İtburnu çiçəkləri - Aslan Quliyevin hekayəsi

İtburnu çiçəkləri - Aslan Quliyevin hekayəsi
13 sentyabr 2024
# 21:00

Kulis.az Aslan Quliyevin "İtburnu çiçəkləri" hekayəsini təqdim edir.

Qızı çay dəmləyə bilmirdi. Bunu ona demir, xətrinə dəymək istəmirdi. Bu nəsil nəyisə öyrənmək həvəsində deyildi, öyrətmək arzusuyla alışıb yanırdılar. Yenə də Malikin dediklərini ona çatdırırdı, deyir atanın şəhərin mərkəzində ev nəyinə lazımdır? Dəyişsin kənarlara, yaxşı pul verərlər. Bizə də maşın almağa kömək elər. O da həmişə olduğu kimi eyni cavabını verirdi, görməz, ümidini vursun!

Qızı pərt oldu, uşaqlıqda olduğu kimi incik halda qaşlarını çatdı. Getmək üçün yır-yığış eləməyə başladı. Bu adama qarşı qəlbində həsəd hissi baş qaldırırdı, bekara adamdı, amma qızı üçün az qala fərasət, müdriklik etalonu idi, sözünün əvvəlində də ondan sitat gətirirdi, axırında da.

Çıx get. Qapını da arxanca bağla. Tək qalmaq istəyirəm. Bir azdan qaranlıq düşəcək. Qaranlıq düşəndə özümü kimsəsiz və yalqız hiss eləyirəm.

Yaxınlıqdakı parka getdi, yatmamışdan qabaq bura gəlir, gəzir, təmiz hava alırdı. Yasəmən kollarının arasındakı oturacaqda oturdu, havadan güclə sezilən yasəmən qoxusu gəlirdi. Dəniz tərəfdən külək əsirdi, külək qaçaraq şərqə gedir, iki-üç boz, qara buludu qabağına qataraq gətirir, dayanıb dincini alır, sonra yenidən buludları gətirmək üçün qayıdırdı.

Cığırla ona doğru bir qız gəlirdi, elə bil qız onu tanımışdı, baxışlarından doğma, yaxın birisini görən adama məxsus ifadə dolaşırdı. Gözəl qız idi, yeridikcə saçları dalğalanır, şirin təbəssüm sifətinə yayılır, gözləri işıqlanırdı. Ona yaxınlaşıb əlini uzatdı. Qızın əlini sıxsa da, heyrət içindəydi, qızı harda gördüyünü xatırlaya bilmirdi. Nəhayət tanıdı, Laləydi, Bəhruzun sinif yoldaşı. Özünü itirmiş halda ayağa qalxdı, qızın qolundan yapışıb özüylə yanaşı oturtdu.

Lalə təkcə məktəbin yox, qəsəbənin ən gözəl qızı idi, qəsəbədəki bütün cavan oğlanlar ona vurulmuşdular. Bəhruz da sevirdi. Lalə məktəbi qurtardığı il nişanlandı, toyu oldu, şəhərə gəlin köçdü. Gözəlliyi ilə hamını sehrləyən, ovsunlayan qızın gedişi bu balaca əyalət qəsəbəsində aydın hiss olunurdu, qəsəbənin sevincini, fərəhini də özüylə aparmışdı.

Bəhruz isə institutu yarımçıq qoyub əskərliyə, sonra da heç kimə qulaq asmadan Rusiyaya getdi. Gedib-gəlmir, ara-sıra telefonda danışır, bir də qayıtmayacağını deyirdi. Arvadı günahı Lalədə görürdü, bu qızın dərdindin dəli-divanə oldu, baş götürdü getdi. Arvadı belə danışanda hirslənirdi, bizdə divanə olanlar səhralara, çöllərə qaçırlar, səninki isə Rusiyaya qaçıb!

Qız zərrəcə dəyişməmişdi. Dar şalvarda, əyninə kip oturmuş yaxası açıq ağappaq koftada eyni ilə məktəb illərindəki həmən yeniyetmə qızı xatırladırdı. Əksinə, bir az da gözəlləşmişdi, baxışlarından həsrət, ehtiras yağırdı.

Bununla belə qızın özündə olmadığını hiss eləyirdi, tədricən sifətindən sevinc şölələri çəkilir, gözlərinə kədər kölgəsi çökürdü. Onun soruşmasını gözləmədən danışmağa başladı. Məlum oldu əriylə keçinmir, əri az qala onu daşa-divara da qısqanır, əvvəllər qışqırıb bağırmaqla kifayətlənirmiş, son vaxtlar isə söyməyə, təhqir eləməyə başlayıb, hətta əl də qaldırırmış. Dözə bilməyən qız da bu gün ərinə deyib ki, daha belə yaşaya bilmir, evi tərk edir, bir də qayıtmayacaq, qapını çırpıb çıxıb, indi də gedəsi yeri yoxdur, bilmir harda gecələsin.

Qulaqlarına inana bilmirdi, belə gözəl, çöl çiçəyi kimi zərif qızı necə söymək, incitmək olardı? Belə qıza necə əl qaldırmaq olardı? Bəlkə evinə qayıdasan, qızın xətrinə dəyməməyə çalışaraq ehtiyatla deyirdi, ərinlə bir də danışarsan. Bu asan məsələ deyil, ailəniz dağılır. Qız isə başını silkələyir, baxışlarından alov saçılırdı. Heç vaxt o evə qayıtmaram, deyirdi, onunla birlikdə yaşaya bilmərəm. Neçə vaxtdı dözürdüm, amma daha bacarmadım. Işi belə görüb:

— Bilmirəm, — tərəddüdlə dilləndi. – Mənimlə qala bilərsən…

— Sağ olun! – qız qızğınlıqla təşəkkür elədi. – Mən yalnız bir-iki günlüyə…

Cavab vermədi, əlbəttə, qızı bir-iki gündən artıq saxlaya bilməzdi. Söz-söhbət olardı. Başqalarını boş ver, qızıznı necə başa salardı?

Birlikdə evə gəldilər. Qız arvadının öldüyünü, onun tək yaşadığını eşidəndə sıxılmadı, bir-iki günlüyə qalıb, çıxıb gedəcyini deyirdi, amma hara gedəcəyini nə qız deyirdi, nə də o soruşurdu.

Qızı evlə tanış elədi, hamamın, ayaqyolunun yerini, harda yatacağını göstərdi. Bu otaq sənin olacaq, divarından Bəhruzun iri rəngli şəkli asılmış otağı qıza göstərib, dedi. Bəhruz şəkli şam ağaclarının arasında çəkdirmişdi, dalğın baxışlarında ürək sıxan qüssə var idi, şam ağaclarının üzərində kədər, həsrət ilğımlanırdı, ağacların da hüznlü görkəmi vardı. Qəribəydi, qız da Bəhruzu tanımışdı, sifətindəki ifadədən aydın hiss olunurdu. Amma heç nə soruşmurdu.

Çay dəmləyib gətirdi. Qızla üzbəüz oturmuşdu, buğlanan çayın qoxusunu hiss elədikcə, bayaq qızının dəmlədiyi kif qoxulu çayı xatırlayıb, ixtiyarsız gülümsədi. Qız çaydan bir qurtum içdi, başını yuxarı qaldırmadan çəkinə-çəkinə soruşdu:

— Bəhruz harda olur?

— Rusiyada, — pərt halda mızıldandı.

— Evlənib? – qızın yanaqları qızardı.

— Bilmirəm…

Qız onun bu mövzuda danışmaq istəmədiyini hiss edib susdu. Sifətindən artıq kölgə çəkiir, yenə də adamın qəlbinə od salan qara gözlərindən bəxtiyarlıq, gözəllik yağırdı. Sanki özüyçün danışrmış kimi deyirdi ki, mən vaxtı ilə sizin şeirlərin vurğunuydum. Məktəbimizdə sizinlə görüş keçiriləndə mən də sizin «Unut getsin» adlı şeirinizi oxudum.

Yadındaydı. Pəncərələri yaz bağına açılan geniş salon ağzına kimi dolu idi, salon çiçəklər içində dalğalanır, çiçəklərin tünd qoxusu adamı sərxoş eləyirdi. Lalə mis kimi cingildəyən, sinədən gələn saf səsiylə onun şeirini oxuyurdu, bu səs uzun müddət qulaqlarından çəkilmədi. Çox görüşlər keçirdi, şeirlərini şagirdlər də, tamadalar da, aktyorlar da çox oxudular, ancaq heç biri Lalə qədər ürəkdən, təbii oxuya bilmədi.

Şama kartofla toyuq qızartdı. Qız yalnız bir-iki tikə yeməklə kifayətləndi, deməyinə görə kökəlməmək üçün gecələr az yeyirdi. Şamdan sonra yatmaq istədiyini dedi və onun üçün ayrılan otağa keçdi. Bəlkə də heç yatmaq istəmir, sadəcə, tək qalmaq istəyirdi.

Səhər tezdən qapının döyülməsinə yuxudan oyandı, belə tezdən ancaq qızı gəlirdi. Açarı var idi, amma çox vaxt açarı götürməyi unudurdu. Qapını açdı, qızı qapının ağzındakı idman ayaqqabılarını görcək duruxub qaldı, gözlərini heyrətlə ona dikdi, ancaq atasının cavab vermək fikrində olmadığını görüb, içəri keçdi. Elə bu vaxt Lalə otaqdan çıxdı, yəqin qapının döyülməsini eşidibmiş. Yarı yuxulu, saçları üz-gözünə səpələnmiş qız daha gözəl görünürdü. Başıyla salam verdi və dərhal da otağa qayıtdı.

Qızı ayaq üstəcə donub qalmışdı, bir müddət dillənə bilmədi, nəhayət özünü ələ alıb soruşdu:

— Ata, o Laləydi?

— Hə.

Qızının heyrəti sonsuz idi:

— Bəhrzun sinif yoldaşı? Sən onunla… İnana bilmirəm…

İşin nə yerdə olduğunu danışırdı, amma qızı ona qulaq asmaq fikrində deyildi. Ata, sən bunları kimə danışırsan, mən hər halda sənə bələdəm. Sən anamın sağlığında da ona xəyanət eləyirdin, anamdan sonra isə əlinə fürsət düşüb.

Eyni ilə anası kimi danışırdı, amma o əsla belə şeylərə, xəyanət eləməyə can atmırdı. Sadəcə ölkə böyükdü, səfərlərdə olurdu, yaradıcılıq evlərində, sanatoriyalarda dincəlir, istirahət eləyir, yüzlərlə qızlarla rastlaşırdı. Həmkarlarından fərqli olaraq hansısa qızdan ötrü başını itirmir, hansısa bir qızla yatağa ğirməkdən ötrü min oyundan çıxmırdı. Qızlar özləri axtarıb onu tapırdılar.

Qızı əl çəkmirdi, bir halda başqa məqsədin yoxdusa, denən çıxıb getsin. O isə boyun qaçırırdı, nə danışırsan, mən ona deyə bilmərəm ki, çıxıb getsin! «Sən deyə bilməzsən, mən deyərəm!» «Sənin buna ixtiyarın yoxdu! Qızım olsan da, hər işimə qarışa bilməzsən. Onun qalmağa, getməyə yeri yoxdur. Uzağı bir-iki günlüyə burdadır, çıxıb gedəcək. Sonrası da ölənlə ölmək olmaz, indi Malik düşüb ölsə, sən ömrünün sonuna kimi ona yas saxlayacaqsan, ya özünə yenidən ailə qurmaq haqda düşünəcəksən? Mısmırığını sallama, ürəyini buz kimi elə, elə adamlar uzun yaşayırlar».

— Demək, evlənəcəksən?

— Niyə də evlənməyim?

— Bəhruzun keçmiş sevgilisi ilə?

— Bu hardan ağlına gəldi? Onun əri var, qızım yerindədir…

— Qızın yerindədir, amma səninlə bir evdə gecələyir. Ürəyi yanan olmuşdun, cibinə beş-on manat qoyurdun, yola salırdın, çıxıb gedirdi rayona.

Qızı dil-boğaza qoymurdu, camaatın ailəsini dağıdırsan. Tanış-biliş, qohum-əqrəba yanında gözü kölgəli, xəcalətli olacağıq. Bəlkə qohumlara deyək, atamız ürəyi yanandır! Doğma balalarına yox, ərindən ayrılan, gecələməyə yeri olmayan qadınlara ürək yandırır! Qohumların çoxu Bəhruzun Laləni sevdiyini bilirlər.

Qızının dediklərində həqiqət var idi, amma neyləyə bilərdi? Bəlkə elə doğrudan da qıza pul verib rayona yola salsın? Deyəsən elə ən ağlabatanı bu idi.

Qızı ayağa qalxmışdı, onunla vidalaşmadan qapıya doğru gedirdi. Arxadan səslədi:

— Qızım!

— Nəydi?

— Sən mənim şeirlərimi oxuyursan?

— Şeirlərini? – qızı ayaq saxlayıb geri döndü, baxışlarında heyrət var idi.

— Hə.

— Mən şeir oxumuram, — qızı başını yırğaladı.

Gözləmədiyi halda qızı geri qayıtdı, divanda oturub qıçlarını bir-birinin üzərinə aşırdı. Altdan yuxarı ona baxırıdı, gözlərində dəcəllik, istehza dolu ifadə dolaşırdı.

— Ata, Malik deyir…

— Nə deyir?

— Deyir, atanın heç fərli-başlı bir şeiri yoxdur.

— O mənim şeirlərimi oxumur, hardan bilir fərli-başlı olmadıqlarını?

— Deyir, adam arasına çıxarmalı şeiri olsaydı, ona da mükafat, təqaüd verər, tədbirlərə dəvət elər, yada salardılar. Deyir, görürsən də, adı heç yerdə yoxdur…

“Heç yerdə”ni deyəndə qızı bir balaca duruxdu, məlum işdir, Malik ölərdi, amma belə məqamda “heç yerdə” deməzdi, “adı it dəftərində də yoxdur” demişdi, sadəcə qızı onun dediyi kimi demək istəmədi.

Qızına hirslənmişdi, bu nədir, nə üzülüb büzülürsən? Mən sizi beləmi böyütdüm? Necə deyibsə elə də de! Guya sən demədin, mən o əntərin nə dediyini bilməyəcəyəm?

— Qızım, bizdə o saydıqlarını fərli-başlı şeirlərə görə vermirlər…

— Ay ata, bu necə olur, tənqidçilər sənə qarşı haqsızlıq eləyirlər, müsabiqələrdə, tədbirlərdə sənə qarşı hansızlıq eləyirlər. Camaatın şeirləri Amerikadan belə hər yerdə çap olunur, sənisə çap eləmirlər, haqsızlıq eləyirlər… Millətin işi-gücü yoxdu, hamı əl-ələ verib, sənə qarşı haqsızlıq eləyirlər?

Bu acı sözləri doğmaca qızından eşitmək onun üçün ağır idi, hər söz tikan olub birbaşa ürəyinə,

düz ürəyinin başına sancılırdı. Qızım, deyirdi, məni saydılar, saymadılar, əsla vecimə almadım. Bilmək istəsən sənin o mükafat alanların, harda aşdır, orda baş olanların həmişə mənə həsəd aparıblar. Hər sahədə! Qızı da təsdiq eləyirdi, elədir, ata, səni bu qızla görəndən sonra isə sənə lap çox həsəd aparacaqlar, paxıllıqdan bağırları çatlayacaq!

Qızı hirslənmiş, yanaqları allanmışdı, uşaqlıqda da beləcə hirslənirdi. Nəyə görə bunu qızına danışırdı, özü də bilmirdi. Qızım, dedi, Uralda ləçəklərinə şeh qonmuş itburnu çiçəklərini Lidaya göstərib dedim ki, dünyada heç bir qız bu çiçəklərdən gözəl ola bilməz. Dedi, məndən də gözəldilər. Dedim, hə.

— Lida kimdi?

— Tərcüməçim, — bir anlığa duruxdu.

— Aydındır, — qızı mənalı tərzdə dedi. – Bəs Lida nə dedi?

— İncidi, amma nahaq yerə. Mən həqiqəti dedim.

Qızı istehza ilə gülümsəyirdi, eh, ay ata, anamın ömrünü kəsən bu Lidalar, Midalar oldu. O da artıq neçənci dəfəydi ki, qəlbini qızına açdığı üçün özünü məzəmmətləyir, sonsuz təəssüf hissiylə düşünürdü, qızım, ananın ömrünü onlar kəsmədi, təbiət kəsdi, ana təbiət. Lidalar, Midalar ömür kəsmirdilər, hələ bilmək istəsən adama ömür verirdilər. Şən, xoşbəxt, gözəl bir ömür!

Çıx get. Pəjmürdəyəm. Tək qalmaq istəyirəm. Orda, çayın sahilindəki balaca təpədə qaraqınıqlar, itburnu çiçəkləri çay tərəfdən sərin meh əsdikcə qüssəylə titrəşirlər. Düşüncələrim də eləcə titrəşir…

Lalənin sifətində günahkar bir ifadə dolaşırdı, ona sıxıntı gətirdiyini, qızı ilə arasında narazılıq yaratdığını hiss eləyirdi. Əyər o narazıdırsa, mən gedərəm, başını yuxarı qaldırmadan deyirdi, yəqin o elə başa düşür… O özüyçün başa düşür, qıza təskinlik verdi, sən narahat olma.

Qız yuyunub gəldi, qızı izlədikcə heyrətlənirdi, hər bir hərəkəti gözəl idi, çəngəli tutması, çayniki götürməsi, çay süzməsi, hətta adicə oturuşu belə. Yenə də qızı başa salmağa cəhd eləyirdi. Aranızda hər nə olmuş olsa belə, o sənin ərindir, sevərək ailə qurubsuz. Bəlkə evinə qayıdasan. Qız qətiyyətlə etiraz eləyir, bir daha o evə qayıtmayacağını, o adamla yaşamayacağını deyirdi. Belə olan halda başqa çıxış yolu qalmırdı, yaxşısı qızı rayona yola salmaqdı, ata-anası rayonda yaşayırdılar. Amma ağappaq balaca əlləriylə stol örtüyünün saçaqlarını bir-birinə hörən qıza baxanda başa düşdü ki, heç vaxt bu qıza “gedək, səni rayona yola salım” deyə bilməyəcək.

İşdə narahatdı, fikri dağınıq idi. Yalnız qız haqda düşünürdü, bircə ailəsinə qayıtsaydı, əriylə barışsaydı, o da rahat olardı. Əntər onun indiyə kimi fərli-başlı bir şey yazmadığını iddia eləyirdi, təkcə rayonun yox, o bölgənin ən gözəl qızı isə onun “Unut getsin” şeirini indiyəcən xatırlayırdı.

İşdən tez çıxdı, həyəcanla, səbirsizliklə evə tələsirdi. Niyə belə həyəcanlanmasının səbəbini başa düşə bilmirdi, qayıdıb qızı evdə tapmayacaqdı, ya başqa nəsə olacaqdı? Lap elə qız çıxıb getmişdi, məyər o bunu istəmirdimi?

Qız evdə idi, deməyinə görə evdən çıxmamış, bütün günü televizora baxmışdı. Qıza dedi paltarlarını dəyiş, yaxınlıqdakı parka gedək, gəzər, təmiz hava alar, ordakı kafedə şam elərik. Qız bir söz demədən razılaşdı və saçlarını darayıb çıxanda varlığına anlaşılmaz hisslər hakim kəsildi. Yox, neyləyirsə, eləməli, bu qızı tezliklə evinə yola salmalıydı. Lap tezliklə!

Qız onunla yanaşı gedir, qızdan gələn yasəmən qoxusunu güclə də olsa hiss eləyir və qüssələnirdi. Gözləri önündə pəncərələri yaz bağına açılan məktəb salonu, dalğalanan çöl çiçəkləri canlanırdı. O salonda səsi cingildəyən, baxışlarında ümid, həsrət ilğımlanan, həyadan yanaqları allanmış yeniyetmə qız onun şeirlərini oxuyurdu.

Parkda yasəmən ağaclarının arasındakı oturacaqda oturdular. Qız ayaqlarını bir-birinin üzərinə aşırmışdı, ağ idman ayaqqabılarını oynadırdı. Qızcığazla nədən, hansı mövzuda danışacağını bilmirdi

Onlara doğru gələn iki cavan oğlanı görən kimi, qız ayağa sıçradı. Bu oğlanları tanıdığı aydın hiss olunurdu, o da ayağa qalxdı. Qabaqda gələn qıvrım saç, ucaboy oğlanın gözlərindən alov saçılırdı, ətrafdakılara əhəmiyyət vermədən qışqırırdı: “Bu oğraşa görə evdən qaçırdın? Buydu səni yoldan çıxaran?!” Cavab verməyə macal tapmadı, oğlan qolaylandı, başını geri çəkə bilsə də, yumruq gicgahından dəydi, gözlərindən qığılcım qopdu. Oğlana ikinci dəfə vurmağa imkan vermədi, alnından necə vurdusa, oğlan səntirlədi, arxası üstə yasəmən kolunun içinə yıxıldı. Çiçəklər silkələndi, bir anlığa yasəmən qoxusu vurdu onu. Özünə gəlməmiş arxadan gələn zənci kimi qapqara oğlan üstünə sıçradı, bu oğlan nisbətən cansız olsa da, meymun kimi cəld idi, nə ələ keçirdi, nə də vurmaq olurdu. Qara əbləh onu əldən salırdı. Birdən oğlanın əlində bıçaq göründü, bıçağın polad tiyəsi günəşin şəfəqləri altda göz qamaşdırırdı. Tərəddüd eləmədən bıçaqla onu vurdu, bıçağı dartıb çıxartdı, yalnız bıçaqdan axan qanı görəndə sanki ayıldı, heyrətlə döyükdü və hələ də kolun içindən çıxa bilməyn oğlana: “Mən onu vurdum! – dedi. – Qaçaq!”

Oğlanlar qaçıb getdilər. O isə ağır-ağır oturacağa oturdu, bıçaq qarnından dəymişdi, əlini yaranın üstünə basmışdı, qan barmaqlarının arasından şorranıb axırdı. Kəsici, yandırıcı ağrılar dözülməz idi, amma qızın yanında inildəyə, zarıya bilmirdi. Dişlərini bir-birinə sıxmışdı, alnını soyuq tər basırdı.

Zəng eləmişdilər, təcili yardım maşını gəldi. Onu xəstəxanaya apardılar, müayinədən sonra həkimlər qorxulu bir şey olmadığını dedilər. Xoşbəxtçilikdən bıçaq boşluğa düşmüşdü. Uzağı üç-dörd günlük müalicəsi var idi və onu əməliyyat otağına götürdülər.

Gözlərini açanda başının üzərində dayanan Laləni gördü. Onun ayıldığını görən qız əyilib qızğınlıqla onu öpməyə başladı. Qızın sevinci sonsuz idi, yanaqları ilə göz yaşları süzülür, duzlu göz yaşlarının dadını, təmini dodaqlarında hiss elədikcə qəhərlənir, qıza qarşı qəlbi minnətdarlıq hissi ilə dolurdu.

Bir az keçmiş qızı da gəldi. Laləyə demək lazım gəlmədi, otaqdan çıxıb onları tək buraxdı. Qızı çarpayıya yaxınlaşdı, halını soruşmadan qızğınlıqla onu məzəmmətləyirdi. Ata, sənin burda nə işin var? Sən nəyə görə bura düşməliydin? Niyə bıçaqlamalıydılar səni? O da çiyinlərini çəkirdi, məndən niyə soruşursan, qara əbləhdən soruş, məni bıçaqlayan o idi! Demək, qara əbləhdən soruşmalıymışam, yenə qızının gözlərindən qığılcım saçılırdı. Soruşacağam, qara əbləh də deyəcək, yaxşı eləmişəm, arvadımı əlimdən alsın, mən də onu bıçaqlamayım? Qonşulardan eşidəndə ki, səni hansısa bir qıza görə bıçaqlayıblar, onlar da radiodan eşidiblər, məşhur şairin nədən ötrü bıçaqlanmasını, başımda tüklərim qalxdı. Bütün ölkədə rüsvay olduq!

Varlığını qüssə bürüyürdü, doğmaca qızı halını, necə qurtardığını deyə soruşmaq əvəzinə, onu məktəbli uşaq kimi danlayırdı. Hələ qurtarmamışdı, davam eləyirdi, Malik deyir, bununla qurtarsa, Allahına şükür eləsin, qızın əri avaragorun yekəsi imiş, yoxsa kim olsaydı beş-on bıçaq soxub, o tərəfə göndərməyincə əl çəkməzdi.

Tibb bacısının gəlişi ilə söhbətləri yarımçıq qaldı, qız dərmanlarını verdi, dedi, bir azdan gəlib iynələrini vuracaq. Qarayanız, suyu şirin qız çıxandan sonra qızı sanki söz gəlişi dedi. Ata, mən biləni bu qızın da köməyə ehtiyacı var. Axı ölkədə ərindən ayrılan, gecələr evlərinə gedib çıxa bilməyən bütün gözəl qadınları sənə tapşırıblar. Sən onları yerbəyer eləməlisən, evinə aparmalısan. Elə isə buna niyə kömək eləməyəsən?

— Yaxşı, get, — qaşqabağını tökdü.

— Mən gedim, gözəlçə qalsın?

— Onun adı Lalədi! Gözəl olmağına isə gözəldir, lalədən də gözəldir. Niyə onun gözəl olması səni cırnadır?

Qızı deməyə söz tapa bilmədi, hirslə geri dönüb çıxdı. Əlbəttə, işin belə alınacağını bilməzdi, heç ağlına da gəlməzdi ki, bundan ötrü onu bıçaqlayacaq, öldürmək istəyəcəklər. Lap elə bilmiş olsaydı da, qıza yox deməyəcəkdi. Necə də desin? Necə desin ki, səni evə apara bilmərəm, yat, qal küçədə.

Bir həftə yatdı xəstəxanada, Lalə onun yanında olur, qulluğunda durur, yemək bişirib gətirir, çay dəmləyirdi. Qıza deyirdi ki, əziyyət çəkməsin, daha hər şey yaxşıdır. Çıxıb getsin rayona, ata-anasının yanına. Qız isə dodaqlarını bir-birinə kip sıxıb başını yırğalayırdı: “Nə qədər siz burdasız, sizi tək qoymaram!” Həm də elə qətiyyətlə, incik tərzdə deyirdi ki, onun bir daha qıza getmək təklifini eləməyə üzü gəlmirdi.

Ara-sıra qızı da gəlirdi, oturur, ölkədə, qonum-qonşu içində necə rəzil olduqlarından xeyli danışır, belə görürəm mənə ehtiyac yoxdur, gözəlçən əməlli-başlı qulluğunda durub, deyərək çıxıb gedirdi. Malik isə bircə dəfə də olsun xəstəxanaya gəlmədi, gəlməyini istəmirdi, amma necə olsa ona toxunurdu. Dözə bilməyib qızına da dedi, həmişə olduğu kimi qızı Malikə haqq qazandırdı. Ata, o sənə görə utanır, deyir ona nə olub, qəzaya düşüb, xəstələnib, ya başına bir iş gəlib ki, yanına gedəm. “Demək, mənə görə utanır, — onu od götürdü, – bir vaxtlar mənimlə fəxr eləyirdi, ondan kimin oğlu olduğunu soruşanda, atasının adını demir, mənim yeznəm olduğunu deyirdi”.

Bir dəfə qızı otaqda olanda yenə də həmən qarayanız tibb bacısı gəldi, bir banka qarağat mürəbbəsi gətirmişdi. Yanaqları allanmış halda deyirdi ki, bunu anam sizin üçün göndərib. Sizin şeirlərinizin vurğunudur, bütün kitablarınızı alıb saxlayır. Deyir, heç kim sizin kimi gözəl yaza bilməz. Təkcə anam yox, ailədə hamımız sizin şeirlərin çoxunu əzbər bilirik!

— Amma biri var, fərli-başlı bir şey yazmadığımı deyir. Özü də elə-belə adam deyil. Müdrik, uzaqgörən birisidir. Hamıya yol göstərir, ağıl öyrədir.

— Ola bilməz! – qız etiraz elədi. – Kimdisə, kütbeyin, korazehin birisidir.

— Nə bilim, — çiyinlərini çəkdi.

Yanaqları pul kimi qızarmış qızı birdən ayağa qalxdı, atasıyla vidalaşmadan qapını çırpıb çıxdı. Dilxor oldu, gərək dərinə getmirdi, qızını incitdi.

Xəstəxanadan çıxdığı gün Lalənin sevincinin sonu yox idi, qızın gözləri işıqlanmışdı, üz-gözündən bəxtiyarlıq yağırdı. Qapını açıb içəri keçən kimi də onun boynundan sarıla qaldı, onu qızğın öpüşlərə qərq eləmişdi. Gördün, deyirdi, mən deyən oldu, sən sağ qaldın. Bundan sonra həmişə bir yerdə olacağıq. Alovlu öpüşlər, qızın bədənindən axan alov, istilik başını hərləndirirdi. Qızın qolundan yapışıb yataq otağına apardı.

Yalnız varlığına hakim kəsilən qızğınlığı, ehtirası keçəndən, yanında çılpaq uzanmış yeniyetmə qıza oxşayan bu gözəl qıza baxandan sonra qəlbində peşmançılıq, xəcalət hissi baş qaldırdı. Heç bir halda bu qızcığazla yatağa girməməliydi, buna haqqı yox idi. Amma qız alnına yapışmış tərli saçlarını kənara verib, gücsüz, zərif qolunu uzadaraq təzədən onu özünə sıxanda hər şeyi unutdu.

Axşamçağı qızı gəldi. Laləni görəndə heyrətləndi. Qız onları təklikdə qoyan kimi də düşdü atasının üstünə:

— O niyə getmir?

— Getməyəcək, — etiraf eləməli oldu.

— Evlənəcəksiz?

— Bilmirəm. O getmək istəmir. Həmişəlik burda qalacağını deyir. Mən də deyə bilmərəm ki, çıxıb getsin.

— Sən deyə bilməzsən, mən deyərəm!

— Sən də deyə bilməzsən! Bu evdə kimin qalmasına, getməsinə qərarı mən verirəm!

Qızı ayağa qalxdı. Qapının ağzında ayaq saxladı, ata, onsuz da əvvəldən hər şey məlumdu, ay qalmağa yeri yox idi, ay ürək yandırırdın, kömək eləyirdin, boş söhbətlərdi. Malik deyir, denən qaxılıb otursun… evində. Deyir, bilirəm, gecələr təmiz hava almaq üçün özünü yasəmən kollarının arasına verir, bir də gördün o ürək yandırdıqlarının birisi yenə də çıxdı kollarını arasından, bıçağı bəzi yerlərinə soxdu. İndi hamısı fərsiz olmayacaq ki. Deyir, təmiz hava bəhanədi, şəhərdə təmiz hava yoxdu, atan gözəl qızları tovlayıb evinə aparmaq üçün özünü xəlvətə verir.

Yanıb yaxıldı, amma qızına cavab vermədi, çıxıb getsin deyə əlini yellədi.

Ona elə gəlirdi xəyal dünyasında yaşayır, hər şey gözündə dəyişmişdi, əşyalar, ağaclar, otlar belə rəngini dəyişmişdilər. Tutqun, cansıxıcı günləri canlanmışdı, indi evdə fərəh, bəxtiyarlıq çağlayırdı. Səhərlər işə gedəndə ürəyi evdə qalır, evə dönmək üçün saatları sayırdı. Axşamlar bəzən yuxudan ayılır, ona sığınıb mışıl-mışıl yatan, saçlarından yasəmən qoxusu gələn qıza baxır, özünü dünyanın ən bəxtəvər adamı hiss edirdi.

Qızın yemək bişirməkdə, çay dəmləməkdə elə də səriştəsi yox idi, çox vaxt yeməyi birlikdə bişirir, ya da çıxıb şəhərdə yeyirdilər. Paltar yumaqla da arası yox idi, deyirdi, evdə patları ərim yuyurdu, daha doğrusu ərimin əvəzinə bu işi paltaryuyan maşın görürdü. Bununla belə qız nəyə toxunurdusa, sanki onu canlandırırdı, ən dadsız yeməyi belə elə sevinclə, təbəssümlə stola qoyurdu ki, ona elə gəlirdi ömründə bundan dadlı heç nə yeməyib.

Qızı ara-sıra gəlirdi, Lalə ilə soyuq rəftar eləyir, dilucu danışırdı. İkilikdə qalanda isə bir qayda olaraq onu məzəmmətləyirdi. Qızını haqlı hesab eləyir, amma dediklərini qulaq ardına vururdu. Həyat bu. Qismət beləymiş. Məyər belə olacağını o özümü istədi? Olan olmuşdu, indi ayrılmaqla nəyi dəyişəcəkdi? Bir dəfə də oğlu zəng elədi, Rusiyaya gedəni ilk dəfəydi zəng eləyirdi. Salamlaşıb hal-əhval tutmadan soruşdu:

— Ata, bu doğrudurmu?

— Nə? – əslində oğlunun nəyi soruşduğunu bilirdi.

— Laləylə evlənməyin.

— Evlənməmişik… Amma…

— Ata, mən nə vaxtsa qayıtmaq istəyirdim. Daha bir də dönmərəm… Nifrət elədim o torpağa…

Susdu, sonra isə nifrəti aşıb-daşan səslə:

-Ən çox da sənə! – dedi.

Cavab verməyə macal tapmadı, artıq dəstəyin o biri başından qırıq-qırıq siqnal səsləri eşidilirdi, əlaqə kəsilmişdi. Heysiz halda divana oturdu, torpağa niyə, oğlunu məzəmmətləyirdi, torpağın günahı yoxdu axı.

Qız onun həyatına qaynarlıq gətirmiş, sanki cavanlığını ona qaytarmışdı. Günlərin hesabını aparmırdı, sadəcə günlərin belə tez keçməsi onu heyrətləndirirdi. Günlər keçdikcə qıza daha çox bağlanır, günlərin birində onsuz yaşayacağını fikirləşəndə belə varlığını qorxu bürüyürdü. Özünə etiraf eləməli olurdu ki, bu qız olmasa həyatın heç bir mənası olmaz. Elə bil qız onun ürəyindən keçənləri duyurdu. Divanda gəlib onun qucağında oturdu, boynunu qucaqlayıb altdan yuxarı gözlərini onun gözlərinə zilləmişdi. Qızın balaca yumru çənəsindən, işıqlı, atəşli gözlərindən, balaca qulaqlarının üstündə titrəşən qıvrım saçlarından belə ehtiras yağırdı.

— Çox sevmək lazım deyil, — gülümsəyərək dedi. — Ayrılanda çətin olur.

— Niyə də ayrılmalıymışıq?

— Həyat bu, nə bilmək olar.

Qız ürəkdən gülərək onu qızğınlıqla öpüşlərə qərq eləmişdi, ayaqlarını oynadır, saçlarını bir-birinə qarışdırırdı. Onunsa qəlbində anlaşılmaz şübhələr baş qaldırmışdı, qız həmişəlik gəldiyini, həmişə onunla olacağını deyirdi, birdən-birə ayrılıq haqda danışmaq hardan ağlına gəldi?

Bir gün qız söz arası bazarda əri ilə rastlaşdığını dedi. Qulaqlarına inana bilmədi:

— Onu tutmayıblar?

— Qardaşını tutublar. Səni vuran qardaşı idi.

— Hə, nə deyirdi?

— Yalvarırdı ki, geri qayıdım.

— Bütün bu olanlardan sonra?

— Hə, deyir, mənsiz yaşaya bilmir. Mən də, heç vaxt qayıtmayacağımı dedim.

Qız əriylə görüşdüyünü deyəndən sonra bu qıza qarşı ehtirası daha da artmışdı, sanki qıza nə qədər çox sahib olarsa, bununla da onun həyatından bütün kşiləri, xüsusi ilə ərini qovub çıxaracaqdı. Bəzən lap həddini aşır, inciyən, onun niyə birdən-birə belə qızğınlaşmasının səbəbini başa düşməyən qız şikayətlənirdi. Sənə nə olub? Az qala sümüklərimi qıracaqdın.

Bəzənsə qız bunu öz bildiyi kimi yozurdu, sən yəqin nə vaxtsa ayrılacağımızı düşünürsən, ona görə də nə qədər birlikdəyik, vaxt itirmək istəmirsən. Qız belə deyib uğunub gedir, onun qolundan yapışıb yataq otağına dartırdı, bir halda belədi, niyə də vaxt itirək?

Bir dəfə qızı istehza ilə ondan soruşdu: “Ata, itburnu çiçəkləri bu qızdandamı gözəldir?” “Yox, — düşünmədən dedi, — tam əksinə, bu qız itburnu çiçəklərindən gözəldir!”

Qızı narazı qaldı, ata, ömrünü, gününü gözəllərə verdin. Gözəllərə yox, qüssəylə gülümsədi, gözəlliyə. Mənim ömrümün bircə mənası olub, gözəllik!

Bir səhər isə yuxudan oyananda qızı yanında görmədi. Hövlang qalxıb o biri otağa qaçdı. Qız geyinmişdi, yır-yığış eləyirdi, onu görəndə həmişə olduğu kimi yandırıcı təbəssümü ilə gülümsədi.

— Mən gedirəm, — heç nə olmayıbmış kimi sakitcə dedi. — Bu bizim səhvimiz idi, xüsusi ilə də mənim. Yanlış iş gördük, biz ayrı-ayrı adamlarıq.

— Hara gedirsən? – belə sakit danışa biləcəyinə görə özünə məətəl qalmışdı.

— Ərimin yanına. Bir aydı yalvarır. Hə, sağ olun. Yaşadıq, sevdik, sevildik. İndisə hərənin öz yoluyla getməyinin vaxtıdır.

— Elədir, — dilxor halda təsdiq elədi, — hərə öz yoluyla getməlidi. Bizim yolumuz yanlış idi.

Qız ona yaxınlaşdı, dabanları üstə qalxıb onu öpmək istədi. Başını geri çəkdi.

— Lazım deyil.

— İncidin?

— Get. Xoşbəxt ol.

Qız necə gəlmişdisə, elə də gedirdi, nazik cins şalvarda, ağappaq qolsuz koftada, ayaqlarında idman ayaqqabıları. Çiynində də həmən çantası. Qapının ağzında geri döndü. Neçə illər bundan əvvəl olduğu kimi sinədən gələn saf, cingiltili səsiylə onun şeirindən iki misra dedi:

Külək əssin, bulud getsin.

Sən də unut, unut getsin!

— Sən unudacaqsan?

— Hə. Səninlə yaşadığım günləri bu qapının arxasında qoyub çıxıram.

— Qoy və çıx get.

Qız qapının ağzında bir anlığa dayandı, əlini dodaqlarının üstünə qoyub ona öpüş göndərdi və son dəfə gülümsəyərək çıxıb getdi.

Qızın qəfil gedişi onu üçün nə qədər ağrıdırdısa, onunla keçirdiyi günləri dərhal unudacağını deməsi də bir o qədər də ağrıdırdı.

Sevdiyi, birlikdə olduğu qızlardan ayrıldığı ilk dəfə deyildi, ara-sıra ötən günlərin arxasından ona sevinc və bəxtiyarlıq dolu anlar bəxş eləmiş qızlar boylanırdılar. Hansısa qızdan ayrılanda elə də qüssələnmirdi, bircə Oksanadan ayrılanda bir müddət özünə gələ bilmədi, qızılı hörüklü, sifəti günəşdə yanıb tunc rəngi almış bu qızı unuda bilmirdi. Aradan beş-altı ay keçəndən sonra Oksanaya demədən Odessaya uçdu, sürpriz eləmək istəyirdi. Amma Oksananın da ona sürprizi var imiş, məhz həmən gün toyu idi. Bununla belə onun gəlişinə hədsiz sevinirdi. Onu nişanlısına təqdim eləyib, bu sənə haqqında danışdığım həmən oğlandır, dedi, biz bir-birimizi sevirdik. “İndi də onu sevirsən?” — nişanlısı zarafatla soruşdu. “Hə!” — qız cəsarətlə etiraf elədi. “Çox?” “Lap çox!” “Məndən də çox?” «Səndən də!” Əməlli başlı pərtçilik oldu, nişanlı kimsəyə qulaq asmadan çıxıb getdi, toy dağıldı. Toy sahibləri onu qınayır, hətta döymək istəyirdilər. Oksananın isə heç nə vecinə deyildi, onun əlindən yapışıb dartırdı, gəl görüm, qoy cəhənnəm olsun, uzağı bir aydan sonra yenə gəlib ayaqlarıma düşəcək.

Dediyi kimi də oldu, sonradan onunla danışanda elə həmən oğlanla evləndiyini deyirdi. Bir qızları da olmuşdu, hələ bir qızının ad gününə onu da dəvət elədi. Getmədi, toyunu dağıtmışdı, ailəsini dağıtmaq istəmirdi. Amma Oksana da Oksana idi, özü uçub gəlmişdi Bakıya…

Heç onda, Oksanadan ayrılanda da bu qədər qüssələnməmişdi.

Bütün günü fikirli halda parkda gəzib dolaşdı, heç yerdə qərar tuta bilmirdi. Sonda isə kafeyə gedib araq və turş göyəm sifariş verdi.

***

Pəncərənin qabağında dayanıb buludlara baxırdı, buludlar tələsir, özlərini canı höyüllü harasa çatdırmaq istəyirdilər.

Qızı qapını öz açarı ilə açdı.

-Qızım, bir buludlara bax.

— Buludları sevmirəm.

— Ağappaqdılar! Pambıq tayaları kimi!

— Pambıq tayalarını da sevmirəm.

— Külək buludları qovur…

— Küləkləri heç sevmirəm!

— Aydındır, sən mənim sevdiklərimi sevmirsən.

Ruhdan düşmüş halda qayıdıb divanda oturdu. Qızı ətrafa dörd gözlə baxırdı.

— Hanı bu çiçək qız?

— Getdi.

— Hara?

— Hardan gəlmişdisə, ora. Haqlıymışsan, bu bir yanlış idi.

— Hə, ata, amma son peşmançılıq fayda verməz.

— Malik deyib?

— Yox, atalar.

— Yanlış deyiblər. Mən peşiman deyiləm. Düşünmədən bütün ömrümü bu səkkiz-doqquz aya dəyişərəm! Düşünmədən!

Qızı başını yırğalayırdı, divanda oturdu və gözlərini atasına zillədi. Yüzə-yüz əmindi, Malikin söz xəzinəsindən nəsə yadına düşmüşdü. Ata, mən bilmirdim, Malik sənin şeirlərini oxuyurmuş.

— Mənim şeirlərimi?

— Hə. Ən çox da vəsiyyəti. Mən öləndə çayın sahilindəki balaca təpədə basdırın, qoy son dəfə itburnu çiçəklərinin qoxusunu duyum, görüm küləklər əsdikcə çöl çiçəkləri nədən danışır.

— Sənin də xoşuna gəlir?

— Mən oxumamışam. O oxuyub, deyir bu şeiri oxumaq adama xüsusi ləzzət verir, şeir deyil ki, əsəbləri sakitləşdirən məlhəmdir, adamın canına yağ kimi yayılır. Amma orda da korlayıb, oxusa-oxusa şəhər camaatı şeir oxuyar, onların da çoxu itburnu-filan tanımır. Allah bilir ağıllarına nə gələr.

Demək, adama ləzzət eləyirmiş, segah mığmığa üçün nəydisə, şeir də Malik üçün oydu. Əntərə ləzzət eləyən şeir yox, onun ölməsi, çayın sahilindəki təpədə basdırılması idi. Onu necə basdıracaqlarını təsəvvür eləyir, əsəbləri sakitləşir! O öldümü, onu basdırdılarmı, Malik əfəndinin bütün işləri düzələcəkdi. Riyakar, hər işdə məqsəd güdən adamları əsla sevmədi, bunu onlara hiss elətdirməkdən, üzlərinə deməkdən çəkinmədi. Onlar da bunu heç vaxt ona bağışlamadılar.

Qızı çay dəmləyib gətirdi, buğlanan çaya baxdıqca yenə də gülümsəyirdi, qızı çay dəmləyə bilmirdi. Neçə vaxtı deyə bilmədiyini bu gün nədənsə deməyi vacib bildi.

— Qızım, sən çay dəmləyə bilmirsən.

— Gözəlçən bilirdi? – qızı qaşlarını çatdı.

— Onun adı Lalədir!

— Lalə bilirdi?

— O da bilmirdi.

Qız möhkəm incimişdi, o bilmirdi, amma dəmlədiyi çayı elə içirdin, sanki ömründə belə çay içdiyin olmayıb, mənə isə dərhal irad tutdun. Dərhal yox, gülümsəyərək başını yırğaladı, uzun illərdən sonra. Sən çay dəmləməyə başladığın gündən indiyə kimi ilk dəfədi bunu sənə deyirəm.

— Yəqin bundan sonra ən çox sevdiyin çiçək lalə olacaq? – qızı istehza ilə soruşdu.

— Yox, — etiraz elədi. — Mən itburnu çiçəklərini sevirəm.

— Yenə də itburnu çiçəkləri? – qızı hirslə deyindi.

Çıx get. Mən sərxoşam, sərxoş olanda həyatı və insanları çox sevirəm. Ayıq vaxtı isə hər ikisinə nifrət eləyirəm, xüsusi ilə də axırıncılara. Buludlara baxmaq istəyirəm, külək buludları şimala qovur. Orda, Rusiya səmasında buludlar ağlayacaqlar, göz yaşlarını şam meşələrinə, Rusiya çöllərinə səpəcəklər.

Səhərisi qızını notariusa aparıb evi ona bağışladı, evdən yalnız paltarlarını və kompüterini götürdü. Qızı onun rayona qayıtmasını istəmirdi, orda neyləyəcəksən, səni necə axtarıb tapacağıq? Məni axtarmayın, o da etinasız halda deyirdi, mənə elə də çox şey lazım deyil. Kartof, pamidor əkərəm, bağım da artıq meyvə verir.

Onu avtovağzaldan yola salan qızı tutqun idi.

— Ata, məni bağışla, sənə qarşı haqsız idim.

— Mənə haqsızlıq eləyənlərin hamısını bağışlamışam, — arxaya baxmadan dedi.

# 1327 dəfə oxunub

Oxşar xəbərlər

Atalar və oğullar - Rüstəm Dastanoğlunun yeni hekayəsi

Atalar və oğullar - Rüstəm Dastanoğlunun yeni hekayəsi

18:40 15 oktyabr 2024
Axı bu payızda təzə nə var ki… - Yeni hekayə

Axı bu payızda təzə nə var ki… - Yeni hekayə

16:06 15 oktyabr 2024
İşıq – Mirmehdi Ağaoğlunun hekayəsi

İşıq – Mirmehdi Ağaoğlunun hekayəsi

12:00 15 oktyabr 2024
Qalib - Vaqif Səmədoğlunun kinossenarisi

Qalib - Vaqif Səmədoğlunun kinossenarisi

09:00 14 oktyabr 2024
Doğum günü almaları - Günün hekayəsi

Doğum günü almaları - Günün hekayəsi

13:00 11 oktyabr 2024
Duman - Günün hekayəsi

Duman - Günün hekayəsi

12:00 9 oktyabr 2024
# # #