Kulis.az Rafiq Ələkbərin "İki qonşunun partiya sevdası" hekayəsini təqdim edir.
(Unudulmaz jurnalist Məmməd Nazimoğlunun xatirəsinə ithaf edirəm)
Biri vardı, biri yoxdu, biri gəldi, biri getdi. Ölən öldü, dirilərin sayı azaldı, ərə getmək istəyənlər ər tapmayıb kənddən şəhərə qaçdı. Evlənmək istəyənlər Avropada özlərinə qız tapdılar. Bu basabasda, bu vurhavurda Misqalay adlanan kənddə iki qonşu - Səfər Cəbi ilə Qəfər Nəbinin davası bitmirdi ki, bitmirdi. Bu davanın əsas səbəbi qibtə, rəqabət idi. Qəfər bir iş görən kimi bunu Səfərin gözünə soxurdu və ya əksinə elə gün olmurdu ki, onlar öz uğurlarını bir-birlərinin gözünə soxmasınlar. Bir gün Səfər Qəfərə dedi ki, onun cins inəyi hər gün 30 litr süd verir. Bu məlumatdan Qəfər çox bikef oldu. Onun inəyi gündə cəmi iki litr süd verirdi. Çox düşünüb-daşınandan sonra Bakıda yaşayan vəzifəli bir qohumunun vasitəsilə Monqolustandan özünə cins inək gətizdirdi. Qəfərin evininin aynabəndini İtaliya şüşələri ilə düzəldirtdiyini görən Səfər aynabəndinin şüşələrini Almaniya şüşələri ilə dəyişdi. Bax, beləcə həyat davam edirdi.
Günlərin bir günü Qəfərin qızı Bakıda universitetə girdi. Qız uşağı şəhərdə tək qalmasın deyə ailəvi şəhərə köçdülər. Amma şəhərdə Qəfər özünə iş tapa bilmirdi. Ona məsləhət gördülər ki, şəhərdə çoxlu partiyalar var, birinə yaxınlaşsa, ona iş verə bilərlər. Çünki partiyalar müstəqildirlər, yetim-yesirdən sui-istifadə edirlər. O, bir neçə partiyaya yaxınlaşdı, lakin onu işə götürmədilər. Dedilər ki, partiyanın pulu yoxdur, gərək özün özünü dolandırasan. Amma sənə vəsiqə verə bilərik... Lakin bu təkliflər də Qəfəri təmin etmirdi, hansı partiyaya gedirdisə onu başdan edirdilər. Nəhayət, Qəfər bezdiyindən qərara gəldi ki, özü partiya yaratsın. Bir-iki mütəxəssis ona məsləhət verdi ki, hələ qeydiyyat-zad lazım deyil, əsas odur ki, partiya yaratdığını mətbuata elan edəsən. Mütləq birinci müavinin xanım olmalıdır, gender bərabərliyi bunu tələb edir. Digər müavinin ingilis dilini bilməlidir, çünki artıq digər ölkələriin təşkilatları ilə əlaqə yaratmaq lazım gələcək, həm də o, bir az demaqoq olmalıdır, başqanın deyə bilmədiyi sözləri demaqoq müavin deməlidir. Həm də mərdimazarların, yəni onların əlehydarlarının demaqoqlardan çəkinməsi işlərinə yaraya bilər. Partiyanın maliyyələşməsində demaqoqlar böyük rol oynaya bilərlər Əgər o, pullu adamları yaxşı topa-tüfəngə tuta bilsə, tezliklə pariyaya gizli pullar gələcək. Şərt bircə o olacaq ki, tənqidlərə tuş gəlməsinlər.
Qəfər öz partiyasını reklam etmək üçün hər cür üsullara əl atırdı, qarşıdan isə bələdiyyə seçkiləri gəlirdi. Qəfərin “Kəndli və torpaq” partiyası öz kəndlərində bələdiyyə seçkilərini udmaq istəyirdi. Ona görə öz adamlarını qeydiyyatdan keçirdi. Qonşu Səfər Qəfərin bu uğurlarına dözə bilmirdi. Məsələ bunda idi ki, Səfər də namizədliyini vermək istəyirdi, lakin Qəfərin komandası onun qarşısını ala bildi. Qəfər seçicilərlə görüşə özünün xanım birinci müavini Melisa Baqramovna, digər müavini İnkişaf Tənti ilə gəlirdi. Ətrafdakılar isə əsasən müşaiyətçi rolunun oynayırdılar. Səfərin torpaqla bağlı proqramı çox sadə idi. Hər bir kəndli öz torpaqlarını mal-qaradan qorumalı, torpağın məhsuldarlığını artırmaq üçün onu vaxtında gübrələməli, şəhərdən gübrə gətirərkən mənşəyi bilməli, peyinə üstünlük verilməlidir. Bu, dədə-baba üsuludur, indiyə qədər bunun xeyrini görmüşük, bundan sonra da görməliyik. Kəndliləri peyinlə təmin etməyi öz öhdələrinə götürürdülər.
Seçkiqabağı mübarizə qızışdıqca Qəfərin komandası daha çevik hərəkət edirdi. Görüşlərdə çıxışları ən çox birinci müavini Melisa Baqramovnaya verirdilər. Melisaya seçicilər heyrətlə baxırdılar, lakin çıxışına yox, geyiminə, Melisa mini yubkada çox cazidədar görünürdü. Baldırları və əndamı açıq-saçıq gözə girirdi. Kənd mühafizəkar olduğuna görə açıq-saçıq geyinən qadınlara rast gəlmirdilər. Melisa kənd cavanları üçün əsl tapıntı idi. Onlar Melisanı ayaq üstə alqışlayırdılar. İnkişaf Təntiyə söz verilərkən seciçilər onu fitə basırdılar. “Melisa danışsın, biz Melisanı istəyirik, Melisa bundan şövqlənirdi, o, artıq koftasına da əl gəzdirmişdi. Hər çıxışda sinəsinin çılpaqlığı daha bariz üzə çıxırdı, demaqoq müavin İnkişaf Təntidən də seçicilərin xoşu gəlmirdi, çünki adamlar onun gopa basdığını dərhal anlayırdılar. Məsələn, o, deyirdi ki, biz kənddə günəş elektrik stansiyası açacağıq, qoy kənd daha da işıqlığa qərq olsun. Adamlar onun da tribunadan tez düşməsini tələb edirdilər, çünki onlara real Melisa lazım idi, ağ budlu, ağ sinəli Melisa.
Qəfərin komandası seçkiləri udduqdan sonra şəhərə qayıtdı. Səfər isə qəzəbindən zəncir çeynəyirdi; “Bura bax , camaat şəhərdə kefdədir, mən hələ kənddə inək saxlayıram, tövlə təmizləyirəm, qoyun otarıram”. Şəhərə getmək üçün o, bütün mal-qarasın satdı, özünə Maştağada ev alıb partiya yaratmağa girişdi. Lakin özünə heç cür tərəfdar toplya bilmirdi, ona dedilər ki, şəhərdə süni intellekt geniş yayılmışdır, kəndlərdə bunu hələ tam dərk edə bilmirlər. Ona görə yaxşı olar ki, o “Kəndli və kosmos” adında partiya yaratsın. Bu gün, sabah, yerdə torpaq tükənəcək, kəndliləri kosmosda torpaq almağa öyrəşdirmək lazımdır. Qəfər belə də etdi - “Kəndli və kosmos” adında partiya yaratdı.
Mətbuatda gedən bu xəbəri Misqalay kəndinin camaatı eşidən kimi coşqunluqla qarşıladı. Bir kənddən iki partiyanın çıxması kənd camaatının qürurunu gücləndirmişdi, əslində haqq edirdilər. Bu böyüklükdə məmləkətdə heç 50 partiya yoxdur, onun ikisi min nəfərlik kənddən çıxıb, kəndlilər bunu özlərinin tarixi ənənələrdən gələn genetik kökləri ilə əlaqələndirdilər. Tarixin bütün dövrlərində bu kənddən tanınmış adamlar çıxmışlar. Car Rusiyası dövründə bu kənddən olan qaçaq-quldur dəstəsi haqqında əfsanələr dolaşırdı, kənd ağsaqqaları belə qərara gəldi ki, hər iki partiya liderini kəndə qonaq dəvət etsinlər. Kəndin böyük stadionunda onlarla əzəmətli görüş keçirilsin. Digər bölgələrdən, hətta lazım gəldikdə xaricdən qonaqlar dəvət edilsin, şadyanalıq olsun, inəklər, qoyunlar kəsilsin, kənd camaatına pulsuz kabablar verilsin. Qəfərin və Səfərin partiyasının məramnamələri hər yerdə divardan asılsın, bu görüşdə kəndin böyüklüyü və əzəməti də öz əksini tapmalıydı. Kənd ağsaqqalları öz qərarları barədə Qəfər və Səfərə məlumat göndərdilər. Bu xəbər onları təşvişə saldı. Çünki onların yaratdıqları partiyanın sayı heç 10 nəfərə də çatmırdı. Hətta Qəfərin partiyasında cəmi 8 nəfər üzvündən ikisi ölmüş şəxs idi. Belə çətin məqam Qəfərlə Səfəri bir-birinə yaxınlaşdırdı. Onlar görüşüb vəziyyətdən çıxış kimi xaricə qaçmağı lazım bildilər, çünki partiyalarının qurama olduğunu biləndə kənd camaata onları bağışlamayavcaqdı. Onların əsl kimliyi bilinəndə hüquq mühafizə orqanları işə qarışa bilərdi.
İki gündən sonra Qəfər və Səfər çamadanlarını götürüb sərhədi keçdilər, oradan kəndlərinə belə bir teleqram göndərdilər: “Hörmətli həmyerlilər, partiyalarımızın nüfuzu məmləkətdə geniş rezonans doğurduğu üçün əleyhdarlarımız tərəfindən güclü təqiblərə məruz qaldımız üçün məmləkəti tərk etmək məcburiyyətində qaldıq, lakin biz qayıdacağıq, bizi gözləyin. Kənd camaatı bunu eşidən kimi sarsıldı, sabahdan kənddə afişalar yayılmağa başladı: “Qafar Cəbi və Səfər Nəbiyə qarşı siyasi təqiblərə son qoyulsun”. Çox keçmədən kəndə ikinci teleqram gəldi: “Avropa bizi təmtəraqla qarşıladı”. Qafar Cəbiyə Niderlandda, Səfər Nəbiyə isə Fransada sığınacaq verildi. Onlara siyasi mühacir statusu aldılar. Səhərisi kənddə afişlar dəyişildi: “Siyasi mühacirlər Qafar Cəbi və Səfər Nəbiyə azadlıq!”.
Kənd ağsaqqalları belə təklif irəli sürdülər ki, Qafar Cəbi və Səfər Nəbinin ənənələrini yaşatmaq lazımdır. Nə qədər ki, onların partiyası başqaları tərəfindən ələ keçirilməyib, özümüzünkülər onların fəaliyyətini davam etdirsin. Beş nəfərlik nümayəndə heyəti şəhərə yola düşdü. Qəfərin və Səfərin partiyalarının mövcudluğu barədə heç nə əldə edə bilmədilər. Hətta onları lağa qoyan da oldu. Nümayəndə heyətinin iki cavan üzvü Melisanın izinə düşməyə çalışdı. Lakin onun barəsində heç bir məlumat əldə edə bilmədilər. Kənd camaatı aldadıldığını başa düşdü. Çox pəjmürdə halda kəndə qayıtdılar. Qafar Cəbi və Səfər Nəbini portretlərini, onların barələrində olan afişları yandırdılar, Sosial şəbəkələrdə isə belə bir məlumat paylaşdılar: “Qafar Cəbi və Səfər Nəbi bu kənddən deyillər”. Onun ata-babaları buraya Hindistandan köçüb gəlmişlər. Ona görə kənddə heç kəs onlara qız verib, qız almayıb. Bizim qədim və məğrur kəndimiz tarixi, milli-mənəvi dəyərlərimizə sadiqdir. Kəndimizin tarixi mis dövrünə gedib çıxır, bu cür qədim keçmişi və ənənələri olan kəndin nüfuzuna ləkə gətirən avanturistlərə yer olmayacaq...