Kulis.az Anar Qasımovun “Umberto Ekodan qeydlər” yazısını təqdim edir.
İnsan daim axtarışdadır. O, rahat və sakit həyat axtarır. Bəs bunu necə və hansı yolla əldə etmək mümkündür? “Mən sakitliyi hər yerdə axtardım və onu yalnız bir yerdə – küncdə kitabla birlikdə tapdım”.
Hamı yazır. Hər kəsin əlində qələm var. Tarix boyu heç bu qədər yazan olmamışdı. Bəs nə üçün yazmaq gərək? Eko: “Dünyanı dəyişmək niyyəti ilə yazmaq lazımdır”.
Həqiqət günəş kimidir, yalansa bulud. Bulud günəşin qarşısını bir anlığa, müəyyən bir müddətədək tuta biləcək, əbədiyyən yox. Buna görə də həqiqətin yanında ol! Zaman gələr, hər şey dəyişər, amma dəyişməyən bir şey var, o da həqiqətdir.
Bəzən sıxılırıq, nə iləsə təsəlli axtarırıq. İnsan nə ilə təsəlli tapa bilər? Maddiyyatla yox, əlbəttə. Təsəlli mənəviyyatda tapılar. Bəzən oxuduğun bir kitabda, hər hansı bir sətirdə, bir sözdə də gizlidir.
İnsan fani olan nəsnələr dalınca qaçmasın gərək. Torpaqda balıq tutmaq olarmı?! Yaxud suyun üzündə yerimək, necə, mümkündürmü?! Yox, qətiyyən. Bəs onda fani olan nəsnələr dalınca bu insanlar nə üçün belə qaçırlar, can-fəşanlıq edirlər?! “Payızdan qabaq çəməngülü kimi solub gedən zahiri görkəm hər şeydən fanidir”.
Dünya necə də dəyişib, sanki ədalət sükanını itirib. Qoca dünya girdaba tuş gəlib, çıxılmazlığa sürüklənib. “Bir zamanlar adamlar gözəl idilər. İndi isə cırtdanlaşıblar. Bu qocalmaqda olan dünyanın acınacaqlı halının əlamətlərindən biridir. Gənclər qocalardan heç nə öyrənmək istəmirlər. Elm geriləyir. Bütün dünya baş-ayaq olmuş. Korlar korları idarə edir və onlar uçuruma sürüklənirlər. Quşlar uçmağı öyrənmədən yuvadan ayrılır, eşşəklər çalır, öküzlər oynayır”.
Kainat gözəldir və “kainatın gözəlliyi yalnız müxtəlifliyin vahidliyində deyil, həm də vahidin müxtəlifliyindədir”.
Dünya bir kitab kimi bizimlə söhbət edir. Dünyadakı bütün məxluqat bizim üçün sanki bir rəsm, kitab, yaxud da aynadır. Baxdıqca, oxuduqca və qarşısında keçdikcə hər şeyi görə bilirsən.
Yazılmış hər şeyi hamı oxuya bilər. Bir də hələ (bəlkə də, heç vaxt) yazılmamış şeylər var. Bax əsas olan onları oxumaqdır. Onları oxumaq gərək. Bunun üçünsə bəsirət gözü olmalı, görməli.
Şər (İblis) tək heç nə edə bilməz. Bu bədniyyət varlıq ona qul olan insanlar vasitəsilə pisliyi yayır, müharibələr törədir, güclü hala gəlir. Bəs insanlar necə olur ki, şərə uyur?! Əsas səbəb maddiyyatdır. Maddi istək insanlığı uçuruma doğru yönləndirir, azadlıqdan qul halına salır.
İnsanın ən böyük düşməni də, dostu da, hətta onu tanıdan da dildir. Yoxdan var olan dil – söz gizlini, ürəyin ən dərin qatlarında özünə yuva qurmuş əsrarı üzə çıxarır. Qarşındakını tanımaqmı istəyirsən?! Onu danışdır, o danışdıqca özünü, içini sənin qarşına sərəcək.
Hər şeyi hər kəsə demək doğru deyil. “Zira hər gerçək hər qulağa görə deyil və hər yalan da dindar ruh tərəfindən dərk edilməz”.
İnsan, əslində, kor olaraq doğulub. Bizə sadəcə lazım olmayanı – maddiyyatı görmək imkanı verilib. Bu korluq hətta çox zaman yanılmağımıza da səbəb olur. Nə qədər eybəcərliklər, şər, yalan bizə zahirdə gözəl görünür. Amma kor olan insana həqiqəti-batini görmək şansı da verilib. İnsan bu məziyyəti sonradan qazana bilər. Həqiqəti, batini (daxili, bizə lazım olanı) necə görə bilərik?! Cavab: batinini, düşüncəni təmizləməklə, səni həqiqəti görməyə qoymayan iç çirkabını yox etməklə. Əsl qurtuluş, bax, bu zaman gerçəkləşməyə başlayır.
Hər şey göründüyü kimi deyil. “Əzabda xoşbəxtlik, eşqdə fəryadlar” var.
Eyni dildə danışmaq deyil, eyni düşüncədə olmaq qurtuluşa varmaqda həlledicidir. Əhəmiyyətsiz şeylərdən ali nəsnələr, ali nəsnələrdən də əhəmiyyətsiz şeylər yarana bilər.
Ədalətsizliyə qarşı yaradılmış qanunlar bəzən özü də böyük ədalətsizliyə çevrilir. İnsanın fiziki və ruhi (mental) xəstəliyinin təzahürləri bilinir. Bəs cəmiyyətin xəstəliyini necə müəyyən etmək mümkündür?! Fikirlərin bu qədər toqquşmasında. Əsas etibarı ilə vahidlik yoxdursa, pərakəndəlik mövcuddursa, insanlar, alimlər bir-birini bu qədər təkzib edirlərsə. Belə cəmiyyətdə heç kim heç kəsi bəyənmir, qəbul etmir, hamı yalançıdır fikri cəmiyyəti çulğayır.
Şərə qarşı mübarizə aparmayan hamı günahkardır. Bəs günah nədən yaranır?! Ehtiras və qürurdan. Ehtirassa geniş anlayışdır. Vəzifəyə, pula, qadına olan ehtiras.
İnsan nə haqda düşünməlidir?! “Ömrümün sonlarına yaxın bildim ki, düşünülməsi lazım olan yeganə şey ölümdür”.
İnsan daim yenilik arzulayır. O, yenilik dalınca qaçmaqdan yorulmur, usanmır. Amma yenilik dalınca qaçan və buna nail olan insan da əvvəlki dəyərlərini geridə qoyur, itirir. Bu anda qazanclı kim olur?! Yeniliyi yaradanlar. Beləliklə, onlar bu yeniliyin dalınca qaçanları özlərinə qul edirlər.
Cəmiyyəti biz yaradırıq. Onun yaxşı və ya pis olması bizdən asılıdır. Fəaliyyətimiz (fəaliyyətsizliyimiz) o cəmiyyətin pis olmasına səbəb olur. Sonra da yaratdığımız cəmiyyətdən narazılıq ifadə edirik. Cəmiyyəti düzəltmək istəyiriksə, buna özümüzü düzəltməklə başlaya bilərik.
Qurd sürüyə dalıb. Onun gözü doymur, yırtıcıdır. Çobansa sürünü bu yırtıcının əlindən xilas etmək istəyir. Axı çoban bu sürüdən nə vaxtsa öz mənfəəti üçün istifadə etməyi planlaşdırır. Yəni çobanı düşündürən sürü deyil, öz maraqlarıdır. Olanlar isə hər iki halda sürüyə olur. Hikmətli söz yadıma düşür: Yumurta daşın üstünə düşsə də, daş yumurtanın üstünə düşsə də, olan yumurtaya olacaq – o sınacaq. Aşağıda qalan kütlə məhz o yumurtadır.
Bir də dünyamızı xilas edə biləcək eşqdən. Eşq nədir?! “Həqiqi eşq sevdiyinin xoşbəxtliyini istəməkdir”. Bu zaman yenə də üzərimizdən, həyatımızdan xətt çəkirik. Eşq, sevgi bax sənin yoxolmandır, yoxolmaqla, beləliklə, varolmağa (əbədi xoşbəxtliyə) çatmaq mümkünləşir.