Kibrit evlər - Tural Cəfərlinin hekayəsi

Kibrit evlər - Tural Cəfərlinin hekayəsi
16 iyul 2024
# 11:30

Kulis.az Tural Cəfərlinin "Kibrit evlər" adlı yeni hekayəsini təqdim edir.

Doxsan ikinci ilin payızında cəbhəyə yollandıq. Sinifdə oğlanlardan ancaq iki nəfər universitetdə oxumağı seçdi. Qalan hamı könüllü yazılmışdı, evdən xəbərsiz, gizlincə. Tez böyümüşdük, müharibə içimizdəki uşağı didərgin salmışdı... Çox vaxt evdəkilərlə əlaqəmiz olmurdu, bəzən ayın tarixini, həftənin gününü belə bilmirdik, daşın-qayanın üstündə yatıb, bir tikə çörək tapanda sevinirdik, ancaq uşaq kimi yox, nəsə başqa cür, qəribə sevinirdik... Yağış yağanda isə deyinirdik, sanki bütün günahlar yağışda imiş, o ki qar yağırdı, deyinməyin bir işə yaramadığını görüb, qartopu oynayırdıq, ancaq uşaq kimi yox, nəsə başqa cür, qəribə oynayırdıq...

O qədər ağrılı-acılı günlərimiz olub ki... Bəzən bir-birimizin gözünün içinə baxıb, sadəcə susurduq, baxışlarımız bizim əvəzimizə danışırdı. Məsələn, sinfimizin bir nömrəli yalançısı Farizin “şirin” yalanları burada keçmirdi, qızların sevimlisi, rok musiqisinin həvəskarı Yusifin saçı-başı ağarmışdı, hərdən aşıq mahnılarına qulaq asırdı, “Nikbin” təxəllüslü şairimiz Aydın axırıncı dəfə nə vaxt şeir yazdığını xatırlamırdı, güllə səslərinə qafiyə tuturdu... Ancaq bu qədər çətinlik içərisində sınmadıq. Hamının üzündə inam, gözlərində ümid var idi... Necə xoşbəxt idik, İlahi!..

Bir həftəlik təlimdən sonra müxtəlif hərbi birləşmələrdə döyüşlərə qatıldıq. İlk döyüş günüm uğurlu keçdi. Ağdərədə iki kəndi azad etmişdik. Kənddən qaçan ermənilər at fermasını yandırmışdılar. Atların kişnərtisi hələ də qulaqlarımdan getmir. Yanğını söndürə bilmədik, nə var idisə kül oldu, sonra yuxumda ağ atlar görürdüm, ağzı köpüklü həmin ağ atlar qəfil tüstülənib yox olurdular, ancaq kişnərtiləri uzaqdan eşidilirdi... İlk vaxtlar bütün gördüklərim qəribə gəlirdi mənə, ancaq getdikcə hər şey adiləşirdi. Əvvəlcə yaralıların səsinə, sonra da ölülərin sükutuna öyrəşdim... Ağ atlar isə bir daha yuxuma gəlmədi...

Noyabr ayıydı, havalar soyumağa başlamışdı. İki gün davam edən qızğın döyüşlərdən sonra düşməni geri çəkilməyə məcbur etmişdik. Növbəti qələbəmizi qazanmışdıq, həyəcanlı idik. Azad etdiyimiz kəndlərdən birinə daxil olurduq. Bir az ürkək, bir az da ehtiyatlı davranırdıq. Əldə olunan məlumata görə ətraf yüksəkliklər nəzarətimizdə idi. Qəribə və anlaşılmaz sakitçilik hökm sürürdü. Qəfil atəş açıldı. Məndən bir az aralıda dayanan Rəhmanı snayper vurmuşdu. Rəhman sinfimizin ən fağırı olsa da, tərsliyi ilə seçilirdi. Nə deyirdin, tərsinə eliyirdi. Həmin gün də ona arxamca gəlməyini tapşırdım, yenə də tərsliyi tutdu, düz qabağıma keçdi. Ancaq kəndə daxil olanda bir az kənara çəkildi. Elə bil nəsə hiss eləmişdi... Dərslərini yaxşı oxumasa da, əla futbol oynayırdı. Ona ləqəb də fikirləşmişdik. Axilles Rəhman. Mifi çox yaxşı bilirdi. Babasının böyük kitabxanası var idi. Həftə sonları Rəhman babasının kitabxanasında olurdu. Zarafatla bizə “Axillesin dabanı zəif nöqtəsidir, mənim isə zəif nöqtəm yoxdur”, deyirdi.

Müdafiədə keçilməz oyunçuya çevrilmişdi. Müharibədə də Vətən sərhəddini keçilməz etmişdi. Bədəni dəmir kimi idi, adama elə gəlirdi ki, güllə ona heç nə eləməz... Yəni inanmışdıq Rəhmana. Elə bilirdik ki, Rəhmanın həqiqətən zəif nöqtəsi yoxdu. Ancaq güllə Rəhmanın düz alnından dəymişdi. Sən demə Rəhmanın “Axilles dabanı” elə alnı imiş...

Müharibədən qayıdandan sonra bir müddət müalicə olundum. Xəstəxanada məni yoxlayan tibb bacısını tanıyırdım. Eyni məktəbdə oxumuşduq. Hər dəfə hiss edirdim ki, mənə nəsə demək istəyir. Ancaq utanırdı. Bir gün özü açdı söhbəti:

- Sizin sinifdə Rəhman var idi e...

- Var idi..

- Məni sevirdi...
Aynurun ala gözləri doldu. Aynur iki sinif bizdən aşağı oxuyurdu. Rəhman bu barədə heç kimə bir şey deməmişdi... Sonralar bu hadisəni xatırlayıb, içimdə Rəhmandan bir az incimişdim. Heç olmasa mənə deyərdin də, ay tərsin biri tərs...

Ölümündən bir gün qabaq axırıncı siqaretini yandırmaq üçün kibrit istəmişdi. Tərslikdən heç kimdə kibrit tapılmadı. Kefini pozmayıb, gülümsədi, xırıltılı səslə “kibrit tapanda çəkərəm” deyib, siqareti cibinə qoydu. Meyitini yuyandan sonra cibindəki siqareti yadıma düşdü. Əlimi cibinə atanda gördüm ki, siqareti ortadan ikiyə bölünüb. İlk dəfə idi ki, içimdə ölən “uşaq” dirilmişdi, hönkür-hönkür ağladım. Rəhmanı qaldırmaq istədim, əllərim əsdi. Komandirə baxdım, nə deyəcəyimi bilmirdim, çarəsiz idim, komandir içini çəkib, kibritini mənə sarı uzatdı...

O an içimdə nəsə qırıldı elə bil. Səsini də eşitdim. İntəhası susdum. Yadıma Rəhmanın yıxılmağı düşdü: Bir dəfə məktəbin hasarından atlananda bərk əzilmişdi, deyəsən topuğu sınmışdı, həmin vaxt onu qaldıra bilmişdim.... Ən çox “Tarix” dərsindən qaçırdıq, ancaq bilmirdik ki, nə vaxtsa özümüz tarix yazacağıq...

Başımın üstündə uçan güllələr daşa-qayaya dəydikcə sərçə civiltisini xatırladırdı. İlk vaxtlar bu səs adamı dəli edirdi. Sonra vecimə olmadı. İki dəfə yaralandım. Birinci dəfə yüngül yaralandım. Tez sağaldım. İkinci dəfə isə ağır yaralandım. Ordudan tərxis olundum. Doxsan dördün axırı idi. Qəlpə sol ayağımı dizdən aşağı qoparmışdı. Bir ay hospitalda yatdım. Sinifdən on dörd nəfər müharibəyə getsək də, cəmi iki nəfər sağ qayıtdı: komandamızın kapitanı Fikrət və mən... Qalan hamı şəhid oldu, Flora müəllimənin oğlu Ülfətin nəşi tapılmadı. O qədər zarafatcıl, şən oğlan idi ki... Murovda itkin düşdü, Ülfətin qəfil itkisini əvvəlcə zarafat bildik, sonra isə... Flora müəllimə sinifdə oğlunu o biri uşaqlardan fərqləndirmirdi. Coğrafiyanı ən yaxşı oxuyan da elə Ülfət idi. Di gəl, anası güclə dörd yazırdı ona. Deyirdi ki, coğrafi məsələləri zəif həll edir. Ülfətin ən çox sevdiyi mövzu dağlarla bağlı idi. Hərdən mənə elə gəlir ki, Ülfət sağdı, Murovda bizi gözləyir, zarafat eləməyə də adam tapmır deyə dilxordu...

Müharibə çox şeyi aldı əlimdən. Əvvəlcə sinif yoldaşlarımı, sonra da özümü itirdim... Atam ölmüşdü, anam da xəstə idi, mən qayıdandan bir il sonra o da öldü, sevdiyim qızı başqasına vermişdilər, ayağım da belə...

Bütün bunlara baxmayaraq ümidimi üzmürdüm. Başa düşürdüm ki, həyat davam edir. Sənədlərimi universitetə verdim. İnşaat mühəndisliyi ixtisasında oxuyurdum. Universiteti bitirən kimi Rusiyada kibrit fabrikində işə düzəldim. Axşam növbəsində işləyirdim. İşimi sevirdim, bu kiçik qəsəbədə özümü yaxşı hiss edirdim, ayağımın ağrısı da azalmışdı...

Kibrit fabrikinin direktoru ilə görüşəndə məlum oldu ki, azərbaycanlıdı. Məni səmimi qarşıladı, ayağımı müharibədə itirdiyimi biləndə pis oldu, sonra özü haqqında danışdı. Dediyinə görə, iyirmi ildən çoxdu bu qəsəbədə yaşayır, əsgərlikdən sonra bir daha geri qayıtmayıb, arvadı da rusdu, elə bu fabrikdə tanış olublar. Vətəndən uzaq olsa da, xoşbəxt olduğunu deyir, güzəranı da pis deyil...

Sağ olsun, məni tələbə yataqxanasına yerləşdirdi, ayrıca mətbəxi olan bir otaqlı mənzildə qalırdım. İlk vaxtlar direktordan ehtiyat edirdim, adam mənə qarşı çox diqqətli idi, bu da məni narahat edirdi. Bu cür diqqət qəribə gəlirdi...

Bir dəfə Novruz bayramında mənə əlavə maaş da yazmışdı. Tapşırmışdı ki, bu barədə heç kimə deməyim. Yoxsa, narazılıq olar. Həmin pulu küçədə gülsatan yaşlı bir qadına vermişdim.

Tez-tez sinif yoldaşım Fikrətlə əlaqə saxlayırdım. Evlənmişdi, bir qızı da olmuşdu. İşsizlikdən gileylənirdi, müharibədə ağır kontuziya almışdı, anidən əsəbiləşib, özündən çıxırdı, ona görə də çox işləyə bilmirdi. Müharibə kiminin canını, kiminin də ağlını almışdı...

Hərdən yuxuda sinif yoldaşlarımla məktəbdə futbol oynadığımı görürəm. “Zəfər” futbol klubumuz məğlubiyyət nədi bilmirdi. İki dəfə məktəblər arasında keçirilən çempionatın qalibi olmuşduq. Kubokun birini hələ də saxlayıram. Komandamızın adını özüm fikirləşmişdim. Kapitan Fikrət idi. Qapıda mən durardım. Boyum hündür olmasa da, cəld idim. Ancaq yuxuda qapıya gələn topları əlimlə yox, ayağımla çıxarırdım. Özü də olmayan sol ayağımla... Bilmirəm niyə, ancaq yuxuda ayaqlarım əllərimdən çox iş görürdü...

Axır vaxtlar təklikdən sıxılırdım. Səhər növbəni təhvil verib, yolüstü ərzaq dükanından pivə, kolbasa, çörək alıb, birbaşa yataqxanaya gedib, axşama kimi içirdim. Bir-iki qızla da tanış olmuşdum, ancaq yenə də darıxırdım... Bakıdan özümlə gətirdiyim köhnə fotoalboma baxıb, bir az sakitləşirdim. Bu qısa müddətli sakitliyim də get-gedə yox olmağa başlamışdı...

- Sənə bir məşğuliyyət lazımdı, - direktor dedi, - əgər başını qatacaq bir məşğuliyyət tapmasan, dəli olacaqsan!

- Nə məşğuliyyət? - özümdən çıxdım, anidən belə olanda burnumu qaşıyıram...

Eyvanda oturduq. Direktorun qanı qaralmışdı. Ancaq bu qanqaraçılığın nə ilə bağlı olduğunu soruşmaq istəmirdim...

- İxtisarlar başlayıb. Dünən iki nəfər ixtisara düşdü, bu gün də üç nəfəri ixtisar etməli oldum. Kibritə olan ehtiyac azalır. Bir azdan kibritdən demək olar ki, heç kim istifadə etməyəcək...

- Çay içirsən? - heç nə olmamış kimi soruşdum.

- Yox, sağ ol. Əgər...

- Narahat olma. Mən başımın çarəsinə baxaram. Qayıdaram Bakıya, vağzalda tanışlarım var, bir iş tapıb işləyərəm.

- Doğrudan, buna sevindim. - Qalstukunu açıb, qollarını çirmədi. - Bu başqa məsələ, gedim pivə alım, yanında nə olsun?

- Suxari, bir də balıq, - dedim.

İstirahət günüm idi. Direktorla axşama kimi pivə içib, min ilin tanışı kimi dərdləşdik. Sonra arvadı zəng elədi, rus dilində nəsə deyinirdi, belə başa düşdüm ki, direktorun qohumlarını yada salırdı, direktor da özünü itirməyib arvadın ölülərini bizim dildə yada saldı. Axırıncı butulkanı da başına çəkib, ləngər vura-vura qapıya tərəf getdi. Direktoru yola salıb, yatdım.

Səhəri gün sonuncu iş günümün olduğunu öyrənəndə (kadrlardan bildiriş gəlmişdi) iri bir çuval tapıb, anbara düşdüm. Anbarın açarı bir məndə idi, bir də direktorda. Anbar köhnə və nəmli olduğuna görə kibrit qutularının çoxu yararsız vəziyyətə düşmüşdü. Çuvalı doldurub, yuxarı qalxdım. Növbəni təhvil verəndə qapıçı İqor əlimdəki çuvalı görüb, soruşdu:

- A şto eto?

- Niçeqo, spiçki, - deyib, göz vurdum. İqor elə bildi zarafat edirəm, “nu tı dayoş” deyib, güldü.

Yataqxanaya çatan kimi direktor zəng elədi. İxtisar olunduğumu böyük ürək ağrısı ilə bildirdi. “Canın sağ olsun” deyib, onu bir gün Bakıda görmək istədiyimi söylədim. O da cavabında “Sağlıq olsun” dedi, sonra da mənə “gələcək həyatımda uğurlar arzu edib”, telefonu qapatdı.

Çuvalı yerə boşaldıb, kibrit qutularını səliqə ilə çamadana yığdım. İki saatdan sonra dəmiryol vağzalında idim. Qatar perrona yanaşırdı, Vətənə qayıdanların üzündə yorğunluq hiss olunurdu...

***

- Nofəl Rusiyadan qayıdıb, ixtisara düşüb, deyirlər. Özü ilə də bir çamadan kibrit gətirib...

- Zərifə xala gözlərini bərəldib, əsnədi.

- Ay qız, o boyda kibriti neynir görən? Bu müharibə hərəni bir cür dəli elədi də. Görüm müharibə çıxaranın evinə top düşsün...

- Amin ay Kifayət, amin!

***

On il ərzində şəhər çox dəyişmişdi. Müharibənin izləri qalsa da, adamların üzündəki ağrılar seyrəlib, yerini məişət qayğılarına vermişdi. Sinif yoldaşım Fikrətin öldüyünü biləndə ayağımın ağrısı tutdu. Axırıncı dəfə danışanda yaxşı idi. Gələndə qızına don almışdım, qırmızı don. Ancaq heç geyindiyini görmədim. Yaşıdlarından seçilirdi, atası kimi hündür idi, yəqin don balaca olub. Görünür, atasız uşaqlar tez böyüyür...

Qonşular mənim Rusiyadan bir çamadan dolu kibrit gətirməyimə xeyli təəccüblənmişdilər. Hətta qonşum Qabil dayı mənim dəli olduğumu düşünüb, bələdiyyə sədri İlqara məndən şikayət də eləmişdi. Guya mən gecələr onun qapısını döyürəm. Halbuki çox vaxt evdən çölə belə çıxmıram. İşim-gücüm qurtarıb, kiminsə qapısını niyə döyüm?!

Bütün günü kibritdən evlər düzəldirəm. Hələ balaca bir məktəb də düzəltmişəm. İtirdiyim adamları kibritdən düzəltdiyim evlərə qaytarıram. Məsələn, kibritdən hazırladığım məktəbə rəhmətlik sinif yoldaşım Rəhmanın adını vermişəm: “Qarabağ müharibəsi şəhidi Rəhman Salahov adına tam orta məktəb”... Hərdən öz-özümə fikiləşirəm ki, kaş Rəhmanın axırıncı siqaretini yandıra biləydim, kaş onda bircə dənə kibritim olaydı... İndi isə kibritdən evlər düzəldirəm...

Çoxları məni qınayır, amma mən kibritdən düzəltdiyim evlərdə sinif yoldaşlarımı xatırlayıram, futbol oynadığımız vaxtlara qayıdıram, yenidən xoşbəxt oluram... Axı bunu Qabil kimi bir adama necə başa salım? Axı onun sinif yoldaşlarının hamısı sağdı, axı o sol ayağın nə qədər lazımlı olduğunu anlamır, axı o bir dəfə də olsun qapıdan top çıxarmaq üçün ayağından istifadə etməyib...

***

- Oğlum, su iç, özünə gəl...

Kamil müəllimin sözlərinə dik atıldım. Bu səs tarix müəllimimizin səsi idi.. Çox zəhimli müəllim idi. Başımın üstünü alan sinif yoldaşlarımı görüb, qışqırmaq istədim, onları qucaqlamaq, bağrıma basmaq istədim, ancaq boğazım düyünləndi, ayaqlarım tutuldu elə bil... Gözüm Rəhmanı axtardı, hanı Rəhman, Rəhman, ay Rəhman, bax, nə qədər istəsən kibrit var məndə, eşidirsən məni, Rəhman?!

- Fikrət, bir də Nofəli qapıya qoyma. Görmürsən, nə hala düşür? - Kamil müəllim əsəbi halda dilləndi...

Axır vaxtlar yuxuda sinif yoldaşlarımı tez-tez görürəm. Bəlkə kibrit çöplərindən qurduğum evlər, məktəb onların ruhunu narahat edir?! Bəlkə onlar mənim düşdüyüm bu vəziyyətə görə əzab çəkirlər?! Bəlkə axırıncı siqaretini yandıra bilmədiyim üçün Rəhman məndən inciyib?!

***

Səhəri bütün məhləni tüstü bürümüşdü. Göz-gözü görmürdü. Hamı çaş-baş qalmışdı. Nofəl düzəltdiyi kibrit evləri yandırmışdı. Sonra da heç nə olmamış kimi evdən çıxıb oxuduğu məktəbə tərəf getmişdi. Yanğınsöndürənlər alovun qarşısını vaxtında ala bilmişdilər... Qonşulardan heç kimin evinə ziyan dəyməmişdi...

***

Hava günəşli idi. Şəhid Rəhman Salahov adına məktəbin həyətində futbol oynayan uşaqlar qol vurandan sonra sevinclərini bölüşmək üçün oyunun yeganə azarkeşi Nofələ tərəf qaçırdılar... Nofəl isə əlində kibrit, hər dəfə uşaqlardan Rəhmanı görüb-görmədiklərini soruşurdu...

# 1849 dəfə oxunub

Oxşar xəbərlər

Divar - Azad Qaradərəlinin yeni hekayəsi

Divar - Azad Qaradərəlinin yeni hekayəsi

14:00 23 noyabr 2024
Gertruda Komorovskaya - Həmid Piriyevin yeni hekayəsi

Gertruda Komorovskaya - Həmid Piriyevin yeni hekayəsi

15:00 22 noyabr 2024
Yay tətilini necə keçirdim - Əli Zərbəlinin hekayəsi

Yay tətilini necə keçirdim - Əli Zərbəlinin hekayəsi

11:24 22 noyabr 2024
İdmançının sevgilisi - Günün hekayəsi

İdmançının sevgilisi - Günün hekayəsi

13:16 21 noyabr 2024
Azyaşlı baldızı ilə evlənən qoca – Çəmənzəminlinin hekayəsi

Azyaşlı baldızı ilə evlənən qoca – Çəmənzəminlinin hekayəsi

16:40 18 noyabr 2024
“Ka”nı xoşbəxt edən yazıçı - Sonası Vəliyevanın hekayəsi

“Ka”nı xoşbəxt edən yazıçı - Sonası Vəliyevanın hekayəsi

15:00 17 noyabr 2024
#
#
# # #