Ən çox oxuduğunuz, ən çox tənqid etdiyiniz yazı

Ən çox oxuduğunuz, ən çox tənqid etdiyiniz yazı
4 dekabr 2017
# 16:34

Bir dəfə bir gənc azərbaycanlı fizik Albert Einstein və müasir fizika mövzusunda məqalə yazır. Bu yazını hörmətli Azərbaycan saytlarının birinə göndərir, əlavə edir ki, bu yazını oxucuları yeni tədqiqatlar haqda maarifləndirmək üçün yazıb.

Nəhayət, yazı dərc olunur, amma belə bir başlıqla: "Bacısı ilə evlənən dünya şöhrətli alim". Gənc fizik başa düşə bilmir ki, bu nə deməkdir, bunun məsələyə nə aidiyyatı var. O bilmir ki, yeni nəsil Azərbaycan oxucusunun öz tələbləri var. Oxucuların xasiyyətini müşahidə edərək jurnalistikamız indi bir çox məqalələrdə belə bir üsuldan istifadə edir: Söyün, amma oxuyun. Söyün, amma öyrənin. /bbc.com/

Paradoks odur ki, oxucu ən çox bu mövzuları oxuduğu halda, bu mövzuları da tənqid atəşinə tutur. Həm bəyənmirsiniz, əxlaqınıza uyğun hesab etmirsiniz, sizin əxlaqlı cəmiyyətinizi əxlaqsızlaşdıracağını düşünürsünüz, həm də ən çox bu başlıqları oxuyursunuz. Bu, necə olur?

Ötən həftə BBC Azərbaycancanın "Elm və texnologiya" bölməsində çıxmış "Qadın orqazmı tədqiqatı" və digər bu kimi məqalələr də Azərbaycanda rekord sayda oxunub və ən çox oxunan bu yazıları "Bu nə mövzudur" deyə rekord sayda tənqid ediblər oxucular.

"Ayıb olsun... Azərbaycanda qeyrətli adamlar var idi, indi yoxdur... son vaxtlar bu nə paylaşımlardır..." (BBC Azərbaycancanın Facebook səhifəsində oxucu şərhləri)

Nədir bu şərhlərin səbəbləri?

Semiotika elminə görə, eyni bir reklam iki fərqli yerdə, - çox kasıb icmada və çox zəngin ölkədə fərqli nəticələr doğura bilər. Əgər bir reklamda lüks həyat, lüks yeməklər göstərilirsə, zəngin ölkədə bu reklam elə reklam rolu oynayır, kasıblığın son həddində olan ölkədə isə həmin reklam inqilabi mesaj rolu oynaya bilər, reklamçının heç nəzərdə tutmadığı bir şeyi.

Yəni bir informasiyanın, bir mətnin anlaşılmasında tamaşaçının, oxucunun öz bazasından çox şey asılıdır.

Qərb ölkələrində məktəb yaşlı uşaqlara hər həftə muzeyləri gəzdirirlər. Bizdə orta məktəblər dünyagörüş vermək naminə belə vacib işlər görmür, nəticədə hər il yüz minlərlə savadsız, dünyagörüşsüz gənc cəmiyyətin üstünə axın edir.

Yeni nəslin böyük hissəsi natura ilə porno-ulduz arasındakı fərqi anlamır. Bakıda Rəssamlıq Akademiyasında əmək haqqı alaraq işləyən naturalar deyirlər ki, incəsənət tələbələri mədəni gənclərdir, onlar bizim işimizlə porno-ulduzun işi arasındakı fərqi bilirlər, amma ətrafımız, qohumlar, qonşular, cəmiyyət bilmir bu fərqi, odur ki, natura işlədiklərini gizlədirlər hamıdan.

Qaraguruhçu oxucu savadlı oxucudan fərqli olaraq, çox zərərli mənbələrdən alıb anlayışlar haqda ilk tərbiyəsini. "Bu, sobadır, toxunma, əlin yanar" kimi şeylərin öyrədildiyi yaşda ona "Ayıbdı, camahatın anası-bacısı var" kimi imperativlər də öyrədiblər. O, həyatı boyu bu imperativi hər yerə daşıyır özü ilə: lazım olan yerlərə də, lazım olmayan yerlərə də.

İş elə gətirib ki, İtaliyanın rəsm və heykəltaraşlıq muzeylərini gəzərkən yanımda bir neçə azərbaycanlı tanışım olub, Michelangelo, Leochares kimi böyük sənətkarların insan bədənini əks etdirən əsərlərini görəndə onların həyəcanlandığını, ailələrini də tələsdirib küçəyə çıxmalarını görmək kimi dəhşətli bir əzab nəsib olub mənə.

Təəssüflər olsun ki, onlar incəsənətlə erotikanın fərqini bilmədən bu dünyadan gedəcəklər. Onlara filmdəki, əsərdəki söyüşlə küçədəki söyüşün fərqini öyrədən olmayıbmı? Onlara elmi-kütləvi məqalə ilə məqsədi ehtiraslandırmaq olan məqalənin fərqini öyrədən olmayıbmı?

Biz azərbaycanlılar 20-ci əsr boyu belə olmamışıq. Biz dünya sivilizasiyasının mədəni xalqlarından biriyik. Lakin bu nədir, biz geriyə gedirik?!

Qadını tanımamaq nələrə gətirir?

Azərbaycanda yüzlərlə qadın sevgilisi, keçmiş sevgilisi, əri, keçmiş əri, atası, qardaşı, oğlu, qaynatası tərəfindən öldürülüb. Kişilərin qadınları öldürmək üçün bəhanələri bunlar olub: aldadılma şübhəsi, barışmaq istəyinin rəddi, qadının ayrılacağını, yaxud boşanacağını deməsi, namus və bu kimi başqa məsələlər. Qadının istəkləri, arzuları, daxili aləmi, dünyası haqqında o qədər susulub ki, nəticədə kişilər qadınları tanımırlar, onlarla dil tapmaqda çətinlik çəkirlər. Bu çətinlik, qadını tanımamaq qadınla saysız mübahisələrə və onu öldürməyə gətirib çıxarır.

Qadın dünyası haqda o qədər susulub ki, hətta dünyanın ən yaxşı beş romanından biri hesab edilən Tolstoyun "Anna Karenina" romanında qadın - kişi onu gördüyü kimidir. Bir müasir rus yazıçısı bu mövqedən tənqid edirdi "Anna Karenina" romanını. O deyirdi ki, qadının hər gününü, hər saatını, əlinin, barmaqlarının hər hərəkətini izləyən bir romanda qadın aybaşı olmur.

BBC öz qadın mövsümündə qadın dünyasını sizin gözünüzün qarşısına gətirir ki, siz qadını tanıyasınız, necə deyərlər, səhih mənbələrdən, elmi tədqiqatlardan. Bunu bilmək vacibdir ki, qadının dərdi kişinin də dərdidir, biz eyni cəmiyyətdə yaşayırıq, qadını narahat edən mövzu kişidən yan keçməyəcək.

Əgər oxucunun dünya mətbuatını oxumaq təcrübəsi olubsa, o insan orqanizmi haqda elmi-kütləvi məqalələri çox görüb, bədən, insan əzası, qadın, orqazm sözlərini görəndə panikaya düşüb isterik şərhlər yazmağa gərək duymayacaq.

Amma oxucuların çoxunun belə bir təcrübəsi olmayıb. Onların çoxunu nəinki elmi-kütləvi məqalələr, klassikadan, dünya ədəbiyyatının ən güclü nümunələrindən, şedevr əsərlərdən xəbərləri yoxdur. Gərək sən söhbətə əvvəldən başlayasan. Necə ki, yazıçı Seymur Baycan bir yazısında deyir:

"Tutaq ki, yazıda kimisə Tenardye ilə müqayisə edirsən. Yazırsan ki, filankəs eynən Tenardyeyə oxşayır. Oxucu Tenardyeni tanımadığı üçün bu pası tuta bilmir. Gərək sən söhbətə əvvəldən başlayasan. Yazasan ki, Fransa adlı bir ölkə var. O ölkənin çox böyük yazıçısı var. O yazıçının adı Viktor Hüqodu. Həmin bu Viktor Hüqonun "Səfillər" adlı möhtəşəm bir əsəri var. O qədər möhtəşəm bir əsərdi ki, hər bir şüurlu məxluq mütəq və mütləq bu əsəri oxumalıdı. Həmin bu "Səfillər" əsərində Tenardye adında bir obraz var..."

# 4329 dəfə oxunub

Müəllifin son yazıları

# # #