Qulağıkəsiklər - İlhamə Nasir

İlhamə Nasir

İlhamə Nasir

14 dekabr 2022
# 16:00

Kulis.az "İlin hekayəsi" müsabiqəsində iştirak edən İlhamə Nasirin "Qulağıkəsiklər" hekayəsini təqdim edir.

Bütün gecəni yeni layihə üzərində işlədiyindən heç bir saat olmazdı yuxuya getmişdi. İşə axşam gedəcəkdi deyə, telefonunu söndürüb, ən azı günortaya qədər yatacaqdı. Payızın ortaları olsa da, havada qış soyuğu vardı. Təbrizin quru soyuğu... Belə havada səhər yuxususnun dadı da bambaşqa olur.

Dayanmadan çalan ev telefonunun zəngini qulaqlarının öyrəşdiyi azanın ahənginə qoşulduğundan ayırd etmək olmurdu. Həm də ağlına gəlməzdi bu vaxt evə zəng gəlsin. Belə vaxtsız zənglər o, uşaq olarkən gələrdi. Hər kəs həyəcanlansa da, o, sevinərdi. Bilirdi, kimsə atasına xəbər edəcəkdi ki, uşağı şəhərdən uzaqlaşdır, İraqın Təbrizi bombalama ehtimalı var. Atası da o dəqiqə onu maşına atıb, kəndə - babasıgilə aparardı. İçində hamıdan gizlətdiyi bir Səddam sevgisi vardı. Səddamın bombalarının qorxusu olmasaydı, çətin ki atası o qədər yolu qət edib, onu kəndə apara. Bir müddət kənddə qalardı. Sevərdi kənd həyatını. Babasının bir fermalıq mal-heyvanı vardı. Qatardı qabağına, səhər çıxıb, axşam qayıdardı. Bütün yayı da yaylaqlarda olardı. Əvvəllər vaxtının çoxunu babasıyla keçirərdi. Amma sonradan babasının etdiyi hərəkət onun qəlbini tamam qırmışdı. Bir gün xurcunda gətirdiyi körpə küçüyü onun gözünün qabağında kötüyün üstünə qoyub, balta ilə qulaqlarını kəsmişdi. Sonra gülümsəyib, "yaxşı qoyun iti olacaq" demişdi. Onda İxtiyarsız qulaqlarını tutub qışqırmışdı. Səsi zingildəyən küçüyün səsinə qarışmışdı. Daha babasına yaxın getmədi, gününü nənəsiylə keçirtməyə başladı. Arazın qıraqlarına gedib əvəlik, yarpız yığardılar. Sonra daşın üstündə oturub Arazın o tayına həsrətlə baxan nənəsinin bayatılarını dinləyərdi.

Araz, Araz, xan Araz,
Dağlardan axan Araz.
Elimdən xəbər gətir,
Evimi yıxan Araz.

Keçmə, Araz dərindir,
İçmə, suyu sərindir.
Həsrət baxan bu ellər,
Sənin də ellərindir.

Çox vaxt oradan qayıdanda da nənəsinin belinə şəllənərdi. Boynundan yapışaraq "Araz, Araz, xan Araz" deyib, dizləriylə nənəsinin böyrünü dümsəkləyərdi. Nənəsi də "eləmə kəpəkoğlu, indi səni atacam yerə, özün gedəcəksən" deyib, qəşş edərdi. Nənəsinin dilindən düşməyən bütün bayatıları əzbər bilirdi.
Bir dəfə babası könlünü almaq üçün onu atın tərkinə alıb Araz boyu gəzdirmişdi. Onda babasından soruşmuşdu:
- Baba, sən küçüyün qulaqlarını niyə kəsdin?
- Böyüyəndə ayıq-sayıq olsun, qoyunları yaxşı qorusun
- O, niyə qoyunları qorumalıdır ki? Axı qoyunlar onun nəslindən deyil?
- Sahibinə görə qorumalıdır
- Axı heç sahibi də onun nəslindən deyil, hələ üstəlik qulağını kəsib incidir onu. O, necə sevə bilər sahibini?
- O, ora qədər düşünə bilmir. Qorxu və bir qarın yemək...
- Qorxu və bir qarın yemək... - dilinin altında mızıldandı.

İllər sonra kəndə qayıdanda, görmüşdü ki, həqiqətən həmin qulağı kəsik it hər şeyi unudaraq babasıyla dost olub, sürünü təkbaşına qoruyur.

Bayaqdan çalan telefonun zəngini azan bitdikdən sonra kəsdirə bildi. "Xeyir ola!?" İxtiyarsız dilinin altından "Araz, Araz, xan Araz..." mızıldana-mızıldana dəstəyi götürdü.
- Alo
- Ağa, təcili şirkətə gəlməlisən
- Niyə, nə olub?
- Rəhbərlik iclas keçirəcək
- Nə iclas?...Gəlirəm... - dəstək asıldı.

Gözlərini ovuşdura-ovuşdura mətbəxə keçdi. Bir stəkan suyu başına çəkib, hamama girdi. Üzünə su vurub:

- Xeyir olsun, bu vaxt nə iclas? İmkan verməzlər adam kimi dincələsən. - Tələsik əynini geyindi.
Bəlkə hansısa bir nöqsanı aşkarlanıb? Amma ola bilməzdi. İllərlə ömrünü qoyduğu işində o qədər ayıq-sayıq idi, çətin ki, bir nöqsana yol verə. "Səhər" telekanalında işləyirdi. Televiziyada işləmək uşaqlıq arzusu olmuşdu. Hər yerdə onu görsünlər, tanısınlar istəmişdi. Hələ verilişdən sonra kənddən gələn zənglər bir başqa sevindirərdi onu. İşini itirməsin deyə qoyulan bütün qadağalara rəğmən, gecə-gündüz canla-başla verilən tapşırıqları yerinə yetirmişdi. Rəhbərlikdən nə çalardılarsa, onu da oynayardı. Yəqin ki elə indi də çalınan havaya həvəslə oynayacaqdı.
Maşından düşüb şirkətə girəndə bütün aparıcıların orada olduğunu gördü. İclas zalına keçdilər. Sifəti pörtmüş şirkət rəhbəri salamlaşmadan birbaşa mətləbə keçdi.

- Siz bu gündən daha fəal olmalısınız. Başa düşürsünüz, daha fəal - bağırdı. Azərbaycan adında bir ölkə olmayıb və yoxdur. Bəli, deyin ki, bütün Azərbaycan ərazisi İrana aiddir, bütün şairlər fars şairləridir. Hər kəs öz çıxışında Azərbaycana söz soxuşdursun, aşağılasın. Bunun müqabilində maaşlarınız ikiqat artacaq, əlavə avans alacaqsınız. Əks halda isə işdən uzaqlaşacaqsınız...- bu vədləri çıxışının sonunda bir də təkrarladı.
- Necə buyurursunuz, ağa! - hamı birağızdan dilləndi.

Verilən vədlər aparıcıların əksərinin ürəyincə olmuşdu. Bunu bir-birilərinə bildirməsələr də, üz ifadələrindən hiss olunurdu.
Evə qayıdıb, axşam saat səkkizə olan canlı yayınına hazırlaşdı. Elə çıxış etməli idi ki, hər kəs ondan razı qalsın. Amma vaxt yaxınlaşdıqca, qulağına naməlum səs-küylər dolurdu. Bəlkə həyəcandandır? Yox... Həyəcan olmadığını özü də bilirdi. Nə həyəcan... İllərin canlı yayın aparıcısıydı. "Keçib gedər, yuxusuzluqdandır" özünü sakitləşdirirdi. Qrim otağına girəndə əllərinin titrədiyini, dodaqlarının səyridiyini, dilinin ağzında böyüdüyünü hiss etdi. Bunu kimsəyə büruzə verməməliydi. Özünü dərhal ələ almağa çalışdı. Axı onu narahat edən nə idi? Qarşıda o boyda vədlər onu gözləyirdi. Vədləri beynində o qədər şişirtdi ki, narahatlığı yavaş-yavaş sovrulub getməyə başladı.
Veriliş başladı. Tapşırıldığından da artıq qərəzli çıxış...

Çıxışı rəhbərliyin xoşuna gəlmişdi. Qımışmağından bilinirdi. Verilişdən sonra masasının üzərinə bir zərf də qoyulmuşdu. Görünür söz verdiyi avans idi. Saymadan qatlayıb cibinə qoydu.
Yuxusuzluqdan göz qapaqları öz-özünə qapanırdı. Evə gəlib, paltarını dəyişmədən özünü yatağa atdı. Yenidən qulaqlarına dolan naməlum səslər yuxusunu tamam qarışdırdı. Oyanmaq istəsə də, oyana bilmədi. Elə bil kimsə sinəsinin üstündə oturub, əlləri ilə xirtdəyindən yapışmışdı. Nə qədər çalışırdı özünü o əllərdən qurtara bilmirdi. Gah babasının, gah da nənəsinin əllərinə bənzədirdi. Soyuq tər alnında puçurlanaraq gicgahlarından axıb yastığını islatmışdı. Nənəsinin yanıqlı səslə dediyi bayatılar qulaqlarında əks-səda verirdi. Arada o səslərin içindən babasının da boğunuq səsi eşidilirdi. "Qorxu və bir qarın yemək!" Baltanın zərblə kötüyə sancılmasına diksinib ayıldı. Tər-suyun içində sıçrayıb ayağa qalxdı. Canını qəribə bir titrətmə tutdu. Evdən necə çıxdığını, maşını kəndə qədər necə sürdüyündən xəbəri olmadı.

Əslində, kənddə onu qarşılayacaq kiminsə olmadığını bilirdi. Nə babası vardı, nə nənəsi, nə sürü, nə də qulağı kəsilmiş it. Bircə nəriltisi eşidilən Araz yerindəydi. Ora niyə getdiyini özü də bilmədi. Taxta qapının paslı cəftəsini açıb həyətə girdi. Həyəti quru ot-alaf basmışdı. Balta kötüyün üstünə sancılı qalmışdı. Yaxınlaşıb kötüyün üstündə oturdu. Dodaqları titrəyə-titrəyə gülümsündü. Qəfil, ixtiyarsız əllərini qulaqlarına aparıb gözlərini yumdu. Üzünü Araza sarı çevirib, var səsi ilə köpək kimi uladı. Ona elə gəldi ki, bütün qulağıkəsik itlər də bu ulartıya qoşulub, onun səsinə səs verdilər...

# 3197 dəfə oxunub

Oxşar xəbərlər

Gertruda Komorovskaya - Həmid Piriyevin yeni hekayəsi

Gertruda Komorovskaya - Həmid Piriyevin yeni hekayəsi

15:00 22 noyabr 2024
Yay tətilini necə keçirdim - Əli Zərbəlinin hekayəsi

Yay tətilini necə keçirdim - Əli Zərbəlinin hekayəsi

11:24 22 noyabr 2024
İdmançının sevgilisi - Günün hekayəsi

İdmançının sevgilisi - Günün hekayəsi

13:16 21 noyabr 2024
Azyaşlı baldızı ilə evlənən qoca – Çəmənzəminlinin hekayəsi

Azyaşlı baldızı ilə evlənən qoca – Çəmənzəminlinin hekayəsi

16:40 18 noyabr 2024
“Ka”nı xoşbəxt edən yazıçı - Sonası Vəliyevanın hekayəsi

“Ka”nı xoşbəxt edən yazıçı - Sonası Vəliyevanın hekayəsi

15:00 17 noyabr 2024
Tənhalıq həsrəti - Rüstəm Dastanoğlunun hekayəsi

Tənhalıq həsrəti - Rüstəm Dastanoğlunun hekayəsi

13:05 16 noyabr 2024
#
#
# # #