Mənasız nişan toyları – Nazlı Çələbi yazır...

Mənasız nişan toyları – Nazlı Çələbi yazır...
23 iyul 2022
# 17:00

Kulis.az Nazlı Çələbinin yeni yazısını təqdim edir.

İndicə bir nişan videosu qarşıma çıxdı.

Təntənə, xüsusi hazırlanmış proqram və dekorasiyalar.

Nişanlı qızın bahalı ziyafət geyimi, restoran, kamera və s.

Hər şey gözəldir, əladır. Və... Yenə peşəm imkan vermədi ki, susum.

Məsələn, bəyin mədəsində və əsəb sistemində olan nasazlıq, gəlinin onurğasında olan problem məni səslədi ki, danış e, danış.

Həmin bu adi nişan məclisinə tökülən pulu gözə yarı hesabladım. Ölü yerdən heç olmasa 4.000-5.000 azn xərclənib. Allah ruzularını bol, güzaranlarını xoş etsin, maşaallah! Hamıya belə mərasim qismət olsun, amin. İndi desəm ki, ay bəy, ay gəlin, sənə müalicə lazımdır, xərcin uzağı 400-500 azn tutacaq, gözlərinə elə bir dəhşət və qorxu çökəcək ki, "nə danışırsan ay həkim, o qədər pul hardandır?" Amma bu boyda rasxod edib şənlik quraraq dəb halına salmaqdan qorxmurlar.

Qorxmurlar ki, kasıbın da oğlu, qızı var, bu dəblə ayaqlaşa bilməyəcək, ailələr arasında (əsasən də qız evi tərəfdən) narazılıq yaranacaq, kasıb oğlan bu pul xərcləmə mərasiminə layiqincə qatıla bilmədiyi üçün içində sınacaq, qızın və onun ailəsinin yanında gözü kölgəli olacaq, hələ qabaqda toy mərasimi var, onu necə həll edəcək? Qorxmurlar ki, toydan sonra xəstəlikləri getdikcə dərinləşəcək, uşaqları dünyaya xəstə gələcək, bütün ailə xəstəliklə əlləşəcək, həm də ömür boyu. Yox! Bunu heç düşünən də yoxdur. Əsas nədir?

Əsas odur ki, necə dəbdəbəli nişan edildiyi lentə alınsın, qonum-qonşu, qohumlar bu ailənin qızına necə yüksək qiymət verildiyi barədə həsədlə danışsın. Axı bizdə insana qiymət onun bahalı geyiminə, aksessuarlarına, evinə, maşınına, getdiyi restoranlara görə verilir. Əsas, qoy camaat görsün. Sonra ayrılsalar da, dalaşsalar da, düşmən olsalar da olar. "Zato" qız evi oğlan evinə "pritenziya" edə bilməyəcək ki, qızıma filan şeyi ucuz aldın, "deşovka" nişan etdin, toyu da bizim gücümüzə etmisiz. Ya da oğlan evi desin ki, siz kim ki, idiniz belə, sizi adam yerinə qoyub filan yerdə nişan etdik, filan bahalıqda toy etdik? Heç kim etmədiyini etmişik eee sizə! Noldu, qudurduz???

Bütün bu davalardan onsuz da mədəsi və əsəbi xəstə olan bəy, həmin o günə tüpürəcək, peşman olacaq, xəstəliyi biraz da ağırlaşacaq, ailəsinə də, o biri ailəyə də nifrət edəcək və bir ömür bədbəxt olacaq. "Fsyo", bitti, "the end"! Hələ gəlini demirəm. Baş və boyun ağrılarına, hamiləlik dövründə bel ağrıları və onurğa əyriliyi də əlavə olunacaq. Təsəlli tapmaq üçün toy və nişan videolarına baxıb sosial şəbəkələrdə paylaşacaq, yenidən o günlərə qayıtmaq istəyəcək, alınmayacaq.

Sonra... Sonra isə doğum evindən taa qəbr evinə gedənə qədər gəzilən xəstəxanalar, alınan dərmanlar, xərclənən pullar... Xoşbəxt görünmək istəyi isə insanı heç vaxt tərk etmir deyə, epizodik gəzintilərdən çəkilən gülümsəyən, nazlanan, dodaq büzən, "sevilən" qadın rolunda ömrü başa vurmaq.

Vəssəlam

# 2465 dəfə oxunub

Müəllifin son yazıları

# # #