Kulis.az Orxan İsmayılovun "Qısaboylu olmaq bədbəxtlikdirmi?" adlı yazısını təqdim edir.
İnsanın qamətli, boyunun uca olmasını hər zaman onun üçün üstünlük hesab etmişəm, ələlxüsus da, kişinin. “A!” – deyib təəccüblənə, mənimlə razılaşmaya, tanış-bilişlərinizin içində uzunboylu, iri şaqqalı əndamlı, lakin vecəyaramaz adamların olduğunu deyə bilərsiniz. Bu mətni oxuyan alçaqboyluları isə əsla və əsla alçaldıcı duyğular bürüməməlidir. Demirəm ki, dünyadakı bütün qeyri-işgüzar və bacarıqsız adamların hamısının boyu 1.60 sm-dən azdır, bu fikirdən uzağam. Açığı, “balacaboy” dedikdə görkəmcə lap balacaları, boyları beş-altı qarışdan yuxarı olmayanları nəzərdə tuturam. Başqa sözlə ifadə etsək, cırtdanları.
Tutalım, baxıram ki, səhərin erkən vədəsində, sübhün ağ barmaqlarının evlərin belinə, dirəklərin başına toxunduğu bir vaxtda sırayla düzülərək kürəklərini boş tikilinin divarına dayayan beş-altı kişi ordan-burdan çənə vurur. Ortadakı istisna olmaqla, hər biri boylu-buxunludur. Ortadakı həmin istisna olanın boyusa heç ətrafındakıların ortasına da çatmır. Bu mənzərə, bilirsiniz, mənə nəyi xatırladır? Sanki tacları havada aydın görünən, gövdə və çətirləri bir-birindən fərqlənməyən uca şam ağaclarının arasında balaca, kövrək bir “ruset ağacı” bitib.
İndi isə keçək balacaboylularla bağlı dilimdən dəqiqəbaşı qopan, onların taleyi ilə bağlı təşviş, həyəcan xarakterli sözlərin əsl səbəbinə.
Şahidi olduğum və zahirən inandırıcı görünməyən bu hadisəni mümkün qədər həqiqətəbənzər şəkildə təsvir etməyə çalışacağam ki, oxuyub inanmayanların, ağız-burun əyənlərin sayı az olsun. Elə isə, başladıq.
Bakıda Məlik adlı bir qonşum vardı. Boyu çox balaca, üzü gülməli, hərəkətləri yöndəmsiz olduğuna görə hər kəsin lağ hədəfinə çevrilmişdi. Onu görənlər ən çox da bu tanış vücudun, adi adamlara oxşamayan bu fiqurun balacalığına gülürdülər. Hərgah burnu ovuc içi kimi yastılanmış, nazik dodaqlı, iri ağızlı bu adam zirək və işəqaçandı. Özünü oda-közə vurub hər yerdə işləyirdi. Kirəmit damlı böyük evində boyu uca, beli incə, sağrısı enli arvadı və iki oğluyla birlikdə yaşayırdı. Xalis həqiqətdir ki, bu dünyada Məlikdən çəkinən, xoş sifətlə hər buyruğuna əməl edən yalnız iki oğluydu. Bəlkə, bu da müvəqqətiydi və onlar da bir az böyüyən kimi Məliki ciddi qəbul etməyəcəkdilər.
Məlik yığdığı pulla özünə böyük bir çayxana açdı, 4-5 işçi götürdü. Qonşular istehzayla bu səpkidə bir xeyli danışdılar, dəli kimi şaqqıldayıb güldülər. Axı bu biçimdə, boyda olan biri necə müdirlik edə bilərdi? Kimiydi ona tabe olan, bir dediyini iki etməyən? Qonum-qonşudan onun çayxanasına gedənlər müştərilərin içində Məliki zarafata tutur, qulağını dartır, qucaqlarına alıb ora-bura qaçırdılar. Məliksə yavaşdan və xoşluqla “Bəsdirin” deyərək canını onlardan qurtarmağa çalışırdı.
Məlik çox əlləşib-vuruşsa da, bu işin öhdəsindən gələ bilmədi. Naəlac qalıb çayxanasını dəyər-dəyməzə satdı. Bu uğursuzluğu fikrə-xəyala sığmayan bir hadisə kimi Məliki sarsıtdı. Yemədi-içmədi, ağrılar oynaşan üzünü dərin qırışlar basdı, almacıq sümükləri sivriləşdi. Məlikin bədbəxtliyindən misilsiz nəşə duyan qonşuları onu pərişan halda görəndə bir-birilərinə göz vurur, uzaqdan-uzağa himləşirdilər. Deyirdilər ki, elə bir şey icad olunmalıdır ki, onu dartıb uzatsın, yoxsa halı bundan da fəna olacaq.
İnadkar və usandırıcı təkidlərindən sonra arvadı Məlikin özünə xarici pasport düzəltdirib Rusiyaya işləməyə getməsinə icazə verdi. Evdən ayrılanda isə qaraqaşlı, ədalı qadın onu öz dalınca bir küncə sürükləyib dedi ki, get, canla-başla işlə, qayıdırsan qayıt, qayıtmırsan cəhənnəmə qayıtma. Amma nəbadə vaxtlı-vaxtında pulumuzu göndərməyəsən… Məlik uşaqlarıyla vidalaşanda ağlamsınaraq üz-gözünü qırışdırdı. Pəncələri üstə qalxaraq arvadını bağrına basmaq, döşlərinin rüşeymlərini hiss etmək, üzündən öpmək istəsə də, dodaqlarını qadının sinəsindən yuxarı uzada bilmədi.
Əvvəl-əvvəl əli yaxşı gətirirdi. Arvadı deyirdi ki, hər ay pul yollayır, kefimiz kökdür, çox şükür. Sonra necə oldusa, sönməkdə olan hansı tonqala odun itələdisə, deportasiya edildi. Qayıtdı evinə. İlk günlər çölə çıxmağa qorxurdu. Hər kəs bir neçə ayın zarafatını, məzəmmətini yığıb saxlamışdı.
Arvadı tez-tez Məliki söyüb-yamanlayır, qarasınca qışqırırdı. Bir damcı da fərasəti olmadığını deyirdi. Axırdasa onu evdən qovdu. Məlik yaş əski kimi büzüşüb bir az da balacalaşdı. Məlun-məlun yan-yörəsinə baxa-baxa çıxıb getdi.
Qadın hərdən deyirdi ki, daş onun başına, arada zəng vurub ağlayır, orada da günləri pis keçir. Xəstəlik tapıb, daim naxoşluğuyla əlləşir. Yaxşı ki, vaxtında başımdan elədim. Kimiydi xəstə liliputa baxan?
Məlikin ölüm xəbəri göylər altındakı bu nəhayətsiz aləmdə ən adi hadisə kimi qarşılandı. Arvadı uşaqlarını da götürüb rayona, ərinin yas mərasiminə getdi. Onun ölümü də gülməli, vecsiz alınmışdı. Əkini sulayanda ürəyi tutmuş, dərinliyi dizdən yuxarı olmayan arxa yıxılmışdı. Belə dayaz yerdə boğulub ölmüşdü. Məhəllədə bunu eşidən hər kəs uğunub özündən getmişdi. Məlik öləndə də onu ciddiyə almadılar. Bəlkə də, o, buna görə yaradılmışdı: gülüş hədəfi olmaq onun alın yazısıydı.
Bu hadisəni iki dəfə, vaxtınız az deyilsə, üç dəfə oxuyun. Şübhə etmirəm ki, yuxarıda vurğuladığım fikirlərlə razılaşacaqsınız.
Sonda isə qısaboylulara bir xoş xəbərim var: onlar daha diribaş olurlar və digərləri ilə müqayisədə yaşamaq eşqləri güclü olur, dünyadan beş əlli yapışırlar. Bunu elmi təcrübələr də sübuta yetirir.