Marmelad - Sara İbrahimin yeni hekayəsi

Marmelad - Sara İbrahimin yeni hekayəsi
18 yanvar 2024
# 17:00

Kulis.az Sara İbrahimin "Marmelad" adlı yeni hekayəsini təqdim edir.

Ovcumda Günəşin bir parçasını tutmuşdum. Şirin, dadlı “günəşim” yayın qovurucu istisindən və əlimin hərarətindən yavaş- yavaş əriyirdi.

Üstü şokoladlı, içi parlaq sarı rəngli marmeladın ömrü mağazadan evimizə qədərdi. O qısa, on dəqiqəlik yolu şokolad qoxulu dünyamla baş-başa yarım saata gedirdim.

Marmelad həzzini yaşamaq üçün bir həftə gözləməli olurdum. Həftə sonları atam hərəmizə bir iyirmiqəpiklik verirdi. Həftəlik xərcliyimiz bu qədərdi. Beş uşağa bir manat edirdi. Atamın aldığı maaş bizi bu qədər sevindirməyə yetirdi. Bu pulu atam bizə məktəbdə şirin kökə almaq üçün verirdi. Həftədə bir gün məktəb bufetindən şirin kökə alıb yeyə bilərdik, qalan günləri anam evdən çörəyin arasına şor yaxıb qoyurdu. Bacı- qardaşlarım həftəlik xərclərinə kökə alırdı, amma mən “büdcəmi” məktəbin yaxınlığındakı mağazanın pəncərəsindən görünən, məni özünə maqnit kimi çəkən marmelada xərcləyirdim. O marmeladlar mənimçün həyatın bir parçasıydı, Yer üzünü Günəş necə isidirsə, şokoladlı marmeladlar da mənim ürəyimi elə isidirdi.

Atam həftənin bazar günü, səhər yeməyi zamanı “kökəpulu”nu paylayırdı.

Pulu itirəcəyimdən qorxduğum üçün ovcumda möhkəm saxlayır, imkan tapan kimi mağazaya qaçırdım.

Dükançı şokoladlı marmeladı mənə uzadanda gözlərim parıldayır, ağzım sulanırdı.

Marmeladı yeməyə tələsmirdim. Bir müddət pişik tutduğu ovunu dadmazdan əvvəl onunla necə əylənirdisə, mən də marmeladımla əylənir, o şirin dəqiqələrin ömrünü uzatmaq istəyirdim.

Əvvəlcə üstünün şokoladını dilimlə yalayır, sonra xırda dişləmlərlə dördbucağı kvadrat formasına salırdım. İsti havalarda marmeladı əlimdə çox saxlaya bilmirdim. Bir yandan havanın, bir yandan da əlimin istisi onu yumşaldır, ovcumun içi şokalad ərintisinə bulaşırdı.

Mağazadan evə qədər marmeladı yeyib bitirməliydim. Əks halda, sonbeşik qardaşım xoşbəxtliyimə şərik olurdu. Əlimdə marmelad ağzımı marçıldada-marçıldada həyətə girdiyimi görən kimi şivən qoparırdı. Anam dərhal başımın üstünü kəsib yarımçıq, yarısı yeyilmiş marmeladı məndən alıb qardaşıma verirdi. O məndən kiçik olduğuna görə bir çox imtiyazlara sahib idi. Məsələn, o istəyirdisə, mən həvəslə sürüdüyüm içi qumla dolu qarpız qabığımı ona verməliydim.

Ona görə də, xırda dişləmlərlə yediyim marmeladın yerdə qalan hissəsini qapıya çatanda tez yeyib bitirirdim.

May ayında, dərslərin qurtarmasına az qalmış marmelad xoşbəxtliyim burnumdan gəldi. Şirin dünyamı alt- üst edən düşmənimin adı Matan idi. Gombul, balacaboy, piylərindən yanaqları işım-işım işıldayan Matan. Çənəsindəki yekə ət xalı görəndə ürəyim bulanırdı. Ona görə çox vaxt üzünə baxmamağa çalışırdım.

Matan məndən iki sinif yuxarı oxuyurdu. Evləri bizdən bir məhəllə sonraydı. Onun da heç mənimlə o qədər arası yoxuydu. Bacımı tez- tez oynamağa çağırsa da, məndən həmişə kənar gəzirdi. Matanın bir gün kabusuma çevriləcəyini desəydilər, inanmazdım.

Hər şey üstü zərli saplarla toxunmuş, qotazlı qələmə görə oldu.

Yoxlama yazı işi yazdığım yerdə qələmimin mürəkkəbi bitdi. Sinifdə heç kimdə əlavə qələm olmadığına görə, bizimlə qonşu sinifdə dərs keçən Matangilin qapısını döydüm. Utana-utana: “qələmimin mürəkkəbi bitib,müəllim dedi ki, sizdən istəyim” dedim.

Matangil riyaziyyat dərsindəydilər. Riyaziyyat müəllimi uşaqlara üzünü tutub:

- Uşaqlar, kimdə əlavə qələm varsa verin, yazıb qaytarar,- dedi.

Matan sanki qələmi əlində hazır tutub məni gözləyirmiş: tez yerindən qalxıb bər- bəzəyi göz oxşayan qələmini mənə uzatdı.

Yazı işi bitən kimi Matanın qələmini çantamın üst cibinə qoydum. Fikirləşirdim ki, tənəffüsə çıxan kimi qaytararam. Amma qotazlı qələm həmin gün yağlı əppəyə dönüb göyə uçdu. Çantamı tənəffüsdə nə qədər eşələsəm də tapa bilmədim. Qələm qeybə çəkilmişdi. Sinfimizdə indiyə kimi oğurluq olmamışdı; heç kimdən şübhələnmirdim. Görünür, qələmin dəbdəbəli gözəlliyi saf sinif yoldaşlarımdan hansınısa yoldan çıxartmışdı.

Həmin gün Matanın gözünə görünə bilmədim; özümə yer tapa bilmir,zərli qələmdən başqa heç nə haqda düşünə bilmirdim. Gecə səhərə qədər yerimdə vurnuxur,çarə axtarırdım.

Qotazlı qələmdən heç kimdə yox idi. Matan o cür gözəl, bahalı qələmi hardan almışdı, bilmirdim. Onlar bizdən də kasıb, çoxuşaqlı ailəydilər.

Adi qələm olsa, bu qədər fikir eləməzdim. Qələm həm bahalıydı, həm də ondan nəinki kənddə, heç rayon mərkəzində də yox idi.

Qələmi itirəndən bir gün sonra tənəffüs vaxtı koridorda Matanla burun- buruna gəldik. Qızı görəndə rəngim qaçdı, ürəyim guppuldadı.

O, yanaşı addımladığı qızdan ayrılıb məni yanladı:

- Qələmimi niyə qaytarmırsan? Yaxşı ki səni gördüm,axşam evinizə gələcəkdim.

Dilim topuq çaldı,udqundum:

- Hə.. qələm...bilirsən, qələmin yadımdan çıxıb evdə qalıb, sabah gətirəcəm.

Matanın gödərək qaşları çatılmışdı, sınayıcı nəzərlərlə məni süzüb xəbərdarlıq elədi:

- Bax, yadından çıxmasın ha, o biri qələmimin mürəkkəbi bitib,sabah biz də yoxlama yazı işi yazacağıq.

- O necə qəşəng qələmdi, hardan,neçəyə almısan?- ehtiyatla soruşdum.

Matan barmağının ikisini qatlayıb üçünü gözümün qabağına tutdu:

- Üç manat səksən qəpikdi, əmim Bakıdan alıb mənə.

Üç manat səksən qəpik! Bu mənim heç vaxt görmədiyim məbləğ idi; doqquz illik ömrümdə cəmi bir dəfə ad günümdə dayım mənə bir manat vermişdi.

Deməli, pulum olsa da, o qələmdən ala bilməzdim. Çıxılmaz vəziyyətə düşmüşdüm. Matanın üç manat səksən qəpiklik qələmini itirdiyimi anama deyə bilməzdim. Onun buna necə reaksiya verəcəyini əlimin içi kimi bilirdim.

- Aaz, huşun başında yoxdu, bir qələm nədi ki onu da saxlaya bilməyibsən? Nə yaxşı özün də itmirsən, salamat evə gəlib çıxa bilirsən, boyunu yerə soxum, fərsiz boyunu!

Bu qədər danlaqdan sonra Matangilə gedib onun anasıyla işi yoluna qoya biləcəyini bilsəydim, dişimi sıxıb dözərdim. Ev, çöl işlərndən başı bir an da olsun açılmayan anam üçün bu,”uşaq- muşaq” söhbətiydi, vaxtını buna sərf etməzdi.

Ertəsi gün məktəbə getməməyi qərara aldım; bir gün də Matanın gözünə görünməməyi qənimət sayırdım.

Səhərlər məni yuxudan heç vaxt anam oyatmırdı; yerimdən qalxar, yeməyimi,paltarımı özüm yeyib geyərdim. İndiyə qədər bir dəfə də olsun məktəbdən qalmamışdım. Hətta xəstə vaxtlarımda da məni evdə saxlaya bilməzdilər.

Saat 8-i keçmişdi.Yatağımdan qalxmadığımı görən anam otağın qapısından başını işəri salıb çığırdı:

- Sənin tayların xoruz banından ayaq üstədi, niyə gözün açılmır, dur, məktəbə gecikirsən!

Yorğanı başıma bir az da çəkib mızıldandım:

- Xəstələnmişəm, dura bilmirəm, deyəsən, qızdırmam var.

Anam qapını şaqqıltıyla açıb iti addımlarla çarpayıma yaxınlaşdı. Əlini alnıma yaxınlaşdıranda səksəndim; onun qızdırmamı yoxlayacağına inanmırdım:anamın belə nəvazişlərə heç vaxt macalı olmurdu. Yalanımın üstü açılacaq deyə ürəyim titrəyirdi, amma anam əlini alnından götürəndə ağzından heç gözləmədiyim sözlər çıxdı:

- Od kimidi başın, yəqin yenə boğazın şişib. Yaxşı yat, getmə bu gün, nənənə deyim sənə bəhməzdən-zaddan versin.

O, qapıdan çıxan kimi əlimi alnıma qoydum;köz kimi istiydim. Gecə səhərə qədər fikirdən,üzüntüdən yatağımda çevrikmişdim. Neçə dəfə tərli- tərli durub soyuq su içmişdim. Boğazımda anadangəlmə tonzillit vardı, yəqin soyuq su işini görmüşdü.

İlk dəfəydi ki, xəstələndiyimə sevinirdim. Matandan iki-üç gün canımı xəstəliklə qurtara biləcəkdim.

Üç gündən sonra məktəbdən evə qayıdanda Matan yolda qarşımda bitdi. Piyli üzü hirsindən bir az da qızarmışdı.

Çantasıyla qoluma vurdu:

- Elə bilirsən, dərsə niyə gəlmədiyini bilmirəm? Qələmimi oğurladığnı hamıya deyəcəm, dayan bir!Verməsən, hələ Adilə müəlliməyə də deyəcəm! Oğrunun biri,ver qələmimi,gözün düşüb hə,vermək istəmirsən?

“Oğru” sözünü eşidəndə qulaqlarıma kimi qızardım. Gözlərim doldu. O anda mənə elə gəldi ki, məktəbdəki uşaqların hamısı məni bir- birinə göstərib: “ ay səni, biz də bunu düz-əməlli uşaq bilirdik. Fırıldağın biriymiş” deyir. Hələ Adilə müəllimə! O, sinif rəhbərim idi, hamıdan çox mənim xətrimi istəyirdi. Həmişə gözəl xəttimi, səhvsiz yazdığımı deyib məni o biri uşaqlara nümunə göstərirdi. Onun oğurluq etdiyimi eşdəndə necə məyus olacağını təsəvvür edəndə məni tər basdı. Xəstəlikdən yeni ayılmışdım, ona görəydi,yoxsa həyəcandan oldu, ürəyim bulandı, öyüməyə başladım.
Öyüyüb qusmağım Matanın vecinə də deyildi.

- Öhü, öhü...- məni yamsılayıb güldü,- guya qusur,özünü tülkülüyə vurma,qələmimi ver!

Ağzımın köpüyünü qoluma silib maddım- maddım Matana baxır, nə deyəcəyimi bilmirdim. O,mənə hədə- qorxu gəlməyə başladı:

- Axırıncı dəfə deyirəm,qələmimi verməsən,hamıya oğru olduğunu deyəcəm.

Matana pulu hissə- hissə ödəməyi təklif etdim. Neçə gündən bəri ağlıma bundan başqa heç nə gəlməmişdi: atam verdiyi iyirmi qəpikləri Matana versəm, borcumu yavaş- yavaş ödəyib qurtarardım.

Əlvida, marmelad, əlvida, şokolad qoxulu günlər.

Matan mənə dirsəyini göstərdi:
- Ala budey, axmaq tapmısan!- sonra nə fikirləşdisə,bic-bic gözünü qıyıb üzümə irişdi,- yaxşı,razıyam;həftəyə iyirmi qəpik verərsən. Əmim onsuz da üç- dörd aydan bir gəlir, o gələnə kimi üç manat səksən qəpik yığaram, mənə yenisini alar.

Matan sözünün üstündə yalnız üç həftə dura bildi: atamdan aldığım iyirmi qəpiyi sonuncu dəfə verəndə üstümə tolazladı:
- Bilirsən nə var, fikrimi dəyişdim:hissə- hissə sərf eləmir, pulumu bütöv ver.
- Axı hamısını birdən hardan alım, yoxumdu.
- Mənə nə,- çiyinlərini atdı,- get dədəndən istə, siz də deyin pulumuz yoxdu, biz də! Atan o boyda yerdə müdirdi, denən versin.

“O boyda” yerdə-arxiv idarəsində işləyən atam gəldi gözümün qarşısına. Ondan pul istədiyimi təsəvvür etmək istədim, alınmadı, amma bunu Matana bildirmədim.
- Yaxşı, atamdan istəyərəm,- mızıldandım.

Matan indiyə qədər aldığı pulu borcumdan silmirdi; gec qaytardığıma görə “cərimə” ödəmişəm. Başa düşdüm ki, elə əvvəldən planı məndən o altmış qəpiyi qoparıb sonra yenidən qələmini tələb etməkmiş.

Tələyə düşmüş siçovula dönmüşdüm; ha çapalayırdımsa, çıxa bilmirdim.

Dərdimi deyə biləcəyim bir kimsə yoxdu. Atam hədsiz qaraqabaq,uşaqlarıyla soyuq davranan adamdı. Bizimlə arasına gözlə görünməyən bir sədd çəkmişdi. Biz ondan pul istəyə bilməzdik. Hərdən məktəbdə nəyəsə pul yığanda dilmanclığımızı anam edirdi.

Ailədə pul yalnız atamda olurdu. Nənəmin cüzi təqaüdünü də o alıb evin ehtiyaclarına xərcləyirdi. O, ayda, iki ayda bir nənəmin xına qoymaq vaxtı çatanda ona “xınapulu” verirdi.

Məktəbdə dərslər bitmişdi, daha dərsə getmirdik deyə, Matan indi hər iki gündən bir qapımızı kəsirdi. Anam Matanın tez- tez məni çağırmağından əsəbiləşməyə başlamışdı. Qız qapının ağzında görünəndə deyinirdi:

- Bu Kahman Hava nə yaman dadanıb bura, əvvəllər heç gəlməzdi. İsa yeyib Musa təpib elə bil,bu boyda da qız uşağı olarmı?

“ Kahman Hava” ən çox işlətdiyi sözlərdən biriydi:xoşuna gəlməyən tənbəl, kök qızlara belə deyirdi.

“Kahman Hava” anamın doğulduğu bölgədə yaşayıb ( anam bizim kəndə başqa bölgədən gəlin köçmüşdü). Çox tənbəl olduğundan yerindən qalxmağa da ərinərmiş.Anam deyirdi ki, Kahman Hava tənbəllikdən üzünə qonan milçəkləri də qovmazmış.

Matanı hər gün “ atam bu həftə maaş almayıb,get sonra gəl” deyərək yola verirdim. Artıq onun səbr kasası daşmaq üzrəydi; mənə son möhlət kimi iki gün verib getmişdi.

Anam əlində sellofan torba anbara tərəf gedəndə son cürətimi toplayıb ona yaxınlaşdım. Nəzərlərim əlındəki sellofana dikilmişdi, udqunur, nə deyəcəyimi götür-qoy edirdim. Torbada boz rəngdə toz kimi bir şey görünürdü. Anam o biri əlindəki çörək parçasını torbadakı toza batırıb adəti üzrə deyindi:
- Qırılmışlar yenə anbarı dağıdır, buğda kisələrini deşib daşıyırlar dəni. Kökünüzü kəsəcəm sizin!
Nəhayət,qərara gəldim:

- Ay ana, atamdan mənə üç manat səksən qəpik ala bilərsən?

Anam üzümə elə baxdı, elə bil ona fransızca nəsə demişdim.

- Nə deyirsən, aaz, qanmadım.
- Mənə üç manat səksən qəpik lazımdı,- birnəfəsə dedim.
- Neynirsən pulu?
- “Malmalad” alacam,- o anda sözlər ağzımdan qeyri- ixtiyari çıxdı. Düzünü deyə bilmədiyimə görə ağlıma başqa bir şey gəlmədi.

Sükut. Amma bir an çəkdi,zəhərli torbanı az qala başıma keçirəcəkdi.

- Aaz, itil başımdan, üç manatlıq marmeladı neynirsən? O pula üç kilo qənd alsam, külfət bir həftə çay içər. Yeri get, gör qardaşın hardadı, bayaqdan səsi gəlmir.

Bəlkə, anama düzünü desəm, məni başa düşər, dərdimə bir çarə tapardı, amma hər dəfə bu barədə düşünəndə yorğan sırıyan iynəni itirməyimi xatırlayıb vaz keçirdim.

Yorğan-döşək sırıdığı böyük təmənə iynəsini qonşudan alıb gətirəndə yolda otluqda salıb itirmişdim. Anam hələ də onu başıma qaxınc edirdi. Məni qonşuya diləyə göndərəndə mütləq iynəni xatırladırdı:
- Gözlə, bunu da iynənin gününə salmayasan, əlində möhkəm tut, ayağının altına yaxşı bax.

Matanın verdiyi möhlət başa çatırdı: sabah ona üç manat səksən qəpiyi verməsəm,hamıya qələmini oğurladığımı deyəcəkdi. Bu mənə çox ağır gəlirdi. Nə istəyirdi deyərdi,bircə oğru yox.

Adilə müəllimə dərsarası bizimlə söhbət edəndə deyərdi:

- Oğurluq itə də yaraşmır, dünyada ondan pis ad yoxdur. Heç vaxt sizə aid olmayana gözünüzün ucuyla da baxmayın. Bir dəfə ad ləkələndisə, onu heç nəylə silib təmizləmək olmur.

İtə də yaraşmayan o adı mən necə üstümə götürüm.

Dərindən ah çəkdim. Bağın lap dərinliyində,söyüd ağacının altında oturub dizlərimi qucaqlamışdım.

Kolluqdan bir siçan qaçıb torpağın altında qazdığı yuvaya girdi. Anamın dünənki sözlərini xatırladım:

Oğrular, qırılmışlar, kökünüz kəsilsin!

Qətiyyətlə ayağa durdum, paltarıma yapışmış quru otu, torpağı çırpıb evə doğru getdim.

Atamın səhər verdiyi iyirmiqəpikliyi pəncərənin qarşısındakı dibçəyin altında gizlətmişdim. Pulu götürüb mağazaya tərəf getdim.
İyirmiqəpikliyi dükançıya verib gözlədim. Marneladı mənə uzadanda gözlərim yaşardı, kövrəldim. Neçə vaxtdı həsrət qaldığım şokoladlı marmelad ovcumdaydı. Marmeladı ehtiyatla dodaqlarıma toxundurdum. Şokoladın iyi məni məst etdi. Həftələrdi Matan məni bu həzzə həsrət qoymuşdu. Dilimlə şokoladı oxşadım, sonra yavaş-yavaş marmelad ləzzətinə daldım.

Bu yolun bitməsini heç istəməzdim, şokolad qoxulu şirin röyamdan oyanmayaydım kaş.

“Kaş biz də varlı olaydıq, hər gün doyunca marmelad yeyə biləydim, üç manat səksən qəpik borcum olmayaydı. O zaman Matandan bu qədər qorxmazdım”.

Marmeladdan son dişləyimi ehtiyatla, sevgiylə qopardım. Bu dişləkdən çox bir öpüşüydü. Bir aşiqin sevgilisini öpdüyü kimi öpdüm onu və son parçanı yeməyib cibimdə gizlətdim,anbara tərəf getdim.

***

Ailəmiz, qohum-qonşularımız başımın üstündəydi,hamı mənə şəfqətlə baxır,nəsə deyirdi.

Gözümün qarşısında bir tor vardı, ətrafımdakıları torun arxasından görürdüm. Sonra tor yavaş- yavaş çəkildi, bayaqdan bulanıq gördüyüm üzlər aydın göründü. Rabitəsiz, kəsik-kəsik səslər eşidirdim.

Pul istəyib...marmelad..bəxti gətirib...siçan zəhəri köhnəymiş, ölməyib, şükür.

Göz qapaqlarım bir az da aralandı, ətrafı donuq, ölgün baxışlarla süzdüm. Çarpayımın yanındakı dolabın üstü marmeladlarla doluydu. Dolaba sarı baxdığımı, ayıldığımı görüb ətrafımdakılar dərhal marmeladları qamarlayıb hərəsi bir yandan mənə uzatdı:

- Al, ye, Zözü, gör nə qədərdi, hamısı sənindi.

Gözlərim yenidən yavaş-yavaş yumuldu,hafizəm bir anda itdi.

Kimsə qolumdan tutub məni silkələyirdi:

- Oyan, yatma, Zöhrə, sənə hər gün şokoladlı marmelad alacam,söz verirəm, ölmə,nolar, yazıq balam, vah!

Deyəsən, bu anamın səsiydi,elə bil quyunun dibindəydim, onun sözləri mənə güclə gəlib çatırdı.

Bir- birinə yapışmış kipriklərimi güclə araladım, dodaqlarım susuzluqdan qupquru qurumuşdu. Gözümü hərləyib hər yerə diqqətlə baxır, xatırlamağa çalışırdım.

Baxışlarım dolabın üstündəki marmeladlara ilişib qaldı, gözlərimdən yaş sel kimi axmağa başladı. Anam marmeladı düz gözümün önünə tutub yalvarırdı:

- Marmelada bax,sənindi hamısı, buna görə ölmək istəyirdin, Zözü?
- “malmalad” istəmirəm,- güclə eşidiləcək səslə zarıdım,-mənə üç manat səksən qəpik lazımdı, Matana borcum var.

# 2559 dəfə oxunub

Oxşar xəbərlər

İdmançının sevgilisi - Günün hekayəsi

İdmançının sevgilisi - Günün hekayəsi

13:16 21 noyabr 2024
Azyaşlı baldızı ilə evlənən qoca – Çəmənzəminlinin hekayəsi

Azyaşlı baldızı ilə evlənən qoca – Çəmənzəminlinin hekayəsi

16:40 18 noyabr 2024
“Ka”nı xoşbəxt edən yazıçı - Sonası Vəliyevanın hekayəsi

“Ka”nı xoşbəxt edən yazıçı - Sonası Vəliyevanın hekayəsi

15:00 17 noyabr 2024
Tənhalıq həsrəti - Rüstəm Dastanoğlunun hekayəsi

Tənhalıq həsrəti - Rüstəm Dastanoğlunun hekayəsi

13:05 16 noyabr 2024
"REZİDENS de MAREŞO"da - Sabir Əhmədlinin hekayəsi

"REZİDENS de MAREŞO"da - Sabir Əhmədlinin hekayəsi

09:00 16 noyabr 2024
Köçəri quşun ağısı – Çingiz Aytmatovun hekayəsi

Köçəri quşun ağısı – Çingiz Aytmatovun hekayəsi

16:30 15 noyabr 2024
#
#
# # #