Adi həyat – Vüqar Dəmirbəylidən yeni hekayə

Adi həyat – Vüqar Dəmirbəylidən yeni hekayə
6 fevral 2022
# 10:00

Kulis.az Vüqar Dəmirbəylinin “Adi həyat” adlı yeni hekayəsini təqdim edir.


Gənc rəssam Vamiq Sulduzun işləri son vaxtlar yaxşı getmirdi. Əzim Əzimzadə Rəssamlıq Məktəbini bitirəndən sonra daha valideynlərindən pul da istəyə bilmirdi.

- Səni oxutmuşuq, - deyirdi anası. – indi də özün öz başını dolandır. Biz qocalanda gərək hələ sən bizə köməklik eləyəsən.

Valideynləri gəncə həm də gecə-gündüz iş tapmağın mühümlüyündən danışırdılar. Yaxşı, indi o neynəsin? İndiyədək cəmisi beş rəsm çəkmişdi. Başladığı o biri işlərin isə çoxu yarımçıq qalmışdı. Dəlisi olduğu Van Qoqun üslub təsiri bütün işlərində görünməkdə idi: çiçək açmış, dalğalanıb burulan hava, çiçək açmış ulduzlar, yerindən oynayıb əsən, dağılıb, zərrələrdə yenidən birləşən dünya... Bax belə, belə yaratmaq, məhz buna, buna çatmaq – Vamiqin istədiyi buydu. Elə bu cür də başlayırdı, bu cür də çəkirdi, amma rəsmlərinin çoxunu bitirə bilmirdi, bitirə... Elə bil nəsə ona mane olurdu, nəsə onun gücünü alır, onu işini başa vurmağa qoymurdu.

Çox axtarandan sonra Vamiq özünə bir bazada fəhlə yeri tapa bildi. Hər gün səhər tezdən bazaya yollanır, axşama yaxın evə qayıdırdı. Sonra da Bakının mərkəzinə yaxın bir yerdə koma kimi kiçik bir otaq da tutdu.

Vamiqin tələbəlik dostu Bariz şəhərin mərkəzində özünə emalatxana götürmüşdü: İçərişəhərin yaxınlığında vaxtilə “Kommunist”, indi “İstiqlaliyyət” adlanan bu küçədəki möhtəşəm barokko binanın altıncı – çardaq mərtəbəsində. Vamiq Barizin yanına tez-tez gedir, onunla dərdini bölüşürdü. Bariz indiyə kimi xeyli rəsm çəkmişdi, amma o da çəkdiyi ilə dolana bilmirdi. Barizə hələ də valideynləri kömək eləyir, emalatxananın kirayə pulunu da onlar ödəyirdilər. Bir məsələ də var idi ki, Bakıda Barizin çəkdiklərini başa düşüb ona qiymət verən adam az idi. O daha çox fiqurlarla, simvollarla işləyirdi, amma bununla nə demək istədiyini çox adam başa düşə bilmirdi. Bariz isə bundan yana çox fikir edib qüssələnirdi.

- Əgər mən Almaniyada, Fransada, İtaliyada yaşasaydım, mənim rəsmlərimi heç yerə düşməyə qoymazdılar, - deyirdi çox vaxt. - Bunların birini heç olmasa min dollara, iki min dollara sata bilərdim. Azərbaycanda isə məni başa düşüb qiymətləndirən yoxdur, çəkdiklərim heç kimə lazım deyil. Rəssamlar İttifaqının rəhbərliyi də biz cavanlara qənim kəsilib.

Vamiq çox vaxtı sakitcə ona qulaq asar, bir söz deməyib eləcə başını bulayardı.

- Nəyə görə qənim kəsilib, bilirsənmi? – Bariz şikayət etməkdən yorulmazdı. – Çünki onlar özləri həqiqi rəssam deyillər. Ata-analarının sayəsində mənsəbə çatıblar, tanınıblar. Həqiqi rəssam, həqiqi sənətkar da vəzifədən yapışarmı? Vəzifə ilə sənətkarlıq üst-üstə düşə bilərmi? Rəssamlar İttifaqının sədri məmurdur və çox vaxt dövlət məmurundan daha bürokratik məmurdur. Çünki onun üçün öz marağı və əhatəsinin marağı hər şeyin fövqündə durur. Onlar həqiqi rəssamlığa, həqiqi yaradıcılığa qarşı mübarizə aparırlar, çünki özləri də heçdir, “əsərləri” də. Həm də onlar yaxşı bilirlər ki, cavanlar onlar üçün ən böyük təhlükədir.

Hər dəfə Bariz ilə etdiyi söhbətlərdən sonra Vamiq ilhamlanar, daha çox rəsm çəkməyi qət edərdi. Amma Barizin özündən sarı narahatdı: o getdikcə daha çox araq içirdi. Vamiq indi nə vaxt gəldi, onun masasının üstündə ya boş, ya da yarıyadək dolu bir araq şüşəsi görərdi. Bariz Vamiqlə söhbəti çox vaxt elə bundan başlayardı:

- Gəl bir əvvəlcə yüz qram gillədək.

Vamiq də çox vaxt istəməyə-istəməyə razı olur, amma bir qədəh içəndən sonra davam etməkdən imtina edirdi. Özü də çox vaxt Barizi də bundan çəkindirməyə çalışırdı:

- Bariz, bu qədər içmək olmaz axı, bunun sənə zərəri olacaq...

Bariz isə buna qulaq asmaq istəmir, yenə qədəhini doldurub təkcə boşaldırdı.

- Mənə olan onsuz da olub... – deyirdi. - Bu qədər əsər çəkmişəm, amma məni bilən, tanıyan yoxdur... Hamısı da yenə bunların işidi... Rəssamlar İttifaqıdı, nədi onun...

Bir dəfə də dedi ki, yan-yörəsindəki emalatxanalarda işləyənlərdən biri gəlib ondan yapışıb ki, gəl biz sənə iki dəstək məktubu yazaq, sən də ol Rəssamlar İttifaqının üzvü.

- O adamın özünə hörmət eliyirəm, yaxşı rəssamdı, maraqlı işləri var, - dedi sonra. - Amma ona dedim ki, tüpürüm sizin Rəssamlar İttifaqına!.. O qurbağaların hökmran olduğu bataqlığa mən nifrət edirəm!.. Mən azad sənətkaram, azad! Я свободный художник! Heç kimə də, heç bir vaxt, heç nəyə görə baş əyməmişəm, əymərəm də...

İndi Vamiq işdən qayıdandan sonra nə qədər yorğun olsa da öz otağına çəkilib üstündə işlədiyi rəsmlərini çəkməyə davam edirdi. Fikir eləyirdi ki, bazada işləməyə məcbur olmasaydı, daha çox rəsm çəkə bilərdi. İndi Xəzərin sahilindəki Abşeron kəndlərinin birini Van Qoqun üslubunda çəkirdi. İşləyəndə hər şeyi unudur, yenə öz aləminə qapılır, coşurdu. Amma yadına düşəndə ki, sabah yenə də bazada işləməli olacaq, hər cür adamın dediyini yerinə yetirib, onların səviyyəsinə enməli olacaq, bütün dünya gözündən düşürdü. Barizin yanına bir də gələndə o da öz vəziyyətindən şikayət elədi:

- Elə bil ki, hər gün o adi həyata bir az da daxil oluram, Bariz! Adi həyatı yaşaya-yaşaya, elə bil ki, fikirlərimdən, xəyallarımdan hər gün bir az da uzaqlaşıram, özüm isə məişət qayğılarından baqa heç nəyi olmayan o adi insanlardan birinə çevrilirəm: bax mənim üçün ən böyük dəhşət, ən böyük faciə budur, Bariz!

Bariz ona cavabında həmişəki kimi bunu dedi:

- Pul tap, böyür-başdakı emalatxanalardan birini də sən kirayələ.

Vamiq isə yenə də pulu haradan tapacağını bilmədiyini dedi.

Bir gün də Bariz ona dedi ki, pasajın qabağında “Bakı Arbatı” meydana gəlib: rəssamlar orada indi öz əsərlərini satırlar. Bir şənbə günü bərabər oraya gedib özlərinə yer elədilər. Burda durmaq, gələnlərlə ünsiyyət qurub, onlara öz əsərlərini təqdim etmək hər ikisinə böyük zövq verdi. İndi hər şənbə günü oraya gedirdilər. Barizin üç əsəri satılmışdı, nəhayət bir dəfə Vamiq də rəsmlərindən birini sata bildi. Həmin gün gənc sevincindən özünə heç cür yer tapa bilmirdi. Qazandığı puldan bir qutu şokolad alıb valideynlərinin yanına getdi ki, onlara bu şad xəbəri çatdırsın. Amma anası onun bu yolla pul qazana biləcəyinə yenə də şübhə ilə yanaşdı.

- Vamiq, bala, qurban olum sənə, bu yolla pul qazanmaq, ailə saxlamaq olmaz. Bu gün - sabah sənə toy eləyib evlənmək lazımdır. Deyək ki, nişan-toy xərcinə biz köməklik elədik, bu bir dəfə olan şeydi. Bəs ailəni sonra nə ilə saxlayacaqsan? Küçədə dayanıb şəkil satmaqnan? Rəssamlıq elə, vaxtın olanda şəkil çək, kim nə deyir. Sənin qabiliyyətini, istedadını onsuz da hamı bilir. Sənə ömürlük fəhlə işləmək də yaraşmaz, o boyda adlı-sanlı məktəb qurtarıbsan. Buna görə də bir iş tapmağın lazımdır. Çəkdiyin şəkilləri də satıb nə qazanarsan, qazanarsan - bu da öz yerində.

Vamiq, adətən, bu cür tənbehlərə cavab verməyib susardu. Bir az da fəhlə işləsin, bir az da dözsün, Allah bir qapı aşacaq, rəsmləri tanınacaq, satılacaq, özü də elə qiymətə satılacaq ki, bundan gələn pula nəinki dolanmaq, hətta özünə şərait yaratmaq da mümkün olacaq.

Abşeronun dənizkənarı kəndinin peyzajı hazır olan kimi, Vamiq onu rəngi qurumamış götürüb dərhal Barizin yanına apardı. Bu dəfə onun emalatxanasından içəri girəndə Vamiq iniltili, zarıltılı səslər eşitdi və səsin haradan gəldiyini əvvəlcə başa düşə bilmədi. Sonra bir də diqqət edəndə, bildi ki, səs arxadakı otaqdan gəlir. İndi məsələnin nə yerdə olduğunu başa düşdü. Deməli... Ay səni, Bariz, heç emalatxananın qapısını da bağlamayıb. Vamiq işi də qoltuğunda buranı tərk etmək istəyirdi ki, Bariz özü yarıçılpaq arxa otaqdan çıxıb onu səslədi:

- Getmə, getmə, Vamiq, dayan! Hara gedirsən?

Bariz elə yarıçılpaq da gəlib oturdu və Vamiqdən rəsmi alıb masanın üstünə qoydu.

- Van Qoq! – dedi Bariz rəsmə azacıq diqqət yetirəndən sonra. – Pis deyil, oxşadıbsan ustada. – İstəyirsən, qoy burda qalsın, gəlib-gedən görsün heç olmasa.

- Hə, nə olar qalsın, nə deyirəm, - Vamiq bu təklifə sevindi.

Onun daxmasında bu rəsmi görən kim idi? Burada heç olmasa gəlib-gedənin gözünə dəyər doğrudan da.

Bir azdan qız da arxa otaqdan çıxdı. Onu Vamiq əvvəllər də burada görmüşdü; bu qız Barizin yanına tez-tez gəlir, ona çəkdiyi rəsmlər üçün poza verirdi. Ucaboylu, mütənasib bədənli bir qız idi; uzun, kibrit çöpü kimi nazik, dümdüz qıçları, ağappaq sifəti, qapqara, azacıq qıvrılmış saçları var idi. Bariz ilə rusca danışar, ondan tez-tez işin bəzi təfərrüatlarını və poza vermək üçün bir də nə vaxt gəlməli olacağını soruşardı. Bayaq arxa otaqdan gələn səsləri eşidəndə Vamiqin heç ağlına da gəlmədi ki, dostu həmin bu qızladır. Deməli belə... Öz modeli ilə...

Model qız otaqdan çıxandan sonra üst-başını düzəltdi, Vamiqə yanpörtü bir nəzər salıb heç nə olmayıbmış kimi Barizdən soruşdu:

- Бариз, когда мне придти для продолжения работы?

- На следующей неделе.

- A во сколько?

- Я сам тебе позвоню, скажу.

- Хорошо, я пошла, пока.

- Пока. Счастливо.

Qız gedəndə bir də Vamiqə yanpörtü baxdı, sonra da dəmirdən pillələri ayaqqabısının dik dabanları ilə döyəcləyə-döyəcləyə aşağı endi.

- Az qalıb, təzə rəsmimi qurtarıram, - Bariz qız hələ tam uzaqlaşmamış Vamiqə izahat verməyə başladı. - Çılpaq qadın kainatın mərkəzində dayanıb, ulduzlar, planetlər əvvəlki cazibə qüvvəsini itirib, orbitlərindən çıxıblar, Günəş sistemi daha yoxdur; indi bütün göy cisimləri qadının cazibəsi ilə onun ətrafında fırlanırlar, amma əvvəlki sahman, nizam da daha yoxdur, hər şey xaotik hərəkət edir. Bir ulduzun, bir planetin gələn dəfə necə trayektoriya cızacağı məlum deyil; onların əvvəlki trayektoriyalarını mən ağ nazik xətlə vermişəm, təyyarələrin göydə buraxdığı tüstü zolağı kimi. Necə fikirdi, Vamiq?

- Yox, qadın məsələsi doğrudan da maraqlıdı, - Vamiq yüngülcə gülümsədi.

Bariz dostunun nəyə işarə etdiyini başa düşüb köksünü ötürdü və gedib içəri otaqdan bir şüşə araq və iki qədəh gətirdi.

- Yüzcə qram iç mənnən, nolar, Vamiq....

- Yox, sən nə danışırsan, gündüz vaxtı nə içmək? – Vamiq tez yaxasını kənara çəkmək istədi.

- Axşam deyirsən, gündüz içərlər, gündüz deyirsən, axşam içərlər. Bu zəhrimarı biz indi nə vaxt içək yaxşı: axşam olmaz, gündüz olmaz?

- Heç içməsən yaxşıdı, Bariz - dedi Vamiq. – Niyə bu qədər içisən axı?

- İçməyim, neynəyim bəs? Mən Avropada anadan olsaydım indi hər yerdə qalereyalarda mənim rəsmlərimi satırdılar. Burda isə məni heç it yerinə sayan da yoxdur... Axı buna nə qədər dözmək olar, Vamiq? Sənin yerinə olsaydım, mən çoxdan dəli olmuşdum...

- Bir günə heç kim dahi olmur... Yenə də işləmək, yaratmaq lazımdı, gec-tez hər şey öz yerini tutacaq, - Vamiq dostunu sakitləşdirmək istədi.

- Daha mən də valideynlərimdən pul istəməyə utanıram... Nə qədər onların hesabına yaşamaq olar axı? Yaxşı, mənim çəkdiyim rəsmlər məni dolandıra bilmirsə, onlar nəyə lazımdı onda? - Bariz sakitləşmək bilmirdi. – Ancaq ona görə ki, sənin haradasa əlaqələrin var, kiminsə oğlusan, kiminsə qohumusan, ancaq ona görə sənin rəsmlərinin sərgisini keçirirlər, çəkdiklərin heç nəyə yaramasa da... İstedadı olanları, həqiqi sənətkarları isə nə tanıyan yoxdur, nə də heç kim onların sərgisini təşkil eləmək istəmir...

- Vaqifin şeri yadındadı, Bariz? “Alilər xaki-məzəllətdə, dənilər mötəbər...”

- Yox, yadımda deyil... Nə olsun axı, o qədər onlara söy, tənqid elə ki... Nə dəyişəcək axı?

Bunu deyəndən sonra Bariz öz qədəhini araqla doldurub başına çəkdi, sonra da bir az üz-gözünü turşudub dərindən nəfəs verdi.

- Rəsmin xoşuma gəldi. Afərin sənə, heç nəyə baxmayıb yenə də işləyirsən. Bircə bunu necə elədiyini başa düşə bilmirəm. Mən öz aləmimə qapılanda, dünyanı rənglərdə, cizgilərdə, fiqurlarda görürəm, mən dünyanı, insanları bu cür də çəkmək, onlardan bu cür də danışmaq istəyirəm. Mən bu aləmdə özümü xoşbəxt hiss edirəm, mən bu aləmdə özümü Yaradan kimi hiss edirəm. Amma azacıq bir məişət problemi, xəbis bir insanın həyatıma müdaxiləsi, maddi bir sıxıntı məni bu aləmdən uzaqlaşdırır. Mən öz aləmimi tərk edib, insanların aşağı dünyasına enirəm. Bunlara da gücüm çatmır. Bu insanlar öz xəbislikləri, dar düşüncələri, ancaq öz xeyrlərini güdməkləri ilə mənə qalib gəlir, məni məhv edirlər. Mənim gücüm çatmır, Vamiq! Nə onlara gücüm çatmır, nə də özüm olmağa gücüm çatmır...

- Yaxşı, Bariz, qəm eləmə, hər şey düzələr.

Vamiq dostuna bundan sonra da təsəlli vermək istəyirdi, amma əvəzinə yenə də öz həyatından şikayət elədi:

- Mən isə öz aləmimdən ayrılıb insanların çəkişdiyi, ən ucuz, əskik şeylər uğrunda apardığı mübarizənin iştirakçısına çevrilirəm. Mənim üçün bu dəhşətdir, Bariz!

Bariz bu dəfə ona heç bir cavab vermədi, bir azdan da başını masaya dirəyib yuxuladı.

Vamiq bir də Barizin yanına gələndə onun qonşu emalatxanalardan olan bir neçə başqa rəssamla bir yerdə araq içdiyini gördü.

- Gəl, gəl, Vamiq, elə indicə səndən danışırdıq, - Bariz onu yaxına çağırdı. - Gəl sən də bizimlə bir əlli qram vur.

Vamiq yenə də bir bəhanə gətirmək istəyirdi ki, dostu ona imkan vermədi:

- Yox, bu dəfə nə desən də keçmiyəcək. Gör bu qədər adamın hamsı içir, sənə nə olub? Gərək biznən vurasan, vəssalam.

Naəlac qalıb Vamiq də onlarla içməli oldu.

Məclisdə saqqallı bir rəssam var idi, Vamiqin kim olduğunu biləndən sonra əlini onu çiyninə qoydu:

- Çəkdiyün rəsmi Bariz mənə göstərdi. Xoşuma gəldi, yaxçudu: elə bil Van Qoqu köçürmüsən Abşerona.

Sonra da dedi ki, bir hollandiyalı kolleksiyaçı var, gəlib burdakı rəssamların rəsmlərinə baxmaq istəyir. Vamiq də başqa yenə nə hazır işi var, gətirib Barizin yanına qoysa yaxşı olar; həmin adam gələndə onları da görsün.

Bundan sonra söhbətə bütün rəssamlar qoşuldular. Həmin kolleksiyaçını təriflədilər, dedilər ki, indiyə qədər Bakıdan nə qədər rəssamın işin alıb Avropaya aparıb. Özü də alıb aparmaqla qalmır bu adam, orada həm də sərgilərdə bu rəsmləri nümayiş elətdirir. Amma başqa bir rəssam həmin hollandiyalını əksinə pislədi; dedi ki, bu adam əslində rəsm alverçisidir, burada rəsmləri ucuz, su qiymətinə alıb Avropada baha qiymətə satır. Bəziləri onunla razılaşdı, bəziləri razılaşmadı, amma qərəz axırda məlum oldu ki, həmin adam gələn həftənin üçüncü günü, saat on ikidə gəlməlidir bu çardağa ki, bütün emalatxanaları bir-bir gəzib rəsmlərə baxsın. Ona görə də kim ona hansı işini göstərmək istəyir, gərək həmin vaxta qədər bir tərəfdə hazır qoysun.

Bu xəbər Vamiqi çox sevindirdi. Geriyə, daxmasına qayıdanda az qala fərəhindən uçurdu. Hollandiyalı koilleksiyaçı azərbaycanlı rəssamın Van Qoqun dühasını Azərbaycan şəraitində necə parlatdığını görüb nə qədər sevinəcək! Başqa rəssamların çəkdiyini o almaz, əşi! Onlar nə bilirlər Van Qoq nə deməkdir? O çox güman ki, elə ancaq Vamiqin rəsmlərini alacaq. Özü də yəqin ki, yaxşı qiymətə. O gərək Abşeron peyzajını gərək ona heç olmasa üç min dollara desin, bəlkə hələ dörd minə də onu göydə götürdü. Bəlkə bir də Barizin rəsmlərindən bir-ikisini ala. Sonra o adam bəlkə Vamiqi elə özü ilə Hollandiyaya apardı. Ona dedi ki, gəl sənə Hollandiyada şərait yaradım, orda işlə, nə görübsən axı bu Bakıda? Ola bilər ki, həmin adam ona doğrudan da belə təklif eləsin.

Vamiq elə növbəti gün axşam işdən qayıdan kimi yerdə qalan beş hazır rəsmini də yığıb Barizin yanına gətirdi. Bariz də artıq öz işlərini bütün emalatxana boyu düzmüşdü. Amma yenə də qəmgin görünür, tez-tez köksünü ötürürdü.

Üçüncü gün Vamiq işdən icazə alıb deyilən vaxtdan bir az əvvəl özünü rəssamların çardağına yetirdi. Hamı yığılıb hollandiyalını gözləyirdi, həmin adam da düz saat on ikidə onların qarşısında peyda oldu; o, burada işləyən və ingilis dilini az-çox bilən rəssamlardan birinin müşayiəti ilə gəlmişdi. Sonra başlandı, nə başlandı. Hollandiyalı kolleksiyaçı bir-bir bütün rəssamların emalatxanalarını gəzib onların rəsmlərinə baxdı, hər bir rəsmi onu çəkənlə müzakirə etdi, xoşuna gələnləri də aldı. Nisbətən böyük tablolara rəssamlar iki min dollar istəyirdilər, hollandiyalı iki yüz verdi, kiçik tablolara min dollar istəyirdilər, o yüz verdi. Ən sonda Barizin emalatxanasına gələndə isə kişinin qoltuğunda artıq irili-xırdalı iyirmidən çox tablo var idi.

Hollandiyalı içəri girib Barizin rəsmlərinə baxdı və onun da elə həmin qiymətə dörd rəsmini aldı. Gözü birdən Vamiqin rəsmlərinə sataşanda isə kişinin, yəqin ki, heyrətdən, tablolardan bir neçəsi əlindən düşdü və o özünü saxlaya bilməyib qışqırdı:

- Van Gogh! My God! This is Van Gogh!

Tanıdı, əlbəttə tanıdı... Bayaqdan Vamiqin böyük həyəcanla gözlədiyi bu idi. İndi hamının gözünün qabağında bu hollandiyalı Vamiqin rəsmlərini o birilərindən qat-qat yüksək qiymətləndirəcək və onları həm də xeyli baha alacaq.

Hollandiyalını gətirən rəssam ondan Vamiqin hansı rəsmlərini almaq istədiyini soruşdu.

Hollandiyalı isə cavabında gözlənilmədən:

- No, no, - dedi. – These paintings aren't interesting (Yox, yox, bu rəsmlər maraqlı deyil).

- Why not? (Niyə axı?)

- They aren't original (Bunlar orijinal deyil), - kolleksiyaçının budəfəki cavabı daha qısa oldu.

Bundan sonra da hollandiyalı yenə rəssamlara bir-iki söz deyib, onlara uğur diləyib getdi. Tabloları aşağı düşürməkdə ona bir-iki nəfər kömək elədi.

Bu hadisədən sonra Vamiq neçə gün özünə gələ bilmədi. Hər gün eləcə işə gedib-gəlir, qayıdandan sonra da çarpayısına üzüqoylu düşürdü. Yemək-içməyi də daha az qala tərgitmişdi. Fikirlər ona rahatlıq vermirdi: deməli, onun indiyə qədər çəkdiyi əziyyətlər əbəs imiş, deməli, əslində onun heç bir istedadı yox imiş, çəkdiyi rəsmlər isə heç nəyə yaramırmış.

- Vamiq, Vamiq! – bir dəfə Bariz onu silkələyib oyatdı.

Vamiq qalxıb çarpayıda oturdu və təəccüblə dostuna baxdı: o tək deyildi, bir rəssam yoldaşı da onunla idi, hollandiyalı kolleksiyaçını tapıb gətirən rəssam. Buranı onlar necə tapmışdılar axı? Bariz isə ona bu barədə heç bir izahat vermək istəmədən soruşdu:

- Nolub, niyə daha gəlmirsən emalatxanaya? Bu nə gündü, düşübsən? Bir dəri, bir sümük qalıbsan! Üzünü qırxmağı da deyəsən yaddan çıxarıbsan daha?

Vamiq doğrudan da son günlər daha da arıqlamış, üz-gözünü də tük basmışdı. Otağında da hər tərəfdə səliqəsizlik, xaos hökm sürürdü. Bariz ona dedi ki, hollandiyalıya görə fikir etməsi əbəsdir. Barizin də əlli rəsmindən o cəmisi dördünü aldı. Bir də o hollandiyalı yəqin Van Qoqdan bezib, ona görə də o cür reaksiya verdi. Onunla gələn rəssam da dedi ki, indi Bakıya xaricdən çox kolleksiyaçı gəlir, Vamiqin rəsmləri hökmən onlardan kiminsə xoşuna gələcək.

- Sabah bazar günüdür, biz ikimiz də sabah ora gedəcəyik – bizim “Arbata”, - Bariz bundan sonra dedi. - Sən də gəl bizimlə gedək.

- Yox, Bariz... Mən axı...

Vamiq istədi desin ki, mən axı rəssam deyiləm, amma sözünün arxasını gətirmədi və dostunun təklifini istər-istəməz qəbul etdi.

Neçə bazar günü dalbadal pasaja getdilər, Vamiqin sonuncu rəsmini satana kimi. Bariz özü də, onun rəssam yoldaşı da xeyli rəsm sata bildilər. İndi “Bakı Arbatı” xeyli böyümüş, burada həm rəssamların, rəsmlərin sayı artmışdı, həm də oraya gələnlərin. Rəsmləri də əvvəlkindən çox alırdılar. Həmin günlərdə Bakını tərk edib xaricə gedənlər çox idi, gedəndə də bəziləri Bakının bir peyzajını, bir mənzərəsini xatirə olaraq özləriylə aparmaq istəyirdilər.

Vamiq daha heç nə çəkmirdi; eləcə işə gedib-gəlir, qayıdandan sonra isə daxmasında oturub başını bir şeylə qatmağa çalışır, ya da qaranlıq düşdü-düşmədi yatağa girirdi.

Vamiq öz həyatı ilə barışmaq istəyirdi. Yəqin onda heç bir istedad-filan yox imiş, sadəcə ona elə gəlirmiş ki, guya istedadı var, guya anadangəlmə rəssamdır, xülya ilə, illüziyalarla yaşayırmış. Axır ki, bunların hamısı puç oldu, onun kim olduğu, istedadsızlığı, qabiliyyətsizliyi faş oldu. Amma nə olsun ki? O özünü buna görə öldürməyəcək ki? Rəsm çəkmədən də yaşamaq olar. Başqaları necə, o da elə. Bir halda ki, istedadının olmadığı üzə çıxdı, daha o da həmin adi adamlardan biri olmalıdır, onların yaşadığı həmin adi həyatı qəbul etməli, onlar kimi yaşamalıdır. Nə yaxşı ki, çəkdiklərinin hamısını pasajda sata bildi! Otağında daha heç bir rəsm yox idi, əgər olsaydı, götürüb o saat zibilliyə atacaqdı. Qalan tək sulu və yağlı boyalar olan şüşə qablardı, fırçalardı, çərçivələrdi, bir neçə metr də kətan. Yox, bunları atmağa heyfi gəlir, nə qədər pul verib onlara vaxtı ilə. Aparıb bağışlayar bunları Barizə, qoy onun işinə yarasınlar.

Bariz başqa, onun istedadı var, o həqiqətən də rəssamdır. Belə olmasaydı, hollandiyalı onun dörd rəsmini birdən almazdı. Düzdü, içmək onun yaradıcılığına zərər vurur, amma tək o deyil ki, sərxoşluq edən. Bu sənətkarlar arasında həmişədən olub, var və olacaq da.

Bir axşam işdən sonra Vamiq yenə Barizə baş çəkmək istədi. İstəyirdi dostuna desin ki, daha rəssam olmaq, rəsm çəkmək fikrindən əl çəkib, o da başqalarından biri olmaq, onlar kimi yaşamaq qərarına gəlib.

Vamiq dəmir pilləkənlə yenə də çardağa qalxdı; Barizin emalatxanasının qapısı həmişəki kimi açıq idi, amma içəridən heç bir səs-səmir gəlmirdi. İçəri otağı Bariz taxta millərindən özü düzəltmiş, sonradan da onları kartonla örtmüşdü. Karton ordan-burdan cırılmışdı və bu deşiklərdən də indi nazik işıq süzürdü. Vamiq qarşı otağa keçib dayandı. “Bəlkə yenə də qızladır. Yaxşısı budur gedim, onu heç narahat eləməyim”, deyə düşündü. Elə emalatxananı tərk etmək istəyirdi ki, birdən yadına nəsə düşdü. “Yox, gərək bunu ona hökmən indi deyəm. Bariz lap qızla da olsa, bir kəlmə sözümü deyib gedəcəm”.

Vamiq geriyə qayıdıb ön otaqdan dostunu səslədi:

- Bariz, Bariz...

Amma heç bir cavab gəlmədi. Vamiq onu təkrar bir neçə dəfə haylasa da, Bariz yenə də səsinə səs vermədi. Vamiq bir az qabağa gedib içəri otağın divarını döyəclədi. Dostu yenə də sükutunu pozmayanda Vamiq nə olur-olsun içəri otağa keçmək qərarına gəldi.

Hündür tavandan asılmış lampa otağı zəif işıqlandırırdı. Hər tərəfdə Barizin rəsmləri səpələnmiş, yarımçıq, bulaşıq boya qabları, fırçalar, boş, böyrü üstə yıxılmış araq şüşələri qalaq edilmişdi. İş masasının özündən də, otağın küncündəki açılıb-yığılan çarpayıdan da yenə səliqəsizlik, natəmizlik yağırdı.

- Bariz, - Vamiq bir də dostunu haylayıb nəzərləri ilə onu axtardı.

Deyəsən, otaqda da yoxdur. Bu onda hardadır görəsən? Bəlkə qonşu emalatxanalardan birinə gedib? Birdən uzun bir nərdivanın böyrü üstə aşıb divara dirəndiyi diqqətini cəlb etdi. Bu nə deməkdir görəsən, bu nərdivan burada neyniyir? Başını qaldırıb yuxarı baxdı; əvvəlcə işıq gözünü qamaşdırdığından bir şey görə bilmədi. Sonradan ona elə göründü ki, lampanın düz yanında bir cüt qara ayaqqabı asılıb. “Bu da yəqin Barizin abstrakt ideyalarındandır”, – Vamiq bunu fikirləşib gülümsədi. Sonra bir də diqqətlə bu ayaqqabılara baxdı. Bu Barizin öz ayaqqabıları idi, amma deyəsən, köhnəldiyindən atmaq əvəzinə buradan asıb. Ay səni, Bariz!

Sonra Vamiq ayaqqabılara bir də diqqətlə baxdı; indi gözü işığa alışdığından daha yaxşı görə bilirdi və ona birdən elə gəldi ki, bunlar təkcə ayaqqabı deyil, həm də kiminsə ayaqlarıdır. Qəfildən beynində ildırım kimi çaxan fikirdən Vamiqin canına üşütmə düşdü. Yox, ola bilməz!.. Sonra qorxu və həyəcan içində bir də diqqətlə tavana baxdı; doğrudan da Bariz idi, lap yuxarıdan, qısa bir kəndir parçasından özünü asmışdı...

... Barizin yasına çox rəssamlar gəlmişdi, hətta Rəssamlar İttifaqının rəhbərliyindən gələnlər də var idi. Hamı bu gənc rəssama heyfsilənir, onun istedadından, çəkdiyi rəsmlərin mürəkkəbliyindən danışırdılar. Deyirdilər ki, indi tam qiymətini almasa da bu rəsmlər gələcəkdə qiymətini alacaq.

Vamiq bu hadisədən sonra məzuniyyət götürüb düz bir ay işə getmədi. Barizin göydən sallanan ayaqları gözləri qarşısından getmirdi. Vamiq indi demək olar ki, evdən bayıra çıxmır, tez-tez yatağa üzüqoylu düşüb ağlayırdı. Sonra da ayağa durub gəzişir, Barizin intihar etməsinin səbəbini özü üçün başa düşmək istəyirdi. Rəssamlıq, rəssamlıq... Gərək onlar elə rəssammı olmaq istəyəydilər? Bunlara hamısı boş, puç xəyallardır: nə Van Qoq, nə Qogen? Bu puç xəyallara uyanların axırı belə olur; biri onu kimi bazada fəhlə işləməli olur, o biri isə içkiyə qurşanır, sonra da davam gətirməyib özünü asır. Lənətə gəlsin rəssamlığı da, incəsənəti də! Başqa bir şey oxumaq olardı, o birilər kimi, bir sənətə sahib olmaq olardı. Yoxsa ki, boş-boşuna xəyalla yaşamaq, özünə təsəlli vermək ki, nə vaxtsa, bəlkə ölümündən sonra sənin əsərlərin tanınacaq, qiymətini alacaq, adın isə dillər əzbəri olacaq. Bu axmaqlıqdan, xam xəyaldan başqa heç nə deyil!

Vamiq iri bir torba tapıb artıq bütün boya qablarını, fırçalarını onun içinə yığmış, çərçivələri və kətanı isə bir tərəfə qoymuşdu ki, aparıb Barizə versin. Ah, Bariz, Bariz... Sən gör bir neynədin, gör bir neynədin...

Bir gün axşama yaxın Vamiq torbanı və yerdə qalan rəsm ləvazimatlarını götürdü ki, aparıb küçədəki zibilliyə atsın. Elə həyətə çıxmaq istəyirdi k, birdən gözləri önündə Barizn son görünüşü bir rəsm kimi canlandı. Fikrindən bunu nə qədər çıxarmaq istəsə də, olmadı. Bu rəsm sanki onu təqib etməyə başladı. Vamiq dayandı; bu nə idi, bu haradan gəldi görəsən? Sonra torbanı yerə qoyub fikrə getdi: bəlkə bu rəsmi doğrudan da çəksin. Yox, bu çox ağır və ağrılı iş olar. Həm də o rəsm çəkməklə daha qurtarıb axı. Xeyli tərəddüd edəndən sonra otağa qayıdıb əşyaları geriyə qoydu. Əlinə qələm götürüb bir kağızda gözü önündəki rəsmi cızmağa başladı...

Vamiqin rəsmi belə alınmışdı: yarıqaranlıq otaqda işıq halə yaradıb, onun şüalarında döşəmə üzərindəki necə gəldi qoyulmuş rəsmlər, hər tərəfə səpələnmiş boyalar, fırçalar, boş araq şüşələri görünür. İşıq lampasının yanından, onun bərabərində ayaqlar sallanır, qara ayaqqabılar, qara şalvar, qara köynək, qara saçlar da bu qaranlığın özündən çox da fərqlənmir, gəncin sifəti də qaralıb, sanki onu ətrafdakı qaranlıq kamına çəkib yavaş-yavaş udur.

Vamiq bu rəsmi bitirəndən sonra daha özünü saxlaya bilmədi, daha doqquz rəsm çəkdi. Öz daxmasını, köndələn, elə bil aşağı meyllənən həyəti, onun qabağından keçən əyri-üyrü küçəni çəkdi. Neçə-neçə rəsmləri isə işlədiyi baza haqqında idi. Bazanın səliqəsiz, köhnə yeməkxanası, üzləri tüklü, üst-başları çirkli fəhlələr uzun bir masa arxasında oturub yemək yeyirlər. Üzlər kədərlidir, sifətlərdə ümidsizlik və acı var. Başqa bir rəsmdə fəhlələr həyətdə iri bir yük maşınını boşaldır, təzə bahalı kostyumda, qalstuklu bir nəfər isə bir az kənarda dayanıb onların işinə nəzarət edir; fəhlələrlə bu adamın görünüşü dərin bir ziddiyyət yaradır.

Bu rəsmləri bitirəndən sonra Vamiq yenidən işə qayıtdı: iş fikrini dağıtmağa kömək eləyirdi. Bir bazar günü yenə də çarpayısında uzanmış, fikrə getmişdi. O ömrü boyu bazada fəhlə işləmək istəmirdi. Bəlkə gedib o da hüquqda-zadda oxusun təzədən? Cəmisi iyirmi bir yaşı var, onun üçün hələ qətiyyən gec deyil. Yox, hüquq onluq deyil. Bəlkə İnşaat institutuna getsin? Bu yenə də ağla batandı. Orada arxitektor fakültəsi var, bu Vamiqə uyğun gələr. Oranı qurtarandan sonra da bir iş tapıb işləyər.

Birdən qapı döyüldü, Vamiq qalxıb qapını açanda qarşısında bir dəfə buraya Bariz ilə gəlmiş həmin rəssamı və onun yanında da bir əcnəbi gördü. Rəssam Vamiqə dedi ki, bu adam şotlanddır, özü də kolleksiyaçıdır, gəlib ki, Vamiqin də rəsmlərinə baxsın. Vamiq əvvəl istədi desin ki, onun heç bir rəsmi-zadı yoxdur. Amma sonra axır vaxtlar çəkdikləri yadına düşdü. Burası da var idi ki, bu rəsmləri o özü üçün çəkmişdi və onları heç kimə göstərmək istəmirdi. O biri yandan isə onda dostunun ölümündən danışmaq istəyi baş qaldırdı və gələnlərin ikisini də içəri dəvət edib Barizin intihar rəsmini onlara göstərdi. Rəsmi nəzərdən keçirəndə Barizin rəssam yoldaşı bunun nə olduğunu tez başa düşdü və təsirlənib yanıqlı-yanıqlı Vamiqin nədən bəhs etdiyini şotlanda başa saldı.

- Oh! – dedi şotland. – That is very bad! The unfortunate painter (Oh! Bu çox pisdir. Bədbəxt rəssam)!

Şotland rəsmə xeyli diqqət edəndən sonra Vamiqi təriflədi və bu iş üçün ona üç yüz dollar təklif etdi. Vamiq razılaşandan sonra şotland ondan digər işlərini də göstərməyi xahiş etdi. Daxmanın, həyətin və küçənin rəsmləri kişinin çox xoşuna gəldi, fəhlələrə aid olanlar isə onu valeh etdi.

- Very original! – dedi şotland. – I haven't seen never such paintings! (Çox orijinaldır! Mən heç vaxt belə rəsmlər görməmişdim)!

Şotland onun yerdə qalan rəsmlərinin də hərəsinə üç yüz dollar verib aldı. Gedəndə isə onunla gələn rəssamın vasitəsiylə Vamiqə çatdırdı ki, o çoxlu yeni rəsmlər çəkməli, üslubunu təkmilləşdirməlidir. Belə olarsa tezliklə Vamiqin hər tərəfdə tanınacağı onda heç bir şübhə doğurmur.

İndi Vamiq özü də inanırdı ki, həqiqi üslubunu tapıb və ona Van Qoq - filan daha lazım deyil. O indi doğrudan da çox rəsm çəkmək istəyirdi. Bax, elə bu adi saydığı həyatda hələ nə qədər çəkilməli mövzular var idi...

# 2975 dəfə oxunub

Oxşar xəbərlər

Gertruda Komorovskaya - Həmid Piriyevin yeni hekayəsi

Gertruda Komorovskaya - Həmid Piriyevin yeni hekayəsi

15:00 22 noyabr 2024
Yay tətilini necə keçirdim - Əli Zərbəlinin hekayəsi

Yay tətilini necə keçirdim - Əli Zərbəlinin hekayəsi

11:24 22 noyabr 2024
İdmançının sevgilisi - Günün hekayəsi

İdmançının sevgilisi - Günün hekayəsi

13:16 21 noyabr 2024
Azyaşlı baldızı ilə evlənən qoca – Çəmənzəminlinin hekayəsi

Azyaşlı baldızı ilə evlənən qoca – Çəmənzəminlinin hekayəsi

16:40 18 noyabr 2024
“Ka”nı xoşbəxt edən yazıçı - Sonası Vəliyevanın hekayəsi

“Ka”nı xoşbəxt edən yazıçı - Sonası Vəliyevanın hekayəsi

15:00 17 noyabr 2024
Tənhalıq həsrəti - Rüstəm Dastanoğlunun hekayəsi

Tənhalıq həsrəti - Rüstəm Dastanoğlunun hekayəsi

13:05 16 noyabr 2024
# # #