngül yerişlə qeyri-ənənəvi quruluşlu, döşəməsinə xovlu xalçalar salınmış qapısız otağa daxil oldu. Tunc rəngli əsmər sifətinin aşağı hissəsi kobudlaşmış, alt çənəsi qabağa çıxmışdı. “Ustad, sizə çoxlu məktub gəlib” – şahanə sakit simalı rahib itaətlə dilləndi. Böyük masanın arxasında oturaraq başını aşağı dikən Nimit, Darpanın hər iki əlindəki məktub bağlamalarını gördükdə heyrətləndi, çöhrəsində mübhəm bir ifadə peyda oldu. "Ustad, bir az ağırdırlar, onları hara qoymağımı istəyirsiniz?" – Darpan əvvəlki sakitliyiylə soruşdu. Nimit əvvəlcə əliylə yonulmuş taxtadan düzəldilən, ortasında qonur-bənövşəyi səhləb çiçəklərinin qoyulduğu güldan olan masanın boş küncünə işarə etdi, sonra isə Darpana kömək etmək üçün ayağa qalxdı. Xüsusi bir maraqla “Bu qədər məktub kimdən gəlib?” - deyə soruşdu. Bilmədiyini göstərmək məqsədiylə başını əyib dodağını büzən Darpan izn istəyib otaqdan çıxdı. Nimit həqiqətən çox təəccüblənmişdi, qırışmış sifətində heyrət ifadə edən əcaib təbəssüm dolaşırdı. Məktublar nizamla qalaqlansa da, üzərində yazılma tarixləri yox idi. Hər birinin bir nömrəsi vardı və bu say üç yüz səksən beşə qədər yüksəlirdi. Ustad üzərində heç bir məlumat olmayan bu qədər məktubun məbədə necə gəldiyini düşünəndə, bunun zarafat ola biləcəyi və ya imperatordan gəldiyi fikri ağlından keçdi. İkisi də deyildi. Məktublar İşhankdan gəlmişdi. Birinci məktubun məzmunu beləydi:
“İtkin düşdüyümdən düz bir il sonra səssizliyimi pozmaq adına bu ilk məktubu yazıram. O qədər şeylər öyrənmiş, o qədər yerlər görmüşəm ki, bir məktubla çağırılana qədər onları təsəvvür belə edə bilməzdim. Susduğum hər günün əvəzi olaraq sizə bir məktub yazacağam. Əsla bu məktublardakından artıq özüm olmayacağam. Bunlar mənim quş baxışı xəritələrimdir, həqiqətlər heç vaxt buradakı qədər xalis olmamışdır.”
Məktub bu şəkildə bitirdi. Sonunda incə hərflərlə “İşhank” yazılmışdı. Ustad Nimit sürətlə göz gəzdirməyə davam etdi. Məktubların çoxu qısa cümlələrdən ibarət idi. Ona mənalı təsir bağışlayanları sırayla qarşısına düzdü. Birincisi də daxil olmaqla 6 məktub seçmişdi. Saatın əqrəbi yeni rəqəmə çatmağa can atır, ustad zamanın fərqinə varmadan oxuyurdu. Səksən səkkizinci məktubda bunlar yazılmışdı:
“Əslində, mən əynimə cübbə geyinməzdən əvvəl öyrəndiyim bir şeyi, yəni açıq zehin ilə heyvanları görməyi yenidən öyrənirəm. Nə qədər tənha bir irq imişik, onları izləyərkən, düşüncələrini açarkən mənə kim olduğumu xatırladırlar. Ümid edirəm ki, bütün fillər təbiət orkestrindəki musiqiçilərlə birləşərlər; musiqi ilə bu rəqsi icra etmək istəyirəm, rəqsin özü olmaq istəyirəm”.
Qonur bəbəkli xırda gözlərinin altı torbalanmış ustad yavaş-yavaş məktubların əslində nə mənaya gəldiyini anlamağa başlayırdı. Yüz səksən dördüncü məktubu açıb ibarəli tövrlə oxumağa başladı. Sanki ibrətamiz bir tərzdə dua oxuyurdu.
“Bir kompas və qələm sənə çay yatağında yolunu tapmağa kömək edə bilər, lakin heç bir mexaniki alət ürəyinin nəyə qadir olduğunu deyə bilməz. Bir gün ən son keçdiyin çayın şimşəklərin şölələndiyi o biri sahilində, bir filin qarşısında tapacaqsan özünü. O, sənin həyatına bədəl biçəcək; nə qədər çox gəzdiyinə, nə qədər çox şey gördüyünə görə deyil, nə qədər çox sevdiyinə baxaraq...”
Ustad Nimit İşhankın bu məktubları harada və necə yazdığını başa düşə bilməsə də, arada qalan bir neçə məktub ona bu barədə bəzi işarələr verdi. İşhank bunları çox yaşlı olduğu, lakin Nimitə görə keçmişdə qalan bir zamanda yazmışdı. Hara getmişdisə də, gələcəkdə bir an içində itmişdi və indi isə keçmişdəydi. Tək bildiyi bu idi. İki yüz otuz doqquzuncu məktubda yazılmışdı:
“Göyə baxanda uçan fillər görürəm. Onların hamısının yalnız bir adı var: Möhtəşəm!"
Dərhal üç yüz altmış yeddinci məktuba nəzər saldı.
"Quşlar əvvəl-axır enməyə məhkumdurlar, lakin Feniks öz ölümü üzərində qalib gələn yeganə quşdur ...
İnsan büdrəməyə məhkumdur, hərgah bəziləri öz ölümlərini təxirə salmağın bir yolunu tapa bilərlər. Feniks insanların siyahısı çox uzundur. Bəşəriyyətin böyük insanlıq tarixində yüz minlərlə beləsi var. Minlərlə qadın və kişi, onların hekayələri bizə məlum deyil... Ancaq istər bilinməsinlər, istər insan və ya fil olsunlar, bütün fenikslər eyni rəqsi bölüşürlər.
Tükdən oda
Oddan qana
Qandan sümüyə
Sümükdən iliyə
İlikdən quru külə
Küldən bəyaz qara”.
“Quru kül və bəyaz qar” - Nimit gözlərini ovuşdura-ovuşdura gülümsündü. Altıncı məktuba nəzər saldı. Axırıncı gündə yazılmışdı. Artıq İşhankla bağlı heç bir şübhəsi qalmamışdı. Gələcəkdə artıq nəfəs almadığı bir gün rahib İşhankı axtararkən məhək daşına rast gələcəkdi, qaranlığa qarışmaqdan qorxsa da, bütün ideallarına qarşı olsa da, addımlayacağı körpünün məhək daşına. Əməllərindən bir an belə peşman olmamışdı. Məktublar ona bunu deyirdi.
Sübh çağının açıq-bənövşəyi, boz rəngləri üfüq boyu sıralanan nizamsız yamacları işıqlandırırdı. Mülayim meh əsir, yarpaqlar pıçıldaşırdı. Ustad Nimit gecəni yatmamışdı, Himalayın bıçaq tiyəsi kimi iti yalına baxırdı, hərçənd yuxulu gözləri birbaşa baxdığı şeyə yönəlməmişdi.
Bir-birinə əyri-üyrü mıxlanan biçimsiz taxtalarla əhatəyə alınmış həyətə çıxaraq tələbələrə baş çəkdi.
İşhank, həqiqətən də, çox çalışırdı. Ağıl güclü bədəndə yaşayır. Daha güclü qan pompalayan ürək sağlam düşüncənin təminatçısıdır. Hər kəs səhər duası üçün otaqlarına keçərkən, ustad Nimit onu yanına çağırdı. Təbəssümü səmimi, amma yorğun idi, heç vaxt ona belə baxmamışdı. "İşhank, həyatından nə istəyirsən?" – ustad soruşdu. Coşğun fikirli oğlan əslində, bu barədə heç düşünməmişdi. Ürəyinin güclü ritmi onun beynində ilk fikrin rüşeymlərinin formalaşmasına imkan yaratdı: “Gözləmək yox, axtarmaq istəyirəm, ustad” - dedi. “Yaxşı, indi nə deyəcəyimi yaxşı yadda saxla, çünki bunu məbəddəki heç bir kitabda tapa bilməzsən. Gözlərinin baxdığını deyil, qəlbinin gördüyünü izlə, bəlkə də bunun sayəsində ən qaranlıq anlarda belə yolunu tapacaqsan”- deyib cibindən köhnəlikdən saralmış bir parça kağız çıxartdı. Kağızın sağ alt hissəsindəki imza qoparılmışdı. Nimit kağızı İşhanka uzatdı. “Götür, sənindir, bunu indi başa düşməyə məcbur deyilsən, amma bir gün mütləq başa düşəcəksən."
Ustad öz otağına aparan kəsə yolla gedərkən oğlan onun arxasınca uzun-uzun baxdı. Kağızda yazılanlar latınca idi. Tez bir zamanda oxuya bilmək üçün çalışmağa başlayacaqdı. O, ancaq kağızın sonundakı rəqəmləri seçə bilirdi; üç yüz altmış beş.