Qələmin Kağıza məhəbbəti və… - Aqil Yaşaroğlu

Aqil Yaşaroğlu

Aqil Yaşaroğlu

8 dekabr 2022
# 15:30

Kulis.az "İlin hekayəsi" müsabiqəsində iştirak edən Aqil Yaşaroğlunun "Qələmin Kağıza məhəbbəti və…" hekayəsini təqdim edir.

Artıq iyirmi il idi ki, qocaman Qələm bulaq kimi çağlayır, misralara bəzək vurur, rəngarəng həyat hekayələrinə kağız üzərində yeni can verirdi. Gecə açılan yeni səhərdən heç bir təmənna gözləmədiyi kimi Qələm Kağızdan, Kağız da Qələmdən heç nə ummadan, neçə-neçə sevgini, dostluğu, nisgili, qəhrəmanlığı, qəzanı, hadisəni birgə ərsəyə gətirirdilər.

Qələm sanki Kağız üçün mövcud idi.

Kağız Qələmə elə bağlanmışdı ki, sanki onsuz bomboş və mənasız idi. İndi isə özündə min bir məna və hikmət daşımaq, insanlığa xidmət göstərmək istəyirdi.

Son vaxtlar Kağız üçün ağır günlər başlamışdı. İnsanlar elə bil təbiət gözəlliklərinin qəsdinə qalxmışdılar. Bu həm anlaşılmaz, həm də dözülməz idi. Kağız bir gün öz aqibətinin də çox kədərli olacağını hiss etməyə başlayırdı. Uzun müddət idi ağaclar kəsilir, sular çirklənir, silahlar gurlayır, meşələr yanır, dilsiz heyvanlar, quşlar fəryad edirdi.
Çox dəhşətli mənzərə idi. Digər tərəfdən insanlar israfçılıq edirdilər. Tədricən bu israfçılıq vərdiş halına keçirdı. Su kranları boş yerə açıq saxlanılır, elektrik lampaları lüzumsuz yandırılır, söndürülmür, ehtiyacdan artıq ərzaq alınır, istifadə edilmədən korlanır,..zibilliklər şişir, baş alıb gedirdi. Amma kimsə sabahı düşünmür, narahat olmurdu. Bunun dəhşətli bir fəsadı olacaqdı.

İnsanların sanki üzü dönmüş, düşünmə qabiliyyəti tamamən korlanmışdı.

Onlar bir növ zombiləşmişdilər: təbiətə qarşı qəsdin fəsadlarını hiss edə və görə bilmirdilər.

İnsanın yaşam mənbəyinin mayası sayılan ekologiya tamam acınacaqlı hala düşməkdə idi.

Yaxşı ki, Qələm də eynən belə görür, belə düşünürdü.

Onlar birlikdə qərar verdilər və fəailiyyətə başladılar.
Gələcək həyatı böyük fəlakətlərə sürükləyən bu acı həqiqətlər təkcə insanın heç vecinə gəlmirdi. Gecələrin səssizliyində Qələm dayanmadan Kağızı yazmağa, insanları maarifləndirməyə, doğru yola səsləməyə çalışdı. O yorulub-usanmaq bilmədən insanları təbiəti qorumağa çağırdı. Amma onun fəryadına məhəl qoymayan insan yenə ağacları doğrayır, havanı çirkləndirir, meşələri qırır, bulaqların məcrasını dəyişir, gölləri qurudur, çayları dənizdən ayırır,.. özü öz gələcəyini tədricən cəhənnəmə döndərirdi.

Bu azmış kimi müharibələr də tüğyan edirdi: partlayışlar, yanğınlar, dağıntılar, ölüm,..

Heç bir şey yazılmamış, deyilməmiş kimi fəlakət davam edir, daha böyük fəlakətə yollar açılırdı.

Bütün bunlara görə Qələmin hərdən ruhdan düşdüyü vaxtlar da olurdu. Onu ən çox sarsıdan o idi ki, bütün bu pislikləri insan məhz özünə qarşı etdiyinin fərqində deyildi. Qələmin yazdıqlarına məhəl qoymadan təbiətə düşmənçilik edən o şəxslər həm də bəşəriyyətə qəsd etdiklərini anlamaqdan çox uzaqlaşmışdılar.

Amma Qələm sarsılmır, hər şeyə yenidən başlayır, daha böyük şövqlə yazırdı.

İnsandan fərqli olaraq Qələm sabahı zülmətə çevirəcək bu fəlakətləri sonunacan anlayırdı. Yazmaqdan, insanları sevgiyə, mərhəmətə, dostluğa çağırmaqdan usanmırdı. Son vaxtlar həyatın keşiyində durmaq onun ən vacib vəzifəsi olmuşdu. İnsanlara olan sevgisi onu ruhlandırır, nə olur-olsun, dünyanı xilas edə biləcəyinə inanırdı. Qələm onu da yaxşı bilirdi ki, əsrlər boyu insanı qaranlıqdan işığa çıxaran yeganə qüvvə oxumaq olmuşdur.

Oxumaq, öyrənmək, öyrətmək...

Oxumasa, insan dünyanı anlaya bilərdimi?!

Qaranlıq gecələrin birində həm Qələm, həm də Kağız yenə bərk narahat idilər.

Nəhayət, Qələm özündə güc tapıb Kağıza pıçıldadı:

– Hamı bilir ki, od, hava, su, torpaq canlı orqanizmlərin yaşaması üçün vacib ünsür¬lər¬dir. İnsan beyni inkişaf edir və yeni kəşflər, texnoloji ixtiralar ard-arda düzülür. Yer kürəsində insanların sayı artır. Lakin yaşam mənbəyi olan təbiət şüursuzcasına korlanır. Zavodlar, maşınlar havanı çirkləndirir, dənizlərə, çaylara kimyəvi maddələr tökülür, məişətdə işlədilən polietilen torba və bankalar hara gəldi atılaraq təbiətin, xüsusən də, heyvanların və ağacların ən böyük fəlakətinə səbəb olur. Məişət tullantıları vaxtında daşınmayaraq havanı mikroba qərq edir, yaranan zərərli bakteriyalar insanların sağlamlığına elə zərbə vurur ki, bütün tibbi müdaxilələr də aciz qalır. Ekologiya korlandıqca meşə səhraya, bağlar dağa çevrilir, çaylar quruyur, bulaqlar tutulur, gö¬zəl¬lik¬lər məhv olur. Şüurlu insanın göz görə-görə öz yaşam mənbəyini məhv etməsi ağla¬sığ¬mazdır, fəlakətdir! Amma... Bəs nə etməli?!

Kağız dərindən köks ötürdü. Qələm ona toxunan kimi o da eyni şeyləri düşünürdü.

– Məncə, insanlarda təbiətə sevgi aşılamaq lazımdır, –dedi.
– Ahha! -Qələm onunla razılaşdı və Kağızın üzərində gəzməyə başladı,- Haqlısan! Amma gəl düşünək ki, necə...bunu necə etməliyik.
– Məncə, erkən vaxtlarından uşaqlara ətraf mühiti necə qorumaq öyrədilməlidir. Əvvəlcə gəl bağça və məktəblərdən başlayaq. Uşaqlar bilməlidirlər ki, məişət tullantısını atmaq üçün xüsusi qablar var, su kranınından ehtiyacdan artıq su axıtmaq, ağacları, gülləri qırmaq olmaz. Çirkli hava bitkilərə ziyan vurur, meşələr qırıldıqca nadir bitki və heyvanların kökü kəsilir. İnsanın təbiətə belə zülm etməsi öz əli ilə oturduğu budağı kəsməsinə bənzəyir.“Ətraf mühiti qoruyaq!”şüarı irəli sürülməli və bu, kağız üzərində qalmamalıdır.
Qələm Kağızın üzərində hərəkət etdikcə bu həqiqətlər yazı ilə ifadə olunurdu.
– Sən haqlısan, dostum!- O dedi,- Bizim işimiz təbiəti xilas etməkdir. Bundan ötrü isə gəl yazaq, beyinləri, düşüncələri dəyişək! İnanıram, biz müqəddəs amalımıza çatacağıq! Əslində, biz yazmaqla həyəcan təbili çalırıq!
– Bəli! – Kağız sevindi və qoynunu daha geniş açdı.
– Gəl dünyamızı əvvəlcə biz xilas edək! İnsanlığı əvvəlcə biz özümüz qoruyaq! Bəşəriyyətin xilası təbiətdən başlayır. Təbiəti xilas etmək bəşəriyyəti xilas etməkdir.
– Doğrudur!- Qələm də sevindi. – Gəl səninlə həyatın bütün təbəqələrini əhatə edən aksiyalar keçirək. Bu kütləvi tədbirlərdə bitki və heyvanlar aləminin mühafizəsinə çağıraq insanları. Atmosferi, suyu, torpağı çirkləndirən kimyəvi tullantılara qarşı mübarizə çağırışları səsləndirək. Ətraf mühitin yaşıllaşdırılmasını hər kəsin insanlıq işi elan edək!
Qələmin bu pıçıltılarına Kağız öz qoynunu açdıqca açırdı. Sanki Qələm ona naxış vururdu. Qələm dayanmaq, durmaq, fasilə vermək istəmirdi.
Ətraf mühit yalnız tullantılarla deyil, həm də səs-küylə çirklənir. Maşınların yersiz siqnalları, səsucaldanla yayılan bayağı musiqilərin yaratdığı streslər eşitmə itkisinə, yuxu pozulmalarına, təzyiq xəstəliklərinə səbəb olur. Kaş insanlar öz etinasızlıqları nəticəsində ekologiyanın necə bərbad hala düşdüyünü anlaya biləydilər. Darıxma, Kağız, biz müqəddəs işin öhdəsindən gələcəyik!
Beləcə, Qələmlə Kağız çox qucaqlaşdı, çox pıçıldaşdı, çox söhbət etdilər,.. Bu sevgidən bir gözəl yazı ərsəyə gəldi.
Qələm bu yazısını bitirdi, dərindən köks ötürdü. Amma sonra yenidən ümidsizliyə qapıldı. Digər yazıları kimi bu yazının da itib-batacağını düşündü. Ancaq, heç demə, bu barədə düşünən təkcə onlar deyilmiş!
Qələm və Kağız əslində nə etdiklərinin ölçüsünü təsəvvür etməmişdilər. Yazı saytlardan birində veriləndən sonra böyük səs-küyə səbəb oldu. Bu barədə hamı danışdı, hər kəs nəsə etməyə qalxdı. Çox keçmədi ki, məktəb, müəssisə və təş¬ki¬lat¬larda ətraf mühitin qorunması ilə bağlı müxtəlif layihələr təşkil olundu.
Qələm indi çox xoşbəxt idi. Çox şey dəyişmişdi: insanlar tullantıları müəyyən olunmuş yerlərə toplayır, ağac və quşlarla nəvazişlə davranır, suları çirkləndirmir, bitkilərə zərər vurmurdular.
Qələm olanları tez Kağıza xəbər verdi.
Hər ikisi rahat nəfəs aldı. Sonra növbəti yazılar üzərində düşünməyə başladılar.
Amma növbəti yazılara başlaya bilmədilər. Qələm ağappaq Kağızın üzərində öz duruşu ilə yaranmış nöqtədən qopa bilmirdi.
Bir sakit gecədə Qələm yenə özündə güc tapıb, ağ Kağıza toxundu. İndi ona hər şey aydın olmuşdu.
–Haydı, dostum, bizim işimiz usanmadan təbiəti xilas etməkdir. Durmadan yalnız ekologiya, təbiət, mənəviyyat, saflıq, təmizlik, gözəllik barədə yazmaq-yaratmaqdır. Bunlar olmadıqda kimdir bizi oxuyan? Oxunulmadıqca biz də məhv olub gedəcəyik. Bizim həyatımız isə yalnız bundan ası¬lıdır. Biz olmadıqda insanlıq daha tez tənəzzülə uğrayacaq, tamam məhv olacaq. Yazaq ki, həm də özümüzü xilas etmiş olaq!
Kağız Qələmin bu pıçıltılarına gülümsədi. Bunu özü demək istəyirdi. Demək isə onun işi deyildi.
Beləcə, Qələm Kağızı daha böyük şövqlə yazmağa başladı.
Qələm yazdı, yazaraq söylədi, hayqırdı, çağırdı, ayağa qaldırdı.
Kağızı görənlər, oxuyanlar həm də Qələmi görür, onu dinləyirdilər.
Bu çox gözəl idi! Qələm kağızdan heç ayrıla bilmirdi. Kağızın da ondan ayrıla bilmədiyini hiss etməyə başlamışdı. Deyəsən, Kağıza aşiq olmuşdu.
Kağız da eyni şeyi düşünürdü: deyəsən, Qələmə aşiq olmuşdu.
Qarşıda yazılacaq çox mövzular vardı. Demək, kimsə onları ayıra bilməyəcəkdi.
Bu izdivac yaranışdan mövcud imiş; onlar indi xəbər tuturdular.


# 2436 dəfə oxunub

Oxşar xəbərlər

Gertruda Komorovskaya - Həmid Piriyevin yeni hekayəsi

Gertruda Komorovskaya - Həmid Piriyevin yeni hekayəsi

15:00 22 noyabr 2024
Yay tətilini necə keçirdim - Əli Zərbəlinin hekayəsi

Yay tətilini necə keçirdim - Əli Zərbəlinin hekayəsi

11:24 22 noyabr 2024
İdmançının sevgilisi - Günün hekayəsi

İdmançının sevgilisi - Günün hekayəsi

13:16 21 noyabr 2024
Azyaşlı baldızı ilə evlənən qoca – Çəmənzəminlinin hekayəsi

Azyaşlı baldızı ilə evlənən qoca – Çəmənzəminlinin hekayəsi

16:40 18 noyabr 2024
“Ka”nı xoşbəxt edən yazıçı - Sonası Vəliyevanın hekayəsi

“Ka”nı xoşbəxt edən yazıçı - Sonası Vəliyevanın hekayəsi

15:00 17 noyabr 2024
Tənhalıq həsrəti - Rüstəm Dastanoğlunun hekayəsi

Tənhalıq həsrəti - Rüstəm Dastanoğlunun hekayəsi

13:05 16 noyabr 2024
# # #