Aztəminatlı xatirələr - Urman Mənsimov

Urman Mənsimov

Urman Mənsimov

15 dekabr 2022
# 14:30

Kulis.az "İlin hekayəsi" müsabiqəsində iştirak edən Urman Mənsimovun "Aztəminatlı xatirələr" hekayəsini təqdim edir.

O axşam atam evə yenə əli dolu gəlmişdi. Selofanlarda hər cür ərzaq tapmaq olardı. Mən özüm üçün lazım olan şeyləri – şokolad və meyvə şirəsini götürüb, o biri otağa keçdim. Atam və anam mətbəxdə pıçıldaşırdılar. Mən isə istəyimə nail olduğuma görə, təfərrüatlarla maraqlanmırdım. Düzü, baxımsız bir evdə yaşamağımıza baxmayaraq, atamın tez-tez evə əli dolu gəlməyi məni təəccübləndirsə də, bu, yeyib-içməyə başım qarışanda yox, boş-bekar vaxtlarımda gündəmimə gəlirdi. Əgər güzəranımız yaxşı idisə, niyə kirayədə qalırdıq? Bizim ailəmiz cəmiyyətdə aztəminatlı sayılırmış. Əgər başqalarının həyətində günəmuzd fəhlə işləyən atam yaxşı qazanc əldə eləyə bilirdisə, qonşu Fərman əmi niyə bankda işləyirdi? Niyə hər səhər eyni vaxtda işə getməyə məcbur idi? Atam kimi fəhlə işləyib, işə gec getmək, işdən daha tez qayıtmaq onun ağlına gəlmirdi?

Bir də məhəlləmizə yeni köçən polis Araz əmi var idi. Mənimlə arası saz olsa da, atamdan xoşu gəlmirdi. Bir gün Araz əminin iş yoldaşları gəlib, atamı evdən apardılar. Dediklərinə görə: atamın işlədiyi villada oğurluq olmuşdu. Bununla bağlı atamı sorğu-sual eləyib, izahat yazdıracaqmışlar. Atama nə sual verəcəklər? Görəsən, o sualın cavabını atam bilirmi? Bəlkə heç bilmir? İzahat nəyə lazımdır? Atam nəyi izah edəcək onlara? Bu suallar həmin vaxt ard-arda beynimdə sıralandı. Atam onlarla getdi, bir neçə saat sonra qayıtdı.

***
Bu hadisədən 3 ay keçmişdi. Dəhşətli isti bir yay gecəsi idi. İstidən yata bilmirdim. Anam nə əcəbsə yata bilmişdi. Atamın da yatmadığını gördüm, amma o, mənim oyaq olduğumu görmədi. Atam əynini geyinib, olduqca sakit və ehtiyatlı addımlarla evdən çıxdı. Atamın bu saatda getməyi mənə çox təəccüblü gəldi. Ardınca mən də hazırlaşıb, evdən çıxdım.

Atamı gizlicə izləməyə başladım. Bir az getdikdən sonra Məlik əmi (30-35 yaşlarında) ilə görüşüb, yola birlikdə davam etdilər. Məlik əmi ilə atam bir vaxtlar birlikdə işləmişdilər. Bahalı bir evin yanına gəldilər. Kinoda eşitmişdim ki, belə evlərə villa deyirlər. Sonra evin yanına böyük bir maşın gəldi. Şofer (30-35 yaşlarında) maşından düşüb, atamgillə görüşdü. Bir az söhbət etdikdən sonra şofer villanın qapısına yaxınlaşdı. Cibindən çıxardığı bir şeylə qapını açıb, içəri girdi. Məlik əmi də onun ardınca. Atam çöldə ətrafa göz gəzdirirdi. Bir az sonra Məlik əmi və şofer əllərində böyük bir aparatla çıxdılar. Sonra öyrəndim ki, adı generator imiş. O qədər ağır idi ki, atam da onlara kömək elədi. Birlikdə aparatı maşına qoydular. Maşına minib getdilər, mən də evə getdim.

Səhər evimizə polislər gəldi. Bu dəfə Araz əmi də gəlmişdi. Atamı yenə sorğu-sual üçün aparırdılar. Atam qorxmamağımızı, 2-3 saata gələcəyini dedi. Amma nəinki 2-3 saat, atam heç o gün gəlmədi. Sonrakı gün də, ondan sonrakı gün də...


***

Aylar sonra bir gün anam sevincək yanıma gəldi. Atamın gələ bilməyəcəyini, amma bizim onun yana gedib, görəcəyimizi dedi. Bu yarımsevinc də o an üçün mənə bəs etdi. Biz atamın yanına getdik. Orada formalı dövlət işçiləri çox idi. Atamın da çoxlu otaq yoldaşı var imiş. Atam arıqlamış, solğun və yorğun vəziyyətdə idi. Aylar sonra atamla üz-üzə gələndə onun gözlərindəki peşmanlıq və həsrəti sanki əzbərdən oxudum. Niyə bu hislər o yaşımda belə mənə yad deyildi hələ də bilmirəm.

***

Atam 3 il sonra evə qayıtdı. Artıq başqa yerə köçmüşdük. Buna səbəb: həm qonşularımızın anama, həm də sinif və məhəllə yoldaşlarımın mənə qarşı rəftarı idi. Bezmişdim, çətin günlər idi… Hə, bir də atamı və Məlik əmini şofer satmışdı. Deyilənə görə o, Araz əminin casusu imiş. Atam evə qayıtmaqla yanaşı, dinə də qayıtmışdı. Getdiyi yerdə ibadətə başlamışdı.

***

Mən artıq böyümüşəm. Özəl sektorda İT mütəxəssisi işləyirəm, artıq maddi cəhətdən çoxtəminatlı ailəyik. Atam keçən il vəfat etdi. Mən isə bu hadisələri xatırlayanda bir az kədərlənsəm də, yenə də gülüb keçirəm...

# 1383 dəfə oxunub

Oxşar xəbərlər

Gertruda Komorovskaya - Həmid Piriyevin yeni hekayəsi

Gertruda Komorovskaya - Həmid Piriyevin yeni hekayəsi

15:00 22 noyabr 2024
Yay tətilini necə keçirdim - Əli Zərbəlinin hekayəsi

Yay tətilini necə keçirdim - Əli Zərbəlinin hekayəsi

11:24 22 noyabr 2024
İdmançının sevgilisi - Günün hekayəsi

İdmançının sevgilisi - Günün hekayəsi

13:16 21 noyabr 2024
Azyaşlı baldızı ilə evlənən qoca – Çəmənzəminlinin hekayəsi

Azyaşlı baldızı ilə evlənən qoca – Çəmənzəminlinin hekayəsi

16:40 18 noyabr 2024
“Ka”nı xoşbəxt edən yazıçı - Sonası Vəliyevanın hekayəsi

“Ka”nı xoşbəxt edən yazıçı - Sonası Vəliyevanın hekayəsi

15:00 17 noyabr 2024
Tənhalıq həsrəti - Rüstəm Dastanoğlunun hekayəsi

Tənhalıq həsrəti - Rüstəm Dastanoğlunun hekayəsi

13:05 16 noyabr 2024
#
#
# # #