Kulis.az İlin hekayəsi müsabiqəsində iştirak edən Malik Atilayın “Ölümü gözləyən küçənin adamları” hekayəsini təqdim edir.
Qeyd edək ki, anonim şəkildə münsiflərə təqdim olunan hekayələr yalnız qiymətləndirildikdən sonra sayta yerləşdirilir.
Payızın sonuncu günləri də ağacdan düşən yarpaq kimi tək-tək azalarkən sərxoş-sərxoş kafelərdən bayıra atılıb bir neçə addımdan sonra yerə yıxılaraq gözlərdən itən adamlar kimi həzin musiqilər küçəyə çıxır, amma şəhərin səs-küyü içində heç 10 metr getmədən yoxa çıxırdı və Bakı üçün dünəndən fərqlənməyən bir günün daha sonuna gəlirdik. Məhəllənin düz ortasında illərdi yaşanan hər şeyə şahid olan çinar ağacının altındakı "besedka"da oturub nərd atırdıq ki, hamının döyüşə gedən qarışqalar kimi harasa qaçdığını gördük.
– Əslində yaşamağı sevirdim – deyə qışqırdı məhlə uşağım Samir – sevirdim amma uşaq olanda , böyüdüm və gördüm ki, yaşamaq küləyin qoparıb atdığı yarpaqlarını budaqlarına yapışdırmağa çalışmaqdan başqa şey deyil. Elədisə qopan yarpaq torpağa düşməli və qarışmalıdı torpaqla – dedi 5 mərtəbənin sonuncu mərtəbəsində.
Bu əcaib adamın poetik çıxışını nəyə borclu olduğumuzu bilməyən bütün məhəllə adamları Samirin səsinə sarı yol aldıq.
Həm bir məhlədə böyümüşdük, həm də bir sinifdə oxumuşduq onunla. 1-ci sinifdə "Superman" olub uçmaq və insanları xilas etmək istəyirdi pis adamlardan, 3-də polis olub insanları qorumaq, 5-də vəkil olub ən azından günahsız adamların haqqını onlara vermək arzusunda idi, 7-ci sinifdən rəsm çəkməyə başladı amma. Deyəsən insanların bu həyatda xoşbəxt olmadığını görüb vərəqlər üzərində onlara rəngli dünyalar hədiyyə etmək istəyirdi ya da buna oxşar bir şey demişdi. Sonuncu məşğuliyyəti onu o qədər içinə almışdı ki, 9-cu sinifdən çıxıb özünü qapamışdı evə. Bir də illər sonra əsgərliyə getməyinə 2-3 ay qalmış çıxmışdı adam içinə. O vaxta qədər heç dükana gedən belə görən olmamışdı Samiri. Yaşayarkən ölü kimi unudulmuşdu. Mən bunları düşünərkən yenidən monoloqunun bir hissəsinə yüksək səslə davam etməyə başladı:
– İnanın, heç birinizi də sevmirəm hətta zəhləm gedir, heç nədən baş açmayan insan sürüsü...
Bu sözdən sonra sanki onun öləcəyinə heyfislənən adamların hamısı fikrini dəyişmiş onun yerə çırpılıb qarpız kimi necə parça-parça olacağını görmək üçün həvəsə gəlmişdilər. Samirin atası düşdü yadıma. Görəsən indi onu belə görsəydi nə deyərdi, nə edərdi...
Səhv etmirəmsə atası bir dəfə çəkdiyi bütün şəkilləri yandırmış və ona da şəkil çəkməyi qadağan etmişdi. Əslində çəkdiklərindən bir-ikisini görsək belə heç nə başa düşmürdük. Hər dəfəsində insana bənzəyən nəsə gah hardansa yıxılır, gah hardasa boğulur, gah da ovulub tökülmüş kimi elə rəsmdəcə yoxa çıxırdı.
Yenə atasını xatırladım. Cavan yaşda ölmüşdü, onda Samir əsgərlikdə idi, bir günlüyə gəlib getmişdi. Üzünə baxan heç deməzdi ki, atasının yasına gəlib. Sanki , belə də olmalı imiş kimi yanaşırdı hər şeyə. Üzündə xəfif gülüş gəlib-gedəni qarşılayır, yola salırdı havalanmışdı elə bil. Əslində hamı düşünürdü dəli olduğunu. Amma deyəsən Samir özünü hava şarı , atasını isə onu yerə çəkən bir ağırlıq kimi görürdü, onun ölümüylə artıq istədiyi qədər havalana biləcəyini başa düşmüş və bu sərhədsizliyin verdiyi sevinclə hər kəsi gülərək qarşılamağa başlamışdı.
Sonuncu dəfə danışanda artıq şəkil çəkməkdən bezdiyini demişdi. Başqa heç nə demədən qaçaraq uzaqlaşmışdı bizdən.
İndi isə binanın başında gah qışqırır, gah da susurdu. Bir anlığa diqqətlə aşağı baxdı. Sallağı oturub siqaret yandırdı artıq aşağıda duran hamı heç nə deməyəcəyini düşünürdü. Elə oturduğu kimi də qışqırdı:
– Ya da yox hamınızı sevirəm. Hamınızı fərqli rəsmlərdə binadan atmışam, suda boğmuşam, damarlarınızı kəsmişəm və zövq almışam ölməyinizdən... İndi isə sıra sizdədir – dedi – sıra sizdədir bu zövqü yaşamaq üçün...
Artıq yavaş-yavaş sağdan-soldan Samirin monoloquna rəylər gəlməyə başlamışdı. Heç bizim məhəllənin adamı olmayan bir kişi telefonu 5-ci mərtəbəyə zilləyərək "fağır uşağın başına nə gəlib Allah bilir" deyirdi. Üzündəki başa düşülməyən gülüşüylə sanki bir az da sevinirdi gördüklərinə. Hər günü eyni keçən bu adamlar üçün gözlərinin qarşısında birinin intihar etməsi bir neçə günlük həyatının rənglənməsi demək idi hardasa. İndi o kişi çəkdiyi videonu sosial şəbəkələrdə paylaşacaq, dost-tanışına hər şeyi ən incə təfərrüatına qədər danışacaqdı hələ bəxti gətirsə hansısa kanal məhəlləmizə gəlsəydi ağızdolusu yaşananlardan danışar və son zamanlarda intihar edən gənclərdən giley-güzar edib , sonda da ağsaqqalvari bir neçə məsləhət verərdi.
Binanın sonuncu mərtəbəsindən qanad açmağa hazırlaşan sinif yoldaşımın səsi sərçə yuvasında yem gözləyən körpə quşlar kimi öz aramızda danışan bizlərin səsini kəsmişdi:
– Nədi? Leşyeyənlər! Gözləyirsiz ki, ölüm sonra hamınız gedib anama təsəlli verəsiz?
Məhəllənin "qara qutusu" olan Səmayə xala yaylığıyla ağzını tutub bayaqdan dinməz-söyləməz duran Səmədlə danışmağa başladı:
– Bu uşağın başına hava gəlib. Deyirdim də belə olacaq, bir qarış idi anası öldü , atası da bir-iki il əvvəl. Özü də bütün günü evdən bayıra çıxmadı. Goruna od düşsün atasının gül kimi uşağı incidə-incidə nə günə qoydu.
Ağzında dişi olmayan Səmayə xalanın nə dediyini başa düşmək üçün Səməd bir az ona yaxınlaşdı amma bir faydası olmadı. Heç nə başa düşmür , sual dolu gözlərlə ətrafdakı adamlardan mədət umurdu ki, biri dediklərini tərcümə eləsin. Məhəllənin "qara qutusunun" nə dediyini yaxşı başa düşsəm belə, Səmədə bunları izah edəcək hövsələm olmadığından binanın başındakı Samirin yerdəki nəhəng kölgəsi kimi topalaşan adamlardan bir az uzaqlaşıb, çəkdiyi şəkillərdəki əcaib varlıqlara bənzəyən Samirə baxdım. İndi heç nə demir , elə sadəcə aşağı baxırdı. Yanımda kiminsə siqaret yandırdığını hiss etdim, çevriləndə sinif yoldaşımız Aydını gördüm. Yenə həmişə olduğu kimi hansısa vacib bir iş dalıyca gedirdi, ayaqüstü bir-iki söz soruşub yoluna davam etmək üçün dursa belə, ölümün qarşısıalınmaz ehtirası onu da gedəcəyi yerdən eləmişdi.
– Samir deyil bu ? – astaca soruşdu.
Başımı yellədib, Samir olduğunu təsdiqlədim.
– Heyif e...
Özümdən asılı olmadan Aydına tərəf çevrilib nəyə heyfsləndiyini soruşdum.
– Baxma da , gic idi, dəli idi nə idisə sinif yoldaşımız olub da.
Üzündə uşaqlıqdan bəri dəyişməyən o ürəkbulandıran təbəssümü yenə görmüşdüm. İçi mən qarışıq bu qədər insanın kiminsə ölümünü görmək üçün bu cür həvəslə gözlədiyini düşünəndə utanırdım. Amma bizim kimi hər günü bir-birinə bənzəyən adamlar üçün kiminsə ölümü hələ bunun gözümüzün önündə yaşanması əvəzedilməz bir dəyişiklik idi. Deyəsən, içimizdəki qatili qanunlardan qorxub nə qədər gizlətməyə çalışsaq belə ölümün qırmızımtıl rəngi hansı tərəfdə olur olsun boy göstərəndə biz də ona sarı qaçırıq.
Yenə Samirin səsi eşidildi:
– Nə həvəsli imişsiz , alə... Gəlib dərdimi danışsam bir köpeyoğlu bu qədər dayanmazdı e. - deyib gülməyə başladı, siqaret yandırıb ölümə susamış yerdəki adamlara diqqətlə baxdı - Anam öldü... Heç nə dəyişmədi , elə mənim üçün də dəyişmədi, gündü doğdu, gecədi düşdü. Ölmək ona qaldı. Atam öldü, yenə eynisi. Amma o yaxşı ki, öldü. İndi burda olsaydı üstümə cumub, döyüb-söyüb axırda özü atardı məni burdan.
Yerdən yenə fərqli-fərqli rəylər gəlməyə başladı.
"Ay oğraş gör atası-anası üçün nələr deyir".
"Atası gorbagor olsun onun elə, yazıq qızı da öldürdü, uşağı da bu günə qoydu".
"Əşi bu özünü öldürən zibil deyil, dağılışaq".
"Bu ya içib ya da çəkib".
Samirin və yerdəki adamların dediyi sözləri eşidib özü-özümə düşünürəm, 1-ci sinifə başlamağımız yadıma düşür. İsrarla sinifdə hamını Supermen olduğuna inandırmağa çalışan, uçmağı bacardığını deyən uşaq illər sonra uça bildiyini göstərə bilməsə belə uçmağa cəsarətinin olduğunu bütün məhəlləyə, bəlkə də bütün şəhərə hayqıracaqdı. Bir gün dərsdən iki aldığı üçün evə getməyə qorxmuş, məhəlləmizdəki böyük əncir ağacına çıxıb orda gizlənməyə çalışmışdı atasından. Bir neçə saat Samirdən xəbər ala bilməyən Mehriban xala düşmüşdü küçələrin canına ki, "ah-vay aman-zaman bir balam hardadı" onda da bəlkə Samirin itməyindən çox yoldaşı Cəlalın qəzəbindən qorxurdu. Bilirdi ki, gəlib evdə hər ikisini görməyən Cəlal başlarına nə oyun açacaq. Elə həmin gün ağaca çıxandan sonra düşməyə qorxan Samir atasının işdən gəldiyini görüb , onu səslənmişdi köməyə. Atası da eləmə tənbəllik çıxmışdı ağaca , Samiri qucağına alıb düşmüşdü aşağı. Uzaqdan bu səhnəyə baxan atasız bir dostumuz hətta köks ötürüb, incinmişdi atasızlığından. Bir anın içində Cəlal əmi bizim üçün super qəhrəmana çevrilmişdi, düşünmüşdük axı belə atası olan Samir niyə də Supermen olmasın ki ? Bu uşaqca fikirlər Cəlalın Samirin kürəyində şaqqıldatdığı kəmərinin səsi gələnə qədər davam etmiş, hətta atasız dostumuz belə əslində çox da bir şey itirmədiyini düşünməyə başlamışdı.
Barmaqlarım arasında siqaretim sönmüşdü, hava da get-gedə qaralırdı. Samir oturduğu yerdən ayağa qalxıb , limana çatmaqda olan kapitan kimi bir əlini qaşlarının üstünə qoyub uzaqlara baxmağa başladı. Sonra var gücüylə qışqırdı:
– Hə, hazırsız ?!