Ədəbiyyat üstündə müharibə edən dövlətlər

Ədəbiyyat üstündə müharibə edən dövlətlər
15 may 2019
# 10:15

Kulis.az Nərmin Kamalın “Moskva göz yaşlarına inanmasa da...” essesini təqdim edir.

Həmvətənlərimizdə bir həvəs var, öz gündəlik danışıqlarında yeri gəldikcə keçmiş Azərbaycan filmlərindən, "Arşın mal alan"dan, "Bizim Cəbiş müəllim"dən, "Bəxt üzüyü"ndən bir kiçik fraqment deyib gülüşürlər.

Sadə adamlar dükan-bazarda, toyda-yasda, asan xidmətdə "o olmasın, bu olsun" kimi sitatlarla, yəni ortaq mədəniyyət diliylə bir-birini anlamaqdan ləzzət alırlar.

Habelə, keçmiş sovet xalqları öz alternativsiz telekanallarında hər Yeni il bayramında, hər Qələbə günündə, hər adi gündə o qədər eyni sovet filmlərinə baxmışdılar ki, indi qəriblikdə həyatları kəsişən gürcüləri, osetinləri, moldovanları, azərbaycanlıları, erməniləri, rusları, belarusları, türkmənləri və başqalarını o filmlərdən bir qanadlı ifadə güldürür.

Daha bundan sonra bir rus, bir erməni, bir azərbaycanlı qadını "Moskva slezam ne verit" cümləsi qədər hansı qüvvə başlarını eyni müdrikliklə tərpədərək həmrəy edə bilər?!

İnsanları o filmlərin məhz sözləri, ədəbiyyat hissəsi birləşdirir. Bədii dilin insanları, heç bir siyasi birliyi mümkün olmayan insanları belə birləşdirmək gücü var.

Avropa millətlərinin formalaşması

Kulturoloq Itamar Even-Zohar-ın Avropa millətlərinin formalaşmasında ədəbiyyatın roluna dair çox maraqlı bir nəzəriyyəsi var.

O deyir ki, bugün özünü alman, fransız, italyan, ispan, çex, bolqar, serb, xorvat adlandıran xalqları millət edən ədəbi mətnlər olub.

Əvvəllər öz milli kimliyini bilməyən milyonlarla sakin yaşayırdı Avropanın siyasi bölünmüş ərazilərində, məhz ədəbi mətnlər həmin parça-parça tayfaları birləşdirdi.

Doğrudan da, Almaniyanın yerində Lüksemburq Krallığı kimi çoxlu krallıqlar vardı və hər biri ayrı dildə danışırdı. Goethe, Schiller kimi yazıçıların əsərləri sayəsində yeni alman milləti yarandı.

Bizə tarix dərslərində öyrədirdilər ki, Almaniya ərazisindəki onlarca kiçik alman dövlətini Bismark birləşdirdi.

Itamar Even-Zohar isə "Avropa millətlərinin formalaşmasında ədəbiyyatın rolu" adlı məqaləsində Goldstein-ə istinadən yazır ki, yazıçılarımızın yaratdığı mənəvi bünövrə olmasaydı, Bismark bizi birləşdirə bilməzdi.

Yaxud italyanlar. Tədqiqatçının yazdığına görə, Apennin yarımadasının 22 milyon sakinindən yalnız 600 mini italyanca danışa bilirdi. Hətta dövrün Manzoni kimi böyük şairləri və yazıçıları fransızca daha səlis bilirdilər, nəinki öz dillərində.

Amma elə həmin Manzoni və bir qrup yazıçının sayəsində tarixə italyanları birləşdirən siyasətçi kimi düşən Count Cavour-ın səyləri baş tutdu, o, 19-cu əsrin əvvəlində italyanları 13-14-cü əsrlərdə yaşamış Dante, Boccacio, Petrarch kimi ədiblərin italyandilli ədəbi ənənəsi ətrafına topladı.

19-cu əsrin əvvəlində hələ italyanlar "Yeni xalqa kim qoşulmalıdır?" kimi müzakirələr aparırdılar, İtaliyanın bütün sakinləri yeni millətə qoşulmağa razı deyildilər.

Avropa millətləri ortaq ədəbi mətnlər ətrafında formalaşdı. İnanmaq nə qədər çətin olsa da, bir vaxtlar iki Avropa dövləti bir-birilə ədəbiyyat üstündə müharibə aparıb.

17-ci əsrdə İslandiya ilə Danimarka arasında olub bu müharibə. Onların hər biri "Flatey kitabı" və "Edda poeziyası" adlı ədəbi əlyazmaların məhz özünə məxsus olduğuna inanırdı. Qədimi ədəbi əsərə malik olmaq güc sayılırdı.

"Din, siyasi ideologiyalar deyil, mədəniyyət"

Təsadüfi deyil ki, farslar və Azərbaycan türkləri arasında bir sıra şair və filosofların kimə məxsus olması mübahisəsi gedir, çünki xalqların siyasi birliyi üçün ədəbi mətnlərə ehtiyac var.

Azərbaycan xalqının da formalaşmasında ədəbiyyatın güclü rolu olub. Bir neçə dəfə ədəbi intibah olub ki, onların hər biri bu gün ortaq mənəvi platforma kimi dəyər hesab edilir.

"Kitabi Dədə Qorqud" dastanları, fəlsəfi Nizami, Füzuli, Nəsimi yaradıcılığı, realist Xaqani yolu, maarifçi Üzeyir Hacıbəyov, Cəlil Məmmədquluzadə, Mirzə Fətəli Axundov, Yusif Vəzir Çəmənzəminli xətti.

Ancaq başqalarından fərqli olaraq, bizdə bu proses hələ başa çatmayıb, natamamdır.

Özlərini bugün təkəlilər, tərəkəmələr, cavanşirlər, əfşarlar, bayatlar kimi tayfa adlarıyla tanıyan azərbaycanlılar çoxdur; onlar Avropa millətlərinin formalaşmasından əvvəlki avropalılar kimidir.

Azərbaycan xalqı əgər bundan sonra uğurlu bir gələcək yaşayacaqsa, bir millət kimi formalaşacaqsa, bunun üçün dinlər, siyasi ideologiyalar deyil, Azərbaycan mədəniyyəti, ədəbiyyat tarixi, ədəbi mətnlər mənəvi bünövrə olacaq.

2017

bbc.com

# 7899 dəfə oxunub

Müəllifin son yazıları

# # #