Qollarımda əqrəb, boynumda ilan... – Nərmin Kamaldan YENİ HEKAYƏ

Qollarımda əqrəb, boynumda ilan... – <span style="color:red;">Nərmin Kamaldan YENİ HEKAYƏ
3 avqust 2017
# 12:02

Kulis.az Nərmin Kamalın “Əyləncə” hekayəsini təqdim edir.

Elə eləyin ki, sabah dividi tapa bilim. Xahiş eləyirəm, əlinizdən gələni eləyin! Bir də heç nə istəmərəm, söz verirəm, təki indi xilas eləyin məni. Əgər sabah hansısa dükanda o divididən tapa biləcəyəmsə, onda mənə nə isə bir işarə verin...

O gecə üzümü səmaya tutub belə sözlər dedim. İstəyimi deyəndən sonra göz-qulağımı gərib nəhəng kəhkəşanı dinşədim. Gözlədim bəlkə bu aydın gecə səmasında bir ulduz axa, bəlkə xəfif nəfəs kimi təkcə mənim hiss edəcəyim bir səs, bir tərpəniş ola... Heç bir işarə yox idi. Düzdü, ulduzlar say-say sayrışırdı, ancaq ki, o sayılmır. Çünki mənim sözlərimdən əvvəl də sayrışırdılar. Qollarım süstləşdi, qayıdıb girdim evə.

Səhər sübhdən qapını astaca örtüb şəhərə çıxdım. Ardımca anam ağ saçlı başını qapıdan çıxarıb hirslə “Dividi!” qışqırdı. Günortaya qədər bütün mağazaları ələk-vələk elədim, hər yanı gəzib dolaşdım. Hamısı eyni sözü deyirdi: “Yoxdur”. Arada birini tapdım, amma o qara rəngdəydi.

Şəhərdən ümidimi üzüb şəhərlərarası qatara mindim, bizim şəhərlə qonşu şəhərin arasında təzə salınan Çin bazarına yola düşdüm. Yanımda anam yaşlarında bir qadın gəlib oturdu. Bir anlıq istədim başımı ona söykədim, o da sakit durmasın, məni bağrına bassın. Amma hakimin sözlərini yada salıb özümü yığışdırdım. Söz vaxtına çəkər, onda da günortaydı. Nahar fasiləsinə az qalmış hakim atamla anamın boşanma qərarını oxuyandan sonra gözünü kağızdan qaldırıb ağızucu dedi:

“Azyaşlı olsaydı, qərarda övladınızı da nəzərə alardıq. Amma ehtiyac yoxdur, Svetanın 30 yaşı var, özü öhdəsindən gələcək.”

Onda da yay idi, tatuları məhkəmə camaatından gizlətmək üçün o istidə uzunqol pencək, boyunlu köynək geyməyə məcbur olmuşdum. Hakim çıxan kimi hamıdan əvvəl özümü atdım məhkəmənin parkına. Saçıma-başıma bir az meh dəydi. Çəmənliyin balaca fəvvarəsi fırlana-fırlana şalvarımın ətəyini isladıb keçdi. Restorandan qab-qaşıq cingiltisi, gülüş səsləri, içkilərin qoxusu parka yayılırdı. Atamla anam bir-birinin üzünə də baxmırdılar, atamın vəkili olan kişiylə anamın vəkili olan qadınsa birlikdə deyə-gülə məhkəmədən çıxdılar, bircə əl-ələ tutmaqları qalmışdı, qabağımdan keçib restorana girdilər. Sonra anam çıxdı məhkəmədən, gəlib yanında oturdu, çantasını yerə qoydu:

“Sveta, heç kədərlənib eləmə. Ananın ömrü uzanacaq bundan sonra. Çox şey var, sən bilmirsən. Gərək məni başa düşəsən. Bu gen dünyanı başıma sənə görə dar elədim ki, elə biləsən xoşbəxt ailədə böyüyürsən. Bir-iki ay bundan əvvəl öz-özümə dedim, daha nə gözləyirəm?! İndi daha Sveta da böyüyüb.” Hakim içəridə çox danışmağa icazə verməmişdi, o da parkda ürəyini boşaldırdı: “Öz həyatın, öz işin-gücün var. Qoşanağaradı, çalırsan. Başqa min dənə iş-peşə seçə bilərdin, özün musiqini istədin, musiqini seçdin. İstəyəndə çaldın, istəməyəndə aylarnan çalmadın, aylarnan məşqlərə getmədin. Yəni özün bilirsən istək nədir. Mən də istəmirəm. Daha dözə bilmirəm. Sən sevinməlisən ki, biz ayrıldıq. Başqa cür də ola bilərdi, atan ananı öldürə də bilərdi. Sveta, niyə danışmırsan?”

İçindən sənədlərin ucları görünən çantasını yerdən qaldırdı, “Eybi yox, səni tək qoyum, rahatlan, sonra danışarıq” – deyib getdi. Kiçik fəvvarə yenə şalvarımın ətəyini yalayıb keçdi.

“Səbiş, yaxşısan? Nəsə pis görünürsən, üzün tutulub” – xalaqızım gəldi. Onu başımdan edəndən bir az sonra atam çıxdı məhkəmədən, gəlib yanımda oturdu. Sifəti elə idi, elə bil bir maşın daş daşımışdı: “Anan həyatımı məhv elədi. Həyatımın harasına baxsam, görürəm anan mənim qabağıma çıxmasaydı, filan şey başqa cür olardı, bəhmən şey ayrı cür olardı. Çətindi. Neçə gündü baxıram dama, divara, özümü asmaq istəyirəm. Bircə sənə görə yaşayıram.”

Hərəsi bir çiynimdə ağladı. Üstündən altı ay sonra özüm də Əzizdən ayrıldım. Bilmirəm necə oldu. Adamlar var, başlarına nə gəlsə, başa düşürlər niyə oldu, nədən oldu. Bəxtəvərdilər. Mən heç nəyi başa düşmədim. Üç ildi mehriban yaşayırdıq. Yəqin indi yenə oturub pəncərənin qabağında, yanbızları taburetdən pırtlayıb çıxıb. Əyilib kasaya od hazırlayır.

Müştəri olmayanda ya öz bədəninə döyürdü, ya mənim bədənimə. Qollarıma əqrəb döydü. Boynuma ilan. Sinəmdə “Fuck” yazmağını istəmirdim. Qayıtdı ki, bəs bu bədən mənimdi deyirdin?! Nəsə, xətrinə dəymədim. Fürsət düşən kimi pozduracam. Hərdən bir müştəri düşəndə necə sevinirdi. “İşlər yaxşı gedir, sənətkar?” – müştəri deyirdi.

“Zülümdü. Müsəlman ölkəsində bu iş getmir, qardaş. Yoxdu gələn” – deyirdi. “Bəzən biri gəlir, deyir, elə tatu çək ki, sonra silinsin. Deyirəm ona, qurban olum sənə, müvəqqəti tatu olmur. Elə-belə tatu olmur. Qərarını ver! Qərar verə bilmir.”

Elə ki müştəriylə söhbətə başladı, iş çəkirdi gecəyarıya. Onda mən aradan çıxırdım.

“Evdə tapılmırsan” – gecə mən qayıdanda deyirdi.

“Sən bilirsən hara gedirəm. Yenə atamı teatra aparmışdım.”

“Atamı teatra aparmışdım. Öz həyatını, işini-gücünü atıb atasını teatra aparır. Biz görmüşük ata balaca uşaqlarını yığıb teatra aparar. Sizdə tərsinədi. Sizdə hər şey tərsinədi. Adamın ata-anası boşanar. Amma uşaq vaxtı. Daha bu yaşda yox” – əvvəl elə bilirdin boğazdanyuxarı deyinir, sonra səsini get-gedə qaldırırdı. “Sənin indi mənimlə teatra gedən vaxtındı. Qıznan yaşayıram, ya yox? Əgər hə, onda niyə hər axşam burda tək otururam, hər gecə tək yatıram. Gözdə, teatr qurtarar, Sveta xanım atasını, anasını ayrı-ayrılıqda əyləndirər, ondan sonra evə gələr.”

“Kefimdən aparmıram onu teatra. Fikrini saxlayıram. Ata mənimdi, tanıyıram onu. Həyatdan bezib. Özü diliylə dedi, özünü öldürmək istəyir. Başını qatıram.”

“Bəs mənə əyləncə lazım deyil? Nə vaxt yaxınlaşsam, deyirsən, indi yox. Vırhavır inşaat da bu yandan baş-beynimi aparıb.”

Onu düz deyirdi. Həyətdə gecə-gündüz iki betonqarışdıran maşın yanaşı durub həşirlə fırlanırdı. Pəncərədən hər baxanda krançı orda olurdu. Üç-beş aya təzə evlərdə həyat kölgələr kimi pərdələr arxasında gizlənəcəkdi, hələ ki, içləri tamam görünürdü. Hər mərtəbənin döşəmə-tavanı hazır olduqca kabinə yuxarı qalxırdı. Qalxa-qalxa Əzizin pəncərəsi bərabərinə - on yeddinci mərtəbəyə çatmışdı. Krançı yeməyini kabinəsində yeyir, yemək artıqlarını ordan büküb aşağı tullayırdı. Nahardan sonra oturduğu yerdə ayaqlarını aralayıb başını qollarının üstündə kabinənin pəncərəsinə qoyurdu, günortasını yatırdı. Axşam iş qurtaranda kranın pillələriylə asta-asta aşağı düşürdü. Düşüb yerə baxırdı, əgər hələ külək aparmayıbsa gün boyu tulladıqlarını tapıb zibilqabına aparırdı. Əziz demişdi bir pişik də kranın pilləkənləriylə yuxarı qalxırmış, ancaq mən görməmişdim. Yemək verib dadandırıbmış ora.

Mənə də kabinənin içi maraqlıydı. Kaş dırmaşardım ora. Çıxsaydım, gərək elə günün ortası çıxaydım, fasilə vaxtı. Orda krançıyla yan-yana oturardım, vaxtın daha asan keçməsiyçün bir-birimizə kömək edərdik. Fikirləşirdim, amma gedib dırmaşmırdım. Yəqin onun öz kabinəsində tək qalmaqdan xoşu gəlir. Ora çıxdığımı görsə, acıqlanardı bəlkə. Lap acıqlanmasa da, nə mənası? Nə barədə danışacaqdım onunla? Krançı nə danışsa, mən atamdan, anamdan danışacaqdım. Krançı da Əziz kimi deyəcəkdi 30-40 yaşında uşağı olan da boşanar? Bu nə işdi gəlib başına?! Axırda krançı başqa adamlar kimi deyəcəkdi fikir eləmə, balaca uşaq deyilsən ki, hər şeyi başa düşən yaşındı.

Əzizlə axırıncı dəfə günorta dalaşıb evdən çıxanda həyətdə düz biraddımlığımda yerə pivə bankası düşüb danqıltıyla sıçradı. Bircə addımın söhbəti vardı ki, başım partlamadı. Bu, krançıyla son ünsiyyətimiz oldu.

Həmin gün anamgilə köçdüm. Anamgildə hər səhər gözümü açan kimi öz-özümə deyirəm: “Görəsən, bu gün ilk nə eşidəcəyəm, günüm də elə keçəcək...”

“Boğub qızı, zorlayıb, öldürüb, alçaq...”- ilk eşitdiyim bunlar olur. Anam bütün axşamı televizorda cinayət verilişlərinə baxır, səhər sübhdən telefonda bunları bekar qohumlarına danışır. Bəzən səhəri gözləməyib axşam da danışır. Mən də uzunqol pal-paltarda gəzirəm evin içində. Gərək vaxt tapıb tatuları sildirəm.

Çin şəhərciyinə çatanda gün günortaya gedirdi. Günəş şəhərlərarası qatarları, qızıl qum təpəciklərini, içərisi min bir xırdavatla dolu çadırları, burada qarışqa sürüsü kimi qaynaşan adamları qovururdu. Öz əlimlə bura qoyubmuşam kimi, gümüşü nazik uzunsov dividi qutumu axtarmağa başladım. Dal-dalı düzülüb səbrlə addımlayan izdihamın dəvə ayaqları kimi zərbələrini eşidirdim.

Barmaqlarım eşitdiyim zərbələri təkrarlamaq üçün qıc olurdu. Sərt çantamı götürsəydim, çantanın müstəvisində onları azad buraxardım, asta-asta tıqqıldadardılar. Barmaqlarımın məndən ayrı olduğunu heç kəsə başa sala bilmədim. Onlar şən çalsa da, mənə nə. Onların nə çalmağının mənə dəxli yoxdu. O vaxt məktəbdə oturduğumuz yerdə birdən ədəbiyyat müəlliməsi qaşını çatıb deyirdi: “Bu nə səsdi!” Məni küncə də qoydular buna görə, direktorun otağına danlamağa da apardılar.

Birinə demişdim o vaxt, özümdən asılı deyil. Direktorun katibəsi idi. Demişdi, nə nəğməli ürəyin var. Cavab qaytarmışdım ona. Nəğmə, yox bir! Karate kimi bir şeydi, amma əşyaları döyürəm. Əslində günə altı saat əyləşib əməlli-başlı qoşa çalsam, yaxşı olar, barmaqlar yorular, daha dama-divara vurmazlar özlərini. Amma oturub ciddi çalmağa vaxt yoxdu. İstək də yoxdu. Barmaqlarımı belə, ayaq üstə lələ-güləylə dolandırıram. O gün teatrda qabağımdakı oturacaqda çalırdım. Adam hiss elədi, bir döndü, iki döndü. Heç nə deyə bilmədi.

Atam daha teatr da xoşlamır. “Aktyorlar səhnədə kablukla yeriyirlər, səhnədə ayaqqabıları gumbuldayır, əsəbləşirəm” - teatrdan çıxanda deyir. Mən heç eşitmirəm kabluk-mabluk səsi. O deməsə, heç bilmərəm. Bir dəfə istədim deyim sən onun sözlərinə qulaq as, dabanlarının səsiylə nə işin?! Amma demədim. Bilmirəm. Ona qarşı getməkdən qorxuram. Birdən gedib özünü asar.

Onsuz da hər gün anamla bir-birini görməyə-görməyə dalaşırlar. “Musiqi sənə məndən keçib” – atam o axşam mağazaların jalüzləri şaqqaşaraqla çəkilən vaxtı biz teatrdan evə qayıdanda dedi. Mən də bunu anama dedim, elə bildim körpü atacam aralarına, elə bildim yaxşı söz dedim. Cavabında anam məni balaca kos kimi götürüb atamın qapısına çırpdı: “Get ona de ki, bircə dəfə səni musiqi dərsinə aparıb? Ya bəlkə evdə qoşa nağaranı qabağına qoyub sənə bir zərb öyrədib? Ondan sənə musiqi necə keçə bilər?!”

İstədim deyim qanla. Amma dərinə getmədim. Söz güləşdirmək nəyə lazımdı, axı həyatda əsas məsələ o deyil. Əsas məsələ odu ki, anam telefonla danışıb yenə də birtəhər öz başını saxlayırdı, atamınsa insan ünsiyyəti ilə arası yoxdu. Bütün günü uzanıb dama baxırdı. Axırıncı dəfə güclə gedib evindən çıxarmışdım. Heç yana getmək istəmirdi. Onu istəmədiyi bu həyatda necə saxlayacaqdım?! Teatra getməyi xoşlamırsa, başqa əyləncə tapmalıydım. Hətta mümkün olsa əyləncəni onun otağına gətirməliydim.

Anamın otaqlarında elə bu fikirlə var-gəl edirdim ki, gözüm nazik uzunsov gümüşü bir qutuya sataşdı. Üstündə yazılmışdı: “Shivaki” DVD. Hər gün telefonda danışdığı qardaşı qızı bu yaxınlarda Amerikaya gedib gəlmişdi. Bu dividini də ordan gələndə hədiyyə gətirmişdi. Anam ancaq həftədə bir dəfə tozunu silirdi onun. Heç içinə disk salıb bircə filmə baxmamışdı. Baxmaq da istəmirdi. Bu əşyanın ondan ötrü içində sıxılmış qaranlıq gizlədən mücrüdən fərqi yox idi. Bir axşam yeməkdən sonra, cinayət verilişi başlamazdan əvvəl anama dedim:

“Olar dividini bir həftəlik ataya verim? Bir-iki tamaşa almışam onun üçün, baxsın, qaytarsın.”

“Olar, niyə olmur?! Bir həftəyə qaytaracaqsa, olar” – anam dedi.

“Bir həftəyə o dividi sənin yadından çıxacaq” – öz-özümə dedim. Səhəri gün dividini qoltuğuma vurdum, satıcının seçdiyi bir neçə gülməli tamaşa diski də aldım, atamın qapısını döydüm.

“Səninçün hədiyyə gətirmişəm. Bundan sonra nə qədər istəsən, evdə otur tamaşalara bax. Ana deyir, onsuz da baxmıram, lazım deyil bu dividi mənə, apar ver atanda qalsın” – mən belə dedim.

Bir müddət başı qarışdı. Tamaşalar evə gəldi. İnsan cocuq, həyat ona əyləncə. Bir həftənin tamamında anam dedi:

“Bəs hanı dividi?”

Həyəcanımı necə lazımdırsa gizlətdim, dedim, sabah qaytaracaq.

“Nə oldu dividi?” – anam səhəri gün də dedi.

Onda daha məcbur oldum, gedib atama dedim ki, dividini bir-iki günlük anaya aparmaq istəyirəm, bir film var, baxıb sonra qaytaracaq sənə. Onsuz da daha atama da gərək deyildi dividi. Onu götürüb çarpayısının altına qoymuşdu. Bu əyləncəli dünyanın üzərində uzanıb yenə gözlərini bəyaz damdakı sonsuzluğa zilləyirdi.

“Başa düşmədim, mənə verməmişdiz bunu?” – atam dedi.

“Hə, əlbəttə, sənə verib. İndi sadəcə bir filmə baxıb qaytaracaq. Yenə sənə qaytaracaq. Bəs o filmə harda baxsın?”

“Mənə vermisizsə, mən qaytarmıram. Gedib harda istəyirsə, baxsın. Vecimə deyil. Get ona belə çatdır!” – atam dedi.

Mən niyə anamın sözlərini olduğu kimi, heç bir əlavəsiz və heç bir dəyişikliksiz atama, atamın sözlərini olduğu kimi anama çatdıra bilmirdim?!

“Huşsuz başım! Dedi, gedəndə apararsan, yadından çıxmasın. Söhbətə baş qarışdı, ikimizin də yadından çıxdı. Sabah mütləq, necə olsa, gedib gətirəcəm.... Amma neynirsən ki, bu dəqiqə nəyəsə baxırsan?” – mən dedim.

Ən pis halda necə olmalıydısa, elə oldu:

“Baxıram, baxmıram, öz işimdi. Sabah dividi burda, bu masanın üstündə olsun. Yoxsa atanı polisə verəcəyəm.”

Çin bazarından qayıdanda axşam idi. Anam telefonla danışırdı. “...poçtalyon adıyla girib, qocanın əl-ayağını bağlayıb, bütün pulları yığışdırıb, aparıb...”

Əlimdəki dividini ehtiyatla televizorun altındakı şkafa yerləşdirdim. Görəsən, anam bu yeni qutunun onun öz qutusundan bir balaca qısa olduğundan duyuq düşəcək?! Sonra özümü taleyin ixtiyarına verdim. Anam dividiyə ötəri baxıb başıyla mənə “hə” dedi, qulağındakı telefonla danışa-danışa yanaşı otağa keçdi: “Əvvəllər 20 qocanı öldürübmüş. Amma bunu öldürməyib. Yəqin ona görə ki...” Anam, deyəsən, bilmədi. Qutunun üzərində “Shivaki” əvəzinə “Shavaki” yazıldığına da fikir vermədi.

İndi bizim ailədə iki dividi vardı. Biri atamda, o birisi anamda. Biri əsil idi, o biri surət. Bu gümüşü qutular heç birinə gərək olmasa da, uzun illər onlarla bir damın altında yaşayacaqlardı.

Axşam çiynimə jaket salıb küçəyə çıxdım. Gecəyarı dizlərim ağrıyana qədər gəzdim. Əzizin pəncərəsində işıq yanırdı. Bir qaranlıq səkidə kolların dibində oturdum. Yoldan keçən kişi məni görüb ona qısılan balaca oğluna dedi: “Qorxma, it dəyil”.

Gecənin qatranı qaraldıqca göydən yerə tərtəmiz hava töküldü. Buludlar ulduzları gizlətmişdi. Görünməsəniz də, sağ olun. Uzaq olsanız da, yer üzündəki adamlardan yaxınsınız. Bircə bilim ki, ordasınız, bilim ki, başımın üstündəsiniz, orda fır-fır fırlanırsınız. Ana şübhələnməsə, sabah həyatımın sakit bir günü olacaq. Nə işim olacaq ki, sabah?! Bu fürsət, gedib tatuları sildirərəm.

# 6314 dəfə oxunub

Müəllifin son yazıları

# # #