Bukovskini oxuyan fahişə - Tural Cəfərli

Tural Cəfərli

Tural Cəfərli

8 dekabr 2021
# 22:30

Kulis.az İlin hekayəsi müsabiqəsində iştirak edən Tural Cəfərlinin “Bukovskini oxuyan fahişə” hekayəsini təqdim edir.

Qeyd edək ki, anonim şəkildə münsiflərə təqdim olunan hekayələr yalnız qiymətləndirildikdən sonra sayta yerləşdirilir.

Uşaqlığımda tibb bacısı olmaq istədim, gəncliyimdə hüquqşünas... Alınmadı. İndi fahişəyəm.

Kəmalənin kömür gözlərində nə romantikadan, nə də mərhəmətdən əsər-əlamət qalmamışdı... Kirpikləri ox kimi adamın üzünə batsa da, hiss olunurdu ki, təbii deyil. Qaranquş yuvasına oxşuyan başında aydın sezilən çapıqlar vahiməli və bir az da cazibəli görünürdü. “Bahar” kafesində işləyəli hələ bir qohum-əqrəbasının nə xeyir, nə də şər işinə getməmişdi. Düzü onu itirib-axtaran da yox idi. Özünü “itkin” hesab edirdi. Əslində itirəcəyi bir şey də yox idi. Axırıncı dəfə əmisi Eldarı vağzalda “müştəri” qismində qəbul etmişdi. Əmisi onu tanımamışdı. Kəmalə əmisini razı salandan sonra, bir daha yolunu vağzaldan salmadı...

İllər arzularını puç eləmişdi, puç deyəndə ki, arzusu hamı kimi də deyildi, Kəmalə heç vaxt ailə qurmaq fikrində olmayıb, ancaq uşaqları dəhşət çox istəyirdi, indi yeni ümidlərlə yaşamağın mənasını axtarırdı, ağrılarını ümidlərinə bükmüşdü. Həyatın amansız rəftarına gülümsəyib keçirdi. Kababçı Qoşqar Kəmalənin həyat hekayələrindən təngə gəldiyindən onu çox vaxt dinləmir, yazıq qız ağzını açan kimi sözünü ağzında qoyurdu:

- Allah səni saxlasın. Bezmədin hind kinolarına oxşuyan həyatını danışmaqdan. Sənin həyatın əsl indeyski kinodu e, xəbərin var...

Kəmalə tikəsi boğazında qalan it kimi qorxaq baxışlarını ətrafa sərdi. Heç kim onun bu ürkək baxışlarına məhəl qoymurdu. Siqaretin tüstüsü kafeni cənginə almışdı. Kəmalənin üzünə qatı bir məyusluq çökdü. Əlləri əsməyə başladı. Mətbəxə keçdi. Soyuducudan yarımçıq qalan arağı çıxarıb başına çəkdi. Araq şüşəsini su kimi içib bir az rahatladı. Qoşqar bunu görüb utanan kimi oldu. Kəmalənin yanına gəlib soruşdu:

- Çoxdan içirsən?

Kəmalənin gözləri yerə dikilmişdi. Saçları üzünə dağılmışdı, hiss olunurdu ki, çoxdandı saçlarına toxunan olmayıb.

- Üç il olar...

Bircə arzum var-kaş atam sağ olaydı... O əyri burnu ilə yanağıma toxunar, sonra cibindən konfet çıxarıb məni sevindirərdi. Ehhh. Hardadı o bəxt məndə?!

Birinci dəfə aşiq olanda atam sağ idi. İkinci dəfə aşiq olanda atam yox idi. Sonra aşiqliyim adi məişət qayğılarına bənzədi. Sanki kommunal xidmətləri kimiydi əllərimə toxunmaq, gözlərimi bağlamaq, dodaqlarıma toxunmaq, saçlarımdan öpmək... Telefonumda bütün mesajlar ancaq bundan ibarət idi: “Filan vaxtı, filan yerdə, iyirmi manatım var...”

İçimə yığılan boşluqlardan qaçmaq istəyirdim. Kafedə işləmək xoşuma gəlmirdi. Amma məcbur idim. Başqa işlər məni daha çox yorurdu. Burada daha sərbəst idim. Kafedə boş vaxtlarım da olurdu. Tualetin yanında kitab rəfim var idi. Cəmi beş kitabdan ibarət kitabxanamı bəzən tualetdə təbii ehtiyaclardan sonra istifadə edənlər var idi. Mən Bukovskini çox sevirəm. İnanın onunla uzun-uzun sevişərdim də... Bir də görürsən onu düşünüb yatıram, yuxuma girir: “Təzəcə soyunuram ki, qapı döyülür: “Jek” dən gələn Murad dayı hələ ötən ildən qalan zibil pulunu istəyir. Zibilə düşmüşük də…”

Ancaq məni daha çox Bukovskinin yataqdakı fəaliyyəti yox, masa arxasında əsər yazmasına tamaşa etməyim maraqlandırırdı. Bəzən onu yarıçılpaq şəkildə əsər yazmasını, bəzən əcaib qiyafədə otaqda var-gəl etdiyini düşünürdüm. Ahhh, mən həqiqətən dəliyəm...

- Çıx, tez ol. Çıx çölə! Kababçı Qoşqar lap itə dönmüşdü. Kəmalə içkili halda işə gəldiyi üçün Qoşqar cin atına minmişdi, dərin məyusluq və narahatlıq içində idi. Balıq kimi çırpınırdı. Bunu heç kim müşahidə etmir, ətrafda ölü bir səssizlik hökm sürürdü. Kəmalə pərt olmuşdu. Kafedən çıxıb ağır addımlarla bir az da əzgin halda kirayədə qaldığı Təbriz küçəsindəki evə tərəf yollandı.

***

İndi bu şəhərdə Kəmalə kimi darıxanlar az deyildi. Amma nədənsə son vaxtlar onlar gözə dəymirdilər, elə bil hamısı qabaqcadan əlbir olub yoxa çıxmışdılar ki, kimsə bunları tapmasın.

Bir-bir köhnə tanışlarına zəng vurmağa başladı. Hərəsi bir bəhanə ilə onu rədd edirdi. Kəmalə öz durumuna və həyatına görə utanıb, “bəlkə nəsə etməliyəm” deyə - özünə sual verirdi. Bəlkə uşaqlığında olan arzusuna doğru getsin, ya gəncliyində istədiyi ixtisası oxusun. Kəmalə düşüncə burulğanına düşmüşdü. Çox fikirləşdi, tapmadı. Onun bütün arzu və istəkləri bir səbəblə “inanılmaz” və “əlçatmaz” görünürdü.

Sən demə, bu şəhərdə darıxanlar məğlub adamlar imiş. Bəli, bu yazılmamış qanun çoxdan qüvvədə idi. Nolar, ey insanlar, icazə verin, icazə verin ki... Aha, deyəsən yadıma düşdü. Lənətə gəlmiş Qoşqarın bir qardaşı var idi: “Bomj İsgəndər”. Bir dəfə kafeyə də gəlmişdi. Gedim onun yanına. Bir yerdə darıxmaq maraqlı olar onunla. Yox, e, nəsə alınmır. Rədd olsun e, ağzından it iyi gəlir. Dişləri qarışqa yuvasına oxşuyur.

Tək yaşadığı evində əşyaları ilə danışıb, Nazpəri Dostəliyevanın “Nə olar Allahım, ayırma bizi” mahnısını oxuyardı hər axşam... Elə bil böyük bir səhnədə rol almışdı. Akademik Milli Dram teatrına məcburən gətirilən tamaşaçıları kimi sifətinə bir bezginlik, bir ağırlıq hopmuşdu.. Son vaxtlar çiyələkli çaydanı özünə tərəf müqabili seçmişdi. Sanki bu minvalla özünü riskli və bir o qədər də təhlükəli olan “darıxmaq” sindromundan qoruyurdu.

Həmişə olduğu kimi bu dəfə də onun bəxti gətirmədi. O “darıxmaq”dan qurtula bilmədi. Özünü yanğından qaçırmış kimi çölə atdı. Metroya sarı qaçmağa başladı. Elə bil kimsə onu metronun qarşısında gözləyirdi.

***

Şiddətlə döyünən ürəyi az qalırdı ağzından çıxsın. İzah olunmaz təlaş və çaşqınlıqla ətrafını gözdən keçirdi. Susuzluqdan yanır, heç olmasa bircə qurtum içmək istəsə də, yerindən qalxa bilmirdi. Birinci dəfə aşiq olduğu adamın üzünü xatırladı. O elə gülümsəyirdi ki, adamın bütün ruhu dincəlirdi. Kəmalənin gözləri parıldayırdı. O axırıncı dəfə nə vaxt belə xoşbəxt görünüb Allah bilir. Uca boylu, qıvrım saçlı, qarğa burunlu bir kişi оnа yaxınlaşıb əlini cibinə atdı. Gözlərini qıyıb əlini açan bu kişini anidən qucaqladı. Sonra saçlarını oxşadı. Bir də ondan ayıldı ki, əlində konfet var, bir də bir parça kağız. Kağızda belə yazılmışdı:

“Qızım, məni bağışla. Sənin yanında ola bilmədiyim üçün, məni bağışla. Üzülmə, möhkəm ol və qətiyyən darıxma! Sevgilərlə atan”

Yuxu gördüyünü düşündü və heç yuxudan ayılmaq istəmirdi.

- Kəmalə xanım, Kəmalə xanım. Qalxın, xəstə özünə gəldi.

Kəmalə özünü ağ xalatda, ağ papaqda görüb ağlamağa başladı. Bütün xəstəxana o gün Kəmalənin ağlamağından danışırdı.

***

İndi mən öz evimdə Bukovskini rahatlıqla oxuya bilirəm. Xəyallarımı Bukovski ilə bağlı qururam. Həyatdan zövq alıram. Mənim arzularım sürətlə böyüməkdədi. Mən özümü xoşbəxt hiss edirəm...

# 2029 dəfə oxunub

Oxşar xəbərlər

İdmançının sevgilisi - Günün hekayəsi

İdmançının sevgilisi - Günün hekayəsi

13:16 21 noyabr 2024
Azyaşlı baldızı ilə evlənən qoca – Çəmənzəminlinin hekayəsi

Azyaşlı baldızı ilə evlənən qoca – Çəmənzəminlinin hekayəsi

16:40 18 noyabr 2024
“Ka”nı xoşbəxt edən yazıçı - Sonası Vəliyevanın hekayəsi

“Ka”nı xoşbəxt edən yazıçı - Sonası Vəliyevanın hekayəsi

15:00 17 noyabr 2024
Tənhalıq həsrəti - Rüstəm Dastanoğlunun hekayəsi

Tənhalıq həsrəti - Rüstəm Dastanoğlunun hekayəsi

13:05 16 noyabr 2024
"REZİDENS de MAREŞO"da - Sabir Əhmədlinin hekayəsi

"REZİDENS de MAREŞO"da - Sabir Əhmədlinin hekayəsi

09:00 16 noyabr 2024
Köçəri quşun ağısı – Çingiz Aytmatovun hekayəsi

Köçəri quşun ağısı – Çingiz Aytmatovun hekayəsi

16:30 15 noyabr 2024
# # #