Kulis. az Qafar Rüstəmin "Mişar" hekayəsini təqdim edir.
Telefon zəng çalan kimi işarə barmağı ilə düyməyə basıb cihazı qulağına sıxdı. Köhnə “Samsung”un səs gələn yerinə toz və qənd qırıntıları dolmuşdu, qarşı tərəfin nə dediyi çətin anlaşılırdı.
¬ Molla, - kədərli səs gəldi, - kişi getdi.
– Sən Allah?
– Hə, səhərə yaxın keçindi. Gələ biləcəksən?
Bu gün başqa yasa getməli idi. Lakin orada mərasimin son günüydü, üstəlik pulu da almışdı. İndiki yeri əldən buraxmaq olmazdı. Sürətlə düşündü.
– Deməli belə, mənim təzə şəyirdim var, Qorxmaz. Onu göndərəcəm rəhmətlik Talıbın yasına, mən özüm gələcəm sizə.
– Sağ ol, ay Molla, Allah razı olsun.
– Allah rəhmət eləsin. Heç narahat olma. Yoluna qoyacağıq hər şeyi.Kənddə kim ölsə, birinci ona zəng gəlirdi. Ətraf kəndlərdə molla çox idi, ancaq onu qoyub başqasını çağırmaq ayıb sayılırdı. Əslində digər mollaların da biri o birinin ərazisinə girməkdən ehtiyat edirdi. Təsbehi əlində fırladıb buxara papağı başına qoydu. Qalın sağanaqlı eynəyini donqar burnuna keçirdi. İştahı yox idi. Çaydan bir qurtum ağzına doldurdu, çökmüş ovurdlarında çalxalayıb içdi. Dünəndən dişində ilişib qalmış toyuğun tikəsini əliylə çıxarıb ağzına atdı.
– Sayalı, ay Sayalı.
– Nədir ay Məşədi?
Sayalı ərinin reputasiyası yüksəlsin deyə əlindən gələni edirdi. Ərinə səslənəndə ancaq “Məşhədi” deyərdi. Bu titulu almaq üçün əməlli xərc çəkmişdilər. Səftər Məşhədə gedib ziyarətgahda şəkil çəkdirmişdi. Gələndə hamıya balaca da olsa hədiyyə almışdı. Bu həm də zəvvar olmağının sübutu idi.
Sayalı Molla Səftərə gələndə nərmənazik qız idi. İndi isə çoxdan əllini adlamış, üzündə, buxağında qırışlar əmələ gəlmiş deyingən qadına çevilmişdi. Əri evə gələn kimi qonşuladan, gəlindən mövzular düzəldib ard-arda sıralayırdı. İşləməkdən əli cadar-cadar olsa da yorulmaq bilməzdi. Molla ilə evləndiyinə görə başından şalı əksik etməzdi. Çox vaxt qara rəngdə paltar seçər, qaş-gözünə əl gəzdirməyi ar bilərdi.
– Az, mən çıxıram. Kənddə ölən var.
– Kim?
– Sadıq kişi vardi e, arvadı gəzən, o ölüb.
– Axşama gələndə ət al. Əligil gələcək.
– Yaxşı.
– Bir az odun doğra.
– Gecikərəm axı.
– Sağ olsun Əli, elektrikli mişar alıb da. Tez doğra, get.
– Yaxşı, yaxşı. Əl çəkməzsən də.
Qollarını çirmələyib elektrikli mişarı işə saldı. Mişarın dişləri ağacın gövdəsinə girdikcə taxta kəpəyi ətrafa sıçrayır, quru ağacın xoş qoxusu nəfəsinə dolurdu. Əli bu aləti bir həftə əvvəl rayondan göndərmişdi. Oğlunun qayğıkeş əməlinə görə hədsiz sevinirdi. Bilirdi ki, o, maaşla belə bir cihaz ala bilməz. “Üzümü ye, bağını soruşma”, -deyə fikirləşib gülümsədi. Doğradığı odunları üst-üstə yığdı. Üst-başını səliqəyə salıb evdən çıxdı.
Molla Səftər mollalıq peşəsini niyə seçdiyini həmişə maraqla nəql edərdi. Bunu hər ötənə yox, sadəcə özünə yaxın bildiyi adamlara xəlvəti hadisəymiş kimi danışardı. Dediklərinin sirr olaraq qalmayacağını bilirdi, bütün kəndə yayılacaqdı.
– Anam bərk xəstə idi. Rəhmətlik bilirsən də, zəhrimar xəstəliyi var idi. Mən də ki, (yüngülvarı gülümsəyir, sağdakı qızılı rəngdə dişi görünür) o vaxtlar namaz əhli deyildim. Allah lənət eləsin pis adamlara
– Allah lənət eləsin.
– Anam dedi ki, bala, mən ölürəm. O tərəfdə mənə kim şəfaət edəcək? Sən namaz qılmırsan, mən də ki xəstə. O gecə yatdım yuxuda gördüm ki, bir dənə hündürboylu, ağ əbalı adam. Dedi ki, Səftər! Allaha and olsun, düz barmağını mənə tutub dedi, “Səftər, get namaz qıl! Yoxsa evin-eşiyin yıxılar, tarmar olarsan”. Ondan sonra qüsullanıb başladım namaza.
Əslində hamı hadisənin başqa cür olduğunu çox gözəl bilirdi. Səftər əsgərlikdən gələndən sonra narkotikə qurşanmışdı. Heç bir yerdə işləmirdi, evdə nə varsa bir-bir satırdı. Anası mane olamağa çalışanda onu bir neçə dəfə döymüşdü. Qadın öləndən sonra qalan qızıl-gümüş nə varsa satmışdı. Qonşu kəndlərdən birində toyuq oğurlayarkən onu möhkəm çırpmışdılar. Həmin hadisə elə bil onun beynində bir işıq yandırmışdı. Artıq bu gedişatı düzəltməliydi. Tövbə edib namaz qılmaq üçün məscidə getmişdi. Molla əvvəlcə Səftəri qəbul etmək istəməmişdi, kənd camaatı ona pis baxırdı. Yalvar-yaxar mollanı razı salmışdı.
Qüsullanmağı, namaz qılmağı öyrəndi. Elmini artırmaq üçün hər gün məscidə gedib-gəlməyə başladı. Molla yasa gedəndə onu da yanında aparırdı. İnsanlar səbrini basıb bir şey demirdilər. Yaslarda Yasin oxuyur, arabir də söhbət edirdi. Molla öləndən sonra onun yerinə işə başladı. Qiymətlərdə endirim elədi, yasda daha uzun söhbət elədi, Yasini ürəkdən oxudu. İnsanlar yavaş-yavaş onu həqiqi molla kimi qəbul eləməyə başlamışdılar.
Həyətdən ağlaşma səsləri gəlirdi. Darvazanın qabağında dörd kişi sakitcə dayanmışdı. Bağ tərəfdən tüstü qalxırdı, ocaq qalanmışdı.
Molla Səftər həyətə girəndə mərhumun oğlu ona yaxınlaşıb oturmaq üçün yer göstərdi. Peşəsinin ən sevdiyi yönü bu idi. İnsanlar ona daim hörmətlə yanaşırdı.
Mürdəşir çoxdan gəlmişdi. Meyiti yumağa hazırlayırdılar. Qadınların səsi arabir yüksəlir sonra qəribə bir sakitlik çökürdü. Molla Səftər üçün bütün mərhələlər hər gün təkrarlanan rutinlər idi. Qaydalardan bir balaca kənara çıxan olsa, yol polisi ədasıyla həmin adama xəbərdarlıq edər, hətta yeri gəlsə yüngülcə tənbehləyərdi. Heç kim yas vaxtı ona gözün üstə qaşın var deməzdi.
Meyit torpağa veriləndən sonra Molla Səftər cibindən səhifələri kirdən qaralmış balaca kitabı çıxarıb oxumağa başladı. Arabir ətrafa göz gəzdirib min dəfə oxuduğu yerləri əzbərdən səsləndirirdi. Ağlında axşama hardan ət ala biləcəyini fikirləşirdi. Əlinin arvadı bir az ərköyün qız idi, hər əti bəyənməzdi. Ət gərək can əti olsun, ya da bel əti, qabırğanı bəyənməzdi. Öküz də gərək yaşlı olmasın. “Köpəy uşağını hardan getdik tapdıq. Kənddə gül kimi qızlar vardı. Sayalıdı da. Arvadın ağlına uysan axırı belə olacaq”. Uzun çənəsini qaşıyıb şəhadət barmağı ilə donqar burnunu eşdi. Əlinə ilişən qurumuş fırtığı yavaşca iki barmağının arasında yuvarlayıb xəlvəti yerə atdı. “Mərhumun ruhuna fatihə”. Fatihəni bilən-bilməyən əlini havaya qaldırıb nələrsə oxudu.
Başda oturub gələn gedənə göz qoyur, məclisə adlı-sanlı adamlar gəlsə, qımışaraq onların şəninə yaxşı sözlər deyərdi. Bələdiyyə rəisini görəndə torpaqpulu yadına düşdü.
– Saleh müəllim kəndimiz üçün əlindən gələni edir. Onun da ölənlərinin ruhuna fatihə.
Bəzi adamlar əlini havaya qaldırıb nəsə oxudular. Qalan adamlar halını pozmadan çənə vururdu. Sahə polisi içəri girəndə Molla Səftər buxara papağını hərəkət endirib düz başının təpəsinə qoydu. Eynəyini şəhadət barmağıyla gözünə tərəf itələdi.
– Rəis, buyur, bura otur, - özünə yaxın masada yer göstərdi,- Allah dövlətimizi bütün xata-bəladan qorusun.
Sahə polisi fısıldaya-fısıldaya onun dediyi yerə yaxınlaşdı. Tosqun bədəni yerləşə bilsin deyə stulu masadan xeyli kənara çəkib əyləşdi. Papağını stula qoyaraq şəstlə ətrafa göz gəzdirdi. Molla Səftər öyüd-nəsihətə davam elədi:
– Haram tikədən uzaq durun. Kim harama əl uzatsa, həm bu dünyada, həm də o dünyada əzab-əziyyət çəkər. Yediyiniz hər haram ya malınızdan, ya da ailənizdən çıxar.
Molla Səftər mərhumun oğlunu görəndə əliylə işarə edib yanına çağırdı:
– Bala, gör nə deyirəm, axşam qonağım var, burdan çıxanda gec olacaq, deyirəm bəlkə kəsdiyiniz ətdən iki kilo verəsən aparım. Puluynan ha!
Oğlan dodaqlarını gəmirdi.
– Əşi, molla, o nə sözdür? Qurbandır.
– Amma ki, sən Allah, yaxşı yerindən olsun, yumşaq yerindən.
Mərhumun oğlu başını yırğalayıb gülümsədi.
– Yaxşı, molla, yaxşı.
Molla Səftər yas mərasimi qurtarandan sonra iki kilo əti götürüb maşına mindi. Nə illah elədisə, pul görtürmədilər. Ancaq bilirdi ki, onlar da az aşın duzu deyil. Zəhmət haqqını az verəcəklər.
Sayalı həmin ətdən axşama ləzzətli bozbaş bişirdi. Yanında aş da asdı. Əli beş-altı kilometr uzaqda yaşayırdı. Amma tez-tez atasıgilə gəlməzdilər. Sayalı oğlunun gəlib getməyə gəlinin mane oluduğunu bilirdi, lakin üz vurmazdı. Hamının yanında gəlinin qarasınca bir sicilləmə danışandan sonra “Əşi, nə işim var e. Öz əlləri, öz başları. Mənə nə?” deyib sözünü bitirərdi.
Molla Səftər Əlini o biri uşaqlarından çox sevərdi. O, imkan düşən kimi arvadından gizli atasına köməklik edərdi. Rayon mərkəzindən nəsə lazım olsa, tapıb göndərərdi. Oğlu polis olduğuna görə Molla Səftər qürrələnərdi. Bütün məclislərdə onun barəsində söz açmağa can atardı.
Günbatana yaxın Əli oğlu və arvadıyla atasıgilə gəldi. Nəvəsi Molla Səftəri görən kimi “Baba” deyib qucağına hoppandı. Onun eynəyini çıxarıb havada yellədi.
– Qırışmal, eynəyimi ver.
– Hüseyn, babanın eynəyini ver,- deyə Əli çəmkirdi.
Sayalı gəlinlə birlikdə yeməkləri masaya düzdü. Plovun iyi bütün otağa yayılmışdı. Hamı süfrəyə oturdu. Molla Səftər bərk acmışdı, əvvəlcə bozbaşdan iri tikə boşqabına qoydu. Çörəyi pomidor turşusuna batırıb ağzına atdı.
– Həə, bala, işlərin necə gedir?
Əli əti dişləriylə qoparıb barmağını yaladı.
– Hər şey yaxşıdı. Pandemiya qurtarmasaydı, lap əla olardı. Çox adama maskaya görə cəza yazdıq. Cəza deyəndə ki, pulla həll elədik.
Molla Səftər ərkyana qəh-qəhə çəkdi.
– Yaxşı eləmisən.
– Mişar işləyir?
– Hə. Sağ ol də. Elə bil mənə Mersedes almısan. Elə rahatdı!
– İndiki zamanədə baltayla odun doğrayarlar? Yaşlı adamsan,- plovu qarayla qatıb bir qaşıq ağzına qoydu.
– Bilirsən necə almışam o mişarı? Məlumat gəldi ki, oğrular mağazanı yarmağa gedir. Düşdük dallarınca. İş üstündə tutduq. Elə yavarırdılar!
Molla Səftər bu dəfə daha da ürəkdən güldü.
Tutdum qulağından, dedim ki, yaxşısından bir dənə elektrikli mişar al gətir, buraxım get. Razı oldu. Səhər gördüm qapının ağzında dayanıb əlində də mişar.
Molla Səftərin mədəsi əməlli şişmişdi. Qarnı balaca şar kimi qabağa çıxmışdı.
– Allah razı olsun, bala.
– Baba, - deyə balaca uşaq dilləndi.
– Hə, baba qurban.
– Şəkildəki kimdi? -divarda asılan köhnə şəkili göstərdi.
– Buuu? -Molla Səftər şəkilə tərəf döndü,- mənim anamdı.
– Bəs o niyə ağlayır?
– Bıy bissimillah, deyə Sayalı əlini dizinə vurdu. Əlinin arvadı uşağın yumşaq yerindən bir çimdik götürdü.
- Səsini kəs.
O, anasının şəklinə tərəf baxdı. Qadının şəklini divara asmaq ideyası Sayalıdan gəlmişdi. İstəyirdi ki, qohum-qonşu qaynanasının şəklini divarda görüb onu nə qədər sevdiyini başa düşsün. Bəlkə ərinin onu döyməyini unudardılar.
Şəkil çoxdandır divarda asılı unudulmuşdu. Üzərini hörmüçək toru və kir basmışdı. Təsadüfən mərhumun gözündən yanağına tərəf qəribə bir kir qatı əmələ gəlmişdi. Gendən baxanda onun ağladığını sanırdın.
Uşağın sadəlövh sualı Molla Səftərə yer elədi. Əligil gedənə qədər ağzını açmadı. Qonaqları yola salandan sonra Sayalı tualetə getmək üçün həyətə düşdü. O, otaqda tək-tənha oturub fikirə dalmışdı. Şəkilə baxmağa ürək eləmirdi. Portretdə əks olunmuş əzablı, hər qırışında min cür müsibətin izi gizlənən sifətə baxa bilmirdi.
Atasının üzünü xatırlamırdı, anası onu tək başına böyütmüşdü. Çətinliklə tapdığı bir tikə çörəyi, möhlətlə qazandığı nemətləri heç fikirləşmədən oğluna vermişdi. Oğluysa anasının köməyə ehtiyacı olan vaxt ondan üz çevirmiş, hətta bir neçə dəfə döymüşdü.
Kədər Molla Səftərin ürəyini məngənə kimi sıxırdı. Hönkür-hönkür ağlamağa başladı. Yasda qadınların şaxsey dediyi kimi “ana, ay ana, sənə qurban olum, ay ana” deyirdi. Stulu ayağının altına qoyub şəkillə üzbəsürət dayandı. Yaş gözlərindən sel kimi axırdı.
– Ana, ay, ana!
Bir anlıq şəkil elə bil canlandı. Qaşlarını qaldırıb zabitəli görkəmdə ona baxdı
– Nədir, ay oğraş!
Molla Səftər müvazinətini itirib arxası üstə yerə yıxıldı.
– Bissimillah! Əzubillahiməşşeytanirracim! Lənət şeytana!
Elə bil şəkildən çıxan ruh onu qovalayırdı. Özünü bilmədi necə bayıra atdı. Bu dəfə ayağına nəsə ilişdi, ağzıüstə yerə sərələndi. Eynəyi sınıb üzünü kəsdi. Dizləri, dirsəkləri zonquldayırdı. Mişarı yerdə görəndə cin atına mindi. Onu elektrikli mişar yerə yıxmışdı. Aləti götrüb həyətin beton zəmininə çırpdı.
Sayalı tualetdən çıxıb qışqırdı.
– Məşədi, nə olub?
– Zəhrimar nə olub! Mişarı qoymusan bura, ayağım ilişdi, yıxıldım yerə. Lənət şeytana! Bissimillah!
Ağrı-acıdan gözündən yaş gəlirdi. Göz yaşını arvadından gizləmək üçün soyuq havanı ciyərlərinə çəkdi. Bütün bədəni əsim-əsim əsirdi. Yerdə parçalanmış mişarı görəndə ürəyinə elə bil yüngüllük gəldi.