"Deyirlər ki, siz ər-arvadsınız..." - Həyat yoldaşına görə fəxri ad ala bilməyən aktyor

"Deyirlər ki, siz ər-arvadsınız..." - Həyat yoldaşına görə fəxri ad ala bilməyən aktyor
21 avqust 2023
# 13:54

Bu gün Lənkəran Dövlət Dram Teatrının aparıcı səhnə ustası, Əməkdar artist Təvəkkül Əliyevin xatirə günüdür. Yaşasaydı, 73 yaşını qeyd edəcəkdi...
Kulis.az bu münasibətlə Ağəddin Babayevin "Xatirələrdə yaşayanlar" adlı yazısını təqdim edir.

Bir sənətkar vardı...
Onlar 13 nəfər idilər – Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun kino və dram aktyorluğu fakültəsinin 13 məzunu. Azərbaycanın görkəmli teatr-kino rejissoru, aktyoru-pedaqoqu Adil İsgəndərovun kursunu bitirən kimi onların hamısını təyinatla Lənkərana teatr açmağa, daha dəqiq desək, bu cənub şəhərində vaxtilə fəaliyyət göstərmiş Dövlət Dram Teatrının işini bərpa etməyə göndərmişdilər.
İki-üç ildən sonra Lənkərana teatr açmağa gələnlərin əksəriyyəti əyalət şəhərinin çətinliklərinə dözməyib Bakıya qayıtdılar. Onlardan cəmi 3 nəfər – sədaqətli ömür-gün yoldaşları, respublikanın Xalq artisti Böyükxanım Əliyeva ilə Əməkdar artist, “Tərəqqi” medallı Təvəkkül Əliyev və bir də uzun müddət bu sənət ocağına rəhbərlik edən Əməkdar artist Elşad Zeynalov öz talelərini həmişəlik Lənkəranla bağladılar.



Onlar həm həyatdakı, həm də də sənətdəki nailiyyətlərini məhz Lənkəranda qazandılar. Buradaca ailə qurub, ev-eşik, ad-san sahibi oldular. Elşad Zeynalov 2006-cı il yanvarın 5-də 55 yaşında haqq dünyasına qovuşdu. On bir il sonra, 2017-ci ilin 23 yanvarında isə Təvəkkül Əliyev əbədiyyətə qovuşdu...
Təvəkkülü Lənkəranda hamı tanıyır və sevirdi. O, da bu diyara qəlbən bağlanmış, özünə çoxlu dost qazanmışdı. Söhbət düşəndə bəzən zarafatyana dağları göstərib: ”Odur ey, oralıyam – Barzavuluyam”,-deyərdi.
Onu teatrda aktyor kimi işə başladığı dövrdən tanıyırdım.
İndiki kimi yadımdadır.
1973-cü ilin dekabrın 6-da yenicə fəaliyyətə başlayan Lənkəran Dövlət Dram Teatrına iynə atsaydın, yerə düşməzdi. Kəndli-şəhərli hamı teatrın ilk tamaşasına baxmağa gəlmişdi. Onların arasında Bakıdan dəvət olunan tanınmış sənətçilər, ziyalılar, şair və yazıçılar, o cümlədən “Yaxşı adam” əsərinin müəllifi rəhmətlik Mirzə İbrahimov və onun ailə üzvləri də vardı.
Gənc aktyor Təvəkkül Əliyev titrək addımlarla səhnəyə çıxdı və özünəməxsus gur səslə Lənkəran Dövlət Dram Teatrının fəaliyyətə başlaması münasibətilə tamaşaçıları təbrik etdi.
Sürəkli alqışlardan sonra tamaşa başlandı. Həmin gün gənc aktyorların hamısı rollarının öhdəsindən layiqincə gəldilər. Təvəkkül Əliyev isə Azər rolunun ifası ilə teatra parlaq fərdi xüsusiyyətlərə malik, qeyri-adi aktyorun gəldiyini nümayiş etdirdi. İllər ötdükcə aktyor xaraktercə bir-birindən fərqli rollarda çıxış etdi, tamaşaçıları gah güldürdü, gah düşündürdü, gah da ağlamağa sövq etdi. Tamaşadan tamaşaya özü də inkişaf etdi, püxtələşdi, müdrikləşdi.

İş elə gətirdi ki, günlərin bir günü Lənkəran teatrında çalışmalı oldum və Təvəkkül Əliyevin yaradıcılığını daha yaxından izləmək imkanı ilə yanaşı, həm də onun iç dünyasını tanımağa başladım. Son 5-6 ildə isə bizi onunla mehriban dostluq telləri bağlamışdı.
Təvəkkül məsuliyyətli aktyor idi. Rolunun üzərində az qala əsirdi. O, səhnədəki ifasl ilə işini bitmiş hesab etmirdi. Hələ məşq prosesində rolun məxsus olduğu tarixi şəraiti, mühiti, mənsubiyyətini öyrənib mənimsiyirdi.
Söhbət düşəndə deyirdi ki, məni Lənkəranda saxlayan tamaşaçı məhəbbəti və qayğısı olub: ”Bəzən Böyükxanımla (aktyorun ömür-gün yoldaşı, Azərbaycanın Xalq artisti Böyükxanım Əliyeva – A.B) bir neçə günlüyə Bakıya getmişik, amma Lənkəran üçün, tələbkar tamaşaçılarımız üçün darıxdığımızdan vaxtından əvvəl geri qayıtmışıq. Qürur hissi keçirirəm ki, məhz Lənkəran teatrının səhnəsində öz sözünü demiş, püxtələşmiş aktyor səviyyəsinə ucala bilmişəm. İndinin özündə belə yolda, küçədə tamaşaçılarla qarşılaşarkən onlar bizə obrazların adları ilə müraciət edirlər. Belə tamaşaçını necə sevməyəsən? Belə şəhəri, belə teatrı necə tərk edəsən?”

Doğrudan da o, ömrünün sonuna kimi əhdinə sadiq qaldı, Lənkəranı tərk etmədi. Teatrın səhnəsində isə 100-dən artıq rolda çıxış etdi. Sadalamaqla qurtaran deyil: Aydın (C. Cabbarlı "Aydın), İldırım Bəyazid (H. Cavid "Topal Teymur"), Anton Antonovıç (N. Qoqol "Müfəttiş"), Aleksey (Bs. Vişnevski ("Nikbin faciə"), Ezop (Fiqereydo "Ezop), Nəcəf bəy (Ə. Haqverdiyev "Dağılan tifaq"), Şeyx Nəsrullah (C.Məmmədquluzadə "Ölülər", Əmir Teymur (T. Zülfüqarov "Kəklikli qəfəs"), Azər (M. İbrahimov "Yaxşı adam"), Zaur (Anar "Təhminə və Zaur") Mahmud (Elçin "Mahmud və Məryəm"), Polya Luici ((“Dəmir sinif”, A.Nikolai)...
Əlbəttə, bu obrazların hər biri ayrılıqda bir tədqiqat materialıdır və biz onların hamısını təhlil etməyəcəyik, amma bir neçə rol haqqında danışmağı məqsədəuyğun hesab edirik.
T.Əliyevin xalq şairi Nəbi Xəzrinin “Sən yanmasan” tamaşasında ifa etdiyi Eldar obrazı barədə Lənkəranın yaşlı tamaşaçıları bu gün də xoş xatirələrlə söz açırlar.
Filologiya elmləri namizədi, Prezident təqaüdçüsü, qocaman pedaqoq Hacı Mirhaşım Talışlı hesab edir ki, Təvəkkül Əliyev Eldar obrazının daxili aləmini özünəməxsus cizgilərlə açaraq, onun təkcə müsbət xarakterini deyil, eyni zamanda həm də mənfi xüsusiyətlərini göstərməyi bacarırdı. Aktyor Eldarın simasında daxilən çürük, zahirən təmiz olan, buqələmun kimi rəngdən-rəngə, dondan-dona girən tiplərin ümumiləşdirilmiş obrazını yaratmışdı.


Yazıçı Məmmədhüseyn Əliyevin “Ana fəryadı” tamaşası da Lənkəran teatrının tarixində xüsusi yer tutur. İkinci dünya müharibəsinin xalqımızın həyatından izsiz ötüşmədiyini və minlərlə ailəyə bədbəxtlik gətirdiyini əks etdirən bu səhnə əsərində “qara kağızı” gəlmiş İlyasın (Təvəkkül Əliyevin) on beş ildən sonra doğma yurda qəfil qayıdışı onun doğmalarının həyat tərzini tamam alt-üst edir.
Belə ki, İlyasın arvadı onun anası Bəyimin təhriki ilə artıq xalası oğluna ərə gedib. Mövcud vəziyyətdən hamı çaş-baş qalıb. Bütün ailə İlyasın özünü günahkar sayır, onun gözündən qaçır. İlyas üzünü görmədiyi doğma qızı Mirvari ilə söhbətləşib dərdləşir. Daha sonra İlyas (T.Əliyev) tənhalığa qapılır, fonoqramma ilə səhnədən onun daxili monoloqu ucalır. Və aktyor sözün həqiqi mənasında bu monoloqu yaşayır. Onun sifətindəki cizgilər qəhrəmanının müharibədə necə böyük əzab-əziyyətlərdən keçdiyini, göz yaşları isə İlyasın acı taleyini ifadə edir. Bu obrazla T.Əliyev özünü həm də sözsüz səhnələrin mahir ifaçısı kimi sübuta yetirmişdi. Aktyor məhz belə müsbət keyfiyyətləri ilə C.Cabbarlının “Aydın” tamaşasında böyük arzularla yaşayan, lakin əli heç bir yerə çatmayan Aydını, H.Cavidin “Topal Teymur”unda başı eyş-işrətə qarışmış, xalqın vəziyyəti ilə maraqlanmayan hökmdar Yıldırım Bəyazidi, Anarın “Şəhərin yay günləri”ndə hər şeyi pulla həll etməyə çalışan Ağarəfini, S.Vurğunun “Fərhad və Şirin” dramında öz sevgisi uğrunda Xosrovla baş-başa gələn, bunun üçün hətta dağları parçalayan Fərhadı və onlarla bu kimi müxtəlif xarakterli obrazları yaratmaqla tamaşaçıların rəğbətini qazanmışdı.
Təvəkkülün son ifası isə Əli Vəlioğlunun “Əsrlərin harayı” tamaşasında Midiya hökmdarı Astiaq obrazı oldu. Aktyor qanı-canı bahasına bu obrazı yaratmışdı. İstedadının bütün coşqunluğu ilə Astiaqın ziddiyyətlərlə dolu həyatını açıb göstərməyi bacara bilmişdi. Ölümündən cəmi üç gün əvvəl də bu obrazda səhnəyə çıxmışdı.

Yanvarın 23-də isə o, bir daha 43 ildən bəri canından da çox sevdiyi səhnəyə qayıdasıı oldu. Amma bu dəfəki – sonuncu tamaşanın müəllifi də, ifaçısı da özü idi. Yenə də qədirbilən dostları, pərəstişkarları onun yanında idilər, onu alqışlayırdılar. Amma bu alqışlar göz yaşlarına qarışmışdı. Tamaşaçılar sevimli aktyorlarını son mənzilə yola salırdılar...
Təvəkkül Əliyev Əməkdar artist fəxri adına layiq görülmüşdü, “Tərəqqi” medalı ilə təltif olunmuşdu. Xalq artisti adını almasa da xalqın artisti idi. O, bu adı qazanmışdı və buna mənəvi haqqı da var idi. Bu barədə söz düşəndə deyirdi: ”Postsovet dövrünün bəzi naqis xüsusiyyətləri öz diktəsini etməkdədir. O vaxt belə bir qayda vardı: ərlə arvad, yaxud ata ilə uşaqları bir idarədə, bir müəssisədə işləyə bilməzdilər. “Qohumbazlıq” deyilən bir məfhum yaranmışdı. Bizim işimiz də buna oxşayır. Söz düşəndə deyirlər ki, Böyükxanımla siz ər-arvadsınız, ikinizə də eyni bərabərlikdə yerimək olmaz. Əslində, belə şeylər gərək yaradıcı insanlara şamil edilməsin. Mənimlə Böyükxanımın bir-birindən fərqli dəst-xəttimiz var. Amma bunun fərqinə varmırlar. Belə çıxır ki, Böyükxanım Xalq artisti olduğundan bu şərəfə mən layiq görülə bilmərəm. Əslində, bunun mənim üçün elə bir əhəmiyyəti də yoxdur. Əməkdar artist olsam da, Xalq artisti səviyyəsində çalışıram”.
Teatrda hazırlanan tamaşaların əksəriyyətində baş qəhrəmanı oynamaq Təvəkkülün qismətimə düşmüşdü. Ürəyində bir arzusu da var idi: Kral Liri oynamaq. Amma ömür ona bu arzusunu gerçəkləşdirməyə imkan vermədi.
Son illər o, həm də kino aktyoru kimi tanınmışdı. Bir sıra bədii filmlərdə, teleseriallarda maraqlı rollarda çəkilmişdi. Ümumilikdə isə Təvəkkül 15 filmdə müxtəlif səpkili rolları ifa edib. Onun kinoda axırıncı işi “Əli və Nino” filmində olub: Hacı Zeynalabdin Tağıyevin obrazını yaradıb. Daha bir neçə filmə də dəvət almışdı...

Qeyd edək ki, Təvəkkül Əliyev özünü həm də rejissor kimi də sınamışdı. Əsasən də uşaqlar üçün tamaşalar hazırlayardı. İş elə gətirmişdi ki, Təvəkkül mənim də üç əsərimə quruluş vermişdi. İş prosesində onun necə tələbkar sənətçi olmasının bir daha şahidi oldum. “Mən hər şeydən əvvəl aktyoram, həm də peşəkar aktyoram, -deyirdi. - Amma ara-sıra teatrda tamaşa hazırlamaq isə mənim təcrübəmdən irəli gələn bir işdir. Rejissor vəzifəsinin məsuliyyəti böyükdür və mən belə bir yükün altına girməyə cürət etmərəm. Ötən onilliklər ərzində çoxlu rejissorla işləmişəm, hərəsinin dəst-xəttindən müəyyən qədər bəhrələnmişəm”.
T.Əliyev həmçinin gənc aktyorların hamisi idi. Biliyini, təcrübəsini heç kimdən əsirgəmirdi. Onun gözünün qabağında onlarla aktyorun püxtələşməsinə, sənətin sirlərini əxz etməsinə uşaq kimi sevinərdi.
Ömrünün müdrik çağında da məhsuldar fəaliyyətini davam etdirən Təvəkkül Əliyev sübut etmək istəyirdi ki, hələ ürəyində kifayət qədər deyilməmiş sözü var.

65 illik ömrünün 43 ilini səhnə sənətinə həsr edən Təvəkkül Əliyev həm də gözəl ailə başçısı, sədaqətli ömür-gün yoldaşı, mehriban ata və baba idi. O, nəvələrini özünün ən böyük var-dövləti hesab edirdi.
Heyf ki, ölüm onu aramızdan tez apardı. Lənkəran tamaşaçısı düz altı ildir ki, onsuz qalıb. Teatr özü də onun məsləhətlərinə, göstərişlərinə möhtac qalıb. Amma əziz xatirəsi unudulmur və illər, qərinələr keçsə belə, yenə unudulmayacaq.
Təvəkkül Əliyev bir-birindən gözəl, rəngarəng səhnə obrazları, kinofilimlərdəki rolları ilə əbədi yaşayacaq.
Məzarın cənnətməkan olsun, əziz dost!

# 3138 dəfə oxunub

Oxşar xəbərlər

İdmançının sevgilisi - Günün hekayəsi

İdmançının sevgilisi - Günün hekayəsi

13:16 21 noyabr 2024
Azyaşlı baldızı ilə evlənən qoca – Çəmənzəminlinin hekayəsi

Azyaşlı baldızı ilə evlənən qoca – Çəmənzəminlinin hekayəsi

16:40 18 noyabr 2024
“Ka”nı xoşbəxt edən yazıçı - Sonası Vəliyevanın hekayəsi

“Ka”nı xoşbəxt edən yazıçı - Sonası Vəliyevanın hekayəsi

15:00 17 noyabr 2024
Tənhalıq həsrəti - Rüstəm Dastanoğlunun hekayəsi

Tənhalıq həsrəti - Rüstəm Dastanoğlunun hekayəsi

13:05 16 noyabr 2024
"REZİDENS de MAREŞO"da - Sabir Əhmədlinin hekayəsi

"REZİDENS de MAREŞO"da - Sabir Əhmədlinin hekayəsi

09:00 16 noyabr 2024
Köçəri quşun ağısı – Çingiz Aytmatovun hekayəsi

Köçəri quşun ağısı – Çingiz Aytmatovun hekayəsi

16:30 15 noyabr 2024
# # #