Kulis.az "İlin hekayəsi" müsabiqəsində iştirak edən İlkin Özün "Bumeranq" hekayəsini təqdim edir.
Bəzən ən böyük intiqam bağışlamaqdır.
Viktor Hüqo
Bu sabah həmişəki kimi Sahib iş yerinə doğru ayaqlarını sürüyə-sürüyə addımlayırdı. Həyat onu çox sıxmış, çox yormuşdu. Özünü illərin yorğunluğunu daşıyan yolçu kimi hiss edirdi. Enişli-yoxuşlu, sərt döngəli ömür yolunda sadəcə otuz altı illik cığırı aşsa da, sir-sifəti, duruşuğu yetmiş yaşlı qoca kişiləri xatırladırdı. O heç bir ali təhsil almamışdı. Nə də vəzifəli bir yaxını var idi ki, onu hansısa işə təyin etsin. Sahib ölkənin əksəriyyətinin olduğu – qara fəhlə kimi çalışırdı. Qədim Romada qulların emalatxanalarda, kənd təsərüffatı və digər sahələrdə bir qarın yemək qarşılığı əməyinin istismar olunduğu kimi, o da kiçik əmək haqqı müqabilində daş karxanasında, yəni bizim dünyamızın cəhənnəmində “damğalı” qultək çalışırdı. Onun Romadakı “danışan əmək alətləri”ndən tək fərqi “azad” olması idi. Hər gün səhər saat altıdan axşam saat səkkizə qədər işləməkdənsə, məncə, birinci versiya daha rahatdır. Çünki ən azından qulların özündən savayı baxmalı, dolandırmalı olduqları bir ailəsi olmurdu.
Sahibin altı yaşlı Afiq və on yaşlı İlyas adlı iki oğlu var idi. Həyat yoldaşı Səbinə evliliklərinin beşinci ilində kirayə qaldıqları rütubətli, soyuq evdə ağciyər xəstəliyinə tutulmuşdu. Balaca, ikiotaqlı həyət evinin damının təmirsiz olması üzündən qış ayları onlar üçün olduqca əzab-əziyyətli keçirdi. Şaxtalı hava, damdan evə sızan yağış damcıları, nəm, rütubət mövcud şəraiti olduqca acınacaqlı hala gətirib-çıxartmışdı. Üstəlik Bakıda belə evciklərin aylıq kirayə haqqı, təəssüf ki, bir fəhlənin aylıq maaşı ilə tərs mütənasibdir.
***
Noyabr tədricən aysberq kimi görünməyən soyuq üzünü göstərməyə başlamışdı. Hava bu gün küləkli və soyuq idi. Qara buldular səmada bir-biri ilə davakar uşaqlar kimi dalaşırdılar. Səbinə saat yeddinin yarısı öskürə-öskürə yerindən yarıyuxulu ayılıb ayağa durdu. Yoldaşı elə bir neçə dəqiqə olardı, işə getmişdi. Ev çox soyuq olduğu üçün o, dərhal sobanı alışdırmağa cəhd etdi. Uğursuz oldu. Görünür, qaz kəsilmişdi.
“Allah, sən səbir ver mənə. Bu nə zülmdür, biz çəkirik? Qaz kəsən, ocağın sönsün elə!”, – deyə, – oğlunun üstünü örtmək istədi.
Son beşiyi – Afiq şirin sima, arıq və cılız uşaq idi. Körpəlikdən fiziki cəhətdən zəifliyi üzündən tez-tez xəstəlik tapırdı. İndicə havanın soyuq olmasına baxmayaraq, üstünü açmasından Səbinə şübhələndi. Əlini onun alnına qoydu. Afiq alov içində yanırdı. Onu astaca oyandıraraq: “Qalx, balam, deyəsən, hərarətin var sənin. Baxaq görək anasının quzusunun qızdırması nə qədərdir?”, – dedi.
Termometrlə qızdırmasını ölçdü. Uşağın hərarəti otuz səkkiz dərəcəyə yüksəlmişdi. Səbinə narahat olmağa başladı. Lakin axşama qədər Sahibi gözləməkdən başqa çarəsi də yox idi. Afiqin vəziyyəti heç ürəkaçan deyildi. Özü də əslində ondan geri qalmırdı. Tez-tez, şiddətli şəkildə öskürürdü və halsız idi. Lakin onun 32 yaşı var idi və qadın idi. Qadın həmişə kişilərə nisbətən daha dözümlü, daha iradəli, daha güclü olur. Söhbət mənəvi gücdən, möhkəm iradədən gedir. Özü çətinliyə sinə gərər, hətta ölümə belə razı olar, amma övladının dırnağına zərər gəlməsinə dözə bilməz qadın ürəyi...
Xülasə, Afiqin qızdırması pillə-pillə qalxaraq atası gələnə qədər qırx dərəcəyə çatdı. Sayıqlayaraq ağlayır, tir-tir əsirdi. Bayırda şiddətli yağış yağır, güclü külək əsirdi. Əsl fırtına idi. Nəhayət, Sahib özünü evə birtəhər yetirə bildi. Yağışda islanmış cücələrə oxşayırdı.
– Salam. Axşamınız xeyir.
Səbinə yavaş və kövrək səslə: “Hər vaxtın xeyir”, – dedi.
– Nə olub, niyə Afiqin başı üstündə dayanıbsınız? – deyə, – Sahib əynindəki köhnə pencəyin düymələrini aça-aça sual dolu nəzərlə İlyas və Səbinəni süzdü.
Səbinə hıçqıra-hıçqıra ağlayaraq:
Uşağın qızdırması qırx dərəcədir, Sahib, həkim çağırmasaq, sudurğa keçirə bilər, – deyə, – qəlbinin dərinliklərindən bulaq suyu kimi süzülən incə göz yaşları ilə Afiqin yamaqlı adyalını islatdı. Sahib pencəyini asılqana ilişdirib məyus-məyus başını aşağı dikdi və:
– Özün bilirsən, zəhrimara qalmış maaşı on gün olar almışıq. O da kommunala, kirayə haqqına, ərzağa-filan getdi. Nə edim indi mən bədbəxt balası?! – dedi.
– Sahib, oğlumuz ölür. Nə edəcəksən, tez elə, həkim çağır, nə bilim, nəsə et. Səbinə daha da ucadan ağlamağa başladı.
Sahib təzədən əynini geyindi və çölə çıxdı. Hara gedəcəyini, kimdən kömək istəyəcəyini bilmirdi… Əvvəl ağlına qardaşı Mustafa gəldi. Düzü, uzun zamandır, araları yox idi. Belə baxanda onu özünə qardaş saymırdı. Çünki Mustafanın özünə görə maddi imkanı geniş idi və doğma qardaşı Sahibdən sırf kasıb olduğu üçün utanırdı... Amma indi vəziyyət fərqli idi. Nə qədər pis olsa da, qardaşından kömək istəməyə məcbur idi.
Məcburiyyət deyilən nifrət olunası məfhum, məcburiyyət deyilən saxta “fəlsəfə” var ki, insanı istəmədiyi hər şeyə vadar edir...
Sahib fırtınaya meydan oxuyaraq qardaşının evinə doğru uzaq məsafəni qaçaraq tez-tələsik özünü çatdırdı. Qapının zəngini çaldı. Bir neçə dəqiqə sonra qapıya doğru gələn ayaq səsləri onun ürək döyüntüləri ilə harmoniya yaratdı. Bir azdan Mustafa həmin ahəngi pozdu. Salamsız-kalamsız:
– Oo, Sahib bəy, nə xoş oldu sizi burada görmək deməyi çox istərdim, amma... Nə lazımdır? – dedi.
Mustafa, mənə indiyə kimi qardaşlıq etməmisən. Bu günə kimi də sənin qapına pul üçün, çörək üçün gəlməmişəm. On gün olar, maaşımı almışam. Aldığım qəpik-quruş da evin xərclərini, borclarımı güc-bəla ödəyib. Afiq xəstələnib, qızdırması çox yüksəkdir. Xahiş edirəm, heç olmasa, onun xətrinə mənə otuz manat borc ver, həkim aparım evə. Xahiş edirəm! Nə olar! – Sahibin gözləri doldu.
Mustafa istehza ilə gülərək:
– Əziz qardaşım, əfsuslar olsun ki, itimizə sabah yem almalıyam. Eləcə otuz manatı da ona ayırmışam. Başqa pulum yoxdur – dedi.
Sahib tutuldu. Deyəcək sözləri boğazında sanki düyümləndi. Bir neçə dəqiqə sonra:
– Bağışla, yanlış evə gəlmişəm. Sən qardaşım yox, heç insan deyilmişsən! Tfu! – deyərək oranı tərk etdi. Sonra işlədiyi karxananın müdirinə zəng vurub vəziyyəti başa salmaq istədi. O da zəngi cavablamadı. Dostları ilə əlaqə saxlamağa çalışdı. Amma kasıb adama kim, niyə borc versin ki?! Onsuz da, kasıbın dostu özü kimi imkansız olur. Qərəz, lənət olası pulu tapa bilmədi... O, çarəsiz halda apteklərin birinə yaxınlaşdı. Oğlunun ölümlə göz-gözə qaldığını, heç olmazsa, bəzi dərmanların ona verilməsini xahiş etsə də, onu ciddiyə alan olmadı. Kor-peşman evə qayıdan Sahib həyat yoldaşının ümid dolu baxışlarla ona uşaq kimi gözlərini zillədiyini gördü.
– Sahib, bəs həkim hanı? – demişdi ki, Afiq qucağında sayaqlaya-sayaqlaya can verdi. Son sözləri: “Ana, çox şoyuqduy, üşüyüyəm” – oldu...
Sahib dibindən kəsilmiş palıdtək dizləri üstə çökdü. Səbinə isə oğluna sarılaraq acı bir fəryad qopardı. Saçlarını yola-yola: “Oğlum, sən ölə bilməzsən, hələ çox balacasan, ölmə, oğlum, yalvarıram ölmə, qurban sənə ölmə!” – deyərək Afiqin üz-gözünü öpməyə başladı. Ancaq hər şey üçün çox gec idi, uşaq artıq tapşırmışdı canını.
Afiqin tək günahı kasıb bir ailədə doğulması idi. İlyas isə şoka düşmüşdü. Qardaşının ölməsi üçün heç bir əsas yox idi uşaq təfəkkürünə əsasən. “İnsanlar nəyə görə ölürlər, öləndən sonra yox olurlarmı? Yoxsa ölüm hər şeyin sonumu idi?” – İlyas bu suallara aydınlıq gətirə bilmirdi...
Sahib oğlunun ölümündən sonra daha da dalğınlaşdı, sanki bir az da qocalmışdı. Otuzca manatı olsaydı, indi oğlu yaşayırdı. O heç nəyə yanmırdı. Sadəcə insanların bu qədər vəhşiləşməsindən dəhşətli dərəcədə sarsılmışdı. Heç kəs ona borca pul vermədi. Övladını ölümə tərk etdilər. Elə öz-özünə hey sayaqlayırdı: “Siz ölməyəcəksiniz?!”
Daş karxanalarında ani diqqətsizliyin nəticəsi çox ağır ola bilirdi. Baxmayaraq ki, Sahib buna məhəl qoymurdu. İş yoldaşları dəfələrlə onu daş altında qalmaqdan, cərəyandan, kombaynın yırtıcı dişlərindən xilas etsələr də, bir gün hər şey faciəvi oldu...
Gecə növbəsində bəzən fəhlələr kombaynın gecikməsini fürsət bilib mürgüləyirlər. Sahib quru yerdə uzanmışdı kombayn gələr-gəlməz oyanmaq ümidi ilə. Lakin “ölüm maşını” çox hiyləgərcəsinə gəldi. Yoldaşları uzaqdan qışqır-bağır etsələr də, Sahib yuxudan oyanmadı ki, oyanmadı. Kombayn məsumca daş üstə yatan Sahibi faciəvi şəkildə, odun kimi iki yerə böldü...
Sahibin ölümündən sonra onsuz da çətinliklə dolanan ailənin maddi, mənəvi vəziyyəti daha da ağırlaşdı. Hər şeyi qoyaq qırağa, Səbinə xanımın gördüyü zülmə, çəkdiyi acılara dözmək hər kəsin işi deyildi. Üstəlik də o, xəstə idi. Yoldaşının ölümündən sonra tanınmaz hala düşmüşdü. Saçlarına qar ələnmişdi, gözləri quyunun dibindən işıldayan su kimi seçilirdi. Biçarə qadına ərinin necə öldüyünü də deməmiş, sadəcə başına əhəng daşı düşdüyü yalanını uydurmuşdular...
***
Səbinə xanım xəstə canı ilə bir mağazada xadimə kimi işə düzəldi. Bircə övladı üçün çalışmalı idi. Çətin olsa da, buna məcbur idi. Hərdən gecələr soyuq olanda İlyasla qucaqlaşıb yatırdılar. Tez-tez işıqları keçir, qazları gəlmirdi. Bəzən İlyas orta məktəbdə digər yoldaşlarının şux geyimləri, rəngarəng çantaları, kitab-dəftərlərinə baxıb kövrəlsə, utansa da, bunu anasına bilindirmirdi. Onun tək çarəsi oxumaqdı...
Bir gecə anasının kəsilməyən öskürək səslərinə yuxudan ayılan İlyas ona yaxınlaşıb su verdi.
– Yaxşısan, ana?
– Yaxşıyam, oğlum, – deyə, – Səbinə təngnəfəs cavab verdi.
O, İlyasın başına sığal çəkərək dilləndi:
– Oğlum, gələcəyim, mən bir gün ölsəm, sən başqa analar, qardaşlar, atalar ölməsin deyə oxuyarsan və kasıblar üçün ödənişsiz xəstəxana açdırarsan, yaxşımı?
– Ana, demə elə. Sən yaşayacaqsan! Mən oxuyacağam və səni müalicə etdirəcəyəm. Nə qədər bizim kimi imkansızlar var, onları da pulsuz müalicə etdirəcəyəm, sən narahat olma...
Ümid onların zülmətdəki tək çırağı idi. Bu qədər çətinliklər içərisində bir gün hər şeyin daha fərqli olacağı inamı ilə yaşayırdılar. Mütləq, bir gün hər şey daha yaxşı olacaqdı...
***
Sonuncu söhbətdən 7 il keçdi. İlyas Bakı Dövlət Universitetinin “Biznesin idarə olunması” ixtisasına qəbul oldu. Bu yerə qədər gəlib-çatmaq üçün çox əzablar çəkmişdi. İndi isə zəhməti bar verdi, tələbə adını qazandı. Tələbəlik illəri onun həm zehni, həm mənəvi, həm iradi, həm də şəxsi potensial imkanlarını inkişaf etdirdi. Çətinliklər əslində bitmədi, dozası biraz da artdı. Amma o get-gedə daha da möhkəmləndi, özündə çətinliyə qarşı vaksin formalaşdırdı. Necə ki, isti kürədə ərimiş dəmiri soyuda-soyuda döyürlər ki, polad əmələ gəlsin.
İlyas universitet illərində sevimli müəllimindən öyrəndiyi bir fikri həyat devizinə çevirmişdi. Hər dəfə yeni bir problemlə üzləşəndə bu ifadədəni xatırlayırdı: “Çərpələnglər küləklərin gücü ilə deyil, o gücə qarşı çıxdıqları üçün yüksəlirlər”.
Bakalavr və magistr təhsil səviyyələri üzrə təhsili başa vurmaq bir göz qırpımında baş verdi. Növbəti missiya vətənə xidmət idi.
Bədii dünyada vaxt su kimi axıb-keçir. Beləcə, bir il də gəlib-keçdi. İlyas xidmətdən qayıtdıqdan az sonra kiçik bir şirkətdə işə düzəldi. O, karyerasına böyük səriştə, coşqun həvəs və dərin inamla başladı. Əlbəttə, o, səbir, təmkin, ağıl, iradənin bu yolda özünün dostları, eqo, kin, nifrət, paxıllığın isə düşmənləri olduğunu dərk edirdi. Bunun nəticəsində uğurları da bir çərçivəyə sığmır, daim artır və yenilənirdi.
İlyas kiçik qazancı ilə əvvəlcə anasını müalicə etdirdi. Bir müddət sonra özünü tədricən öz sahəsində doğrultdu və yavaş-yavaş uğurlu bir biznesmenə çevrildi. Birazdan anasının istəyi ilə kiçik bir xəstəxana tikdirdi, orada imkansız insanlara pulsuz-təmənnasız dəstək olunurdu.
***
Səbinə ilə birlikdə İlyas hərdən xəstələrin vəziyyəti ilə maraqlanır, onları ziyarət edirdi. Bu gün təsadüfən xəstəxanaya saçları ağarmış, beli bükülmüş qoca bir kişi gəlmişdi. İlyasgil tibb ocağında gəzən zaman həmin yaşlı adamla rastlaşdılar. Sir-sifətindən peşmanlıq və məyusluq yağırdı onun. Səbinəyə həmin qoca suyu şirin gəldi, amma tam tanıya bilmədi. Yaşlı adam gözlənilmədən İlyasın dizlərinə sarılıb ağlamağa başladı:
– Oğlum, mən səni tanıyıram, amma sən məni yox. Mən illər öncə qardaşını ölümə tərk edən, atandan otuzca manatı əsirgəyən başı batası əminəm. O vaxtlar cavan idim. Düşünürdüm ki, həyat belə gəlib, belə də gedər. Heç vaxt sizə möhtac qalacağımı fikirləşməmişdim. Qardaşın və atanın ölümündən sonra vicdan əzabı məni içimdə ac qurd kimi yeməyə başladı. Yavaş-yavaş hər şeyim yoxa çıxdı, küləyə getdi. Bu gün isə dərd, qəm və ağrıdan başqa heç nəyim yoxdur. Yoldaşımı imkansızlığın üzündən itirmişəm Bircə qızım var, o da hepatetdir, nə zəhrimardır, ona yoluxub. İndi onu buraya gətirməyə yol pulunu belə tapa bilmirəm. Xahiş edirəm, qızımı ölməyə qoyma, İlyas, yalvarıram sənə!
İlyas əmisini ayağa qaldırdı əlini onun çiyninə qoydu, gözlərinin içinə baxa-baxa: “Əmi, biz həyat xilas etmək üçün burada mübarizə aparırıq. Biz imkansızların yanındayıq, Allah da bizim yanımızdadır. Qızını xilas edəcəyik, sən narahat olma”, – dedi.
Mustafa həm utancından, həm də vicdan əzabından başını aşağı dikmişdi. Onun heç zaman ağlına gəlməmişdi ki, həyatda gördüyün bütün işlər xəyali bumeranq kimidir. Bu gün etdiklərin sabah sənə geri qayıdır...