Kulis.az Şahnaz Kamalın “Alaca və Qaraca” nağılını təqdim edir.
Balaca, ağlı-qaralı küçük səkidə təkcə durub o tərəf-bu tərəfə baxır, arada yavaş səslə hürürdü. Buna hürmək də demək olmazdı. Bu, qorxaq, narahat, nigaranlıq dolu bir zingilti idi. Bir yerdə durmaqdan bezib bir azca aralanır, sonra həmin yerə qayıdırdı.
Bir az keçdikdən sonra özündən bir azca yekə, qapqara bir küçük ona yaxınlaşdı. Qara küçük qorxudan titrəyən ala küçüyün o yan-bu yanına keçib baxır, arada hürürdü. Balaca küçük özünü müdafiə edəcəkmiş kimi dal ayaqlarının üstünə qalxır, amma belə çox dayana bilməyib əvvəlki vəziyyətinə qayıdırdı. Qorxudan səsini də udmuşdu, zingildəyə də bilmirdi. Qara küçük onun qarşısına keçdi:
– Sən kimsən?
– Alaca.
– Hmm, Alaca. Səni buralarda heç görməmişdim. Haradan gəlmisən?
– Bilmirəm.
– Hmm, haradan gəldiyini bilməmək çox pisdir. Deməli, itmisən?
–Yəqin ki,– Alaca ətrafa baxdı. Daha bu qara küçükdən o qədər də qorxmurdu. Çünki küçük onunla mehriban danışırdı.– bəs sən kimsən, adın nədir?
– Mənim adım yoxdur.
– Ola bilməz! Adsız da it olar?!
– Küçə itlərinin ancaq böyüyəndə adı olur. Mən hələ adım olması üçün heç nə etməmişəm.
– Bəlkə sənin adın Qaraca olsun? Bax, mən alayam, Alacayam. Mənim bacım isə ağappaqdır. Onun adı Ağcadır. Sən də qarasan, Qaraca ol.
– Qaraca. Olar. Xoşuma gəldi. Daha mən Qaracayam.
Alaca sevindi, atılıb-düşməyə başladı. Qaraca da ona qoşuldu.
Birdən Alaca dayandı, ağlamağa başladı.
– Nə oldu? Keçmə də balacaların belə xasiyyətindən. Gülməkləri ilə ağlamaqları arasında məsafə olmur. Alaca nəmli gözləri ilə ona baxdı:
–Anamı istəyirəm.
– Yaxşı, de görüm, yaşadığın yer necə idi, nə var idi?
– Orada evlər, ağaclar, maşınlar və uşaqlar var idi.
– Yox, belə olmaz. Sadaladıqların hər yerdə var.
Alaca başını aşağı saldı. Qaraca quyruğunu yelləyə-yelləyə düşünməyə başladı.
– Bəs necə oldu ki, itdin?
– Anam, bacım və mən həyətdə oynayırdıq. Birdən çox gözəl bir kəpənək gördüm. İstədim tutam. Mən yaxınlaşanda, o uçub başqa bir gülə qondu. O gülə yaxınlaşanda, digərinə uçdu. Bir də gördüm buradayam, kəpənək də yoxdur. Anam bizə demişdi, itsəniz, olduğunuz yerdəcə durun. Sizin itdiyinizi görüb, mən sizi axtarmağa başlayacağam. Belə tapmaq asan olar.
Bir də demişdi, itsəniz, küçədəki polisə yaxınlaşın.
– Polis? – Qaracanın gözləri böyüdü.
– Hə, polis. Anam dedi, bir dəfə bizim sahibəmiz uşaqlarına bu haqda danışanda eşidib. Sahibəmiz uşaqlarına deyirmiş ki, itsəniz, polisin yanına gedin, ad-soyadınızı, ünvanınızı, oxuduğunuz məktəbi deyin, o sizə kömək edəcək.
– Nə bilim?! Mənim bu işdən ağlım bir şey kəsmir. Polisin kömək edə biləcəyinə inanmıram. Bəlkə də insanlara kömək edə bilər, amma bizə çətin ki kömək edə. Ona adının nə olduğunu necə deyəcəksən?
Alaca dinmədi, ağlamağa başladı.
– Yaxşı, yaxşı. Bir şey olmamış gözünün suyunu tökmə. Onun bir köməyi olmayacaq. Yaxşısı budur, anan deyən kimi, buradaca gözləyək. Yəqin, o səni axtarar.
– Əlbəttə,– Alaca sevinclə cavab verdi,– o məni tapacaq.
– Mən də sənin yanında duraram ki, kimsə sənə toxunmasın.
– Sağ ol, Qaraca.
– Qaraca! Bu ad xoşuma gəlməyə başlayır.
– Sənə yaraşır.
Bu vaxt quyruğunu belinə qoyub şəstlə gəzən, hətta itlərin belə hörmət etdiyi boz pişik Məstan onlara yaxınlaşdı. Qaraca Məstanı yaxşı tanıyırdı. Məstan qonşu evdə yaşayan Bobiki qanına qəltan edəndən sonra məşhurlaşmışdı. Günah, əslində Bobikdə idi. Bobik bu küçəyə təzə gəlmişdi. Yiyəsi də bu yerlərə yad adam idi. Bobik küçəyə gələn kimi bütün yerli itlərə yuxarıdan aşağı baxmağa başladı. Pişiklərə isə heç fikir də vermirdi. Nədir-nədir, bu, xarici imiş, hansısa Toplan, Məstan deyilmiş. Hərdən yiyəsi ilə küçəyə çıxanda, Bobik sinəsini irəli verər, kürəyini şax tutub gəzərdi. Yerlilərə gözünün ucu ilə baxardı. Yerli itlərin bəzisi ona nifrət edər, bəzisi qorxar, bəzisi yaltaqlanardı. Məstan pişik də olsa, itlər onun pəncəsinə, dırnağına bələd olduqları üçün, ondan qorxar və onu sayardılar. Bobikin yekəxanalığı və bəzi itlərin ona yaltaqlanmağı Məstanı bezdirmişdi. Onlar yerli itlərə yaltaqlansalar, Məstanı elə yandırmazdı.
Yay günlərindən birində Bobik sahibi ilə küçədə gəzəndə, Məstan qəsdlə ona yaxınlaşıb dişini qıcadı. Bobik də ona hürməyə başladı. Məstan elə buna bənd imiş. Bobikin başına hoppanıb cırmaqlamağa başladı. Bobikin sahibi nə baş verdiyini anlayıb pişiyi vurana qədər Məstan Bobikin əl-üzünün qanını bir-birinə qatmışdı. Bobikin sahibinin təpiyi Məstanı iki metr kənara atdı. O, əvvəlcə istədi kişiyə də hücum etsin, amma fikrini dəyişdi. Aradan çıxdı. Əlinin, ağzının qanı qurumamış Bobikə yaltaqlanan itlərdən üç-dördünü tapıb döydü. O gündən bu küçədə Məstanın hörməti birə beş artdı. Bütün itlər ya ondan qorxar, ya hörmət edərdilər. Bobiki isə o gündən küçədə görən olmadı. Hərdən həyətlərində onun itə yaraşmayan, daha çox siçan ciyiltisinə bənzəyən səsi eşidilməsə, itlər onun köçüb getdiyini düşünərdilər.
Həə, həmin bu boz Məstanın onlara yaxınlaşdığını görəndə, Qaraca özünü yığışdırdı. Məstan yaxınlaşıb quyruğu ilə Alacanı sığallamağa başladı.
– Sən kimsən, balaca?
– Alacadır, – Qaraca cavab verdi.
Məstan gözlərinin ucu ilə ona baxdı:
– Səndən soruşmadım.
Qaraca qorxusundan udqundu. Onun vəziyyətini görən Alaca da qorxdu.
– Alacayam,-yavaş səslə cavab verdi.
– Bu küçənin küçüyünə oxşamırsan.
– İtmişəm. Haradan gəldiyimi bilmirəm.
– Haradan gəldiyini bilməmək çox pisdir, – Məstan dedi.
– Mən də elə dedim,– Qaraca müdaxilə etdi,– yerini unudan özünü unudar.
– Sən nə çox danışırsan, – bu dəfə Məstan ona diş qıcadı. Qaraca qorxusundan yaxınlıqdakı gül koluna qısıldı. Bir pəncəlik canı yox idi.
– Bəs bu çoxdanışan sənin nəyindir?
– Dostumdur.
Alacanın bu cavabı Qaracanı həm sevindirdi, həm də ürəkləndirdi.
– O bildi ki, mən itmişəm. Dedi, burada birlikdə dayanaq, sənin ananı gözləyək.
– Doğru deyib, – Məstan dedi. Qaraca bir az ürəklənib koldan aralandı.
– Daha sən mənim himayəmdəsən. Bir qul balası it, pişik sənə toxuna bilməz. Bu çoxdanışan Qaracanı da sənə cangüdən təyin edirəm. Həm səni qoruyar, həm də anan gələnə qədər danışıb başını qatar. Mənsə gedim, işim var. Küçə yetim-yesirlə doludur. Onlara ümid vermək lazımdır.
Məstan bunları dedi və quyruğunu belinə qoyub uzaqlaşdı.
Qaraca Alacaya yaxınlaşdı.
– Bəxtin gətirdi. Məstanın himayəsində olmaq hər küçüyə nəsib olan xoşbəxtlik deyil.
– O kim idi ki? – Alaca soruşdu.
Qaraca Məstan haqqında bildiyi hər şeyi Alacaya danışdı. Onun xaricdən gəlmə it və pişikləri görməyə gözü olmadığını, onları harada tutsa döyüb pisikdirdiyini, zəif və kimsəsiz it-pişiklərə yardım etdiyini dedi. Əlbəttə, bir az özündən də əlavələr etdi, Məstan haqqında olmayan hadisələr uydurub Alacaya danışdı. Nə olasıdır?! Alaca bunu yoxlayası deyil ki. Lap yoxlayıb Qaracanı yalançı çıxartsa da, bu yalanların kiməsə ziyanı yoxdur. Əksinə, xeyri var. Budur e, Alacanın başı qarışdı, vaxtın necə keçdiyini hiss etmədi.
Qaracanın yalan-gerçək danışdıqları o qədər maraqlı idi ki, Alaca anasının hürüşünü yalnız ikinci dəfədə eşitdi. Səsə boylananda, anasının ona tərəf qaçdığını gördü. Elə sevindi, elə sevindi ki! Anası ona çatıb Alacanın üz-gözünü yalamağa başladı.
– Yaxşısanmı, körpəm? Məni yaman qorxutdun.
– Yaxşıyam, ana. Bax, bu mənim dostum Qaracadır. O mənə kömək etdi.
İt pəncəsi ilə Qaracanın başını sığalladı. Qaraca ömründə belə xoşbəxt olmamışdı. Ona elə gəldi, Alacanı aldadıb buraya gətirən kəpənək kimi onun da qanadları var və istəsə, uça bilər. Elə uçmağa hazırlaşırdı ki, anası Alacaya gedi:
– Gedək.
Qaraca təzə tanış olduğu sevimli dostundan ayrılacağına elə kədərləndi ki, qanadları yoxa çıxdı. Alaca ona yaxınlaşdı.
– Qaraca, mən indi evimizə gedirəm, amma sən istəyəndə bizə gələ bilərsən. Ana, olarmı?
– Görürəm, sən ağıllı küçüksən. Alacaya da kömək etmisən. Olar.
Qaraca sevindi. Düzdür, bu dəfə qanadları çıxacaq dərəcədə sevinmədi. Amma yenə olsun. O istəyəndə Alacagilə gedə, onunla oynaya bilərdi.
Alaca və anası getdilər. Qaraca isə olduğu yerdə durub onların dalınca baxırdı. Arada bir dəfə Alaca geri dönüb ona əl etdi, Qaraca da quyruğunu yellədi.
Fevral 2022, Sankt-Peterburq