Xalq artisti: "Bəzi televiziya rəhbərləri küçəyə çıxmır, ona görə də tamaşaçıdan xəbərləri yoxdur" - Müsahibə

Xalq artisti:  "Bəzi televiziya rəhbərləri küçəyə çıxmır, ona görə də tamaşaçıdan xəbərləri yoxdur"  - Müsahibə
7 noyabr 2024
# 21:00

Kulis.az Xalq artisti Məbud Məhərrəmovun APA-ya müsahibəsini təqdim edir.

– Məbud müəllim, 46 ildir Azərbaycan Dövlət Rus Dram Teatrındasınız...

– Neçənci ildən hesablayırsınız?

– 1978-ci ildən.

– 47 ildir. Çünki 1977-ci ildən – hələ tələbə olarkən bu səhnədə müxtəlif tamaşalarda oynamışam, 47 ildir...

– İnsan çox vaxt yeknəsəqlikdən bezir, 47 il eyni yerdə çalışmaqdan yorulmamısınız?

– Məndə ümumi yorğunluq var, həyat yorğunluğu. Amma teatrdan yorulmamışam. Teatr elə bir məkandır ki, bəzən xəstə halda səhnəyə çıxırsan və sağaldığını görürsən. Eşitdiyimə görə, İkinci Dünya müharibəsi zamanı kimin mədə yarası və bu kimi xəstəlikləri var imişsə, cəbhədə yox olub gedirmiş. İnsanlar döyüş zamanı stress situasiyasına düşürmüş, orqanizmdəki gizli qüvvələr qabarır və beləcə sağalırmışlar. Teatr da belə bir cəbhədir. Yorğunluğum, halsızlığım bu cəbhədə bərpa olur.

– Teatr aktyorlarının kinoda uğur qazanması elə də asan deyil. Özü də klassik teatr ənənəsi pafosa əsaslanır və siz də klassik teatr məktəbinin müdavimlərindənsiniz. Kino isə, əsasən, pafosu qəbul etmir. Filmlərdə çəkilməyə başlayarkən, aktyor hazırlığı baxımından, hansı çətinliklərlə üzləşmisiniz?

– Bilirsiniz, tələbə vaxtı müəllimlərimiz bizi pafosa cəlb etmirdilər. Özümüz də yeni üslubda çıxış etmək istəyirdik. İndi də üzərimdə işləyirəm, həmişə belə olub. Mən heç vaxt deyə bilmərəm ki, hər şeyi bilirəm. Hər gün təcrübədəyəm, nəsə öyrənirəm. Bunu da etiraf etməkdən qorxmuram... Teatr aktyoru çəkiliş meydançasında ona tapşırılan rolu ifa edəndə birdən özü də hiss edir ki, bu səhnəni teatr üslubunda oynayır. Bəzən rejissorlar da bunu aktyora deyirlər. Bu məqamda aktyor özü teatrsayağı oynadığının fərqinə varır və bunu aradan qaldırmağa çalışır... Kino kamera teatrına çox yaxındır. Mənim də bu cəhətdən təcrübəm çox olub, müxtəlif kamera teatrlarında çalışmışam, Xalq yazıçısı Rüstəm İbrahimbəyovun “İbrus” teatrında rollar ifa etmişəm. Orda aktyor çox iri planda olur, məkan kiçikdir və sənin borcundur ki, həddindən artıq təbii oynayasan. Kamera teatrlarında tamaşaçını aldatmaq çox çətindir. Böyük səhnələrdə isə təcrübə və bacarıqdan istifadə edib bəzi məqamlarda pafosla çıxış etmək mümkündür. Çünki zal böyükdür, gərək, səni ən arxa sırada eşitsinlər və sənə inansınlar. Bu da çox çətindir... Filmə çəkilmək bu baxımdan teatr aktyoru üçün elə də asan deyil. Sadəcə, kamera teatrlarındakı təcrübəm mənim köməyimə çatdı. Həm də kinonun avantajları çoxdur. Məsələn, teatrda ikinci dubl yoxdur, kinoda isə alınmayan hissələri təkrar çəkmək olur.

– Yaradıcı insan kimi özünüzü daha çox teatrda realizə edə bilirsiniz, ya filmdə?

– Bu daha çox rejissorun qarşıya qoyduğu məsələlərdən asılıdır. Rejissor sənə tapşırır ki, bu cür oynamalısan, amma məşqlərdə sənin başqa tapıntıların olur. Bu tapıntıları rejissora təklif edirsən. Çox zaman rejissorlar aktyorun bu improvizələrini qəbul etmirlər. Amma mənim yaradıcılığımda belə olmayıb, rejissorlar təkliflərimi çox vaxt qəbul ediblər. Filmin rejissorunun montaj zamanı seçimi çox olsun deyə, hər dublda başqa cür oynayıram, fərqli improvizə edirəm. Teatrda da hər məşq nəsə kəşf olunur... Sözümün canı odur ki, aktyorun ürəyindən tikan çıxaran performansı teatrda da, filmdə də ola bilər, əsas odur, rejissorun quruluşu mükəmməl olsun. Belə olan halda, səhnədə, yaxud kamera qarşısında olmağının bir o qədər fərqi yoxdur.


– Bilmirəm, peşəkar yanaşmadır, ya yox, amma hər halda dram aktyoru, komediya aktyoru deyilən bir bölgü var. Maraqlıdır ki, daha çox komediya aktyoru kimi tanınsanız da, dramatik rollar da ifa etmisiniz. Siz özünüzü hansı janrın mənsubu hesab edirsiz?

– Əvvəllər hər aktyorun öz ampluası var idi və rollar da buna müvafiq təklif olunurdu. İndi sərhədlər bir az pozulub. Komediyanı oynamaq çox çətindir. Ona görə də, rejissorların çoxu komediyaya müraciət etmirlər. Dünyaca tanınmış ən peşəkar on aktyorun adını çəksək, görərik ki, onlardan ikisi-üçü komediya janrında uğurludurlar. Komedik istedad hər aktyorda olmur. Komediya pul kimidir, ya var, ya da yoxdur. Onu sonradan yaratmaq mümkün deyil. Teatrların repertuarlarını nəzərdən keçirsəniz, daha çox dramlara, tragikomediyalara üstünlük verildiyinin şahidi olacaqsınız. Yaxşı komediya qurmaq üçün çox yaxşı rejissor və çox yaxşı komediya aktyoru lazımdır, məsələ bu qədər sadədir. Tamaşaçı da komediyaya üstünlük verir. Onlar deyirlər ki, həyat özü mürəkkəbdir, istəmirik, teatra gələndə yenə də bir mürəkkəb situasiyaya düşək... İlk addımlarımdan məni komediya aktyoru kimi qəbul edirdilər. İlk dəfə Aleksandr Şarovski məni tragikomik rola münasib gördü və dedi ki, sən dramatik əsərdə də uğurlu ola bilərsən. O deyirdi ki, səndə özünüifşa bacarığı var. Bəzi aktyorlar özünüifşadan qorxurlar. Məsələn, Ezop rolunu oynayan aktyorlardan biri məşqdə deyirmiş ki, mənə “qul” deməyin. Halbuki Ezop quldur. Yəqin, özünə sığışdırmırmış... Məsələn, rəhmətlik İranə Tağızadə “Karamazov qardaşları”nda mənə ata Karamazov rolunu təklif edəndə bəziləri ona dedi ki, Məbud hara, Fyodor Pavloviç hara?!.. Amma çox uğurlu alındı. Mən özüm çox yaxşı bilirəm ki, “qırmızı xətt” kimi yaradıcılığımda iz salan obrazlar hansılardır. İlqar Safatın, Kamran Şahmərdanın tamaşalarında da psixoloji, fəlsəfi, tragikomik, dramatik rollar ifa etmişəm.

Söhbətin bu yerində gözüm divardakı şəkilə sataşır.

– Bu şəkilin çəkildiyi günü xatırlayaq...

–1977-ci ildən teatrda çıxış edirdim, 78-dən isə ştatlı işçi kimi fəaliyyətə başlamışdım. Sonra Hərbi Dəniz Donanmasında xidmətə yollandım, 1980-ci ildə yenidən teatra qayıtdım. Bu şəkil də 1980-ci ildə ­­– Akademik Rus Dram Teatrının 60 illik yubileyində çəkilib. Həmin gün Ümummilli Lider Heydər Əliyev teatra gəlmişdi. Bu şəklin başqa variantı da var. O variantda Heydər Əliyev də bizimlə birlikdədir. Təəssüf ki, məndə o şəkil yoxdur. Bəlkə də, Teatr Muzeyindən tapmaq olar.

– Məbud müəllim, gənc rejissorların filmləri barədə nə düşünürsünüz?

– Son zamanlar kinoda inkişaf yoxdur. Məsələn, Qazaxıstanla, Özbəkistanla müqayisə aparanda, görürük ki, onların kino sənayesinə daha çox pul ayrılır. İstedadlı kadrlar var. Sadəcə, dəstək olmaq lazımdır... Digər tərəfdən, bizim kinomuzu bərbad hala salan məqamlardan biri də Andrey Tarkovskinin yaradıcılığıdır. Bunu ironiya ilə deyirəm, amma həqiqət payı da var. Əsasən, cavan rejissorlar Tarkovskisayağı müəllif kinosu çəkmək istəyirlər. Kinonun, teatrın tamaşaçılar, insanlar üçün olduğunu nəzərdən qaçırırlar. Müəllif filmlərinin çəkilməsinə etiraz etmirəm, demirəm ki, müəllif kinosu olmasın. Həm müəllif kinosu çəkmək, həm də kütləni nəzərə almaq, bu iki vacib nüansın vəhdətini yaratmaq çox çətindir və bunun üçün əsl istedad lazımdır. Bu çətinlikdən qaçırlar.

– Bu gün televiziya kanalları kütləni nəzərə alır. Yaranan vəziyyət də göz qabağındadır. Filmdə bu mənzərə ilə qarşılaşmamaq üçün elə müəllif filmlərini dəstəkləmək daha münasib deyil?

– Bəzi televiziya kanallarının rəhbərləri ilə söhbət edirəm. Onlar deyirlər ki, tamaşaçı bunu istəyir, biz də tamaşaçının istədiyini göstəririk. Bilirsiniz, həmin televiziya rəhbərlərinin tamaşaçıdan xəbərləri yoxdur. Çünki onlar küçəyə çıxmırlar, bazara getmirlər, avtobusa, metroya minmirlər, camaatla ünsiyyətdə olmurlar. Dəfələrlə mənə yaxınlaşıb deyirlər ki, mən öz övladlarıma yerli kanallara baxmağa icazə vermirəm, biabırçılıqdır. Təkcə əyləncə ilə kifayətlənmək olmaz, maarifçilik xəttini də itirməmək gərəkdir. Mən demirəm “Əlif zəbər Ə, Be zəbər Bə, Te zəbər Tə” deyək. Amma hər yalda yaxşı ilə pisi ayırd etmək üçün televiziya kanalları nəsə etməlidir.

– Bilirik ki, səsiniz var. Azərbaycan Dövlət Akademik Musiqili Teatrının rus bölməsi fəaliyyət göstərir. Heç sizə dəvət gəlib?

– Yox. Bəlkə, heç onların xəbəri yoxdur... Təklif gəlsəydi, bəlkə də, gedərdim. Özüm deməyəcəm ki, məni çağırın... “Maska” şousunda oxuyanda mənə dedilər ki, Məbud müəllim, səsiniz olduğundan heç xəbərimiz olmayıb. Dedim, çünki əziyyət çəkib teatra gəlmirsiniz. Mən bəzi tamaşalarda oxuyuram, pianoda ifa edirəm.

– Ramiz Həsənoğlu sizi “Nigarançılıq” teletamaşasında erməni obrazı Arakelovu canlandırmağa dəvət edəndə tərəddüd etdinizmi?

– O vaxt Moskvadan yeni qayıtmışdım, orda çox ağır cərrahiyyə əməliyyatı keçirmişdim. Vəziyyətim yaxşı deyildi, bütün günü evdə olurdum. Günün birində Ramiz müəllim zəng edib bizə gəldi, “Nigarançılıq” barədə danışdı və erməni rolunu təklif etdi. Dedim, ay Ramiz müəllim, gül kimi “Tabutik” adım var, sən istəyirsən küçədə mənə “erməni” desinlər? Sonradan razılaşdım. Ramiz müəllim məşq üçün səhnənin maketini də evimizə gətirirdi. Bu rol elə də böyük deyildi. Mən onun üzərində işlədim, müəyyən əlavələr elədim. Axırda Ramiz müəllim dedi ki, daha bəsdir, saxla, deyəcəklər, ermənini baş qəhrəmana çevirirsən. İndi də titrlərdə birinci Qurbanəli bəyin adı yazılır, qarşısında Yaşar Nuri, ikinci Arakelov, qarşısında da Məbud Məhərrəmov.

– Premyeradan sonra küçədə sizə “erməni” deyirdilər?

– Premyeranın səhərisi teatra getmişdim. Evə qayıdanda maşını bir yer tapıb saxladım. Gördüm, uşaqlar məhəllədə futbol oynayırlar. Onlar da həmişə məni görəndə “Tabutik”, “Qerib muellim” deyib qışqırırdılar. Maşından düşdüm, sakitcə dayanıb mənə baxırdılar. Geri dönəndə fikirləşdim, bu dəqiqə arxamca “erməni” deyib qışqıracaqlar. Bir də gördüm qışqırmağa başladılar: “Ni-ga-ran-çı-lıq! Ni-ga-ran-çı-lıq!” Allah üzümə baxdı...

Bu gün sizə erməni obrazı təklif olunsa, hansı ermənini canlandırmaq istərdiniz?

– Mən istənilən erməni rolunu canlandıraram, özü də necə lazımdı! Çünki biz onların xüsusiyyətlərinə yaxşı bələdik.

– “Yaşıl eynəkli adam” tamaşasında öz dilini yadırğayan, milli ruhdan kənarlaşan Qərib müəllim obrazını canlandırmısınız. Rusdilli olmağınız elə təəssürat yaradır ki, həyatda da beləsiziniz. Bu barədə nə düşünürsüz? Məbud müəllim Qərib müəllimə oxşayır?

– Biz Bayılda yaşayırdıq. Həyətdə 16 mənzil var idi. Onların arasında təkcə bizim ailə azərbaycanlı idi. Rəhmətlik anama deyirdim ki, sən bizi niyə rus bağçasına, məktəbinə qoydun? O deyirdi ki, mən özüm rus dilini pis bildiyimə görə çox əziyyət çəkmişəm, uşaqlarımın çətinliyi olmasın deyə, rus bölməsində bağçaya, məktəbə qoymuşam... Bilirsiniz, bir şey istifadə olunmayanda o, sıradan çıxır. Məsələn, bir zamanlar ingilis dilini yaxşı bilirdim, istifadə etmədim deyə, yadımdan çıxıb... “Üns” teatrında Xalq yazıçısı Elçin Əfəndiyevin “Şekspir” tamaşası qurulurdu. Mən də o tamaşada xəstəxana müdiri obrazında çıxış edəcəkdim. Özü də o rolu doğma ana dilimdə ifa etməli idim. Elçin ilk məşqlərin birində dedi ki, öz monoloquna belə bir cümlə əlavə et: “Mən yeddi il Moskva Tibb Universitetində təhsil almışam, sonra üç il orada aspiranturada oxudum, işlədim”. Aksentimə görə belə bir dəyişiklik etdi. Bir müddət sonra son məşqlərə gələndə Elçin dedi ki, Məbud, o cümləni sil, artıq ehtiyac yoxdur. Çünki hər gün məşq edirdik və buna görə də dilim mətnə yatdı, aksent olmadı... Təbii ki, hər kəs öz ana dilini mükəmməl bilməlidir. Məşqlər, teatr, gündəlik ünsiyyət rus dilindədir deyə, nitqimdə aksent hiss olunur.

– Bu aksenti birdəfəlik aradan qaldırmağa çalışmısınız?

– Əlbəttə. Rəhmətlik qayınanam deyirdi ki, hər gün bir Azərbaycan nağılı oxusan, dilin düzələcək... İş orasındadır ki, mən rus dilində fikirləşirəm. Azərbaycan dili çox gözəl dildir. Elə ifadələr var ki, onları rus dilinə tərcümə etmək olmur. Hər gün Azərbaycan dilində danışsam, teatrda anadilli tamaşalarda oynasam, hər şey düzələr... Mən özüm şəkiliyəm. Şəki qarğışlarını toplayıram. Çox unikal qarğışları var. Azərbaycanın heç bir yerində belə qarğış yoxdur. Məsələn, səni görüm, düz yeri şiş edəsən... Mən Azərbaycan dilini hiss edirəm. Belə olmasaydı, Şəki qarğışlarını toplamazdım. Bir dəfə Telman Adıgözəlov dedi ki, Məbud hamımızdan daha çox azərbaycanlıdır, çünki o, Azərbaycanı ruhən hiss edir.

– Məsələn, Xalq yazıçısı Çingiz Abdullayevi də buna görə çox qınayırlar...

– Mən azərbaycanca Çingiz Abdullayevdən yaxşı danışıram (gülür). Təbii ki, zarafat edirəm. Çingiz müəllim maraqlı yazıçıdır.

“Yaşıl eynəkli adam”da sizin epizodunuz, cəmi, 8 dəqiqədir. O filmdən sonra onlarla başqa ekran əsərində rol almısınız. İnsanların yaddaşında hələ də “Tabutik”, “Qarib muellim” kimi qalmağınızın səbəbi nədir?

– Qərib müəllim, əslində, mənfi obrazdır. Yəqin aktyor xarizması, obrazın öz xüsusiyyətləri tamaşaçını cəlb etdi. Bəzən cavanlar mənə deyir ki, “Yaşıl eynəkli adam” çəkiləndə biz anadan olmamışdıq, amma sizi o filmdən tanıyırıq və sevirik.

– “Tabutik” özü o biri dünya haqqında nə düşünür?

– Hər gün o dünya barədə fikirləşirəm. “Memento mori” latın dilində bir ifadədir. “Ölümünü xatırla” deməkdir. “Həmişə ölümü yadda saxla. Onda hər kəsin həyatında bir məna yaranacaq”. Dostum, Rus Dram Teatrının müəlliflərindən biri, Əməkdar mədəniyyət işçisi Vladimir Neverova dedim ki, Əzrailin monoloqunu yaz. Bu cümlələr də ordandı.

– Sizcə, aktyorlar dünyadan köçəndə hara düşürlər, cənnətə, ya cəhənnəmə?

– Orta əsrlərdə aktyorları hamı ilə birlikdə dəfn etməyə icazə vermirmişlər, qəbiristanlıqlardan kənarda basdırırmışlar... Məncə, bizim ruhumuz əbədi qalır.

– Elə hamının ruhu qalır, yox?

– Bəli, elədir... Aktyorların ruhları teatrda qalır. Həm ruhları, həm də hamı üçün əziz olan xatirələri...

– “Tartüf Ağayeviç” tamaşasında Pəri xanım obrazını canlandırmısınız... Qadın obrazı veriləndə tərəddüd etmədiniz?

– Bu tamaşa Rüstəm İbrahimbəyovun “İbrus” teatrında qurulub. O, Molyerin “Tartüf” pyesini milliləşdirmişdi, Azərbaycansayağı qurmuşdu. 2009-cu il idi. Qadın aktrisalar qoca qarını oynamaq istəmirdilər. İbrahimbəyov kənardan aktrisa dəvət etmək istəyirdi. Pəri xanımın oğlu Orxan rolu mənə verilmişdi. Rüstəm müəllim bir dəfə dedi ki, hamı getsin, sən qal. Pəri xanım rolunu mənə təklif etdi. Dedim, Rüstəm müəllim, mən hara, Pəri xanım hara, alınmaz. Həm də dedim, mənim bığım var, həyat yoldaşım bığımı qırxmağıma etiraz edir. Dedi, eybi yox, bığla oynayarsan. Elə oldu ki, israrla bu rolu oynadım. Amma çox yaxşı alındı.

– Deyirlər, aktyorlar cilddən cildə girdiklərinə görə, insanları daha yaxşı tanıyır. Sizi insan sərrafı adlandırmaq olar?

– Qətiyyən. İnsanlara çox tez inanıram. Həyatımda ən böyük zəifliyim hamıya özüm kimi yanaşmağımdır.

– AzTV-də yayımlanan “Kinoklub”un daimi sakinlərindən biri idiniz. O günləri necə xatırlayırsınız?

– İnanın, bu veriliş barədə mənə nə qədər insan yaxınlaşır. Deyirlər, o verilişi səbirsizliklə gözləyirdik. Heyf ki, o layihənin rəhbəri, dostum Etibar Babayev rəhmətə gedib. Sağlığında “Kinoklub”u bərpa etmək fikri var idi, qismət olmadı.

– Məbud müəllim, kimlərdən ötrü darıxırsınız, kimləri arzulayırsınız?

– Valideynlərimdən ötrü çox darıxıram... Telman Adıgözəlovu, Mirzə Babayevi, Eldəniz Zeynalovu, Hacıbaba Bağırovu tez-tez xatırlayıram... Hacımurad Yegizarovdan ötrü darıxıram, indi Almaniyada yaşayır...

– Qəribə hobbiniz var: ustalıq, tikinti, dizayn işləri. Bu hardan qaynaqlanır?

– Lap gənclikdən belə həvəsim olub. Bəzən insanlar tikintidən çəkinir. Deyirlər, tikintinin səs-küyünə tab etmək olmur. Mənim isə xoşuma gəlir. Tikintiyə yaradıcı tərəfdən yanaşıram. Bəzən gecələr yatmıram, dizayn barədə düşünürəm. Divarın hər millimetrində dəyişiklik etmək istəyirəm. Detallara çox diqqət yetirən adamam, səhnədə də beləyəm.

– Kişi aktyorlar üçün ailədə vəziyyət çətin olur. Xüsusən, qadın fanatların sevgisi, ehtiramı sizə problemlər yaratmayıb ki?

– Yoldaşım məşhur tarzən Əhsən Dadaşovun qızıdır. Xanım həmişə mənə inanıb. Bəzən nifaq toxumu səpmək istəyənlər olub. Amma o, qaşını belə qaldırmırdı. Çox müdrik insandır. Ona görə də belə problem yaşamamışam.

– Əhsən Dadaşovu canlı görmüsünüz?

– Uşaq vaxtı görmüşəm, o, tez rəhmətə gedib.

– Necə xatırlayırsınız?

– Xalq artisti, opera aktyoru Əliövsət Sadıqov Əhsən Dadaşovun bacısı Sara xanımın həyat yoldaşı idi. Eyni zamanda, Əliövsət müəllim atamla həm qohum idilər, həm də ailəvi dost idik. Sara xanım uşaq həkimi idi, Dəmiryol xəstəxanasında çalışırdı. Həm bacılarımı, həm məni müayinə, müalicə edirdi. Bir sözlə, ailə həkimiz idi. Həm də anamla yaxın rəfiqə idilər... Uşaqlıqdan istedadımı hiss etmişdilər. Çox hərəkətli idim. Müxtəlif performanslar göstərirdim. Bir dəfə Əliövsət müəllimgildə idik, Əhsən Dadaşov da orda idi. Əliövsət müəllim dedi ki, Məbud, böyüyəndə kim olmaq istəyirsən? Dedim, aktyor. Dedi, ay dəyyus, mənim əlim bala batıb, sənin də əlin bəhməzə batacaq... Mən də dəhlizə qaçdım, bir küncə qısılıb ağlamağa başladım. Kimsə gəlib başımı sığalladı. Başımı qaldıranda gördüm ki, Əhsən Dadaşovdur. Dedi ki, Məbud, ağlama, sənin istedadın var, Əliövsət zarafat edir. Sonra qohum məclislərində çox görüşmüşük. Ruhları şad olsun...

– Teatra maraq sizi qane edirmi? Teatrlar əvvəlki kimi deyil, ya kütlə dəyişib?

– Teatrlara maraq əvvəlki kimi deyil. Bunun da səbəbi telefonlar, internetdədir. Reklam məsələsinin bunda rolu var. Şəhərin müxtəlif yerlərində teatr afişalarının sayını çoxaltmaq gərəkdir.

– Sanki filmlərə çəkilməyə fasilə vermisiniz...

– Aktyor rejissordan, təklifdən asılıdır. Aktyor üçün kinoda fasilə vermək anlayışı yoxdur. Biz sadəcə hansısa təklifə “hə” və ya “yox” deyə bilərik. İndi, ümumiyyətlə, film az çəkilir. Mən bütün rollara yaraşan aktyor deyiləm. Bəlkə də, hansısa ssenaridə mənə uyğun rol yoxdur. Yaxud cavan rejissorlar dəvət etməkdən çəkinirlər... Mən həmişə hazıram və təkliflərə açığam. Fasilə söhbəti yoxdur.

– Gənc aktyorlar barədə nə düşünürsünüz?

– Çox razıyam. Təkcə Rus Dram Teatrında yox, başqa teatrlarda da çox istedadlı gənclər çalışır. Onların bəziləri ilə çəkiliş meydançalarında görüşmüşəm. Amma elələri də var ki, özlərindən həddindən artıq razıdırlar. Ağac bar verəndə başını aşağı əyər. Gərək, bunu heç kim unutmasın.

– Arzusunda olduğunuz rol var?

– Mən hər təklifə hazıram. Yaş ötür, elə obraz arzuları var ki, onları həyata keçirmək daha mümkün deyil. Amma özümü daxilən cavan hiss edirəm.

– Məbud müəllimi digərlərindən fərqləndirən əsas xüsusiyyət nədir?

Bunu mən özüm dəqiq deyə bilmərəm. Bir dəfə rəhmətlik Rüstəm İbrahimbəyov məclislərin birində dedi: “Məbud bizdən fərqli olaraq, daim özü ilə mübarizədədir”. Həmişə belə olub...

– Müsahibəyə görə minnətdaram.

– Uğurlar!

Foto - İlkin Nəbiyev ©️ APA GROUP

# 650 dəfə oxunub

Müəllifin son yazıları

# # #