Heç vaxt pul xətrinə yazmayın... - Folknerdən gənc yazıçılara məsləhətlər

Heç vaxt pul xətrinə yazmayın... - Folknerdən gənc yazıçılara məsləhətlər
9 sentyabr 2024
# 17:00

Kulis.az Uilyam Folknerin "Yeni yazmağa başlayan yazıçılara məsləhətlər" essesini Nəriman Əbdülrəhmanlının tərcüməsində təqdim edir.

“Yazıçı olmaq” nə deməkdir

“Yazıçı” olmayın, sadəcə, yazın. Yazıçı olduğunuzu düşünməyiniz sizi durğunluğa aparıb çıxarar. Məhz yazı prosesi insanda canlanma, hərəkət, həyat doğurur. Hərəkətsizliyə yuvarlandığınız andan məhvə məhkumsunuz. Yazmaq heç vaxt gec deyil, bunun üçün sizə lazım olan yeganə şey mütaliə qabiliyyətidir.

Yazıçılığa münasibət haqqında

Həvəskar kimi qalın. Heç vaxt pul xətrinə yazmayın, yalnız zövq almaq üçün yazın. Yazı prosesi zövq verməlidir. Yazı – ilham verməlidir. Yazı müddətində də olmasa, işinizi bitirəndən sonra vəcd, yaradıcılıq yanğısı hiss etməlisiniz. Təkəbbürü özünüzə yaxın buraxmamalı, oturub gizlincə belə bir əsər yaratdığınıza görə sevinməməli, mümkün olan hər şeyi etdiyinizə əminlik duymalısınız. Gələn dəfə isə daha yaxşı yazacaqsınız.

Texnika haqqında

Yazı texnikasını öyrənmək istəyirsinizcə, cərrahlıq öyrənin, ya da bənnalıqla məşğul olun. Sizə əsər yazmaqda yardım göstərəcək heç bir mexanizm, heç bir asan yol yoxdur. Gənc yazıçı nəzəriyyəyə əməl etməyə cəhd göstərirsə, deməli, səfehdir. Yaxşı yazıçı heç kəsdən əməli məsləhət ala bilməyəcəyini başa düşür. O, son dərəcə şöhrətpərəstdir. Bəyəndiyi yazıçının kimliyindən asılı olmayaraq, həmişə ondan irəli getməyə çalışır.

Roman başlamaq üçün ən yaxşı üsul

İlk növbədə bir xəyali personaj yaradın. Həmin personaj peyda olub həqiqi və parlaq obraza çevrilən kimi, özü işə başlayacaq. Yeganə işiniz yalnız onun dalınca qaçmaq, hərəkətlərini və danışdıqlarını kağıza köçürmək olacaq. Amma həmin personajı yaxşı tanımalı, ona inanmalısınız. Onun gerçək olduğuna əminlik duymalı, ardınca da, əlbəttə ki, təbiətinə uyğun gələn münasib hadisələr seçməlisiniz. Bundan sonra romanın yazılışı prosesi mexaniki işə çevriləcək. Süjetin böyük bir hissəsi artıq qələminizin kağıza toxunmasından xeyli əvvəl hazır olacaq. Amma personaj sizin anlayışınızda gerçək olmalı, təcrübənizə uyğun gəlməlidir. Təcrübə - bir vaxtlar danışdıqlarınız, oxuduqlarınız, xəyalınızda canlandırdıqlarınız, eşitdiklərinizdir, bütün bunlar da sizə öz personajınızı qiymətləndirmək üçün kriteriyalar verir. Personaj canlananda, gözünüzə gerçək kimi görünəndə, sizin üçün əhəmiyyətli bir nəsnəyə çevriləndə artıq onun haqqında roman yazmaqla bağlı çətinliyiniz olmayacaq.

Yazıçını ustada çevirən məqam haqqında

Yaxşı romançı heç vaxt öz işindən razı qalmır. Əsəri heç vaxt ona ideal görünmür. Daim arzulara dalın, fikrinizcə, bacardığınızdan daha yüksəyə qalxmağa can atın. Müasirlərinizdən, yaxud sizdən əvvəl yaşamış yazıçılardan irəli getməyə çalışmayın. Yaradıcı şəxsiyyət – iblislər tərəfindən idarə olunan adamdır. Bu cür adam iblislərin nəyə görə onu seçdiklərini bilmir, bu barədə düşünməyə vaxtı belə, yoxdur. O, vicdan əzabı duymadan hamıdan və hər kəsdən oğurlamağa, borc götürməyə, yalvarıb almağa hazırdır, təki öz əsərini bitirsin. Onu yalnız öz sənəti maraqlandırır. Yaxşı yaxşı – vicdansız adamdır. Qəlbindəki arzudan əzab çəkir, ondan xilas olmağa çalışır. Məqsədinə çatanadək də rahatlıq tapmır. Hər şeyi – şərəfi, qüruru, namusu, etibarı, xoşbəxtliyi kənara atır, təki kitabını yazıb bitirsin. Hətta doğma anasını qarət etmək məcburiyyətində qalsa belə, bu addımı atmaqda da tərəddüd etməyəcək.

Dayanmaq məqamı haqqında

Həmişə əməl etdiyim yeganə qayda hekayəti hadisələrin ən qızğın vaxtında bitirməkdir. Heydən düşənədək yazmayın. Daim yazı prosesi qaydasınca gedəndə işinizə ara verin. Onda yenidən işə başlamaq sizin üçün asan olacaq. Özünüzü əldən salsanız, ölü zonaya düşərsiniz, ordan da çıxmaq heç asan deyil. Bu, məşhur ifadədə deyildiyi kimidir: “İnsan öz şöhrətinin zirvəsində olanda (sənətdən) getməlidir”.

Dialektlər haqqında

Belə hesab edirəm ki, mümkün qədər jarqondan qaçmaq lazımdır, çünki belə şeylər yad oxucunun xoşuna gəlmir. Personajı daim öz ləhcənlə danışdırmağına ehtiyac yoxdur. Bunu cəmi bir neçə dəfə, həm də sadə və ötəri tərzdə nəzərə çarpdırmaq bəs edər.

Personajlar haqqında

Sırf həqiqət yalnız qəlbdən gəlir. Özünüzün bütün uydurmalarınızı oxuculara sırımağa çalışmayın. Sadəcə, personajı gördüyünüz kimi təsvir etməyə çalışın. Xarakter cizgilərinin bəzilərini bir adamdan, bəzilərini də başqasından götürün, nəticədə oxucuların görə və duya biləcəkləri üçüncü adam – qəhrəman – yaranacaq.

Yazıçılıq üçün ideal yaş haqqında

Nəsr üçün ən yaxşı dövr 35 yaşından 45 yaşınadək olan dövrdür. Qəlbinizin odu hələ sönməyib, hər şeyi bildiyinizi hiss edirsiniz. Nəsr təmkin tələb edir. Poeziya üçün ən yaxşı dövr 17-26 yaş arasıdır. Həmin vaxt qəlbinizin bütün odu sürətlə havaya qalxan bir raketdə cəmləşir.

Üslub haqqında

Mən öz üslubumu yaratmaq üzərində çalışmıram. Hesab edirəm ki, üslub yaradıcılıq vasitəsindən başqa bir şey deyil, öz üslubunu yaratmaq, yaxud o üsluba əməl etmək üçün həddən artıq çox vaxt xərcləyən yazıçının isə, ola bilsin ki, deməyə sözü yoxdur, özü də bunu bilir və elə bundan da qorxur. Nəticədə isə qiymətli xəzinə kimi yalnız üslub yaratmaqla məşğul olur... Buna görə də üslub – alətdən başqa bir şey deyil. Məncə, yaratdığınız hekayətin özü üslubu idarə edir, yəni bir üslub bu gün yaxşıdır, digəri isə sabah uyğun gələ bilər. Yazıçı da yaxşı dülgər kimi, həmin üslubu mənimsəməyi bacarmalıdır. Üslub özü isə, məncə, ikinci dərəcəli şeydir.

Həqiqət baxımından yazıçılıq

Zəmanəmizin faciəsi – qəlbimizdə lap çoxdan kök salmış, hər yeri tutmuş və hər şeyi bürümüş, hətta artıq dözməyi öyrəndiyimiz qorxudir. Bizi daha heç bir mənəvi problem narahat etmir. Daha çox bu sualdan əziyyət çəkirik: “Mən nə vaxt məşhur olacağam axı?” Buna görə də gənc yazıçılar yaxşı əsərin əsasını təşkil edən insan qəlbinin problemlərini və öz-özləriylə ziddiyyəti unudurlar. Amma məhz bu barədə yazmaq lazımdır, yalnız bu məqamlar əzab-əziyyətə və ağır zəhmətə dəyər.

Gənc yazıçılar bunu yenidən dərk etməlidirlər. Onlar hər şeyin qorxuya əsaslandığını öyrənməlidirlər. Həm də bunu dərk edib həmişəlik unutmalı, öz yaradıcılıq emalatxanalarında həqiqətdən və gerçəkdən, bütün şeylərin qlobal mahiyyəti olan sevgidən, şərəfdən, mərhəmətdən, vüqardan, şəfqətdən və fədakarlıqdan başqa heç nəyə yer verməməlidirlər. Gənc yazıçılar nə qədər ki, bunu başa düşməyiblər, əziyyət çəkəcəklər. Əks halda onlar sevgidən deyil, şəhvətdən, kimsənin bir şey itirmədiyi məğlubiyyətlərdən, ümidsiz qələbələrdən yazacaqlar, ən pisi isə, əsərlərini rəhm və şəfqət hissi olmadan qələmə alacaqlar. Onların dərdi heç kəsi kədərləndirməyəcək, heç kəsin qəlbində iz qoymayacaq.

Əsər adları haqqında

Məncə, uzun adlarla bağlı heç bir qayda-filan yoxdur. Belə hesab edirəm ki, yığcam ifadə olunan hər şey daha gözəl olur. Əsasən, adın kitabın özü haqqında fikir yaratdığına inanıram. Bu məsələdə də “nə qədər qısa olsa, o qədər yaxşıdır” prinsipi məqbuldur.

Uğursuzluqlar haqqında

Kamilliklə bağlı arzumuza can atdığımız yolda hamımız uğursuzluğa düçar olmuşuq. Buna görə də mən yazıçıları mümkünsüzü gerçəkləşdirməkdə ağlagəlməz cəhdlərinə əsasən qiymətləndirirəm. Mənə elə gəlir, əsərlərimi yenidən yazmaq imkanım olsaydı, onları daha yaxşı yazardım. Bu da yazıçı üçün tamamilə normal şeydir. Elə buna görə də yazıçı öz işini davam etdirir, qələmi yenidən sınayır, inanır ki, bu dəfə daha yaxşı yaza, əsəri ideal səviyyəyə qaldıra biləcək. Nəticədə, əlbəttə, məqsədinə çatmır, ona görə də yazıçı üçün belə bir vəziyyət təbiidir. Amma əgər hansı yazıçı isə istəyinə nail olur, əsəri, hər halda, ideala uyğun gəlirsə, onda onun özünü boğazlamaqdan, yaxud “Kamillik” adlı dağın zirvəsindən aşağı atmaqdan, beləliklə də öz varlığına son qoymaqdan başqa bir çıxış yolu qalmır. Mən – uğursuz şairəm. Yəqin ki, hər bir nasir əvvəlcə şeir yazmaq istəyib, bunu bacarmayanda isə qələmini hekayələr yazmaqda sınayıb ki, bu da, əslində, poeziyadan daha çətindir. Axırda da hekayəçilikdə uğursuzluğa məruz qalmış yazıçı, romanlar yazmağa başlayıb.

İlhamın coşqun məqamında işi təxirə salmaq haqqında

Öz kitabınızı yazmağa həmişə vaxt tapa bilərsiniz. Bunun əksini iddia edən hər kəs öz-özünü aldadır. Bu mənada da o, tamamilə ilhamdan asılı olur. Gözləməyin, ilhamınız gələndə yazın. İşinizi sonraya saxlamayın, daha münasib vaxt tapacağınızı gözləməyin, sonra yaddaşınızda bərpa etməyə və təsirli ifadələrlə zənginləşdirməyə çalışmayın. Heç vaxt məhz həmin ovqatı tuta, ilk təəssüratda duyduğunuz məqamları bütün parlaqlığı ilə görə bilməyəcəksiniz..

Yazıçıya lazım olan şey haqqında

Yazıçıya yalnız sakitlik, tənhalıq və məmnunluq lazımdır ki, bunları da yetərincə ucuz qiymətə əldə edə bilər. Yazmaq üçün şərait ürəyincə deyilsə, yazıçının qazandığı yalnız həddən artıq təzyiq, hiddət və peşmanlıq olacaq. Öz təcrübəmdən deyim ki, mənə ilham üçün ancaq kağız, tütün və bir qədər də viski lazımdır. Yazıçıya iqtisadi azadlıq gərək deyil. Ondan ötrü qələm və kağız vacibdir. Pulu qabaqcadan ödənilməklə yazılmış bir sanballı əsərə belə rast gəlməmişəm. Yaxşı yazıçı heç vaxt sədəqə istəmir. O, öz işi ilə cani-dildən məşğul olur. Əgər çox yaxşı yazıçı deyildirsə, nə vaxtının, nə də pulunun olduğunu iddia etməklə yalnız özünü aldadır. Yaxşı əsərlər yazanlar arasında oğrular da, qaçaqmalçılar da, talançılar da var. Adamlar həddən artıq çoxlu sınaqlar və kasıblıqla üz-üzə gələcəklərindən qorxurlar. Onlar həddən artıq qəddar ola biləcəklərindən çəkinirlər. Yaxşı yazıçını heç bir qüvvə məhv edə bilməz. Onu sındıracaq yeganə qüdrət varsa, o da öz ölümüdür.

Öz təcrübəsindən kənarda olan şeylər haqqında yazmaq

Haqqında yazmaq mümkün olan mövzuların sayı-hesabı yoxdur. Yazıçı özünə məlum olan nəzər nöqtəsindən hər şey haqqında söhbət aça bilər. Başqa sözlə desək, o, öz təcrübəsindən və müşahidəsindən kənardakı mövzularda yaza bilər. Onun cəhdlərində məhdudiyyət olmamalıdır. Hədəf nə qədər çətindirsə, o qədər də yaxşıdır. Yazıçını qarşıda uğursuzluq gözləyirsə və bu, adi deyil, böyük uğursuzluq olsa, daha yaxşıdır.

Düzəlişlər aparmaq haqqında

İlhamınız coşanda ağlınıza gələn, demək olar, hər şeyi yazın. Yazdıqlarınızı dönə-dönə oxuyanda xoşunuza gələnləri istifadə edə bilərsiniz.

Güman ki, bir cümlədə, yaxud bir abzasda ifadə etmək mümkün olmayan hər bir hadisəni ciddi qəbul etməyə ehtiyac yoxdur. Mənim fəaliyyətimdə düzəlişlərə yer yoxdur, çünki bu məsələdə tənbələm. Mətn üzərində işləyə bilmirəm, hər şeyi dərhal, beynimdə redaktə edir, bu çərin, nifrətamiz işi kağız üzərində görməzdən əvvəl götür-qoy edirəm. Məncə, düzəliş etmək, əsasən, kitab yazmağın ikinci mərhələsidir, çünki roman, nəhayət, artıq yazılsa da, hələ də sizin görmək istədiyiniz səviyyədə deyil. Buna görə də bəzi şeyləri düzəldir, yoxlayır, redaktə edir, ideal vəziyyətə çatdırmağa çalışırsınız ki, əlbəttə, buna da nail ola bilməyəcəksiniz. Başqa sözlə, yazıçının özünün apardığı düzəliş daha çox onun özü, redaktorun apardığı düzəliş isə artıq oxucu üçündür.

Yazıçının zəruri vasitələri haqqında

Yazıçıya üç şey – təcrübə, müşahidəçilik və təxəyyül – lazımdır, həm də üçüncüsü olmadığı təqdirdə digər ikisi onu əvəz edə bilər. Mənim üçün hekayət, adətən, adi bir fikirdən, yaxud xatirədən, ya da təxəyyülümdə canlanan mənzərədən başlayır. Əsərin yazılması adi prosesdən başqa bir şey deyil, yazıçı bütün hadisələrin nəyə görə baş verdiyi, arxasınca da nələr olduğu aydınlaşanadək həmin prosesin içində olur. O, özünə məlum olan ən emosional yolla maksimum dərəcədə inandırıcı personajlar və ağlagəlməz dərəcədə maraqlı situasiyalar yaratmağa çalışır. Məsələn, yazıçı həmin yollardan biri kimi, öz ətrafındakı şəraitdən istifadə edə bilər. Deyərdim ki, musiqi – hissləri ifadə etmək üçün başlıca vasitədir, amma mənim istedadım sözdən ibarət olduğuna görə, sırf musiqinin asanlıqla görə biləcəyi işi yöndəmsiz tərzdə kağız üzərində görməyə çalışıram.

Yazıçı üçün ən yaxşı məşq haqqında

Oxuyun, oxuyun, oxuyun. Hər şeyi – təsadüfi kitabları, klassik əsərləri, yaxşı və pis kitabları oxuyun. Başqaları kimi, müşahidə aparın. Dülgər öz işini müşahidə sayəsində öyrənir. Oxuyun! Siz də öyrənəcəksiniz. Sonra da yazacaqsınız. Əsərinizin dəyəri varsa, bunu başa düşəcəksiniz, yoxdursa, onu pəncəədən bayıra atın.

Başqa iş haqqında

Yazıçılığı özünüzün əsas işinizə çevirməyin. Dolanışığınız üçün pul qazanmaq məqsədiylə başqa bir işə girişin. Pul həyatınızın başlıca məqsədinə çevrilinəcən və kitabınızı yazıb bitirmək üçün son müddət yoxdursa, nə işlə məşğul olmağınızın fərqi yoxdur. Əsas işinizin çox, yaxud az olmasından asılı olmayaraq, yazmaq üçün kifayət qədər vaxt tapa bilərsiniz. Mən hələ istədiyini yazmaq üçün vaxt tapmayan bir yazıçıya da rast gəlməmişəm.

# 1406 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #