Ananın gül balası - Səid Həmzəyev

Səid Həmzəyev

Səid Həmzəyev

13 dekabr 2022
# 12:00

Kulis.az "İlin hekayəsi" müsabiqəsində iştirak edən Səid Həmzəyevin "Ananın gül balası" hekayəsini təqdim edir.

Bu qədər davam edə bilməzdi. Yemək bişirməyi öyrənməli idim. Nə qədər restoranda yemək olardı? Birincisi, maddi cəhətdən sərf etmirdi. İkincisi də xəstə mədəmə ev yeməyi lazım idi. Ətrafımda elə bir adam da yox idi ki, mənə yemək bişirməyi öyrətsin. Aldığım kitab işə yaramırdı. Adı “ Ev üçün yeməklər “ olsa da, yazılan inqrediyentlərin çoxu mənə tanış deyildi. Bəlkə də kimsə evində artişok, kapers, soya sousu saxlamağa adət edib, amma mən o insanlardan deyildim. Bir sözlə aldığım kitabın heç bir xeyri olmadı.

Əksinə, rəfimdə hansısa faydalı ola biləcək kitabın yerini tutdu. Yarı ac, yarı tox qalmaqdan bezmişdim. Həm də mədəm gündən-günə məni daha çox incidirdi. Bu, anam öləndən sonra yaşadığım yeganə problem deyildi. Tək qalmışdım. Həyatımdakı ən dəyərli, çox sevdiyim insanı itirmişdim. Valideynlərim boşananda atam böyük qardaşımı götürüb getmişdi. O gündən onlar haqqında heçnə eşitməmişdim. Təzə-təzə çox darıxırdım. Zamanla anam mənə hər kəsi əvəz etdi, onların yoxluğunu unutdum.

Xoşbəxt yaşayırdıq. Anam mənim qəhramanım idi. Əlindən hər iş gəlirdi, hər şeyi özü edirdi. Dadlı yeməklər bişirirdi. Evdəki ərzaqlardan qeyri-adi xörəklər yaratmağı bacarırdı. Kasıb yaşayırdıq. Buna baxmayaraq heç vaxt nədəsə gözüm qalmamışdı, anam həmişə istədiyimi alırdı. Bilmirəm, bunu necə bacarırdı? Universiteti bitirəndən sonra işə düzəldim, dolanışığımız yaxşılaşdı. İllərlə yığılmış yorğunluğunu çıxartmaq üçün anam evdə oturdu. İlk günlər darıxsa da sonra öyrəşdi, başını qatmağı bacardı. Ya kitab oxuyurdu, ya parklarda gəzirdi, ya da hansısa seriala baxırdı. Axşamlar, mən işdən qayıdanda birlikdə yemək yeyirdik. Mənimçün bu günün ən gözəl vaxtı idi. Masa arxasında gün ərzində olanları müzakirə edirdik. O həmişə mənə yaxşı məsləhətlər verirdi. Heç vaxt görmədiyi insanlar haqqında mənim sözlərim əsasında düzgün rəy verə bilirdi. Deyə bilərəm ki, həyatım boyu problemləri həll edə bilməyim onun uzaqgörənliyinin nəticəsi idi. Bəzən məni evləndirməyə çalışırdı.

Mənsə bütün qızları onunla müqayisə etdiyim üçün heç birini bəyənmirdim. Anam da israr etmirdi, mənim subay qalmaq seçimimə hörmətlə yanaşırdı. Həm də etiraf etməliyəm ki, aramızda üçüncü adama yer yox idi. Həyatımızda nəyisə dəyişmək, yeniləmək istəmirdik. Çox təəssüf, bəla gözlənilməz gəldi. Anam xərçəng oldu.Üç ayın içində şam kimi əriyib yox oldu. Sarsıntı keçirtdim. Yaşım 40-a yaxınlaşsa da, anam öləndən sonra özümü böyük parkda itmiş uşaq kimi hiss edirdim. Həyat qarşısında aciz idim. Məişət qayğıları məni sıxırdı. Bu yaşdan sonra öyrənməyə isə həvəsim yox idi. Başqa yol tapmağa çalışırdım. Ailə qurmaq fikrini götür-qoy etməyə başladım. Ətrafımda layiqli xanımlar az deyildi. Onların arasında evdə qalmaq qorxusundan mənimlə evlənə biləcək biriləri də var id. Başladım o xanımlarla özümü ər-arvad kimi təsəvvür etməyə. Yataq məsələsində problem olmadı.

Xəyalımda hər biri ilə sekslə məşğul ola bildim. Amma fikirləşəndə ki, günün qalan hissəsini evimdə məndən başqa kimsə olacaq evlilik cəlbedici görünmədi. Həm də vicdanla danışsaq ev işlərini kiməsə elətdirməkdən ötrü ailə qurmaq dürüst olmazdı. Qulluqçu tutmağım daha münasib idi. Hər gün yeməyimi bişirən və həftədə bir dəfə evimi yığışdıran birinin axtarışına çıxdım. Əvvəlcə mövcud elanlar arasında axtardım, lakin uğursuz oldu. Namizədlər artıq telefon danışığında özlərini qeyri-adekvat aparırdılar, üzbəüz görüşmək istəyi yaratmırdılar. Sonra işə düzəltmə agentlikərinə müraciət etdim. Onların göndərdiyi iki namizədlə görüşdüm. Birincisi, ortayaşlı, balacaboy, dolu xanım idi. Saçları kirdən parıldayırdı, paltarında ləkələr görünürdü.

Nitqi, özünü aparmağı xoşuma gəlsə də yeməyim və evimin təmizliyi məşğul olacaq adamın özünün təmiz olmaması mənfi cavab verməyimə səbəb oldu. İkinci xanım isə gənc, ucaboy, model görkəmli biri idi. Onu işə götürməkdən qorxdum. Çünki gələcəkdə ona vurulacağımı bilirdim. Bunu istəmədiyimə görə qadına “yox” dedim. İşə düzəltmə agentliyindən bir şey çıxmadığını görüb onlarla əməkdaşlığı kəsdim. Həftədə 2-3 dəfə sosial şəbəkələrdəki müvafiq qruplarda iş elanları paylaşmağa başladım. Hər paylaşımdan sonra 4-5 zəng gəlirdi, amma telefon danışığından o yana getmirdi. Axtarışlar zaman gördüm ki, bu işə namizəd olanların böyük əksəriyyəti fırıldaqçıdır. Beləcə 2 ayım boşuna çıxmışdı. Düzünü desəm artıq əlimi üzmüşdüm. Ancaq mədə ağrıları məni axtarışları davam etməyə məcbur edirdi. Belə davam etsəydi axırım yaxşı olmayacaqdı.
Günlərin bir günü qrupların birində növbəti elanımı paylaşmamışdan qabaq digər istifadəçilərin yazdıqlarına baxırdım. Bir xanım ailəlikcə Rusiyaya köçməsi ilə əlaqədar dayə ilə yollarını ayırmağa məcbur olduğunu və ona iş axtardığını bildirirdi. Tərif dolu yazının sonunda həm özünün, həm də dayənin telefon nömrəsini qeyd etmişdi. İlk öncə qadının özünə zəng etdim. Gənc xanım çox nəzakətli idi. Dayəni təriflədi, onunla məcburiyyət qarşısında ayrılmalı olduğunu dəfələrlə vurğuladı. Mən dayəni nə üçün özləri ilə aparmadığını soruşanda xanım cavab verdi ki, dayə ölkə xaricinə getmək istəmir. Sağollaşdıq. Fikirlərim qarışıq idi. Kiminsə çox tərif olunmasına həmişə şübhə ilə yanaşmışam. Hətta düşündüm ki, bu bir nağıldır, dayənin qiymətini və hörmətini qaldırmaq üçün uydurulub. Bir neçə günlük bu mövzunu unutdum.

Növbəti dəfə sosial şəbəkəyə girəndə yenə həmin elan qabağıma çıxdı. Bu dəfə dayənin özünə zəng etdim, cavab verən olmadı. On dəqiqədən sonra özü zəng etdi, götürmədim, dərhal ona geri döndüm. Söhbətimiz rəsmi, soyuq alınsa da qadının nitqindən xoşum gəldi. Sərbəst idi, özünü tərfləmirdi, əmək haqqı barəsində soruşmadı. Belə baxanda heçnə soruşmadı. Mənə qulaq asdı və iş görüşməsinə razılıq verdi. Evimin yanındakı kafedə görüşdük, kofe içdik. Qadının 50-55 yaşı olardı, sarımtıl saçları çiyninə qədər idi. Gözləri yaşıl olsa da soyuq deyildi, baxışlarında qığılcım hiss olunurdu. Əminəm ki, onunla həmyaşıd kişilər arasında diqqətdən kənar qalmazdı. Əvvəlcə ordan-burdan danışdıq. Sonra onun keçmiş iş yerlərindən, baxdığı uşaqlar haqqında gülməli əhvalatlardan söhbətləşdik. Uşaqlardan danışanda gözlərindəki nur daha da artırdı, hər birinin xüsusi qabiliyyətini, müsbət keyfiyyətini vurğulayırdı. Özünün bir oğlu var idi, o da Avropada təhsilini yenicə bitirmişdi, hal-hazırda yaşadığı şəhərdə işə başlamışdı. Hər il yay aylarının birində oğlunun yanına getməyindən, oradakı həyatdan danışdı.
– Bəs sizin neçə övladınız var? – o soruşdu.
– Mənim övladım yoxdur.
Qadının üzü ciddiləşdi.
– Bəs onda niyə mənə zəng etmisiniz?
– Evimə baxacaq birini axtarıram.
– Mən ancaq ailələrlə işləyirəm.
Şahnaz xanım, icazə verin izah edim. İşiniz çox olmayacaq. Həftənin beş günü hər axşam yemək bişirməli olacaqsınız, şənbə günü səhər isə evi yığışdıracaqsınız, vəssalam.
– Qalan saatları boşam?
– Bəli.
– Şənbə günü axşam və bazar günü də?
– O vaxtlar evdə olmuram, olsam da oradan-buradan sifariş edirəm.
Şahnaz bir az fikirləşdi, sonra razılaşdı. Əmək haqqı barədə yenə soruşmasa da mən ona ödəyə biləcəyim məbləği söylədim, o da başını tərpətməklə razılıq verdi. Telefon nömrəsini, ev ünvanını verdim. Həftənin cümə günü idi, bazar ertəsindən işə çıxacağına razılaşdıq.
Bazar ertəsi işdən qayıdanda onu qapının qabağında gördüm.
– Çoxdan gözləyirsiniz? – mən soruşdum.
– On beş dəqiqə olar.
Qapını açdım, içəri keçdik. İlk öncə mətbəxi, sonra evin digər otaqlarını göstərdim. O iş başına keçəndə mən də televizoru yandırıb futbola baxmağa başladım. Oyun yenicə başlamışdı. Artıq 65-ci dəqiqədə Şahnaz məni süfrəyə çağırdı.
– Hələ mətbəxə öyrəşməmişəm, ona görə gec oldu.
– Gec deyil, – cavab verdim.
Yemək dadlı idi. Kartof qızartması ilə toyuq bişirmişdi. Anam rəhmətə gedəndən bu qədər dadlı xörək yeməmişdim. Başım yeməyə elə qarışdı ki, Şahnazın getməyə hazırlaşdığına fikir vermədim. Artıq gödəkcəsini geyinib qapının ağzında dayanmışdı:
– Yaxşı, sağ olun, – o dedi.
– Sağ olun.
O getdi. Yeyəndən sonra kefim açıldı. Dadlı xörək həmişə insanın əhvalına yaxşı təsir edir. Divanda uzanıb televizorda kino axtarırdım. Birdən ağlıma gəldi ki, Şahnazla yaxşı rəftar etmədim, ona yemək təklif etmədim, gedəndə yola salmadım. Sağollaşanda başımı belə qaldırmadım. Sabah daha nəzakətli olacağımı düşündüm. Yemək sarıdan isə bəxtim gətirmişdi, çox dadlı bişirirdi. Mədəm məni narahat etmədiyindən gecəni rahat yatdım.
Səhər gümrah oyanmışdım. Yeməyimi yeyə - yeyə fikirləşirdim ki, görəsən Şahnaz səhərlər də gəlsəydi nə hazırlayardı? Əlbəttə onun səhərlər gəlməyini istəmirdim, çünki oyanandan sonrakı 2-3 saat ərzində kimisə görmək və eşitmək mənə zülm idi. Hətta həmin adam dadlı səhər yeməyi bişirsəydi belə. Nahar fasiləsində işçi yeməkxanasındakı xörəklər həmişəkindən dadsız idi. Axşamı gözləyirdim, bu günkü yeməyin nə olacağını bilmək üçün səbirsizlənirdim. Evə həmişəkindən tez qayıtdım. Ac idim. Çox keçmədi ki Şahnaz da gəldi. Əlindəki paketdən yemək iyi gəlirdi. O mətbəxə keçib işə başladı. Nəhayət süfrəyə küftə-bozbaş gəldi. Bir-iki qaşıq yeyəndən sonra dedim:
– Əliniz-qolunuz var olsun, çox dadlıdır.
– Nuş olsun.
Birdən o, əlini alnına qoydu və tez mətbəxə qaçdı. Paket xışıltısı, açılan dolab qapısı, boşqab səsi gəldi. Qutabları gətirib qabağıma qoydu:
– İstəyirsinizsə yenidən isidim, – o dedi.
– Soyuq deyil, narahat olmayın.
Uşaqlıqdan qutab xoşlayan olmuşam. Anamın qutablarını xüsusilə sevirdim. Ən kasıb vaxtlarımızda belə heç olmasa 3-4 ət qutabı bişirirdi. Birini yarımçıq yeyirdi, “ doydum “ deyib qalanlarını mənə saxlayırdı. Sonralar anladım ki, onun gün ərzində yediyi elə o yarım qutab olurdu. O vaxt isə təəccüblənirdim, sual verirdim:
– Ana, necə olur ki, mən bu qədər qutab yeyirəm, sənsə yarım qutabdan doyursan? Axı sən məndən böyüksən.
– Çünki böyüyürsən, sənə daha çox qida, vitamin lazımdır. Mənsə qocalmışam.
Anam özünə qoca deyəndə xoşuma gəlmirdi. Doğrudur, yaşı az deyildi, amma nə görünüşündən, nə də həyata baxışından ona qoca demək olmazdı. Dəfələrlə olmuşdu ki, küçədə gəzəndə kişilərin ona baxdığının şahidi olmuşdum. Əvvəlcə səbəbini anlamırdım. Başa düşəndə isə nifrət dolu baxışlarımı onlara zilləyirdim. Anamı çox qısqanırdım. Uşaqlıqdan hər şeyi özüm edirdim ki, onun kişilərlə ünsiyyətə girmək məcburiyyəti yaranmasın. Mağazaya, bazara özüm gedirdim, usta lazım olanda gedib tapırdım. Fiziki cəhətdən cılız olsam da başım yaxşı işləyirdi. Bu da anamın sayəsində idi. O bildiyi hər şeyi mənə öyrətməyə çalışırdı.
– Mən getdim, sağ olun, – Şahnzaın səsi məni fikirlərimdən oyatdı.
– Yaxşı yol, – mən dedim və onu qapıya qədər ötürdüm.
Bozbaşı yeyib qurtardım. Qutabları götürüb divanda oturdum, televizoru yandırdım. Yadıma düşdü ki, mən divanda yeyəndə anam acıqlanırdı. Yenidən masa arxasında əyləşdim.

***
İşə getməkdən bezmişdim. Həyatım məni sıxırdı. Eyni insanlar, eyni söhbətlər, elə bil bir günü diskə yazıb hər gün təkrar-təkrar göstərirdilər. Əvvəllər işdən çıxmaq istəyəndə anamı fikirləşirdim. Axı onun məndən başqa heç kəsi yox idi. Mən də pul qazanmasaydım onu kim saxlayacaqdı? Qoca yaşında işləməyə gedəcəkdi? İndi isə o bu dünyadan köçmüşdü və mən rahatlıqla işdən çıxa bilərdim. Heç həvəsim yox idi işləməyə. Elə yaşamağa da.
Yeganə ünsiyyətdə olduğum insan Şahnaz idi. Hər gün gəlib – gedirdi, dadlı yeməklər bişirirdi. Onun həmişə yaxşı əhvali-ruhiyyədə olması mənim xoşuma gəlirdi. Yavaş-yavaş münasibətimiz daha səmimi olurdu, müxtəlif mövzularda söhbət edirdik. Amma o yenə də həmişəki kimi tez gedirdi. Yeməyi bişirirdi, qabağıma qoyurdu, vəssalam. Bu qısa müddət ərzində danışırdıq. Mənsə təklikdən yorulmuşdum. Əgər səhər və günorta özüm tək qalmaq istəyirdimsə, axşamlar ünsiyyətə ehtiyacım var idi. Tənhalığım o dərəcəyə çatmışdı ki, televizorla danışmağa, mübahisə etməyə başlamışdım. Növbəti dəfə Şahnaz yeməyi masaya qoyanda soruşdum:
– Siz niyə yemirsiniz? Gəlin birlikdə yeyək.
– Sağ olun, amma getməliyəm.
– Başqa iş yeriniz də var?
– Hələ yox, axtarıram. Oğlum zəng eləməlidir, onunla görüntülü danışacağam. Gərək özümü evə çatdırım.
– Onda tələsin. Amma sabah mənimlə yeyərsiniz, yaxşı?
– Yaxşı, – o gülümsədi.
Səhər yenə bikef idim, çünki işə getməliydim. Yadıma düşəndə ki, axşam tək olmayacağam əhvalım az da olsa düzəldi. Anam öləndən bəri ilk dəfə idi ki şam yeməyində tək olmayacaqdım. İşimi bitirməsəm də saat 6-da çıxdım, Şahnazı qapıda gözlətdirmək istəmirdim. Evə çatandan beş dəqiqə sonra o gəldi. Yenə əlində paket var idi.
– Növbəti sürprizdir? – mən soruşdum.
O cavab vermədi, gülümsəyib mətbəxə keçdi. Həmişəki kimi 40-50 dəqiqədən sonra yemək masada idi.
– Yadınızdan çıxmayıb ki? Bu gün mənimlə yeyəcəksiniz.
– Xeyr, yadımdan çıxmayıb.
O mənimlə üzbəüz əyləşdi. Onu danışdırmaq, söhbət etmək istəyirdim. Şahnaz son zamanlar mənə maraqlı olan tək insan idi. Ona görə onu daha yaxından tanımağa cəhd edirdim.
– Harada qalırsınız?
– 20 Yanvar tərəfdə, – o cavab verdi.
– Çoxdandır o tərəflərdə olmuram. Yəqin, çox dəyişilib.
– Bilmirəm. İki ildir orada yaşayıram. Əvvəllər 8-ci mikrorayonda qalırdım, xoşum gəlirdi o evdən.
– Bəs niyə köçdünüz?
– Ev yiyəsi dəyişildi, o da kirayə vermək istəmədi.
– Belə başa düşürəm ki, indi də kirayə qalırsınız. Həm ev pulu, həm dolanışıq xərcləri, çətindir.
– Çətindir. Yaxşı ki, oğlum pul göndərir.
Anamın uşaqlığı haqqında danışdıqları yadıma düşdü. Ailədə 4 uşaq idilər, kirayə qalırdılar. Babama ev verilənə qədər 6 nəfər bir otaqda yaşayırdılar. Buna baxmayaraq anam o illəri xatırlayanda üzündə təbəssüm yaranırdı. Bəlkə də evin sonbeşiyi olduğuna görə hər kəsin çəkdiyi məişət çətinlikləri ondan yan keçdiyi üçün o vaxtlar onda xoş iz buraxmışdı. Anam deyirdi ki, nənəm həmişə deyinərdi. Çünki babam ona yeni ev əşyaları almağa qoymurdu, həmişə “ öz evimiz olanda alarsan “ deyirdi. Nəhayət illər sonra ev veriləndə nənəmdən xoşbəxt insan yox imiş. Anamı da götürüb bütün günü mağazaları gəzirmiş, istədiklərini alırmış.
Fikrə getdiyim üçün yeməyi sakitlikdə bitirdik. Şahnaz çayın yanında evdə bişmiş şirniyyatlar gətirdi. Görünüşdən şəkərburaya oxşasa da dadı fərqli idi.
– Çox dadlıdır. Bu şirniyyatın adı nədir?
– Adı yoxdur. Özüm fikirləşmişəm bu şirniyyatı, amma ad qoymamışam.
– Sizin yerinizə olsaydım bir ad qoyub hamıya tanıdardım.
– Fikirləşərəm, – o gülümsədi.
– Şahnaz xanım, sizdən xahiş edirəm, həm şirniyyata görə, həm də keçəndəfəki qutablara görə sizə nə qədər borclu olduğumu deyəsiniz. Çünki onları öz ərzaqlarınızla hazırlamısınız.
Üzündəki ifadə dəyişdi. Başa düşdüm ki, xətrinə dəydim. Son sözlərimin təsirini unutdurmaq üçün dedim:
– Hələ sizə əmək haqqı verməmişəm, xərcə düşməyinizi istəmirəm.
– Narahat olmayın, böyük xərci olmayıb. Mən bişirməyi sevirəm. Xüsusilə də kimsə bişirdiyimi iştahla yeyərsə. Siz mənim oğlum kimi yeyirsiniz. Sizə bişirəndə elə bilirəm ona bişirirəm.
“Siz də mənə bişirəndə elə bilirəm anam bişirib”. Ürəyimdən keçsə də bu sözləri demədim. Qorxdum düşünər ki, nəzakət xatirinə deyirəm.
Çay içəndən sonra Şahnaz getdi. Onu qapıya qədər ötürdüm. Razılaşdıq ki, əgər bir işi olmasa hər gün mənimlə şam edəcək. Tənhalıqdan boğulduğum bir vaxtda bu mənimçün hava qədər vacib idi.

***
Təklikdən əziyyət çəksəm də yeni tanışlıqlar yaratmağa, yaxud da iş yoldaşlarımla ünsiyyət qurmağa çalışmırdım. Kiminsə yanında özünü tənha hiss etmək daha əzab verici olardı. Bəyəm mütləq kiminləsə danışmalıyıq? İstəmədiyim insanlarla ünsiyyətdə olmaqdansa mənə lazım olanlarla birlikdə susmağı seçərdim. Əvvəllər iş yoldaşlarım harasa gedəndə məni də dəvət edərdilər. Sonradan bunun mənasız olduğunu başa düşdülər. İş saatlarında məcburiyyət qarşısında onlarla danışmalı olsam da, kənar vaxtda onlara qaynayıb-qarışmırdım. Şahnazla şam etməyə başlayandan işimi tez və dəqiq görürdüm ki, axşam vaxtında çıxıb özümü evə çatdıra bilim.

Dostlaşmışdıq, hər mövzuda danışırdıq. İstər öz həyatımızdan, istərsə də dünyada baş verənlərdən. İki mövzu var idi ki onlara həmişə toxunurduq: anam və oğlu. Oğlu Rasim oxuyan uşaq olmuşdu, məktəbi əla qiymətlərlə bitirmişdi. İstədiyi ali məktəbə ödənişsiz əsaslarla təhsil almağa qəbul olmuşdu. 1-ci yarımilin sonunda müəllimlərdən biri qiymət yazmaq üçün açıq-aşkar pul istəmişdi. Fənni bilən də, bilməyən də pulu verməli idi. Digər tələbələr bu şərti qəbul etsələr də Rasim birbaşa rəhbərliyə şikayət etmişdi. Universitet rektoruna hörməti sonsuz olduğuna görə onun bu məsələ ilə bağlı dərhal tədbir görəcəyinə şübhə etmirdi. Lakin cavab 17 yaşlı ilk kurs tələbəsi üçün gözlənilməz oldu. Rektor bildirdi ki, həmin müəllim hörmətli, ziyalı bir ailədəndir, ola bilməz ki, o kimdənsə rüşvət tələb etsin və şikayətə gəlməmişdən qabaq yaxşı-yaxşı fikirləşmək lazım idi. Rasim bu cavabdakı sətiraltı mənanı başa düşmüşdü.
“Hörmətli” ailədən olduğuna görə rektor ona bata bilmirdi və onun barəsində şikayət eşitmək istəmirdi. Bu sözlər Rasimi oyatdı. Sanki həmin günə qədər çəhrayı eynəkdə gəzirmiş. Əlbəttə başqa universitetlərdə də, məktəblərdə də, özəl və dövlət qurumlarında da “hörmətli” insanlar və ya onların ailə üzvləri var idi. Onların müdirləri, direktorları, rektorları isə söz deməkdən qorxurdular. Bu fikirlər Rasimi qorxutdu. Gələcəyinin, cavanlğının burada çürüyə biləcəyindən qorxdu. Universiteti atdı və Avropada təhsil almağa qərar verdi. Hərbi xidmətə yararsız olduğundan ölkədən çıxmağa heç bir maneə yox idi. Şahnazı da özü ilə aparmaq istəsə də qadın vətənindən getmək istəməmişdi.
Şahnaz bunları danışanda dayım yadıma düşdü. Anam deyirdi ki, o vaxtlar dayım universiteti bitirəndən sonra 2 nəfərlə birlikdə zavoda təyinat alıb. Əvvəldən şərt qoyulub ki, iki aylıq sınaq müddətinin sonunda 3 nəfərdən biri işə götürüləcək. Oğlanlardan biri açıq-aşkaq saymazlıq göstərsə də, işə geciksə də, vəzifə borcunu yerinə yetirməsə də, iradları vecinə almasa da, nəticədə işə onu götürüblər. Məlum olub ki, o da “hörmətli” ailənin üzvü imiş. Dayım o qədər məyus olub ki, yenidən kəndə qayıdıb və bir daha şəhərə ayaq basmayıb.
Bir gün yemək vaxtı Şahnaz məndən soruşdu:
– Həyatında qadın varmı?
– Yox, heç kimdən xoşum gəlmir.
– Çünki sən onları ananla müqayisə edirsən və təbiidir ki, heç biri anana çata bilmir.
– Mənə heç kim lazım deyil.
– Elə demə. İnsan gərək tək yaşamasın.
– Sən ki yaşayırsan.
– Mənim gəncliyim artıq çoxdan keçib. Sənin yaşında tək qala bilməzdim. Tanış ol, münasibət qur. Fikirləşmə ki, bu evə kimisə gətirsən anana xəyanət etmiş olacaqsan.
Daha bu söhbəti davam etmək istəmirdim. Bir də bu mövzuda danışmasaq da, hiss edirdim ki, təkliyim onu narahat edir. Həyatımı öz axarına buraxmağımın əleyhinə idi. Valideyn qayğısı ilə mənə ailənin nə qədər gözəl nemət olduğunu tez-tez anladırdı, məni tənhalıqdan daşındırmaq istəyirdi. Amma səyləri heç bir nəticə vermirdi.

***
Anamın il dönümü idi. Şahnaza demişdim ki, həmin gün işə gəlməsin. Onsuzda anamın xalası qızları gəlib aş bişirəcəkdilər. Şahnaz da günorta gəlib başsağlığı verib getdi. Bikef idim. Bütün günü başımı aşağı salıb masanın başında oturmuşdum, gəlib-gedənlərlə danışmırdım. Qəribə hisslər keçirdirdim. Elə bil gözüaçıq yatmışdım. Hər şeyi görürdüm, amma baş verənlərin reallıq olduğunu qəbul etmək istəmirdim. Gün ərzində bircə dəfə dilləndim. Anamın böyük xalasının qızı onun otağından çıxan görəndə dedim:
– Sən orda neyləyirdin?
– Heç nə, bacı üçün darıxdım, bir az otağında oturdum, iyini çəkdim.
Pafoslu sözlərdə bu qadına çatan olmazdı.
Bir il keçməsinə baxmayaraq elə bil anam dünən ölmüşdü. Ürəyimdəki yara nəinki sağalmamışdı, əksinə, daha dərin olmuşdu. Elə bəlalar var ki, onların qarşısında zaman da acizdir.
Növbəti gün Şahnaz gələndə mən hələ də özümdə deyildim. Səhər oyanandan axşama kimi heç kimlə bircə kəlmə belə kəsməmişdim. İndi də Şahnazla danışmırdım. O ara-sıra məni dindirməyə çalışırdı, amma bir nəticə olmurdu. Bir xeyli susduq, yeməyi bitirməyə az qalanda o bir də cəhd etdi:
Uşaq evində də tez-tez kimsə özünə qapanırdı, danışmaq istəmirdi, o biri uşaqlardan uzaqlaşırdı. Bizim vəzifəmiz onu oyatmaq, kollektivə qaytarmaq idi.
– Siz uşaq evində işləmisiniz?
– Hə, beş il.
– Niyə çıxdınız?
Ürəyim ağrımağa başladı, müalicəyə ehtiyac yarandı. Uşaqlara qarşı biganə qalmaq mümkün deyildi. Onlara kömək edəcək nəsə etməyə isə gücüm çatmırdı.
Yazıq uşaqlar...
Şahnaz oradakı uşaqlardan, onların “valideynlərindən”, vicdanlı və vicdansız işçilərdən danışdı. Hadisələrin keçmişdə olmasına baxmayaraq söhbət zamanı o qədər həyəcanlanmışdı ki, əlləri əsirdi. Anam da uşaq evi haqqında danışanda duyğulanırdı. O vaxtlar atamla yeni evlənmişdilər, övladları olmurdu. Həkimlər də səbəbini tapa bilmirdilər. Anam deyirdi ki, atamı güclə övladlığa uşaq götürməyə razı salıbmış. Uşaq evinə girəndə anamın dili tutulub. Cılız, çirkli, cırıq paltarlı uşaqlar ora-bura qaçırşırmışlar. Şəraitsizlik, soyuq olsa da heç birinin üzündən təbəssüm əksik deyildi. Valideyn qayğısı olmadan yaşasalar da gülməyə bir səbəb tapırdılar. Gördükləri atama o qədər təsir edib ki, o içəridə dayana bilməyib. Anam uşaqlarla tanış olub, oynayıb, vaxt keçirdib. Sağollaşanda da bir-bir hamısını bağrına basıb. Bütün bunları mənə danışanda anam ağlayırdı. Yadımdadır, soruşmuşdum ki, bəs niyə heç kimi götürməyiblər? Dedi ki, ancaq bir uşağı seçə bilməzdi. Hamı ilə oynayıb sonra yalnız bir nəfəri götürüb aparmağa cəsarəti çatmamışdı. Yarım ildən sonra anam hamilə qaldı. Ondan 9 ay sonra isə qardaşım doğuldu. O qardaşım ki, indi küçədə rastlaşsaq bir-birimizi tanımarıq. Bəlkə rastlaşmışıq da.
– Görürəm bu gün danışmaq həvəsində deyilsən. Bezdirməyim səni, sabah görüşərik, – Şahnaz dedi.
– Bezdirmirsən...
– Narahat olma, hamımızın belə günləri olur. Mənimlə söhbət etmək məcburiyyətində deyilsən.
Onun çıxıb getməyi və eyni zamanda inciməməyi ürəyimdən idi. Tək qalmaq istəyirdim, amma Şahnaza get deyə bilməzdim. Anam kimi çox həssas idi. Yazıq anam, sağlığında onun həssaslığını zəiflik kimi qiymətləndirirdilər. Əslində isə o hamıdan güclü idi, çünki ağlı ilə yox, ürəyi ilə yaşamağa cəsarəti çatırdı.

***
Səhər oyananda həmişəki kimi içim həyata nifrətlə dolu idi. Yenə işə getməli idim, yenə oradakı xoşagəlməz simalarla üzbəüz gələcəkdim. Anamı itirəndən sonra ora gedib-gəlmək daha da çətinləşmişdi. Əslində problem insanlarda yox, məndə idi. Sadəcə bunu özümə etiraf etməkdən qorxurdum. Hər şey mənə çirkin, lazımsız görünürdü. Açıq-aşkar ünsiyyətdən qaçırdım, məni danışdıranlara cavab vermirdim. Bircə axşamlar Şahnazla danışanda sakitləşirdim. Amma o gedən kimi yenidən qaranlıq dünyama qapanırdım.
İşdə kompüterin qarşısında əyləşmişdim, guya işləyirdim. Şahnazdan zəng gəldi, cavab verdim. Hal-əhval tutandan sonra dedi:
– Bu gün gəlməsəm olar? Rəfiqəm 3 günlük Bakıya gəlib, onunla görüşmək istəyirdim. Lazım olsa əvəzinə altıncı gün axşam da gələrəm.
– İşində ol, narahat olma.
– Bəlkə, gəlim tez bişirim gedim?
– Yox, sabah gələrsən.
– Çox sağ ol.
Bütün günü axşamı gözləyirdim, axşamsa o gəlməyəcəkdi. Nə edəcəyimi bilmirdim. Evin yanındakı kafedə yeyəcəkdim, bəs sonra? Sonra boş ev, dost yox, sirdaş yox. Nəsə fikirləşməli idim.
İşdən çıxıb məhəlləmizdəki kafedə düyü ilə ət langeti yedim. Evə qalxdım. Çimdim, sonra gəlib düz evin ortasında, yerdə uzandım. İşıqları yandırmamışdım, hava da qaraldığı üçün zülmət qaranlıqda idim. Fikirləşirdim ki, görəsən anam indi haradadır, neyləyir? Məni görürmü? Ayağa durub işıqları yandırdım, anamın otağına girdim. Yerində uzandım, yastığını qucaqladım. Çarpayının yanında üstündə zinət əşyaları olan dolab var idi. Qolbaqlar, üzüklər, boyunbağılar, sırğalar hərəsi öz qabında idi. Həmişəki kimi bir-bir hamısını açıb baxdım. Üzüklərdən biri qabında yox idi. O üzük hər zaman anamın barmağında olardı. Yatanda belə onu çıxartmazdı. Bəs üzük harada idi? Dolabın, çarpayının altına baxdım, amma tapa bilmədim. Necə yox ola bilərdi? Evə Şahnazdan başqa heç kim gəlib getmirdi. Deməli o götürüb. İnanmağım gəlmirdi. Etibarımı qazanıb sonra isə oğurluq edib. Görəsən niyə hər şeyi götürməyib? Yəqin məni yoxlayırmış. Ola bilsin o heç oğru deyil, sadəcə üzüyü bəyənib və icazəsiz götürüb. Səbəb nə olursa olsun sabah bu barədə onunla danışmalı idim.

***
Növbəti gün Şahnazın kefi yaxşı idi. Qapıdan girəndən deyib gülürdü, mənə fikir vermirdi. Yenə paketdə nəsə gətirmişdi. Danışa-danışa mətbəxə keçdi. Mən həmişəkindən fərqli olaraq yemək hazır olmamış masa arxasında əyləşmişdim. Doğranmış pomidor-xiyarı gətirəndə məni oturan görəndə təəccüblənsə də bir söz demədi. O, mətbəxə gedib yenidən otağa qayıdanda soruşdum:
– Anamın üzüyünü niyə götürmüsən?
– Nə?
– Hər şeyi yaxşı eşitdin.
– Mən heç nə götürməmişəm.
– Bəsdir! – mən qışqırdım.
– Axı mən o otağa girməmişəm, – Şahnazın səsi titrədi.
– Bilmək olmaz. Mənim yanımda girməmisən də.
O, gözlərindən axan yaşları əli ilə sildi. Hönkürməmək üçün özünü saxladı.
– Başa düşürəm, depressiyadasan, sənə ağır itki üz verib. Amma inan mənə, hər şey düzələcək, yaşamaq üçün yeni səbəblər tapacaqsan, – dedi.
– Sən nə danışırsan? Məni qoyun yerinə qomusan? Üzüyü qaytar! – ayağa durub qışqıranda o diksindi.
Şahnaz cavab vermədi. Sakitcə çıxışa doğru getdi, ayaqqabılarını geyindi, gödəkcəsini götürdü və evdən çıxdı. Həyasızlığa bax! Oğurluq edib mənə ağıl öyrətməyə çalışırdı. Guya problem məndə idi. Özün də elə apardı ki, guya küsdü, xətrinə dəydim. İnsanlara yaxşılıq yox imiş. Qalmışdı ortalıqda, işsiz. Gör mənə əvəzini necə qaytardı.
Günlər keçməsinə baxmayaraq olanları unuda bilmirdim. Ürəyimdə onu söyürdüm, hətta polisə vermək istəyirdim. Sonra öz başımın ağrımamağı üçün fikrimdən imtina etdim. Yeganə qulaq yoldaşımın xəyanət etməsi məni daha da bədbinləşdirmişdi. Üstəlik demək olar yemək yemirdim, zəifləmişdim. İşdən çıxıb küçələrdə veyllənirdim. Yorulub əldən düşəndə evə qayıdırdım, paltarımı dəyişməmiş yıxılıb divanda yatırdım. Səhərsə həmin paltarda yenidən işə gedirdim. Güzgüdə özümü tanımırdım, qısa zamanda bir neçə il qocalmışdım.
Günlərin birində işdən sonra küçələrdə gəzirdim. Anamın böyük xalası qızını gördüm. Üzümü çevirsəm də gecikmişdim, məni tanımışdı. Yaxınlaşdı.
– Sənə nə olub? Xəstələnmisən? – o soruşdu.
– Yaxşıyam, yolundan qalma, başqa vaxt danışarıq, – dedim.
– Yox, səni belə vəziyyətdə qoya bilmərəm. Heç olmasa gedək bizə yemək ye, arıqlamısan.
O qədər ac idim ki, bir qab isti yeməyə görə bu qoca kaftarın çərənləməyinə qulaq asmağa razı oldum. Evlərinə getdik. O, yemək boyu susmadı, ağız dolusu anamı təriflədi, gənclik illərində gəzməklərindən macəralarından danışdı. Bəlkə də olanlar o vaxt maraqlı idi, amma indi danışanda heç diqqətimi çəkmədi. Eşitdiklərim bir qulağımdan girib o birindən çıxırdı.
Yeməkdən sonra çay gəldi. O, fincanı qabağıma qoyanda gözlərimə inanmadım. Barmağına anamın üzüyü var idi. Tez onun qolundan tutdum.
– Dəli olmusan? Ağrıdır axı! – o qışqırdı.
– Bu üzük niyə səndədir?
– Götürmüşəm. Sənə nə var?
– Necə yəni? Anamındır! Kimdən icazə aldın götürəndə?
– Anan sağ olanda mən o evdə nəyisə götürəndə icazə almırdım.
– Anam ölüb! Eşidirsən! Ölüb ! – sanki mən bu sözləri beynimə həkk etmək üçün bu qədər ucadan qışqırırdım, – Çıxart, tez!
O, üzüyü çıxardıb masaya qoydu və deyinə-deyinə o biri otağa keçdi. Üzüyü götürüb çıxdım. Küçədə Şahnaza zəng etdim. Cavab vermədi. Bilmədən, araşdırmadan onu necə ittiham edə bilərdim? Utanırdım. Ona dediyim sözlərə, onun haqqında fikirləşdiklərimə görə xəcalət çəkirdim. Evə çatanda özümə yer tapa bilmirdim. O baş, bu başa gəzirdim. Bir daha zəng etdim. Yenə cavab vermədi. Ev ünvanını dəqiq bilmirdim yoxsa düşünmədən gedərdim. Fikirləşdim bəlkə əvvəl işlədiyi qadın bilər, amma ona da zəng çatmadı. Axmaqlıq etmişdim. Axı üzük onun nəyinə lazım ola bilərdi? O mənim dostum, sirdaşım idi. Anamdan sonra məni başa düşən yeganə insan idi. Mənsə ona şər atdım, üstəlik, qışqırdım da. Kaş vicdan əzabından ölərdim, cəzamı alardım.
Gözümü açıb saata baxanda gördüm ki, axşam saat 11-dir. Vurnuxmaqdan yorulub uzanmışdım, yuxu məni aparmışdı. Mətbəxə keçib çay qoydum. Zəng gəldi. Şahnaz idi.
– Salam, zəng eləmişdin. Bağışla, eşitməmişəm, – o həmişəki gümrah səsi ilə dedi.
– Eybi yoxdur. Şahnaz, üzük tapıldı.
– Lap yaxşı, sevindim.
– Bağışla məni, səndən şübhələnməməli idim.
–Olan olub, fikir eləmə.
– Sabah gələrsən, sənə üzbəüz deyəcəklərim var.
– Mən daha gəlməyəcəyəm. Başqa iş tapmışam özümə, axşam gec çıxıram. Uşaqların valideynləri gec gəlirlər evə, işdə olurlar.
– Heç olmasa boş vaxtın olanda görüşək.
– Olanda xəbər edərəm.
– Bəs pulun?
– Kartımın şəklini çəkib yollayaram ora göndərərsən.
– Yaxşı.
– Özünə yaxşı bax, səni tanımağıma şad oldum, – o dedi.
– Mən də.
Söhbətimiz bitdi. Bu sonuncu dəfə idi ki onun səsini eşidirdim. Gizlətməyə çalışsa da, qəlbinin qırıldığı hiss olunurdu. Bir neçə gün avara-avara gəzdim. Üzrsüz səbəbdən işə gəlmədiyim üçün müqaviləmə xitam vermişdilər. Mədəmin ağrıları da güclənməyə başlamışdı. Yenidən resept kitabı axtarışına çıxdım. Nisbətən uyğun olanını aldım. Özüm bişirməyə çalışdım. İndi mətbəxim bomba hücumuna məruz qalmış şəhərə oxşayırdı. Hər yer darmadağın vəziyyətdə idi. Elə mənim özüm kimi.


# 1529 dəfə oxunub

Oxşar xəbərlər

Gertruda Komorovskaya - Həmid Piriyevin yeni hekayəsi

Gertruda Komorovskaya - Həmid Piriyevin yeni hekayəsi

15:00 22 noyabr 2024
Yay tətilini necə keçirdim - Əli Zərbəlinin hekayəsi

Yay tətilini necə keçirdim - Əli Zərbəlinin hekayəsi

11:24 22 noyabr 2024
İdmançının sevgilisi - Günün hekayəsi

İdmançının sevgilisi - Günün hekayəsi

13:16 21 noyabr 2024
Azyaşlı baldızı ilə evlənən qoca – Çəmənzəminlinin hekayəsi

Azyaşlı baldızı ilə evlənən qoca – Çəmənzəminlinin hekayəsi

16:40 18 noyabr 2024
“Ka”nı xoşbəxt edən yazıçı - Sonası Vəliyevanın hekayəsi

“Ka”nı xoşbəxt edən yazıçı - Sonası Vəliyevanın hekayəsi

15:00 17 noyabr 2024
Tənhalıq həsrəti - Rüstəm Dastanoğlunun hekayəsi

Tənhalıq həsrəti - Rüstəm Dastanoğlunun hekayəsi

13:05 16 noyabr 2024
# # #